16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Ölkə futbolu

Zavarovun komanda yoldaşı, Banişevkinin sevimlisi

Azərbaycan milli çempionatları tarixində ilk qolun müəllifi – Mehman Alışanovun bu gün 58 yaşı tamam olur. Veteran futbolçu 1968-ci il noyabrın 16-da Mingəçevirdə, fəhlə ailəsində dünyaya gəlib. Futbola 10 yaşında əməkdar məşqçi Ənvər Nəsibovun rəhbərliyi altında başlayıb. 1982-ci ildə Nəsibov 14 yaşlı Mehmanı Ukraynaya aparıb. Baxışdan keçən Alışanov Voroşilovqradın (indiki Luqansk) "Zarya" komandasının futbol məktəbinə qəbul olunub. SSRİ və Kiyev "Dinamo"sunun əfsanəvi futbolçusu Aleksandr Zavarovla komanda yoldaşı olub, 17 yaşına kimi "Zarya"nın müxtəlif yaş qruplarında çıxış edib, əvəzedici komandaya kimi yüksəlib.

Alışanov həmin günləri belə xatırlayır: “Uşaq vaxtı Ənvər Nəsibovun Mingəçevirdə çalışdırdığı “Ulduz” komandasında məşq edirdim. Həmin ərəfələrdə “Sovetski Sport”da elan çıxmışdı ki, “Zarya” 1968-ci il təvəllüdlüləri baxışa dəvət edir. Ənvər müəllim də məni ora apardı. 60 nəfər baxışa getmişdi, seçilən 16 nəfərdən biri mən oldum. Akademiya idi, orada həm qalırdım, həm təhsil alırdım. Tək idim, qərib ölkədə çox darıxırdım. Həmin vaxt yerli dili də bilmirdim. Amma sağ olsunlar, mənə çox kömək oldular. Ukraynalılar çox yaxşı millətdirlər. Böyüdükcə də görürdüm ki, Azərbaycana qarşı dost dövlət kimi yanaşırdılar”.

Qəhrəmanımız 1985-ci ildə Mingəçevirin "Avtomobilçi" komandasını çalışdıran Anatoli Banişevskinin diqqətini cəlb edib. "Banya" yoldaşlıq oyununda 1 hissə meydanda olan Mehmanı israrla komandasında saxlayıb. "Avtomobilçi"də yarımmüdafiənin mərkəzində yer alan Alışanov oyunu və texnikası ilə qısa zamanda nəinki Banişevskinin, bütün Mingəçevir azarkeşlərinin qəlbini fəth etməyi bacarıb.

Mehman Alışanov Anatoli Banişevskinin əla insan olduğunu deyir: “Futbolçularla təkcə məşqçi yox, ata kimi davranırdı. Son vaxtlar Burkina-Fasoda işlədi, orada xəstəliyə yoluxdu. Ölkədən kənarda olduğu üçün unuduldu, xəstə vaxtı gələndə də artıq gec idi. Şübhəsiz ki, Banişevski Azərbaycan tarixinin ən yaxşı futbolçusudur. Həm yaxşı futbolçu, həm də gözəl insan idi. SSRİ yığmasında oynayan futbolçunu kim istəməzdi? Kiyev “Dinamo”sundan, Moskva “Spartak”ından, “Dinamo”sundan təkliflər almışdı, amma Azərbaycanı, “Neftçi”ni tərk eləməmişdi. “Neftçi” birinci liqaya düşdü, yenə getmədi. Hətta müharibə vaxtı çox adam qaçdı, ancaq Banişevski qaldı. Evi “Gənclik” metrosunun yanında idi, stadiona yaxın idi”.

1986-cı ilin dekabrında hərbi xidmətə yollanan Alışanov 2 il sonra Azərbaycana dönüb. O vaxt artıq, "Avtomobilçi" dağılmışdı, Banişevski isə Azərbaycandan kənarda çalışırdı. Bir müddət "Kəpəz"də çıxış edən Alışanov daha sonra "Qarabağ"a keçib. 6 il Ağdam klubunun şərəfini qoruyan Alışanov müxtəlif vaxtlarda "Kür", "Şəmkir", "Viləş" və "Turan"da çıxış edib. Milli çempionatlarımız tarixində ümumilikdə 155 oyunda iştirak edib, 19 dəfə fərqlənib. 2008-ci ildə 1-ci Divizionda çıxış edən "Energetik" onun oynadığı son komanda olub.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Mehmab Alışanov Azərbaycan çempionatları tarixində ilk qolun müəllifidur: “Həmin vaxt “Qarabağ” Ağdamda çıxış edirdi, kənardan gəlmə futbolçular çox idi. Müəyyən narazılıqlar var idi, digər rayonlardan olan oyunçularımız komandaya hələ qayıtmamışdılar. İlk oyunumuz Sabirabad “İnşaatçı”sına qarşı idi. Komandanın administratoru, ikinci məşqçisi də oynadı, heyəti birtəhər düzəltdik. 1:2 hesabı ilə uduzmuşduq. Vurduğum qola gəlincə, Cavanşir Novruzov sağ cinahdan ötürmə verdi, qapıçını qabaqlayıb topu boş qapıdan keçirdim”.

Hər bir insanın həyatında təəssüf doğurnan məqamlar da olur. Təəssüf ki, bu cür hal Mehman Alışanovdan da yan keçməyib. O, 2008-ci ildə narkotika alverində təqsirli bilinərək həbs olunub: “Mənim bu məsələ ilə heç bir əlaqəm olmamışdı. Dostumun güdazına getdim. Dost dediyim adam işlədiyim yerdə paketi verdi ki, bunu saxla, mehmanxanaya girib qayıdıram. Elə həmin an polislər məni yaxaladı, gördüm ki, onu da gətirirlər. 7 illik həbs qərarı verildi, 5 il çəkdim”.

Veteran yarımmüdafiəçi bildirir ki, onu həbsxanada ayaqda saxlayan elə futbol olub: “Oranın rəhbərliyi sağ olsun. Rəis özü futbol azarkeşi idi, Allah ondan razı olsun, mənə çox köməyi dəydi. Hətta oradan çıxandan sonra məşqçilik kursunu oxumağıma o kömək elədi. Keçmiş futbolçu olduğum üçün mənə hörmətlə yanaşırdılar. Ümumiyyətlə, istəyirsən futbolçu ol, istəyirsən başqa sahənin adamı, həbsxanada hər şey insanın özünü necə aparmağından asılıdır. Orada komandamızın adı “Altınspor” idi. Cəzaçəkmə müəssisələri arasında yarışda birinci yeri tutmuşduq. Orada geyindiyim 77 nömrəli formanı da yaxın dostuma hədiyyə vermişəm”.

Redaksiyadan: Mehman bəyi ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirik.

P.S. Yazıda vikipediyanın və “apasport”un materialından istifadə olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30