12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Futzal

AFFA, futbolu yarıtdınız, qaldı futzal?!

ZAUR AXUNDOVUN NƏİNKİ YERİŞİNİ YERİYƏ, HEÇ AYAQQABISINI DA GEYİNƏ BİLMƏZSİNİZ!

Azərbaycan futzalında qəribə, hətta qeyri-adi hadisələr baş verir deyə bilərik. Futbolumuzu “ağ günə” çıxardan AFFA, indi də gözünü futzala dikib. Məqsəd dəyişməzdir – futbolu olduğu kimi, futzalı da zəlil günə salmaq. Çünki yaşananların başqa adı yoxdur.

Uşaq futbolunda oyunçu sayını azaldanlar, nə bilim, meydanı kiçildənlər, autu ayaqla başlayanlar Azərbaycan Futzal Federasiyasına dedilər ki, siz çəkilin kənara, biz məharətimizi göstərək...

Beləcə, analoqu olmayan addım atıldı. Azərbaycan Futzal Federasiyası sanki fəaliyyətini dondurdu, əvəzində AFFA-da futzalı idarə edən departament yaradıldı. Futzala ayrılan maliyyə də məhz həmin departamentin ixtiyarına verildi. “Kurtlar Vadisi”ndə rəhmətlik Laz Ziyanın təbirincə desək, PFL-də ala bilmədikləri icazəni futzalda aldılar...

Amma iş elə gətirdi ki, AFFA-nın futzal departamenti elə ilk sınaqdan üzüqara çıxdı. Futzal millimizin DÇ-2028-in seçmə mərhələsində 3 oyunda qazandığı 1 xal (Allah kəssin son dəqiqələrdə qazanılan o bir xalı da) departamentin futzalda xarüqələr yaratmayacağının, bu işi bacarmadıqlarının “dəqiqə 1, qol 1”i idi. Xəyallar Çexiya ilə qrup liderliyi uğrunda mübarizə aparmaq olsa da, reallıqda autsayder gözü ilə baxılan Latviya Bakıda millimizə 5 qol vurdu... Halbuki milli komanda sentyabrın 1-dən iki aya yaxın təlim-məşq toplanışı keçmişdi. Deməli, iki ay ərzində xərclənən pullar göyə sovruldu. İnanın ki, Bakıda Latviyaya 2 ay hazırlıq keçmədən, 1 qara qəpik xərcləmədən də 1:5 uduzmaq olardı...

Məsələ təkcə nəticədə də deyil e. İş bacarmamaqları bir yana, mətbuatı da vecinə alan yoxdur. Çexiya və Latviya ilə oyunlara hazırlıq, heyət və s. barədə məlumat verilmədi. Millinin Latviya ilə oyunundan sonra baş məşqçinin AFFA-nın saytında açıqlamasını gördünüz? Harada yazılıb ki, baş məşqçi yalnız xal qazananda danışmalıdır?

Üstəlik, AFFA millinin baş məşqçi Elvin Quliyevi zorla “Araz-Naxçıvan”a caladı, komandanı Çempionlar Liqasında oyunlara o çıxardı. Halbuki onun Naxçıvan təmsilçisinə heç bir aidiyyəti yoxdur. Çempionlar Liqası demişkən, UEFA “Araz-Naxçıvan” üçün 21 yer ayırmışdı, onun 3-nü AFFA özəlləşdirdi, nəticədə millinin baş məşqçisi, departament rəhbəri və əməkdaşı “Araz-Naxçıvan”ın hesabına Polşaya getdi. Əvəzində “Araz-Naxçıvan”ın məşqçisi Rəcəb Fərəczadə, idman direktoru Marat Salyanski Bakıda qaldı. Budur sizin gördüyünüz iş? Məgər AFFA-nın pulu yoxdur öz əməkdaşlarının xərcini ödəsin?

Göründüyü kimi, AFFA əmin addımlarla futzalı da futbolun gününə salır. Halbuki daha əvvəl futzalda qazandığımız uğurlar futbolla müqayisəyə gəlməyəcək dərəcədə idi. Zaur Axundovun Azərbaycan Futzal Federasiyasına rəhbərlik etdiyi dövrdə Azərbaycan millisi Avropa çempionatında 4-cü, dünya çempionatında isə 5-ci yeri tutdu. Siz futbolda Avropa çempionatı uğrunda pley-offa qatılmaq üçün Millətlər Liqasının D divizionunda qalib ola bilmədiyiniz halda Azərbaycanın futzal millisi xəyalını qurduğunuz Avropa çempionatında düz 6 dəfə oynadı. Təsəvvür edirsiniz, 6 dəfə!

Klub səviyyəsində “Araz-Naxçıvan”ın qazandığı uğurları isə heç xəyal belə edə bilməzsiniz. Bəlkə də xəbəriniz yoxdur, məlumatınız olsun ki, “Araz-Naxçıvan” Çempionlar Liqasında 2 dəfə “Dördlər finalı”na yüksəldi və hər iki halda da üçüncü oldu. Hər ehtimala qarşı deyim ki, “Dördlər finalı” futzalda Avropa səviyyəsində ən böyük uğurdur, yəni “köhnə qitə”nin 4 ən böyük klubundan birisən...

İndi AFFA-nın futzal departamenti Azərbaycan Futzal Federasiyasının, Zaur Axundovun və onun komandasının fəaliyyətini dondurur ki, sizin bacarmadığınızı edəcəyik. Bəli, etdiniz, bu vaxta qədər Azərbaycan Futzal Federasiyasının etmədiyini edib Bakıda Latviyadan 5 qol buraxdınız. Bu, hələ jurnaldı, kino qabaqdadır...

Nə qədər gec deyil, AFFA prezidenti Rövşən Nəcəf bu məsələyə bir əlac eləməlidir. İnanın ki, ziyanın yarısından qayıtmaq da xeyirdir, Rövşən bəy.

P.S. Ümid edirəm ki, AFFA minifutbola göz dikməyib...

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30