Ölkə futbolu
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel klubun saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, T.Gözel Avropa və Azərbaycan miqyasında əldə olunan davamlı uğurlu nəticələrə və qazanılan azarkeş sevgisinə aparan çətin və ağır yoldan danışıb, gələcək üçün nəzərdə tutulan hədəf və planları açıqlayıb.
- Tahir bəy, müsahibəyə klubun bugünkü səviyyəyə çatdığı yolun başlanğıcından başlayaq. “Azərsun Holdinq”in “Qarabağ”a dəstək verməyə başladığı ilk illərdə klubun mövcud imkanları necə idi və həmin dövrdə qarşınızda duran əsas vəzifələr nələrdən ibarət idi?
- “Azərsun” 2001-ci ildə “Qarabağ”a dəstək verməyə başlayanda biz bugünkü infrastruktura, maliyyə imkanlarına, geniş azarkeş bazasına, oturuşmuş idarəetmə sisteminə və Avropa təcrübəsinə malik hazır bir klub qəbul etməmişdik. Klub çox mürəkkəb bir dövrdən keçirdi. Qarabağın işğalı nəticəsində doğma şəhərindən və stadionundan uzaq düşmüşdü, maddi imkanları məhdud idi, bir sıra aparıcı futbolçuları başqa komandalara üz tutmuşdu. Belə bir şəraitdə qarşımızda duran ilk vəzifə böyük nəticələr barədə danışmaq deyil, ilk növbədə “Qarabağ”ı ayaqda saxlamaq və onun gələcəyini təmin etmək idi. Bu gün gördüyünüz “Qarabağ” bir günün, bir mövsümün və ya bir böyük transferin nəticəsi deyil. Klubun indiki səviyyəsinə çatması üçün illər ərzində saysız-hesabsız qərarlar qəbul olunub, səhvlərdən nəticə çıxarılıb, yeni addımlar atılıb, struktur formalaşdırılıb. Biz hazır sistemə daxil olmamışıq, həmin sistemi özümüz qurmuşuq. Ona görə bugünkü “Qarabağ”ı yalnız son matçın hesabı, turnir cədvəlindəki mövqeyi və ya qazandığı bir kubok üzərindən qiymətləndirməyin doğru olmadığını düşünürəm. Mən “Qarabağ”ın ən böyük nailiyyətini yalnız çempionluqlarda, ölkə kuboklarında və ya Avropada qazanılan tarixi qələbələrdə görmürəm. Ən böyük nailiyyətlərimizdən biri odur ki, bu illər ərzində klubun öz kimliyini formalaşdıra bilmişik. “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi, idarəetmə mədəniyyəti, transfer yanaşması, iş prinsipləri və dəyərləri var. Bunlar bir neçə ilə yaranmır. Bunun arxasında uzun illərin zəhməti, səbir, qarşılıqlı etimad və ən çətin vaxtlarda belə seçdiyimiz yoldan dönməmək dayanır.
- Həmin illərdə sizinlə birlikdə fəaliyyətə başlayan əməkdaşların bir hissəsinin bu gün də klubda çalışması diqqət çəkir. Bu davamlılıq “Qarabağ” üçün nə ifadə edir?
- Biz “Qarabağ”ın tarixini heç vaxt yalnız özümüzdən başladığımız dövrlə məhdudlaşdırmamışıq. Əksinə, klubu təhvil aldığımız ilk gündən onun keçmişinə, Ağdamda formalaşmış futbol ənənəsinə, bu forma üçün çalışan və oynayan insanlara böyük hörmətlə yanaşmışıq. Bizdən əvvəlki “Qarabağ” da bu klubun tarixidir və bugünkü “Qarabağ” həmin tarixin davamıdır. Bunun ən yaxşı göstəricilərindən biri odur ki, illər əvvəl “Qarabağ”ın formasını geyinən, klubun ən çətin günlərini yaşayan insanlar bu gün də həmin bayraq altında fəaliyyət göstərirlər. Məsələn, Müşfiq Hüseynov “Qarabağ” tarixinin ən tanınmış simalarından biridir. Uzun illər hücumçu kimi klubun formasını geyinib, komandanın kapitanlarından olub və ən çətin dövrlərdə “Qarabağ”ın yanında qalıb. Futbolçu karyerasını başa vurduqdan sonra da klubdan ayrılmayıb və uzun illərdir Qurban Qurbanovun məşqçilər korpusunda fəaliyyət göstərir. Bu, bizim üçün xüsusi dəyər daşıyır: dünən meydanda “Qarabağ” üçün mübarizə aparan insan bu gün həmin klubun yeni uğurlarının hazırlanmasında iştirak edir. Yaşar Hüseynov isə bütün futbolçu karyerasını demək olar ki, “Qarabağ”a həsr edib. 1993-cü ildə Ağdamda, “İmarət” stadionunda keçirilən son qarşılaşmada “Turan”ın qapısına vurulan yeganə qolun müəllifi məhz Yaşar Hüseynov olub. Həmin il klubumuzun ilk ölkə çempionluğunun qazanılmasında da mühüm rol oynayıb. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi klubda fəaliyyətini davam etdirib, bu gün isə akademiya strukturunda koordinator köməkçisi və seleksioner kimi gənc futbolçuların inkişafına töhfə verir. Şahid Həsənovun yolu da bu davamlılığın başqa nümunəsidir. O, 1988-1992-ci illərdə “Qarabağ”ın futbolçusu olub, 1988-ci ildə Azərbaycan SSR çempionluğunu qazanan heyətdə yer alıb. Daha sonra klubda məşqçi kimi çalışıb, uzun illərdir isə lisenziyalaşdırma istiqamətində fəaliyyət göstərir. Yəni onun “Qarabağ”la bağlılığı yalnız bir vəzifə və ya bir mərhələ ilə məhdudlaşmır. Samir Musayev də vaxtilə “Qarabağ”ın hücum xəttinin əsas simalarından olub. 2003/04 mövsümündə 20 qolla Azərbaycan çempionatının bombardiri adına məhz “Qarabağ”ın futbolçusu kimi sahib çıxıb. Bu gün isə klubun akademiyasında U-17 komandasının baş məşqçisidir. Dünən əsas komandada qol vuran futbolçunun bu gün “Qarabağ”ın gələcək futbolçularını yetişdirməsi bizim qurmaq istədiyimiz modelin mahiyyətini göstərir. Maksim Medvedev isə “Qarabağ”ın öz daxilindən yetişdirdiyi futbolçu və məşqçi modelinin daha yeni nümunəsidir. O, akademiyamızdan çıxıb, bütün peşəkar futbolçu karyerasını “Qarabağ”a həsr edib, uzun illər komandanın kapitanlarından biri və klub tarixində ən çox oyun keçirən futbolçulardan olub. Futbolçu karyerasını başa vurduqdan sonra əvvəl akademiyada məşqçiliyə başladı, indi isə əvəzedici komandamızın baş məşqçisidir. Bu, bizim görmək istədiyimiz yoldur: uşaq yaşlarında “Qarabağ”a gələn bir insanın futbolçu, lider, sonra isə məşqçi kimi klubun daxilində inkişaf etməsi. Bunlar bizim üçün sadəcə nostalji nümunələri deyil. Klubun yaddaşı belə qorunur. Yeni gələn insan yalnız qaydalarla deyil, yanında çalışan insanların təcrübəsi ilə də “Qarabağ”ın nə olduğunu öyrənir. Eyni zamanda davamlılığı yeniliyə qapalı olmaq kimi qəbul etmirik. Əksinə, uzun illər bizimlə çalışan əməkdaşlarımızın yeni biliklər qazanmasına, beynəlxalq təcrübə əldə etməsinə, müasir futbol idarəçiliyinə uyğun inkişaf etməsinə şərait yaradırıq. Beləliklə, bir tərəfdən klubun kökləri qorunur, digər tərəfdən həmin köklər üzərində yeni “Qarabağ” qurulur. Məncə, böyük klubun ən vacib xüsusiyyətlərindən biri də budur: keçmişini silmədən gələcəyini yaratmaq.
