11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Ölkə futbolu

Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”

“Neftçi”nin müdafiəçisi Elvin Bədəlovun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz” üzərində 1:0 hesablı qələbə qazandınız. Görüşü necə şərh edərdiniz?

- Bu oyunda qələbə bizim üçün çox vacib idi. Çünki fasiləyə lider kimi yollanmaq istəyirdik. Yaxşı oyun alındı. Demək olar ki, matç bizim nəzarətimizdə idi. Sadəcə hücumda daha da fəal ola bilərdik. Şanslarımız oldu. Onlardan yararlanmaq mümkün idi. İstənilən halda qələbə qazandıq və buna görə sevinirik.

- Demək olar ki, erkən qol vurmamağınız işinizi daha da çətinləşdirdi?

- Planımız o idi. Amma “Kəpəz” də yaxşı kollektivdir. Bu mövsüm inamlı təsir bağışlayırlar. Əlbəttə, daha tez fərqlənsəydik, oyun da rahat keçərdi. Digər tərəfdən isə rəqibin əks-hücumlarından ehtiyat edirdik. Buna görə müdafiədə diqqəti əldən vermədik. Təəssüf ki, hər oyunda erkən qol vurmaq olmur. Əsas odur qələbə qazandıq.

- Matçdan əvvəl bilirdiniz ki, “Qarabağ” “Turan Tovuz”a uduzub. Bu məqam motivasiyanıza necə təsir etmişdi?

- Bilirdik ki, “Kəpəz”i məğlub etsək, milli fasiləyə lider kimi yollanacağıq. Mövsüm hələ qarşıdadır. Xal itkiləri çox olacaq. Əsas odur ki, biz xallar yığaq. Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq.

- Ümumilikdə ilk dövrəni “Neftçi” üçün necə dəyərləndirirsiniz? Bundan da yaxşı mümkün idi?

- Əlbəttə, bundan da yaxşı ola bilərdi. “Qarabağ”la oyunda qələbəni əldən verdik. Amma mənə ən çox “Zirə” ilə oyun təsir elədi. Məğlubiyyət bir yana, həmin matçda zəif çıxış etdik. Digər əsas rəqiblərin hamısı ilə heç-heçə oynadıq. Məncə, həmin matçlardan 6 xal götürsəydik, daha yaxşı olardı.

- Qış fasiləsinə 5 tur qalıb və bu oyunlardan ən çətini elə “Zirə”yə qarşıdır. “Neftçi”nin qış çempionluğu nə dərəcədə realdır?

- Təqvim qışa qədər pis deyil. Bütün oyunları udsaq, çox yaxşı olardı. Məqsədimiz də odur. “Zirə” ilə bu dəfə evdə oynayırıq. İstəyirik daha yaxşı futbol sərgiləyək. Yaxşı oynasaq, qələbə qazana bilərik. Ümumilikdə çalışacağıq bütün oyunları udaq və qış fasiləsinə lider kimi yollanaq.

- “Neftçi”nin oyunu, nəticələri yaxşılaşıb, komanda liderdir. Amma yenə də tribunalara istənilən sayda azarkeş gəlmir. Sizcə, problem nədədir?

- Görünən odur ki, bu, nəticə ilə, oyunla bağlı deyil. Problem ümumi Azərbaycan futbolu ilə bağlıdır. Məsələn, “Kəpəz”lə oyunda hava bir qədər soyuq idi. Amma hər oyun üçün nəsə demək, bəhanə gətirmək olar. Dediyim kimi, bu, Azərbaycan futbolunun reallığıdır, tribunaları tam doldura bilmirik.

- İqor Ribeyronun iki oyunluq cəzası başa çatdı. Onun qayıdışı, sizcə, əsas heyətdə yer almağınıza mane olacaq?

- Baxacağıq vəziyyətə. Ehtiyatda otursam da, istəmərəm belə hallar olsun, komanda yoldaşımın cəzasına görə yox, öz gücümlə oynayım. Qoy hamı hazır vəziyyətdə olsun, kim güclüdürsə, o da meydana çıxsın.

- Ribeyro məşqlərdə də Vadjiyə qarşı oynadığı kimi kobud oynayır?

- İqor sərt oynayandı, bəzən məşqdə də sərt oynayır. Amma tək o yox, mən, Qravilyon, Murad da sərt oynayırıq. Ümumiyyətlə, mərkəz müdafiəçilərinin hamısı sərt çıxış edir. Oyun zamanı isə bəzən adrenalin yüksək olur və o cür xoşagəlməz hallar yaşanır.

- Qarşıdan millinin oyunları gəlir. Lixtenşteyn və Andorra ilə matçlardan gözləntiləriniz?

- Hər iki oyunda qələbə qazanmaq istəyirik. Hazırda diqqətimizi Lixtenşteynlə matça yönəltmişik. Hədəfimiz o oyunda qələbə qazanmaq və qrupu lider kimi tamamlamaqdır. Andorra ilə görüş yoldaşlıq oyunu olsa da, məqsəd yenə də qələbədir.

- Qrup qalibi olmaq pley-offa vəsiqə üçün bəs etmir. Bu məqam motivasiyanızı aşağı salmır?

- Motivasiyamız Lixtenşteynlə evdəki heç-heçədir. Təbii ki, pley-offa da vəsiqə qazansaydıq, çox yaxşı olardı. İndi halda əsas olan Lixtenşteyni məğlub etməkdir.

- Sizcə, millimiz bu gün pley-offda mübarizə aparmağa, o yükə hazırdır?

- Əlbəttə, istərdik ki, pley-off oynayaq. Necə deyim, oynasaydıq, görəcəydik nəyə qadirik. Hazırda millidə gəncləşdirmə gedir. Keçid dövrüdür. Nəticə yox, komanda qurmaq lazımdır. Bu gün biz varıq, sabah yoxuq. Gənclər də gəlməlidir. İndidən fundamenti qurub gələcəyə baxmaq lazımdır.

- Qeyd etdiniz ki, bu gün biz varıq, sabah yox. Artıq Emin Mahmudov da millidən gedir. Onun bu qərarı sizin üçün gözlənilməz olmadı?

- Vaxtında oldu, mən belə fikirləşirəm. Təbii ki, Emin özü daha yaxşı bilir. Biz “Neftçi”də bir həftə əvvəldən bilirdik ki, Eminin belə bir fikri var. Onun karyerasına böyük hörmətimiz var. Milliyə böyük xeyir verib. Futbolda belə hallar olur. Emin gedir, indi başqa eminlər gəlməlidir.

İbrahim Cəfərov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30