Minifutbol
Pərviz Musayev əsri yarılamağa 5 addım qalmış: “Oyunu şərh edə-edə tortun şamlarını üfürürdüm”
Azərbaycanın tanınmış idman jurnalisti, futbol şərhçisi Pərviz Musayev bu gün 45 illik yubileyini qeyd edir. Əlamətdar gün münasibəti ilə P.Musayev Futbolxeber.az saytının suallarını cavablandırır.
“İDMAN MƏNƏ GÜMRAH QALMAĞA KÖMƏK EDİR”
- İlk növbədə doğum gününüzü təbrik edir, ailənizlə birlikdə xoş, gülərüz, sağlam həyat, fəaliyyətinizdə uğurlar arzulayırıq. 45 yaşında Pərviz Musayev özünü necə hiss edir?
- Təbrikinizə görə təşəkkür edirəm, çox xoş oldu. İlk dəfədir ki, doğum günümdə məndən belə bir müsahibə alınır. 45 yaşımda özümü necə hiss edirəm? Şablon səslənməsin, özümü çox gümrah, yaxşı hiss edirəm. Düşünürəm ki, daha bir neçə il bu aktivliyi qoruya biləcəyəm. Uzun illər idmanla məşğul olmuşam. Bugünkü gündə də formamı qorumağa çalışıram. İdman mənə gümrah qalmağa kömək edir. Daha bir neçə il bu tempdə davam edəcəyəm.
- Böyük ehtimalla, bu günə qədər doğum gününüzü fərqli formalarda qeyd etmisiniz. Bunlardan ən yaddaqalanı hansı olub?
- Əslində bu günə qədər doğum günümü xüsusi təntənəli formada keçirməyin tərəfdarı olmamışam. Çalışıram ki, ad günüm daha çox ailə üzvlərimlə yaddaqalan olsun. Yəni hər hansı bir xüsusi formada ad günü keçirməmişəm. Bu məsələlərdə aktiv deyiləm. Yalnız bir dəfə fərqli formada olub. Ad günümdə “Zirə”nin oyununu şərh edirdim. Matçın əvvəlində “Zirə”nin keçmiş mətbuat katibi Elman Himayətoğlu tortla şərhçi otağına daxil olmuşdu. Belə bir maraqlı vəziyyət yaranmışdı. Oyunu şərh edə-edə tortun şamlarını üfürürdüm. Sağ olsunlar, bu cür bir sürpriz etmişdilər mənə. Yəni fərqli formada doğum günümü qeyd etdiyim bu cür olub. Həmişə həmin anları xatırlayanda üzdə təbəssüm yaranır.
- Pərviz Musayevi həm şərhçi kimi, həm də mətbuat katibi kimi tanımışıq. Bu illər ərzində fəalliyətinizi necə qiymətləndirirsiniz?
- Öz işimi qiymət verməyim düzgün olmaz. Şərhçi kimi tamaşaçıların qiyməti önəmlidir. Tənqidlər də olur, təriflər də. Bu, tam normal bir prosesdir. Tənqidlərdən həmişə nəticə çıxarmağa çalışmışam. Ünvanıma səslənən tənqidləri görərkən həmin məqama bir daha baxıb hansı məqamda səhv etdiyimə nəzər yetirmişəm. Velosiped Federasiyasında mətbuat katibi kimi çalışarkən mümkün qədər mətbuata, jurnalistlərə yaxın olmağa çalışmışam. Hər zaman onların müraciətini, məlumatla təmin olunması üçün sorğularını cavablandırmağa hazır olmuşam. Təvəzökarlıqdan uzaq olacaq, amma bunu həmkarlarım da təsdiqləyər ki, öz işimdə həmişə ən yaxşısını etməyə çalışmışam. Bu baxımdan vicdanım rahatdır. Nə dərəcədə alınıb, indi buna həmkarlar daha yaxşı qiymət verə bilər. Ehtimal edirəm ki, yarı zarafat, yarı ciddi də olsa həmkarlarım məndən narazı qalmayıblar.