10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Ölkə futbolu

AFFA elə bilirdi italyanlardan ağıllıdır...

Bir neçə gün əvvəl milli komandamızın qarşıdakı iki oyun üçün heyəti açıqlandı. Siyahıda “Sampdoriya”nın hücumçusu Lorenzo Mezzotero da var idi. Təbii ki, bu dəvət Lorenzonu birdəfəlik Azərbaycan millisinə bağlamaq xarakteri daşıyırdı. Çünki Mezzotero buna qədər U-21 yığmamızda forma geysə də, sabah seçimini İtaliyanın əsas millisinin xeyrinə də edə bilər. Bu variantın üzərindən birdəfəlik xətt çəkmək üçün Mezzotero mütləq Azərbaycanın əsas millisinin heyətində bir dəqiqə olsa belə, meydanda olmalıdır. Ehtimal edilirdi ki, məhz bu səbəbdən də baş məşqçi Ayxan Abbasov Lorenzoya qarşıdakı matçda şans verəcək. Lakin sən saydığını say, gör italyanlar nə sayır...

Açığı, heyət açıqlanan andan beynimdə iki fikir var idi. Ya Lorenzo Mezzotero italyanlara lazım deyil, ya da sabah İtaliya millisinə düşmək ehtimalını nəzərə alaraq, gənc hücumçu bu toplanışı “fırladacaq”... Fırlatdı da. Dünən AFFA-nın saytında xəbər çıxdı ki, Lorenzo Mezzotero zədəli olduğu üçün millinin düşərgəsinə qoşulmayacaq. Daha sonra isə İtaliyanın “Tuttomercatoweb” nəşri gənc forvardın zədəsinin ciddi olmadığı barədə məlumat yaydı... Göründüyü kimi, Lorenzo gələcəyi barədə tələsməmək üçün millimizin qarşıdakı toplanışında kənarda qalmaq istədi.

Əslində, bu gün də düşünürəm ki, Lorenzo Mezzotero qeyri-adi istedada sahib deyil, İtaliyada o yaşda, o səviyyədə minimum 15-20 hücumçu tapmaq olar. Sadəcə o, hələ də yığmadan ümidini üzməyib. Düşünür ki, sabah vəziyyət dəyişə bilər. Əslində, Lorenzonu qınamaq da olmur. Nə olsun Bakıda böyüyüb, “Neftçi”nin yetirməsidir. İtaliya millisində oynamaq ehtimalı olan birisi hansı ağılla dünya reytinqində 130-cu olan yığmanı seçsin? Emin Mahmudov, Ramil Şeydayev, Renat Dadaşovun əli bala batdı? Aleksandr Səmədov ən pis halda Rusiya millisinin heyətində dünya çempionatında çıxış etdi, mundialın 1/4 finalına qədər irəlilədi. Emin Mahmudov kimi istedadın bu gün yeganə təsəllisi millidə İsveçə vurduğu qoldur. Nə titul var, nə də hansısa böyük turnir həyəcanı...

AFFA Lorenzo Mezzotero məsələsində özünü italyanlardan ağıllı göstərmək istədi, amma alınmadı. Görünən odur ki, futbolçu yetişdirmək bir yana, futbolçunu yola gətirməyi də bacarmırlar. Əslində, AFFA-nı da qınamaq olmur. Futbolçu yetişdirə bilmirlər deyə, hazıra nazir olmağa cəhd edirlər, lakin o da əllərindən gəlmir. Öyrətmək kimi olmasın, amma Lorenzo Mezzoterodan bir şey çıxmırsa, müqavilə ilə Moskva “Dinamo”suna məxsus olan Ülvi Babayevə, “Xarkov”dakı Ramik Hacıyevə “qarmaq atın”, bəlkə nəsə alındı. Yaxşı olar ki, Azərbaycan milli komandasının direktoru vəzifəsini tutan İlqar Qurbanov arada onlara da baş çəksin, Polşada, Bursada oynayanlar onsuz da artıq millimizə bir ömürlük bağlıdırlar...

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30