31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

30 illik nağıl

BU YERDƏ GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ...

Azərbaycanın U-16 millisi Bakıda keçirilən FİFA U-15 dünya çempionatı və festivalını 84-cü yerdə başa vurdu. Əslində, bu cümlədə təzadlı olan təkcə millimizin 84-cü yeri tutması deyil. Adama deyərlər U-16 millisinin U-15 çempionatında nə işi var? Açığı, mən hələ də bu suala cavab tapa bilməmişəm. Lakin mövzumuz o deyil...

Azərbaycan millisi turnirdə 10 oyun keçirdi. Timor-Leste (6:0), Andorra (1:0), İsrail (3:1), Cəbəllütariq (5:1) və Mozambik (4:1) millilərinə qalib gəldik, Avstraliya (1:3), Haiti (0:4), Çili (1:3), Vyetnam (2:4) və Əfqanıstan (3:3, penaltilərlə - 2:3) yığmalarına isə uduzduq.

Əsas millimizin FİFA reytinqində 127-ci yeri tutduğunu nəzərə alsaq, bəlkə də 189 komanda arasında 84-cü yeri qənaətbəxş nəticə saymaq olardı. Gəl ki, Vyetnam və Əfqanıstana məğlubiyyətlər bu fikrin üstündən yekə bir xətt çəkdi. Bu gün 15 (əslində isə 16) yaşlılarımız Vyetnam və ya Əfqanıstan kimi “nefutbolnıy” ölkələrlə bacarmırsa, deməli, Azərbaycan futbolunun gələcəyi haqda nikbin düşünmək üçün əsas yoxdur...

Dünən bu barədə feysbukda status yazmışdım: “Son oyun bitdi, milli turnirdəki çıxışını başa vurdu, amma assosiasiyadan media önünə bir rəsmi çıxıb yekunu dəyərləndirmədi. AFFA prezidenti danışmır, baş katib niyə jurnalistlərin önünə çıxmasın? Tamam, o da danışmaq istəmir. Baş katibin müavinləri, müşavirləri, köməkçiləri...”

Hörmətli Rövşən bəy! AFFA prezidenti olmaq təkcə mənim də, sizin də oxuduğunuz 7 nömrəli məktəbin şərəfinə 7 nömrəli formanı geyib millinin oyununu izləməkdən ibarət deyil. AFFA prezidenti arada bir mətbuat önünə də çıxmalıdır. Təkcə apreldən aprelə, Hesabat Konfransında jurnalistlərin suallarını cavablandırmaqla iş bitmir.

Hörmətli Cahangir bəy! AFFA prezidenti danışmırsa, heç olmasa siz media önünə çıxın. Baş katibin işi təkcə tribunada yerini tutub, milimizin qapıdan 5 metr aralı gedən zərbələrini alqışlamaqdan ibarət deyil...

Dünən AFFA media önünə assosiasiyanın texniki direktoru Edmond Klausu çıxardı. Etiraz əlaməti olaraq müsahibəni kənardan izləyirdim. Çünki bu adam iyunun 29-da vəzifəyə təyinat alıb. “O, nə yatıb ki, nə də yuxu görə” prinsipindən yanaşaraq sadəcə niderlandlı mütəxəssisi dinləyirdim. Lakin Klausun “Siz millidən hansı nəticəni gözləyirdiniz ki?” ironik sualını eşidərkən dözmədim, yaxınlaşaraq “Biz çempionluğa ümid eləmirdik, amma Əfqanıstana məğlubiyyəti də gözləmirdik” dedim. Təbii ki, Klaus yenə də 84-cü yerə müəyyən haqq qazandırmağa çalışdı. Amma kim nə deyir desin, Əfqanıstana məğubiyyət biabırçılıqdır və buna heç cür haqq qazandırmaq olmaz (İnsafən sonradan niderlandlı mütəxəssislə həmkarlarla birgə uşaq futbolu haqda kifayət qədər maraqlı fikir mübadiləsi apardıq və Klausun bir çox fikirlərini bəyəndim. Sadəcə bir misal var e, avazın yaxşı gəlir, oxuduğun Quran ola).

