Ölkə futbolu
Ramin Musayev: “Futbolda ən böyük sevincim “Pünik” üzərindəki qələbədi”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi
- Bu yaxınlarda 52 yaşınızı qeyd etdiniz. Yaş öz sözünü deyirmi?
- Sözsüz, sözsüz (gülümsəyir). İnsan yaşlandıqca bir az kövrəlir, gənclik illərindəki çılğınlıqlarını dayandırır. Çalışır ki, mehribanlıq olsun. Gənclik illərində isə adam davaya meylli olur (gülür).
- Yəni, hazırkı Ramin Musayev gənclik illərindəki Ramin Musayevdən çox fərqlənir...
- Yaş o baxımdan sözünü deyir ki, bir az səbirli olursan. Bəzi nüansları fikirləşirsən. Bəzən kimisə acılamaq lazım olur, ancaq acılamırsan ki, keçsin, getsin.
- Qocalmaqdan qorxursuzmu?
- Qətiyyən. Ona görə qorxmuram ki, tələbəlik illərindən həmişə özümdən yaşda balacalarla dostluq eləmişəm. Buna görə də, dostlarım hələ cavandılar, gəncdilər.
- Uşaqlığınızla bağlı ən maraqlı xatirələr hansılardı?
- Elə yaddaşım var ki, 4 yaşımdan bəri hər şeyi xatırlayıram. 10 yaşımda Gürcüstandan Bakıya tək gəlmişəm. Rəhmətlik bacım nişanlı idi, məktəbdə müəllimə işləyirdi. Onlar belə qərara gəldilər ki, sabah bütün sinif uşaqları ilə birlikdə çimərliyə getsinlər. Bunu yeznəmə xəbər verdim, çünki o fikrin əleyhinə idim (gülür). Səhərisi gün pioner düşərgəsində uşaqlar başladılar “xəbərçi, xəbərçi” deyib məni lağa qoymağa. Dedim yaxşı, sakitcə oturdum qatara, düz Gürcüstan “xoroşo” (gülür). Getdim kəndə. Bakıda məni axtaralar-axtaralar, tapa bilməzlər. Kəndə zəng etmişdilər ki, Ramin küsüb gedib, tapa bilmirik. Dayımın yoldaşı da deyib ki, Ramin burda kənddədi, niyə axtarırsız? 10 yaşımda Bakıya tək gəlib, tək də qayıtdım.
- Nə yaxşı valideynləriniz buna qarşı çıxmamışdılar?
- Evin sonbeşiyi olmağıma baxmayaraq, çox gözüaçıq və dəcəl olmuşam.
- Gənclik illərini necə xatırlayırsız? Ramin Musayev cavanlığını yaşaya bilibmi?
- Bəzən deyirlər ki, keçən yaşımı qaytarsaydılar, belə edərdim, elə edərdim. Mənim heyfsiləndiyim günüm yoxdu. Cavanlığımı yaşamışam.
- Ağsaqqallıq etmək, məsləhət verməklə aranız necədi?
- Məni tanıyanlar bilir ki, elə gənclik illərimdən həmişə məsləhət vermişəm. Hər insan bir şeydən zövq alır. Mən insanlara yaxşılıq etməkdən zövq alıram. Hərənin bir hobbisi olur. Durub deyim ki, mənim hobbim kitab oxumaqdı, yalan olar. Mənim hobbim 2 şeydi: tanıdığım, həmçinin tanımadığım insanlara yaxşılıq etmək, bir də pul xərcləmək.
- Probleminiz olanda kiminlə bölüşürsüz?
- Allah hamıya kömək olsun. İşimlə bağlı problemim yoxdu. Şükür Allaha, ailəmdə də problemim yoxdu. Nə qız köçürmüşəm, nə də oğul evləndirmişəm. Bəlkə də uşaqlarıma xeyir iş edəndə soruşaram ki, bunu necə etmisiz? Hələ o anı yaşamamışam ki, kiminsə məsləhətinə ehtiyacım olsun.
- İnşaatçı, sistem işçisi, klub rəsmisi və PFL prezidenti. Hansı vəzifədə özünüzü daha rahat hiss etmisiz? Yəni, xasiyyətinizə hansı yaxın olub?