- İlk illərdə azarkeşləri oyunlara gətirmək üçün məcburi köçkünlərin yaşadığı ərazilərdən avtobuslar təşkil etdiyiniz vaxtlar olub. Bu gün isə “Qarabağ”ın ölkənin müxtəlif bölgələrində çox böyük azarkeş kütləsi var. Bu dəyişiklik sizə hansı hissləri yaşadır?
- Bu, keçdiyimiz yolu ən aydın göstərən nümunələrdən biridir. Vaxtilə Sumqayıtdan, Dərnəgüldən, Quzanlıdan və məcburi köçkün ailələrinin yaşadığı digər ərazilərdən insanların oyunlarımıza gələ bilməsi üçün avtobuslar təşkil etdiyimiz günlər olub. Azarkeşi stadiona gətirmək üçün özümüz çalışırdıq. Çünki klubun geniş azarkeş bazası hələ formalaşmamışdı. Bu gün isə tamam fərqli mənzərə ilə qarşılaşırıq. Azərbaycanın müxtəlif bölgələrində “Qarabağ” forması geyinən uşaqları, gəncləri görürük. Artıq yeni bir nəsil yetişib. Bu gün 18-20 yaşında olan bir gəncin uşaqlıq xatirələrinin böyük bir hissəsində “Qarabağ”ın Avropa oyunları var. O, “Qarabağ”ın böyük Avropa klubları ilə qarşılaşmalarını, tarixi qələbələrini, Tofiq Bəhramov adına Respublika stadionundakı gecələri xatırlayaraq böyüyüb. Biz bunun nə qədər böyük dəyişiklik olduğunu 2023-cü ildə “Qalatasaray”la keçirdiyimiz xeyriyyə oyununda da gördük. Türkiyədə baş vermiş ağır zəlzələdən sonra qardaş ölkəyə dəstək məqsədilə belə bir qarşılaşmanın təşkili gündəmə gəldi və klub olaraq çox qısa müddətdə – təxminən bir həftə ərzində böyük təşkilati prosesə başladıq. Söhbət adi yoldaşlıq oyunundan getmirdi. Təxminən 70 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək böyük bir tədbiri bütün detalları ilə hazırlamaq lazım idi. Klubumuzun əməkdaşları çox böyük iş gördülər. Qonaq komandanın Bakıya gəlişindən etibarən bütün logistika prosesi, hava limanında qarşılanması, oteldə yerləşdirilməsi, məşq və oyun proqramının koordinasiyası, stadionla bağlı təşkilati məsələlər, nəqliyyatın təmin olunması və qarşılaşmadan sonra yola salınması klub əməkdaşlarımız tərəfindən vahid plan əsasında həyata keçirildi. Nəticədə 62 mindən çox bilet qısa müddətdə satıldı, tribunalar möhtəşəm atmosfer yaratdı və çox böyük miqyaslı xoreoqrafiya hazırlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da qarşılaşmanı stadiondan izləməsi həmin günün əhəmiyyətini daha da artırdı. Bir vaxtlar azarkeşi stadiona gətirmək üçün avtobus təşkil edən klub illər sonra ölkənin ən böyük stadionlarından birində on minlərlə insanın iştirak etdiyi belə böyük tədbiri qısa müddətdə təşkil edə biləcək səviyyəyə çatıb. Məncə, inkişafı yalnız turnir cədvəli ilə deyil, belə nümunələrlə də ölçmək lazımdır. Bu, bizim üçün böyük qürur olduğu qədər böyük məsuliyyətdir. Çünki azarkeş sayı artdıqca klubun üzərindəki məsuliyyət də artır. İnsanlar artıq “Qarabağ”ı sadəcə bir komanda kimi izləmir, öz həyatlarının və futbol yaddaşlarının bir hissəsi kimi qəbul edirlər. Biz indi yalnız bugünkü azarkeş üçün deyil, “Qarabağ”ı gələcəkdə öz övladına sevdirəcək insanlar üçün də klub qururuq.
- “Qarabağ” uzun illər yalnız futbol klubu kimi deyil, eyni zamanda Qarabağın adını beynəlxalq arenada yaşadan bir komanda kimi qəbul olunub. Bu adın məsuliyyəti sizin üçün nə ifadə edir?
- “Qarabağ”ın üzərində hər zaman adi futbol klubundan daha böyük mənəvi məsuliyyət olub. Uzun illər Qarabağ torpaqları işğal altında olduğu dövrdə komandamız Avropanın müxtəlif ölkələrində meydana çıxarkən yalnız futbol matçı keçirmirdi. “Qarabağ” adı tribunada, televiziya yayımında, UEFA tədbirlərində, rəsmi və qeyri-rəsmi görüşlərdə səslənirdi. Biz həmin səfərlərdə yalnız növbəti rəqib və ya futbol haqqında danışmırdıq. Görüşdüyümüz insanlara Azərbaycanın və Qarabağın həqiqətlərini çatdırmağa çalışırdıq. Klub nümayəndələri rəsmi toplantılarda, futbol tədbirlərində və şəxsi ünsiyyətlərdə bu adın hansı tarixi daşıdığını izah edirdilər. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra isə bu məsuliyyət yeni məzmun qazandı. Artıq “Qarabağ” adını qalib ölkənin klubu kimi təmsil etmək məsuliyyətimiz var. Biz həmin adın arxasında hansı tarix, hansı ağrı, hansı mübarizə və hansı qürur dayandığını çox yaxşı bilirik. Ona görə “Qarabağ”ı həm meydanda, həm də meydandan kənarda layiqincə təmsil etmək bizim üçün sadəcə peşəkar vəzifə deyil, mənəvi məsuliyyətdir. Eyni zamanda hesab edirəm ki, “Qarabağ”ın inkişafına yalnız klubun öz çərçivəsində baxmaq düzgün olmaz. “Qarabağ” böyüdükcə Azərbaycan klub futbolunda da gözləntilər dəyişdi. Avropada ardıcıl iştirak, daha peşəkar idarəçilik, legioner seçimi, oyun keyfiyyəti, kommersiya və azarkeşlərlə iş baxımından yeni meyarların yaranması rəqabəti artırdı. Rəqabətin olması bizim özümüz üçün də vacibdir. Güclü rəqib səni rahatlaşmağa qoymur, səni yenidən düşünməyə və daha yaxşı işləməyə məcbur edir. Eyni şey digər klublar üçün də keçərlidir. Bunu təkcə bizim deməyimiz də doğru olmazdı. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov özü də açıq şəkildə bildirib ki, qarşılarında güclü “Qarabağ” olmasaydı, klub olaraq daha gec inkişaf edərdilər. Mən bu fikrə böyük hörmətlə yanaşıram. Çünki sağlam rəqabətin mahiyyəti budur. Sənin uğurun rəqibini daha yaxşı işləməyə vadar edir, onun inkişafı isə növbəti mərhələdə səni daha yaxşı olmağa məcbur edir.