Dünən millimizin baş məşqçisi Famil Xəlilov da matçdan sonra fikirlərini bölüşdü. Əslində aşağı-yuxarı Famil bəyin də fikirləri məğlubiyyətə bəraət qazandırmaq təsiri bağışlayırdı. Mütəxəssisin “bu uşaqlara inanmalıyıq” fikri şəxsən mənə inandırıcı gəlmədi. Çünki biz bu sözləri təxminən 30 ildir eşidirik. İkincisi də, Famil bəy yığmanın uğursuzluğunun günahkarı qismində klubları nişan verdi: “20 illik akademiya fəaliyyətim olub. Futbolçuların yetişməsi üçün çoxlu beynəlxaq turnirə ehtiyacımız var. Daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, bu cür hallarda futbolçular bərkisinlər. Əsas işi klublar görməlidir”.

Bu sözləri eşitdikdən sonra konkret cavab verməyəcəyini bilsəm də, yenə də Famil bəyə sual ünvanladım:

- Siz deyirsiniz ki, uşaqları klublar yetişdirməlidir. Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilib. Limit ləğv edilibsə, klublar nəyə görə futbolçu yetişdirsin?

- Bu barədə fikir bildirmək istəmirəm. Bizim işimiz sadəcə əlimizdə olan futbolçuları yaxşı səviyyəyə çatdırmaqdır. Məni də bura onun üçün gətiriblər. Əlimdən gələni edəcəm ki, futbolçular o səviyyəyə çatsın.

Famil bəy, siz bu barədə fikir bildirməyə bilərsiniz. Amma özünüz də yaxşı bilirsiniz ki, bir ölkədə legioner limiti ləğv olunubsa, orada heç bir klub futbolçu yetişdirmək marağında olmayacaq. Uzun illər çalışdığınız “Qəbələ” bunun ən yaxşı nümunəsidir. Bu klubun akademiyası maddi imkansızlıq səbəbindən fəaliyyətini dayandırdı. Məgər futbolçu yetişdirmək asandır? Bunun üçün böyük sərmayə lazımdır. Klub da futbolçu yetişdirməkdənsə, Əfran İsmayılov demişkən 1 yerliyə verdiyi pula 3 əcnəbi gətirər...

Famil bəy günahı atır klubların üzərinə, AFFA rəhbərliyi də media önünə çıxsaydı, böyük ehtimalla, günah atılacaqdı sələflərin üzərinə (əslində bu, qeyri-rəsmi şəkildə hiss olunur). Amma Rövnəq Abdullayevi, Elxan Məmmədovu “ittiham etməklə” iş bitmir. İndi ki nə Rövnəq Abdullayev var, nə Elxan Məmmədov. Artıq 2 ildən çoxdur Azərbaycan futbolunda Rövşən Nəcəf, Balakişi Qasımov, Maqsud Adıgözəlov, Cahangir Fərəcullayev söz sahibidirlər. Bəs indi niyə nəticə yoxdur? Vəziyyət o dərəcədə biabırçı həddə çatıb ki, vaxtilə Rövnəq Abdullayevi, Elxan Məmmədovu günahlandıranlar bu gün “gələn gedənə rəhmət oxutdurur” deyirlər. Həqiqətən də maraqlı sualdır: Rövnəq Abdullayev, Elxan Məmmədov uğursuz, bacarıqsız idilərsə, bəs Rövşən Nəcəf, Balakişi Qasımov, Maqsud Adıgözəlov, Cahangir Fərəcullayev niyə uğurlu, bacarıqlı ola bilmirlər?.. Heç olmasa sabiqlərin dövründə U-17-lərin Avropa çempionatında Bakıda Şotlandiyaya qalib gəlirdik, Belçika ilə heç-heçə oynayırdıq, İslam Oyunlarında çempion olurduq. İndi isə Vyetnama, Əfqanıstana uduzuruq. Baş məşqçimiz də deyir ki, bu uşaqlara inanmaq lazımdır. Onların arasında elələri var ki, heç ölkədən çıxmayıblar. Sanki Əfqanıstan millisinin üzvləri həftə səkkiz, mən doqquz dünyanın müxtəlif ölkələrində beynəlxalq turnirlərdə oynayırlar, xarici pasportlarında möhür əlindən yer yoxdur...

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31