- Polis. Uşaqlıqda hərənin bir arzusu olur. Mən deyirdim ki, ya polis işçisi olacam, ya kino aktyoru. Köhnə kinolara baxmağı xoşlayırdım. Fikirləşirdim ki, kino aktyoru olsam, bütün günü davalı filmlərə çəkiləcəm (gülür). Deyirdilər sən yaxşı oxumursan, səndən polis olmaz. Deyirdim onda gedib kino aktyoru olaram, yenə at belində, meşələrdə, atışma səhnələrində yer alaram. Ən çox ürəyimə yatan işim polis sahəsində olub. Futbol klubunda işləyəndə qələbələrdən zövq almışam. “Neftçi”də çalışdığım vaxtlarda az da olsa, nailiyyətlərimiz olub. Futbolda ən böyük sevincim “Pünik” üzərindəki qələbədi.
- Fərqli sahələrdə çalışmışız. Bir işdən digərinə alışmaq çətin olmayıb?
- Vallah, çətinlik hiss eləməmişəm. İnsan var ki, ondan soruşursan filan yerdə işləyərsən, deyir hə, işləyərəm. Deyirsən bəs o biri işdə, yenə deyir işləyərəm. Həmin adama inanma. İnsan fikirləşməlidi ki, mən bu işi bacarıram, ya yox? Təvazökarlıqdan uzaq olmasın, ən yaxşı 5 klub rəhbərindən biri olmuşam. Bu gün də respublikadan kənarda yaşayan legioner futbolçular mənə zəng edirlər. Ad günümdə yerli futbolçulardan çox xaricilər təbrik etdilər. İnsan bacardığı işə getməlidi. Mənə başqa işlər də təklif olunub, amma getməmişəm. Çünki bilmişəm ki, o işi bacarmayacam. Mənim xasiyyətim elədi ki, söz götürən deyiləm. Ataların belə bir sözü var: Yaxşı at özünə qamçı vurdurmaz. Yaxşı işlə, söz götürmə.
- İnsanda dəyər verdiyiniz əsas xüsusiyyətlər hansılardı?
- Düzlük. Yalanla heç aram yoxdu. Yalan danışmağı sevmirəm, yalan danışanı da bağışlamıram. Bir də namərdliyi bağışlamıram. İnsanlar var ki, bir-birinə yaxınlaşanda nəsə güdürlər. Əgər biri deyirsə ki, bu gün filankəsin vəzifəsi var, ondan istifadə edim, o, insan deyil. Polis orqanlarında işləyəndə şəmkirli bir dostum var idi. Dost demək olmaz, yoldaşlıq elədiyimiz, ailəvi gediş-gəlişimizin olduğu bir adam idi. Hətta evimin açarı həmin adamın qardaşı oğlunda olub. Zaman keçdi, mən işdən çıxdım. Həyat enişli-yoxuşludu. Bir az çətinliklərim olan vaxtlarım idi. Eşitdim bunun toyudu, getdim toya. Pəncərədən eşitdim valideyni dedi ki, sən bunu niyə çağırmısan? Yaxınlaşdı mənə ki, Ramin, sabah gəl ha toya. Sözündən belə çıxdı ki, bu gün get, sabah gələrsən. Dedim, oldu. Elə o gedən də getdim. Heç dönmərəm bundan sonra. O insan kim olur-olsun, hansı vəzifəsini tutur-tutsun, mənim üçün fərqi yoxdu. Amma o döndü, mən qəbul etmədim.
- Deməli, kinlisiz...
- Yox, kin deyil. Mən sənə böyük bir məbləğlə hörmət eləyərəm. Məsələn, 1000 manatlıq hədiyyə ala bilərəm. Sən mənə 1 manatlıq qələm gətir, fərq qoymaram. Amma o hədiyyənin arxasında nəsə gizlənərsə, bunu qəbul etmərəm. Deməli, işləyirdim, ay şəmkirli dostum, məni qəbul edirdiz. Gəlirdiz-gedirdiz, hətta qohum-əqrəban Rusiyaya gedəndə mənim evimdə qalıb, sonra gedirdi. Onda yaxşı idim, sonra nə oldu? Tale elə gətirdi ki, maddi imkanım az oldu, vəziyyət dəyişdi. Daha sonra qardaşı bildi, gəldi dedi ki, üzü qara olsun onun. Dedim mən onda günah görmürəm, həyatdı. Həyatın mənası da elə budu da. Bəziləri deyir ki, zəmanə çox pis gəlib. Mən deyərdim yox. Əksinə vaxt var idi, insanları illərlə tanımaq olmurdu. Amma indi elə bir an gəlib ki, insanı 1 günə də tanıya bilirsən.
- “Qabırğa” olanlar çoxdumu sizə?