Bu gün artıq “Sabah” da Azərbaycanı Çempionlar Liqasının liqa mərhələsində təmsil edir. Bu, çox mühüm hadisədir. Mən bunu yalnız hansısa klubun uğuru kimi deyil, Azərbaycan futbolunun ümumi inkişafının göstəricisi kimi görürəm. “Qarabağ” uzun illər bu səviyyədə ölkəni tək təmsil edib. İndi başqa Azərbaycan klubunun da həmin mərhələyə yüksəlməsi ölkə futbolunun adına yazılan nəticədir. “Sabah”ı bu uğur münasibətilə təbrik edir və Çempionlar Liqasında onlara uğurlar arzulayıram. Ümid edirəm ki, gələcəkdə Azərbaycan klublarının Avropadakı belə nəticələri istisna deyil, davamlı bir ənənəyə çevriləcək. Çünki yekunda hamımız eyni futbol ölkəsini təmsil edirik. Azərbaycan klubunun Avropada qazandığı hər xal, yaratdığı hər müsbət təəssürat ümumilikdə Azərbaycan futbolunun nüfuzuna xidmət edir.
- Klubun uzunmüddətli inkişafından danışarkən Qurban Qurbanov amilini ayrıca qeyd etməliyik. 2008-ci ildən eyni baş məşqçi ilə yolun davam etdirilməsi bu sistemin formalaşmasına nə qədər təsir edib?
- Çox böyük təsiri var. Mən həmişə demişəm ki, sabitlik inkişafın qarşısını alan deyil, düzgün idarə olunanda inkişafı sürətləndirən amildir. Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Müasir futbolda bir baş məşqçinin bu qədər uzun müddət eyni klubda fəaliyyət göstərməsi artıq çox nadir hadisədir.
Amma burada yalnız müddətə baxmaq düzgün olmaz. Əsas məsələ həmin illər ərzində formalaşan qarşılıqlı etimaddır. İlk illərdən Qurban Qurbanova inanmışıq. Elə dövrlər də olub ki, nəticələr arzuladığımız kimi getməyib. Futbolda belə mərhələlər qaçılmazdır. Həmin anlarda emosional qərar vermək əvəzinə, görülən işə, qurulan sistemə və bir-birimizə olan inamımızı əsas götürmüşük. Elə məqamlar olub ki, Qurban Qurbanov özü məsuliyyəti üzərinə götürməyə hazır olduğunu və klubdan ayrıla biləcəyini bildirib. Biz isə bir nəticənin və ya uğursuz seriyanın illər ərzində qurulan münasibətləri dağıtmasına imkan verməmişik. Çünki qarşımızdakı insanı yalnız son beş oyunun nəticəsinə görə tanımırdıq. Onun iş prinsipini, xarakterini, kluba münasibətini və hansı məqsədlər üçün çalışdığını bilirdik. Bu gün “Qarabağ” daxilində yaranmış ailə mühitinin də təməlində bu dayanır. Bu, o demək deyil ki, burada tələbkarlıq yoxdur. Əksinə, çox ciddi tələbkarlıq var. Sadəcə həmin tələbkarlığın yanında hörmət və etimad da mövcuddur. Klub rəhbərliyi baş məşqçiyə inanır, baş məşqçi rəhbərliyə inanır. Futbolçular hiss edirlər ki, qərarların arxasında sistem dayanır. İşçilər bilirlər ki, klub bir günlük emosiyalarla idarə olunmur. Bəzən futbolun ən böyük gücü məhz statistikada görünməyən bu münasibətlər olur. Bunlar heç bir dərslikdə yazılmır, amma böyük klubun qurulmasında çox mühüm rol oynayır.
- 2014-cü ildən başlayan ardıcıl Avropa iştirakları, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək və 2025/26 mövsümündə Çempionlar Liqasının pley-offuna qədər irəliləmək... Bu mərhələlər “Qarabağ”ı necə dəyişdi?
- Hər böyük nəticə klubun qarşısında yeni bir qapı açdı və eyni zamanda yeni məsuliyyət yaratdı. 2014-cü ildən Avropa turnirlərinin əsas mərhələlərində ardıcıl iştirak etməyimiz klubun beynəlxalq təcrübəsini tamamilə dəyişdi. 2017-ci ildə Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək isə düşüncə baxımından böyük dönüş nöqtəsi idi. Daha sonra Avropa Liqasında pley-offlar, 1/8 final mərhələsi və digər nəticələr gəldi. Hər dəfə bir az daha çox təcrübə topladıq. Hər səfər, hər rəqib, hər qələbə və hər məğlubiyyət bizə nəsə öyrətdi.
2025/26 mövsümü isə bu yolun növbəti böyük mərhələsinə çevrildi. Komandamız Çempionlar Liqasının liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurdu və tarixində ilk dəfə turnirin pley-off mərhələsinə yüksəldi. Lissabonda “Benfika”nı məğlub etdik, Bakıda “Kopenhagen” və “Ayntraxt” üzərində qələbələr qazandıq, dünya səviyyəli heyətə malik, klublararası dünya çempionu olmuş “Çelsi” ilə 2:2 hesablı heç-heçə etdik. Amma mənim üçün burada yalnız nəticələr maraqlı deyil. İnsanlar stadionda 90 dəqiqəni görürlər. Biz isə həmin 90 dəqiqəyə gedən yolu da görürük. Böyük Avropa oyunlarından əvvəl komandanın daxilində yaranan ab-havanı, məşqçi heyətinin futbolçularla ünsiyyətini, rəhbərliklə baş məşqçi arasındakı sakit inamı kənardan görmək mümkün deyil. Bəzən oyuna yollanarkən danışmağa ehtiyac belə qalmır. Hər kəs qarşısındakı insanın nə düşündüyünü bilir. Biz çox çətin yollardan keçmişik. Birlikdə uduzmuşuq, birlikdə qalxmışıq, yenidən başlamışıq. Məhz belə günlərdə anlayırsan ki, klub təkcə müqavilələrdən və struktur sxemlərindən ibarət deyil. Kitabda yazılmayan, amma varlığını hər gün hiss etdiyin münasibətlər var. Mən “Qarabağ”ın gücündən danışanda bunları da nəzərdə tuturam.
