28 Oktyabr 2026, Çərşənbə
“Qarabağ” Abbasla vidalaşdı
“Qarabağ” “Dinamo” ilə üz-üzə
DÇ: U-15 millimiz Çiliyə qarşı
Yeton Bekiri qələbəni şərh etdi

Ölkə futbolu

Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır

Milli komanda ilə səfərə getmək kimi bir niyyətimiz yoxdur deyə, növbəti dəfə əminliklə yaza bilərik ki, Azərbaycan hakimliyi rəzil gündədir. Premyer Liqanın elə bir turu yoxdur ki, hansısa oyunda hakim səhvi, yaxud hakimlərlə bağlı narazılıq olmasın.

“Neftçi” - “Sabah” matçında yaşanan biabırçılığı malalamaq üçün Hakimlər Komitəsinin sədri Rəhim Həsənov düz 1 həftə fikirləşdi. Axırda da rəhmətlik Kolumb kimi “Amerika kəşf elədi”. Amma komitə sədri nə deyir desin, Velko Simiçin epizodu qırmızı vərəqə idi. Hətta “Sabah”ın futbolçusuna Rauf Cabbarov ilk epizodda qırmızı vərəqə göstərməmişdisə belə, serb futbolçunun meydanı tərk edərkən rəqib azarkeşlərə qarşı etdiyi hərəkətin cəzası sarı, avtomatik qırmızı vərəqə idi...

Dünən Masazırda, “Səbail” - “Zirə” oyununda isə elə bir biabırçılıq yaşandı ki, Rəhim Həsənov bir həftə yox e, lap bir ay da düşünsə, “Amerika kəşf edə bilməz”.

Bu, matçın protokoludur. Diqqət edin, “Səbail”in futbolçusu Samuel Nonqohın 68 və 80-ci dəqiqələrdə qeyri-idmani hərəkətə görə sarı vərəqə ilə cəzalandırıldığı qeyd olunub. Lakin əvəzetmələrə baxanda görünür ki, Samuel Nonqoh 90-cı dəqiqədə Ehtiram Şahverdiyevlə əvəzlənib. Məsələdən xəbərsiz olan istənilən şəxs bu epizodda çaş-baş qalar. Necə ola bilər ki, 80-ci dəqiqədə ikinci sarı, avtomatik qırmızı vərəqə alan futbolçu 10 dəqiqə sonra əvəzlənsin?

Olar, bu, Azərbaycan futboludursa, mövzu azərbaycanlı hakimlərdirsə, hər şey olar. Necə ki, dünən matçın baş hakimi Səbuhi Bayramov “Səbail”in futbolçusuna ikinci sarı vərəqəni göstərsə də, qırmızı vərəqə göstərmədi. Maraqlıdır ki (əslində isə ağlamalıdır), görüşün dördüncü hakimi Vaqif Əliyev referiyə futbolçunun ikinci dəfə sarı vərəqə ilə cəzalandığını bildirdi. Gəl ki, Bayramov "burda mənəm, Bağdadda kor Xəlifə” prinsipi ilə yanaşaraq, öz bildiyini etdi. 

Bu AFFA, bu da assosiasiyanın bəh-bəhli hakimləri. Dünyanın harasında görünüb ki, oyunun gedişində 2 sarı vərəqə alan futbolçu matçı davam etdirsin? Yaxşı ki, bu günlərdə Bakıdakı stadionlarda tez-tez gördüyümüz Canni İnfantino, yaxud əfsanəvi hakim Pyerluici Kollina dünən görüşü stadiondan izləmirdilər. Yoxsa Kollina elə Masazırdan birbaşa İtaliyaya uçardı...

Çox maraqlıdır, görəsən, Rəhim Həsənov bu epizodun üzərində neçə həftə düşünəcək? Məsləhət vermək kimi çıxmasın, amma bu dəfə malalamağa yer qalmayıb. Ən yaxşısı Bayramova layiq olduğu cəzanı verməkdir. Onsuz da Səbuhi Bayramovun idarəçiliyindən I Liqada da narazılıqlar var. Ona görə də AFFA Hakimlər Komitəsi referiyə layiq olduğu uzunmüddətli cəzanı verməlidir. Referi bu səhvi “Səbail”in oyununda edib, “Sabah”ın yox. Ona görə ürəkli olun. Bu rəzalətdən sonra Bayramov yaxın gələcəkdə yenə I Liqada oyun idarə edəcəksə, onda vay Azərbayan hakimliyinin halına...

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31