17 Noyabr 2026, Çərşənbə axşamı
Millimiz Andorraya qalib gəldi
Bir qələbədən daha artığı - QEYD
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi

Ölkə futbolu

Verib müsahibə, deyib düşmüşük dibə

Uzun müddətdir mətbuatdan yan gəzən AFFA-nın baş katibi Cahangir Fərəcullayev sükutu pozub. O, milli ilə birgə Lixtenşteynə yollanan media nümayəndələrinin suallarını cavablandırıb. Əslində, yazı ilə tanış olanda adamda belə təəssürat yaranır ki, bu, sanki müsahibə yox, monoloqdu. İkincisi də, səfərdə 3-5 cümlə deməyə nə var ki. Baş katib əgər həqiqətən də mətbuata açıqdırsa, FİFA U-15 dünya çempionatında millimiz Əfqanıstana uduzduqdan sonra müsahibə təklifimizdən imtina etməzdi...

Ataların yaxşı bir fikri var: “Utanmasan, oynamağa nə var ki...” Lixtenşteynlə oyundan sonra həmin fikri improvizə etsək, “Utanmasan, təbrik etməyə nə var ki...” kimi alınardı. Amma görünən odur ki, baş katib nəinki təbrik, hətta Lixtenşteyn üzərində qələbəni tarixi hesab edir.   

Sitat: “Statistika baxımından biz ən yuxarılardayıq. Yəni sadəcə bir oyunda uduzduq. Hə, deyə bilərsiniz ki, rəqiblər kim idi? Lixtenşteyn, San-Marino, Malta, Andorra... Amma bu, belə deyildi...” Bəs necə idi, Cahangir bəy? Həqiqətənmi bu nəticələri uğur sayırsınız? Millimizin rəqiblərinin adlarından, FİFA reytinqindəki mövqelərindən xəbəriniz var? Bilmirsinizsə, deyim, birdən gələn müsahibədə lazım olar: Andorra 175-ci yer, Lixtenşteyn 207-ci yer, Litva 148-ci yer, Tacikistan 100-cü yer, San Marino 211-ci yer, Malta 160-cı yer, Sierra Leone 130-cü yer, Sent Lusiya 165-cı yer. Bu rəqiblər üzərində qələbəni, yaxud heç-heçəni uğur sayırsınızsa, daha deməyə söz yoxdur. Bəs 160-cı yerdəki Maltaya məğlubiyyəti hara yazaq? Bu da düşünülmüş addım idi?

Baş katib FİFA reytinqində ikinci yüzlüyə belə düşə bilməyən Lixtenşteyn üzərində qələbəni şişirtmək üçün sözünə davam edir: “Lixtenşteyn sonuncu dəfə nə vaxt 4-5 qol buraxıb? Yadımda deyil...” Bizim yadımızdadı, Cahangir bəy. Siz bu ilin martında Sumqayıtda “FİFA Series”də kubokla poz verərkən, Aruba Lixtenşteyni topa tutmuşdu - 4:1. Cahangir bəy bu yazını oxuyub “yox, mən Avropa ölkələrini nəzərdə tuturdum” deyəcəksə, onun üçün də baş sındırmağa ehtiyac yoxdu. Ötən ilin bu günlərində Belçika Lixtenşteynə 7 qol vurub. Ondan qısa müddət əvvəl yenə həmin belçikalılar “cırtdanlar”ın qapısından 6, qazaxlar 4, makedonlar isə 5 top keçirdiblər... Əslində, bu müqayisələrə ehtiyac belə yoxdur. Bir federasiyanın baş katibi 2 oyunda Lixtenşteynə vurulan 1 qolu uğur sayırsa, o federasiyadan uğur gözləmək üçün gərək “havalarda uçasan”...

Baş katib Andorranın U-15 seçməsinin Bakıda keçirilən dünya çempionatında ölkəmizin U-16 yığması ilə görüşdə müdafiə futbolu oynamağına lağ edir. Yaxşı ki, Andorrada heç kim azərbaycanca bilmir. Yoxsa adama deyərlər ki, Vyentnam və Əfqanıstana uduzan ölkənin federasiyasının baş katibi hansı gününə bizə lağ edir?!

Baş katib millimizi nəzərdə tutaraq deyir: “Ayaqlarımızı yerə bərk basmalıyıq, dibə gəlmişik. O dibdən çıxmaq lazımdır. Sıçrayışla alınmır, bu, futboldur. Hamı futbol oynamağı öyrənib”. Soruşan lazımdır ki, dibə niyə gəlirdiniz axı? Siz, ətrafınızdakılar keçmiş AFFA rəhbərliyindən futbolu təhvil alanda milli komandamız ideal olmasa da, dibdə də deyildi. Sizdən öncə C Liqasında qrup ikinciliyini bəyənmirdik. Azərbaycan futbolunda əsas söz sahibi Rövşən Nəcəf, Balakişi Qasımov, Maqsud Adıgözəlov olandan sonra dibi – D Liqasını gördük. İndi belə çıxır ki, Cahangir Fərəcullayev öz komandasına söz atır?..

“Bu nəticəni biz uğur sayırıq, çünki qoyulan hədəfə çatmışıq”. Hədəf nə idi? Lixtenşteynə 180 dəqiqəyə 1 qol vurmaq? Yoxsa Maltadan geri qalıb Avro-2028-in pley-offunu əldən vermək? Cahangir bəy bu nəticə ilə qürur duyursa, bu fikrin qarşısında kəlmələr də acizdir. Növbəti fikirlər isə baş katibin futboldan necə uzaq olduğunu göstərir: “Hesab edirəm ki, növbəti il biz C Liqasında oynayanda, növbəti mövsümdə hədəfimiz hansısa yer olmayacaq. Vəziyyətdən asılı olaraq, hər rəqibə qarşı seçdiyimiz taktika ilə qalib gəlməyə və ya heç-heçə etməyə çalışacağıq”.

Vallah, ayıbdır. Necə yəni C Liqasında hədəfimiz hansısa yer olmayacaq? Bu nə qeyri-ciddi fikirdir? Əslində, cızma-qaranı elə burda da bitirmək lazımdır. Çünki baş katibi bu düşüncədə olan federasiyanın yığması da elə Maltadan geri qalacaq, yaxud Lixtenşteynə 180 dəqiqədə 1 qol vuracaq səviyyədə olar...

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30