- Çempionlar Liqasında belə ağır proqramla mübarizə aparmağın daxili çempionata olan təsiri də daim müzakirə olunur. Mövsüm ərzində hər iki istiqamətdə sabit qalmaq nə dərəcədə çətindir?
- Çempionlar Liqasında oynamaq yalnız çərşənbə axşamı və ya çərşənbə günü meydana çıxıb 90 dəqiqə futbol oynamaq demək deyil. Bunun səfəri var, uçuşu var, hazırlığı var, bərpa prosesi var. Futbolçular hər üç-dörd gündən bir yüksək intensivlikli matça çıxırlar. Fiziki yüklə yanaşı psixoloji yük də çox böyükdür. Bu məsələni izah etmək üçün dünyanın ən böyük klublarına baxmaq kifayətdir. 2025/26 mövsümündə bizimlə Çempionlar Liqasında qarşılaşan “Çelsi” liqa mərhələsində ilk səkkizlikdə yer alaraq 1/8 finala yüksəldi. Eyni mövsümdə isə İngiltərə Premyer Liqasını 10-cu pillədə başa vurdu və 2026/27 mövsümündə Avropa kuboklarında iştirak hüququ qazana bilmədi. Əlbəttə, “Çelsi”nin Premyer Liqadakı nəticəsini yalnız Çempionlar Liqasında iştirakı ilə izah etmək düzgün olmaz. Orada çoxsaylı amillər var. Amma bu nümunə göstərir ki, böyük büdcəyə, geniş heyətə və yüksək səviyyəli futbolçulara malik klublar üçün belə bütün turnirlərdə eyni sabitliyi qorumaq asan deyil. Biz bunu heç zaman bəhanə kimi təqdim etmirik. “Qarabağ” meydana çıxdığı hər oyunda qalib gəlmək istəyir. Azərbaycan çempionatına da həmin məsuliyyətlə yanaşırıq. Sadəcə komandanı qiymətləndirərkən yalnız son 90 dəqiqəyə deyil, mövsüm ərzində keçdiyi ümumi prosesə baxmaq lazımdır.
- Böyük Avropa nəticələrindən sonra azarkeşlər təbii olaraq daha böyük transferlər gözləyirlər. Klub transfer siyasətini hansı prinsiplə qurur?
- Azarkeşin daha böyük adlar görmək istəməsi tamamilə başadüşüləndir. Bu, klubdan gözləntinin böyüdüyünü göstərir və əslində bizi sevindirir. Amma transfer siyasətinə yalnız futbolçunun adına və ya onun üçün ödənilən məbləğə görə yanaşmaq düzgün olmaz. Transfer pəncərəsinin sonunda yalnız “kimi aldın?” sualını vermək kifayət deyil. “Kimi saxladın?”, “hansı mövqedə rəqabəti artırdın?”, “komandanın ümumi balansını necə dəyişdin?”, “gələn futbolçunun inkişaf potensialı nədir?” kimi suallar da verilməlidir.
Burada Qurban Qurbanovun rolu çox böyükdür. Mən Qurban müəllimin futbolçu seçiminə inanıram və onun bu istiqamətdə qərarlarını tam dəstəkləyirəm. Hamı görür ki, Qurban müəllim futbolçu seçərkən yalnız onun hansı ölkədən və hansı çempionatdan gəlməsinə baxmır. Futbolçunun bugünkü statistikası vacibdir, amma bununla kifayətlənmir. Xarakterinə, meydandakı davranışına, komanda oyununa uyğunluğuna, inkişaf potensialına, yeni mühitə adaptasiya imkanına baxılır. Bəzən bir futbolçunun real potensialını onun transfer olunduğu gün ictimaiyyət görməyə bilər. Məşqçi isə həmin futbolçuda altı ay və ya bir il sonra ortaya çıxa biləcək keyfiyyəti görür. Kamilo Duran buna yaxşı nümunələrdən biridir. O, “Qarabağ”a gələndə Portuqaliyanın ikinci liqasında çıxış etmişdi və müəyyən suallar səslənirdi. “Qarabağ”da keçdiyi inkişaf prosesindən sonra “Seltik”ə transfer olundu. Yeni klubunda qısa müddət ərzində təsir göstərdi, ilk yeddi rəsmi qarşılaşmasında altı qol vurdu və Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçildi. Bu, bizim üçün sadəcə uğurlu satış deyil. Bu, düzgün futbolçu seçiminin, məşqçi işinin və futbolçunun öz zəhmətinin nəticəsidir. Ümumiyyətlə, transfer siyasətində bizim üçün əsas məsələ sadəcə daha yüksək məbləğ ödəyib futbolçu gətirmək deyil. Əsas olan klubun imkanlarına uyğun büdcəni düzgün müəyyənləşdirmək, komandanın hansı mövqedə güclənməyə ehtiyacı olduğunu doğru təhlil etmək və həmin mövqe üçün oyun fəlsəfəmizə uyğun futbolçunu seçməkdir. Futbolçunun fərdi keyfiyyətləri nə qədər yüksək olsa da, onun mövcud heyətə, komanda yoldaşlarının xüsusiyyətlərinə və baş məşqçinin oyun modelinə uyğunluğu eyni dərəcədə vacibdir. Transferin uğuru yalnız oyunçunun fərdi səviyyəsi ilə deyil, bütövlükdə komandanın daxilində nə dərəcədə effektiv ola bilməsi ilə ölçülür. Burada maliyyə və komandadaxili balans məsələsi də xüsusi əhəmiyyət daşıyır. Klubumuzun maliyyə dayaqları kifayət qədər güclüdür və imkanlarımız daha yüksək məbləğdə futbolçu transfer etməyə şərait yaradır. Ancaq transfer qərarı verərkən yalnız buna əsaslana bilmərik. Komandada futbolçuların müqavilə şərtləri və ödəniş səviyyələri arasında sağlam nisbətin qorunması vacibdir. Mövcud heyətdə bir-birinə yaxın maliyyə şərtləri formalaşıbsa, həmin strukturun içərisinə digərlərindən kəskin şəkildə fərqlənən məbləğlə futbolçu gətirmək kollektiv daxilindəki tarazlığa mənfi təsir göstərə bilər. Bizim üçün əsas prinsiplərdən biri də məhz budur: futbolçunun keyfiyyətini artırarkən komandanın daxili balansını pozmamaq. Çünki güclü komanda yalnız yaxşı futbolçuların bir araya gəlməsi ilə formalaşmır. Həmin futbolçular arasında ədalətli rəqabətin, qarşılıqlı hörmətin və sağlam münasibətlərin qorunması da eyni dərəcədə vacibdir. Bu mövsüm heyətimizə 12 yeni futbolçu cəlb etmişik. Bu qədər çox oyunçunun eyni dövrdə komandaya qoşulması müəyyən uyğunlaşma mərhələsini zəruri edir. Yeni futbolçuların baş məşqçinin tələblərini tam mənimsəməsi, komanda yoldaşlarını daha yaxından tanıması və meydanda arzu etdiyimiz ahəngin yaranması üçün onlara vaxt verilməlidir.
Hər bir futbolçunun komandaya hansı keyfiyyəti əlavə edə biləcəyini, ümumi oyun sisteminə necə uyğunlaşacağını və kollektiv daxilində formalaşmış tarazlığa necə təsir göstərəcəyini nəzərə alırıq. Buna görə yeni transferləri bir neçə oyun əsasında qiymətləndirmək düzgün olmaz. Onların potensialını tam göstərməsi üçün müəyyən müddətə ehtiyac var. Əsas məqsədimiz yeni gələn oyunçuların komandaya düzgün inteqrasiyasını təmin etmək, kollektivin ahəngini qorumaq və eyni zamanda ehtiyac duyulan mövqeləri gücləndirməkdir.
- Son illərdə “Qarabağ”dan Avropanın daha yüksək səviyyəli çempionatlarına və tanınmış klublarına transfer olunan futbolçuların sayı artır. Bu, artıq klubun müəyyən strategiyasına çevrilibmi?
- Mən buna sadəcə “futbolçu satmaq” kimi baxmıram. Əgər məqsəd yalnız futbolçu alıb satmaq olsaydı, bu, idman layihəsi deyil, sırf kommersiya fəaliyyəti olardı. Biz futbolçunu müəyyən edirik, onu komandaya gətiririk, sistemimizə uyğunlaşdırırıq, inkişaf etməsinə şərait yaradırıq, Avropa arenasında özünü göstərmək imkanı veririk. Əgər həmin futbolçu bir müddətdən sonra karyerasının növbəti mərhələsinə keçirsə, bu, həm futbolçunun, həm məşqçi heyətinin, həm də klubun uğurudur. Juninyo bunun çox yaxşı nümunəsidir. O, Portuqaliyanın “Şaveş” klubundan “Qarabağ”a gəldi. Burada Avropa oyunları da daxil olmaqla yüksək səviyyədə özünü göstərdi, iki mövsüm ərzində böyük inkişaf yolu keçdi və daha sonra Braziliyanın ən tanınmış klublarından biri olan “Flamenqo”ya transfer olundu. Braziliyadan çıxmış bir futbolçunu Avropaya gətirib, burada inkişaf etdirib, sonra “Flamenqo” kimi Braziliya nəhənginə transfer etmək sıradan hadisə deyil. Bu, “Qarabağ”da futbolçu ilə hansı işin görüldüyünü göstərir. Burada ilk növbədə Qurban Qurbanovun, onun məşqçi heyətinin, skautinq sistemimizin və futbolçu ilə gündəlik çalışan bütün əməkdaşların əməyini qeyd etmək lazımdır. Belə transferlər klub üçün maliyyə baxımından da əlavə imkan yaradır. Qazanılan vəsait yenidən əsas komandaya, akademiyaya, infrastruktura, seleksiya sisteminə və başqa inkişaf istiqamətlərinə yönəldilə bilər. Əsas məqsəd budur ki, futbolçular dəyişsə də, sistem gücünü itirməsin.
- Azarkeşlər üçün sevdikləri futbolçunun ayrılması həmişə çətin olur. Belə futbolçuları daha uzun müddət saxlamaq mümkün deyilmi?
- Futbolda hər şeyi maliyyə ilə həll etmək olmur. Futbolçunun öz həyat və karyera planı var. Xaricdən Azərbaycana gələn yüksək səviyyəli futbolçu qərar qəbul edərkən bir çox amili nəzərə alır. Çempionatın beynəlxalq səviyyəsi, Avropada görünmək imkanı, ailəsinin yaşayış şəraiti, gələcək karyera perspektivi - bütün bunlar rol oynayır. Reallıq budur ki, Azərbaycan çempionatı Avropanın ən yüksək səviyyəli liqaları sırasında deyil. Buna görə bəzən çox yüksək səviyyəli futbolçunu Azərbaycana gətirmək üçün ona yalnız yaxşı müqavilə təklif etmək kifayət etmir. Futbolçu qarşısında karyera perspektivi də görməlidir. “Qarabağ”ın bu baxımdan üstünlüklərindən biri Avropada davamlı iştirak etməsidir. Futbolçu bilir ki, burada yaxşı çıxış etsə, Çempionlar Liqasında və ya digər UEFA turnirlərində özünü göstərə bilər. O həm də görür ki, “Qarabağ” inkişaf edən futbolçunun qarşısını bağlayan klub deyil.
Bu nüfuz transfer danışıqlarında çox vacibdir. Heyətin dəyişməsi isə yalnız bizim qarşılaşdığımız məsələ deyil. Dünyanın ən böyük klublarında belə olur. “Qalatasaray”ı nümunə götürək. Klub Viktor Osimhenin transferi üçün 75 milyon avro ödəməklə Türkiyə futbolu üçün rekord məbləğə imza atdı. Digər tərəfdən uzun illər komandanın əsas simalarından və azarkeşlərin ən çox sevdiyi futbolçulardan biri olan Mauro İkardi ilə 2026-cı ilin yayında yollar ayrıldı. Burada məsələ Osimhenin və ya İkardinin hansı səviyyədə futbolçu olmasında deyil. Belə transfer təbii olaraq komandanın keyfiyyətini yüksəldir, amma eyni zamanda heyət daxilində mövcud maaş və status iyerarxiyasını da gündəmə gətirir. Osimhen və Mauro İkardi ətrafında yaranan müzakirələr də bir daha göstərdi ki, böyük transfer qərarında yalnız futbolçunun meydandakı keyfiyyəti deyil, komandanın daxili tarazlığı da nəzərə alınmalıdır. Bizim ən həssas olduğumuz məsələlərdən biri məhz budur. Bu, o demək deyil ki, bütün futbolçular eyni məbləği almalıdır. Təbii ki, futbolçuların səviyyəsi, rolu, təcrübəsi və bazar dəyəri fərqlidir. Amma fərqlər izaholunan və sağlam struktur daxilində olmalıdır. Bir futbolçunu gətirib digər on futbolçunun özünü dəyərsiz hiss etməsinə səbəb olursansa, kağız üzərində güclənmiş görünə bilərsən, amma komanda daxilində başqa problem yaratmış olarsan. Biz çalışırıq ki, transfer etdiyimiz futbolçu həm idman keyfiyyətinə görə “Qarabağ”a uyğun olsun, həm də mövcud kollektivin daxilində yaradılmış balansı pozmasın. Bir nəfəri gücləndirərkən bütöv komandanı zəiflətmək olmaz. Məncə, sağlam transfer siyasətinin ən vacib tərəflərindən biri də budur. Nümunənin mahiyyəti budur ki, hətta böyük büdcəli, böyük azarkeş kütləsinə malik və daim çempionluq üçün mübarizə aparan klublarda belə heyətin strukturu dəyişir. Futbol daim yenilənən oyundur. Əsas məsələ bir futbolçunun gəlməsi və ya getməsi deyil, klubun ümumi keyfiyyətinin və sisteminin qorunmasıdır.
- Bütün bu yolu nəzərə alsaq, bu gün “Qarabağ”ın Avropa futbolundakı mövqeyini necə qiymətləndirirsiniz?
- Bir vaxtlar Avropaya gedəndə “Qarabağ”ın klub olduğunu izah etməli olurduq. İnsanlar adımızı ilk dəfə eşidirdi. İndi vəziyyət tamam fərqlidir. Bu gün Avropada “Qarabağ” adı çəkiləndə artıq hansı ölkəni təmsil etdiyimiz, hansı oyun üslubuna malik olduğumuz, Qurban Qurbanovun uzun illərdir komandaya baş məşqçilik etdiyi və klubun Avropa turnirlərində davamlı iştirak etdiyi bilinir. Bunun arxasında illərlə qazanılan UEFA reytinq xalları, böyük rəqiblərə qarşı keçirilən oyunlar, tarixi qələbələr və meydanda göstərilən mübarizə dayanır. “Qarabağ”ın Avropada qazandığı hörmətin səbəblərindən biri də komandanın xarakteridir. Rəqiblər bilirlər ki, bu komanda nəticədən asılı olmayaraq oyundan asanlıqla qopmur. Tofiq Bəhramov adına Respublika stadionundakı Avropa gecələri, tribunaların yaratdığı ab-hava, futbolçularımızın sona qədər mübarizəsi artıq klubun beynəlxalq obrazının bir hissəsinə çevrilib. Amma Avropada tanınmaq yalnız meydandakı nəticələrdən ibarət deyil. Mənim üçün çox vacib başqa bir göstərici də var: bu gün “Qarabağ”ın əməkdaşları Avropa futbolunun müxtəlif idarəetmə, işçi və ekspert platformalarında təmsil olunurlar. Məsələn, Asif Əsgərov 2004-cü ildən klubumuzdadır və klubla birlikdə peşəkar inkişaf yolu keçib. O, bu gün “Qarabağ”ın İdarə Heyətinin üzvü olmaqla yanaşı, 2023-ci ildən Avropa Futbol Klubları - əvvəlki adı ilə Avropa Klublar Assosiasiyası təşkilatının İdarə Heyətində fəaliyyətini davam etdirir. Eyni zamanda UEFA-da da Komitə üzvüdür. O, idman menecmenti istiqamətində Stokholmda təhsil alıb, həmçinin “Harvard Business School”, Miçiqan və Liverpul universitetləri kimi təhsil müəssisələrinin müxtəlif icraçı inkişaf proqramlarında iştirak edib. Onun Avropa futbolunun qərarverici strukturlarında “Qarabağ”ı təmsil etməsi illərlə gedilən yolun nəticəsidir. Anar Hacıyev klubumuzda kommunikasiya və marketinq istiqamətinə rəhbərlik edir. O, Barselonada “Johan Cruyff Institute”un İdman Biznesi - Marketinq və Sponsorluq üzrə magistr proqramını tamamlayıb. Daha sonra UEFA Akademiyasının Nyonda keçirilən Strateji Kommunikasiyalar üzrə proqramını bitirib. Hazırda Avropa Klublar Assosiasiyası təşkilatının Azarkeşlərlə İş üzrə İşçi Qrupunda “Qarabağ”ı təmsil edir. Bu qrupda Avropanın müxtəlif böyük klublarının nümayəndələri ilə birlikdə azarkeş təcrübəsi, stadion mədəniyyəti, rəqəmsal kommunikasiya və klub-azarkeş münasibətlərinin inkişafı istiqamətlərində iş aparılır. Əməliyyatlar departamentimizin rəhbəri Fərid Ağayev də uzun illərdir klubdadır. Son olaraq “Johan Cruyff Institute-da Sport Management” proqramını magistr səviyyəsində tamamlayıb. UEFA və Avropa Klublar Assosiasiyası tərəfindən təşkil olunan müxtəlif klub idarəçiliyi və əməliyyat platformalarında “Qarabağ”ı təmsil edir. Akademiyanın meneceri Nail Kərimov da “Johan Cruyff Institute”da Futbol Menecmenti üzrə magistr proqramını başa vurub. O, Avropa klub futbolunun gənclərin inkişafı ilə bağlı işçi strukturlarında fəaliyyət göstərib və “Qarabağ”ı akademiya idarəçiliyi, gənc futbolçu inkişafı və UEFA Gənclər Liqası ilə bağlı müxtəlif beynəlxalq platformalarda təmsil edir. Yusif Cəfərov da bu yanaşmanın davamıdır. O, 2016-cı ildən “Qarabağ”da müxtəlif vəzifələrdə çalışır, uzun müddətdir klubun bilet və marketinq istiqamətində fəaliyyət göstərir. Hazırda “Johan Cruyff Institute”da marketinq istiqamətində təhsilini davam etdirir. Yəni bizim üçün marketinq də sadəcə reklam hazırlamaq və ya bilet satmaq deyil. Müasir futbol klubunda marketinq azarkeş münasibətləri, kommersiya, brend, rəqəmsal platformalar, oyun günü təcrübəsi və gəlir modelləri ilə birbaşa bağlı olan böyük sahədir. Mən bu nümunələri təsadüfən çəkmirəm. Biz həmişə deyirik ki, klub yalnız futbolçu yetişdirməməlidir. Klub futbol meneceri, kommunikasiya mütəxəssisi, marketinq mütəxəssisi, akademiya rəhbəri və peşəkar idarəçi də yetişdirməlidir. Biz əməkdaşlarımızın təhsilinə investisiya qoyuruq. Onların beynəlxalq proqramlarda iştirakını dəstəkləyirik. Çünki istəyirik ki, “Qarabağ” yalnız meydanda deyil, idarəçilikdə də Avropanın müasir futbol sisteminə uyğunlaşsın. Bu gün bizimlə illər əvvəl bu yola başlayan insanların artıq UEFA və Avropa Klublar Assosiasiyası platformalarında klubumuzu təmsil etməsi mənim üçün çox böyük dəyərdir. Bu, “Qarabağ”ın institusional inkişafının göstəricisidir. “Qarabağ” artıq Azərbaycandan Avropaya gedib sadəcə oyun keçirən klub deyil. Biz Avropa futbol ailəsinin tanınan və proseslərdə iştirak edən üzvlərindən birinə çevrilmişik.
- Çempionlar Liqasında əldə olunan nəticələrdən sonra növbəti böyük addım nə olmalıdır: Əsas komandaya daha böyük sərmayə, yoxsa klubun strukturunun daha da gücləndirilməsi?
- Bunlar bir-birinin alternativi deyil. Güclü klub hər ikisini paralel aparmalıdır. Əlbəttə, əsas komandanın gücləndirilməsi daim diqqətimizdədir. Avropada səviyyə yüksəldikcə futbolçu keyfiyyətinə olan tələblər də artır. Amma biz Çempionlar Liqasından qazandığımız uğurun yalnız növbəti transfer pəncərəsinə xidmət etməsini istəmirik. Bu nəticələrin klubun gələcəyinə qalmasını istəyirik. Bunun ən vacib istiqamətlərindən biri akademiyadır. Bizim uzunmüddətli məqsədimiz daha çox yerli futbolçu yetişdirmək və onların əsas komandaya gedən yolunu sistemləşdirməkdir. Bu, kənardan göründüyündən qat-qat çətin məsələdir. Müasir futbolda legioner transfer etmək bəzən hazır futbolçu yetişdirməkdən daha asandır. Xaricdə minlərlə futbolçu izləyə və müəyyən mövqeyə hazır oyunçu ala bilərsiniz. Amma 10-12 yaşında akademiyaya daxil olan azərbaycanlı uşağı səkkiz-on il ərzində yetişdirib Çempionlar Liqasında oynaya biləcək səviyyəyə çatdırmaq tamam başqa prosesdir. Xüsusilə klubun qarşısında yüksək Avropa hədəfləri olduğu halda gənc futbolçuya düzgün zamanda şans vermək, inkişaf prosesini düzgün idarə etmək böyük məsuliyyətdir. Biz istəyirik ki, gələcəkdə “Qarabağ”ın gücünün daha böyük hissəsi öz akademiyasından gəlsin. Seleksiya, məşqçi hazırlığı, psixologiya, fiziki inkişaf, analitika, qidalanma, tibbi nəzarət, təhsil və valideynlərlə kommunikasiya eyni sistemin hissələridir. Əgər bunların hamısını düzgün qura bilsək, Avropada qazandığımız bugünkü uğurlar sabah da davam edəcək.
- Bu prosesdə akademiya məşqçilərinin hazırlanması üçün də xüsusi proqram həyata keçirilir. Burada hansı yanaşma tətbiq olunur?
- Akademiyanın keyfiyyəti yalnız ora cəlb etdiyiniz uşaqlarla ölçülmür. Həmin uşağın qarşısına hansı məşqçini çıxardığınız ən az futbolçunun istedadı qədər vacibdir. Uşaqla işləyən məşqçi yalnız taktika bilməməlidir. 10 yaşlı uşağa necə yanaşmaq lazımdır, 15 yaşlı yeniyetmə ilə hansı üslubda danışmaq lazımdır, valideynlə münasibət necə qurulmalıdır, uşağın psixoloji təhlükəsizliyi necə qorunmalıdır - müasir akademiya məşqçisinin bunların hamısını bilməsi lazımdır. Bu məqsədlə Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı” həyata keçirmişik. Burada vacib bir məqamı düzgün ifadə etmək lazımdır: məşqçilərimiz Akademiyada ali təhsil almırlar. Azərbaycan İdman Akademiyasının mütəxəssis və elmi-metodiki imkanlarından istifadə etməklə onların peşəkar bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqram təşkil olunub. Proqram liderlik, kommunikasiya, pedaqogika, psixologiya, uşaq hüquqları və məşqçilik metodologiyası kimi istiqamətləri əhatə edib. Məşqçilər situasiya təhlilləri, praktiki tapşırıqlar, qrup müzakirələri və müxtəlif təlimlər vasitəsilə bu sahələrdə biliklərini inkişaf etdiriblər. Bizim üçün dil bilikləri və beynəlxalq futbola açıq olmaq da getdikcə daha vacib olacaq. Müasir məşqçi yalnız öz ölkəsindəki metodologiyanı bilməklə kifayətlənə bilməz. Dünyada nə baş verdiyini izləməli, xarici materiallardan istifadə etməli, başqa ölkələrin mütəxəssisləri ilə ünsiyyət qura bilməlidir. Proqramın sonunda qiymətləndirmə aparılması da təsadüfi deyil. Biz sadəcə seminarda iştirak haqqında sertifikat paylamaq istəmirik. Məqsəd real inkişafı görməkdir. Klubun müəyyən etdiyi peşəkar meyarlara uyğunlaşan, özünü inkişaf etdirən və “Qarabağ”ın futbol fəlsəfəsini uşaqlara düzgün ötürə bilən mütəxəssislərlə yolumuzu davam etdirmək istəyirik. Qarşılıqlı uyğunluğun yaranmadığı hallarda isə qərarlar peşəkar və qarşılıqlı hörmət çərçivəsində qəbul edilməlidir. Çünki akademiyada güzəşt edə bilməyəcəyimiz əsas məsələlərdən biri məşq standartıdır.
- Bir müddət əvvəl “bu, tarixin ən böyük “Qarabağ”ıdır” fikrini səsləndirmişdiniz. Futbolda nəticələr dəyişkən olduğu üçün həmin ifadə də zaman-zaman yenidən gündəmə gəlir. Bu gün həmin fikri hansı məqamlarla əsaslandırırsınız?
- Demək istədiyim odur ki, “Qarabağ” tarixinin heç bir dövründə bugünkü qədər geniş fəaliyyət sahəsinə, böyük məsuliyyət dairəsinə və yüksək gözləntilərə sahib olmayıb. Bir vaxtlar qarşımızda duran məsələlər daha lokal xarakter daşıyırdı. Bu gün isə klub eyni anda bir neçə istiqamətdə yüksək standartlara cavab verməlidir. Əsas komandanın nəticəsi, seleksiya, kommersiya fəaliyyəti, beynəlxalq əlaqələr, azarkeşlərlə ünsiyyət, gənc futbolçuların inkişafı, administrativ idarəçilik - bunların hər biri ayrıca peşəkarlıq tələb edir. “Qarabağ” artıq yalnız həftəsonu meydana çıxan futbol komandası deyil, çoxşaxəli futbol təşkilatıdır.
Mənim üçün əsas dəyişiklik məhz budur. Əvvəllər müəyyən bir nəticəyə çatmaq böyük hadisə sayılırdısa, indi həmin nəticəni davam etdirmək və onun üzərinə yenisini əlavə etmək gözləntisi yaranıb. Bu da klubun hansı nöqtəyə gəldiyini göstərir. Uğur artdıqca tələb də artır. İnsanlar artıq “Qarabağ”ın yaxşı oyun göstərməsini qeyri-adi hadisə kimi deyil, normal hal kimi qəbul edirlər. Bu gözləntini özümüz yaratmışıq və onun məsuliyyətini də daşımalıyıq. Başqa bir vacib məqam qərarvermə səviyyəsidir. Futbolda hər qərarın nəticəsi dərhal görünmür. Bəzən bu gün verdiyiniz qərarın doğruluğu iki ildən sonra ortaya çıxır. Klub böyüdükcə ani reaksiyalarla deyil, daha uzun perspektivlə düşünmək məcburiyyətində qalırsınız. Hansı futbolçunu seçmək, hansı əməkdaşa yatırım etmək, hansı layihəni hansı mərhələdə başlatmaq, hansı fürsəti qəbul edib hansından imtina etmək - bunların hamısı bütöv yanaşma tələb edir. Bugünkü “Qarabağ”ın əvvəlki dövrlərdən fərqi həm də budur: biz artıq yalnız qarşımıza çıxan imkanlardan istifadə etməyə çalışmırıq, özümüz yeni imkanlar yaratmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Klubun adı da artıq əvvəlkindən daha böyük məsuliyyət daşıyır. “Qarabağ”dan gözlənti təkcə ölkə daxilində deyil. Rəqiblər, futbolçular, menecerlər, müxtəlif futbol qurumları və tərəfdaşlar bizi müəyyən səviyyənin nümayəndəsi kimi qəbul edirlər. Bu reputasiyanı qazanmaq illər tələb edir, qorumaq isə bəzən qazanmaqdan daha çətindir. “Ən böyük” ifadəsində mənim üçün başqa bir mühüm məqam da klubun yaratdığı ölçüdür. Bu gün bir futbolçunun “Qarabağ”a gəlməsi onun karyerasında ciddi seçim kimi dəyərləndirilir. Burada özünü göstərən oyunçular daha böyük yarış mühitlərinə keçid edə bilirlər. Digər tərəfdən, klub daxilində çalışan mütəxəssislər də beynəlxalq səviyyədə təcrübə qazanır, müxtəlif platformalarda iştirak edir və peşəkar baxımdan irəliləyirlər. Yəni “Qarabağ” yalnız nəticə istehsal edən yox, insan yetişdirən bir mühitə çevrilib. Mən buna xüsusi əhəmiyyət verirəm.
Çünki böyük klub anlayışı yalnız vitrinlə müəyyən olunmur. Vitrində əsas komanda görünür. Amma həmin komandanın arxasında yüzlərlə gündəlik qərar, onlarla fərqli sahədə çalışan insan və görünməyən böyük əmək dayanır. Əgər bütün bu mexanizm bir-birini tamamlayırsa, deməli klub əvvəlkindən başqa mərhələyə keçib. Təbii ki, bu ifadə keçmiş “Qarabağ” komandalarının dəyərini azaltmır. Əksinə, bugünkü səviyyənin təməlini məhz əvvəlki illərdə qurulan komandalar, həmin dövrlərin futbolçuları, məşqçiləri və əməkdaşları yaradıb. Hər mərhələnin öz rolu olub. Bu gün əldə etdiyimiz imkanlar dünənin zəhmətinin davamıdır.
Ona görə mən “tarixin ən böyük ”Qarabağ”ı” deyəndə bunu ayrı-ayrı nəsillərin qarşılaşdırılması kimi görmürəm. Mən klubun tarix boyu topladığı bütün təcrübənin bugünkü nöqtədə bir araya gəlməsini nəzərdə tuturam. Ən vacibi isə odur ki, bu ifadə bizim üçün rahatlıq yaratmamalıdır. Əgər bu gün əvvəlkindən daha böyük “Qarabağ” varsa, deməli sabah bundan da irəli getmək məcburiyyətindəyik. Çünki böyüməyin ən çətin tərəfi zirvəyə qalxmaq deyil, özün üçün yaratdığın yeni ölçünün tələblərinə hər gün yenidən cavab verməkdir. Mənim üçün əsas çağırış da məhz budur.
- Sonda “Qarabağ” azarkeşlərinə və ümumilikdə futbolsevərlərə nə demək istərdiniz?
- İlk suala cavabımda söylədiyim bir fikrə qayıtmaq istəyirəm. Futbol klubunun yolunu bir oyunla, bir ayla və hətta bəzən bir mövsümlə qiymətləndirmək doğru deyil. Futbolda qalibiyyət də var, məğlubiyyət də. Bu gün böyük qələbə qazandığınız komanda sabah xal itirə bilər. Dünyanın ən böyük klubları belə bundan sığortalanmayıb. Futbolu gözəl edən də müəyyən mənada budur. Amma klubun real gücü məhz belə vaxtlarda görünür. Qələbədən sonra hamı birlikdə sevinə bilər. Çətin nəticədən sonra eyni inamı qorumaq isə daha böyük xarakter tələb edir. “Qarabağ”ın bugünkü səviyyəyə çatması boyunca çox ağır məğlubiyyətlərimiz də olub. Bəlkə həmin günlərdən bəzilərində kənardan baxan insanlar “bu yol burada bitdi” düşünüblər. Amma biz klub daxilində heç vaxt belə düşünməmişik. Çünki qarşımızda tək bir oyun yox, yol var idi. Azarkeşlərimizin də bu yolun çox böyük hissəsi olduğunu bilirik. İstəyirəm azarkeşlərimiz əmin olsunlar ki, klub daxilində heç kim əldə olunanlarla kifayətlənmir. Çempionlar Liqasına çıxmışıqsa, növbəti dəfə orada daha güclü olmaq haqqında düşünürük. Futbolçu transfer etmişiksə, onun alternativini və gələcək inkişafını düşünürük. Akademiyada istedadlı uşaq varsa, onun beş il sonrakı yolunu planlaşdırmağa çalışırıq. “Qarabağ” uzun illər Qarabağın adını dünyada yaşadıb, Azərbaycan futbolunu beynəlxalq arenada təmsil edib və milyonlarla insanın sevgisini qazanıb. İndi bizim üzərimizdə yeni məsuliyyət var: əldə etdiklərimizi yalnız qorumaq deyil, gələcək nəsillərə daha güclü şəkildə ötürmək. Çünki mənim üçün “Qarabağ”ın ən böyük uğuru yalnız bu gün qazandığı kubok deyil. Ən böyük uğur odur ki, illər sonra biz burada olmayanda da bu klub öz prinsipləri, öz sistemi, öz akademiyası, öz azarkeşləri və öz kimliyi ilə yoluna davam etsin. Bizim qurmağa çalışdığımız “Qarabağ” yalnız bugünkü komanda deyil, “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
21.09.2026
20.09.2026