- (Gülür). İnsanın neçə qabırğası olur? (yenə gülür). Mən o insana “qabırğa” deyərəm ki, o, qarnı üçün gəlir. İnsan var ailəsini dolandırmaq üçün yaxınlaşır, ona pis baxmıram. Allah hər insana bir bacarıq, qismət verir. Eləsi var ki, imkansız olur. O da ailəsini necəsə saxlamalıdı da. Buna görə də, ailəsi üçün hər hansı çətinliyə qatlanan adama pis baxmıram. Biri də var ki, insan ancaq özünü düşünür, təki qarnı doysun, ailəsi ac qalsa da, olar.
- Sizin üçün əsl dost nə deməkdi?
- Əsl dost odu ki, atana, qardaşına deyə bilmədiyini ona deyirsən. Dost odu ki, namusu namusundu, qeyrəti qeyrətindi, yaxşısı yaxşındı, pisi pisindi. Əgər mənim dost dediyim adama bir köməyim lazımdısa, mütləq onun yanında olmalıyam. Hamıya dost deyilməz.
- Bu kriteriyalara cavab verən neçə dostunuz var?
- Var idi, rəhmətə gedib. Hal-hazırda isə belə dostum yoxdu.
- Onda düşməniniz daha çoxdu, nəinki dostunuz...
- Kişinin düşməni olar. O kişi kişi deyil ki, onun düşməsi olmasın. Əsas odu ki, qan düşmənim, namus düşmənim yoxdu. İnşallah, olmayacaq da. Paxıllığımı çəkənlər var. İnsan var ki, pisliyi özü qazanır və sən ona pislik eləməlisən. İnsan da var ki, öz səhvindən nəticə çıxarır. Mənim səhvim olanda üzr istəyirəm. Çalışıram ki, nə olur-olsun, həmin insanın ürəyinə yol tapım, təki məni bağışlasın. İnsan var ki, işində nöqsan olur, çıxarılır. Baxırsan ki, o, artıq sənə düşmən kimi baxır. Deyir ki, filankəs mənim çörəyimi kəsdi. Niyə kəsdi? Özün kəsdin də.
Polisdə işləyən vaxtlarım idi. Bir gün Dərnəgül yolu ilə gedirdim. Arxadakı maşının sürücüsü maşının işığını yandırdı-söndürdü, məni saxlatdırdı. Düşdüm maşından. Başladı məni əməlli-başlı söyüb, təhqir etməyə. Dedim qardaş, sən məni tanıyırsanmı, məni söyüb, təhqir edirsən? Dedi tanıyıram, adın Ramindi, filan kənddənsən. Dedim mən səni tanımıram axı. İnanın, həmin adamla çox rahat danışırdım. Dedi sən məndən filan şeyi almısan, qaytarmırsan. Dəhşətə gəldim. Dedim sən nə danışırsan? Mən səni ilk dəfədi görürəmsə, hansısa əşyan məndə necə ola bilər? Deyir mənə belə deyiblər. Dedim belə deyən belə-belə olsun. Nə isə... Bununla əlbəyaxa olduq yolun ortasında. Sonra başqa maşınlar saxladılar, bizi ayırdılar. Həmin vaxt sol əlim gipsdə idi. Üstündən 2 ay ötdü, mən Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində işə başladım. Həmin adamı eyni yerdə gördüm. Çağırdım polis işçilərini “ratsiya” ilə, apardım o adamı idarəyə, otuzdurdum. Dedim yadına gəlirmi ki, sən camaatın içində məni söydün, təhqir elədin? Söydünmü, söydün. Özü də həmin vaxt rəhmətlik qardaşımın ili çıxmamışdı. Mənim də qolum gipsdə idi. Başladı yalvar-yaxara. Ona həm maddi, həm mənəvi ziyan vurdum. Çünki o adam məni günahsız yerə təhqir etmişdi, şərəfimə toxunmuşdu. Sonradan aydın oldu ki, onun qohumu, hansı ki məni də tanıyır, aldadıb ki, ona aid olan şey guya məndədi. And olsun Allaha, heç mən görməmişdim. Bəlkə də indi o məni özünə düşən sayır. Sayır saysın, qorxmuram. Mən polisdə işləyəndə də mühafizəçisiz gəzmişəm, bu gün də yatanda evimin qapısı açıq olur. Pisliyi onu mənə eləmək istəyənə eləmişəm. Günahsız insana isə heç vaxt xələl gətirmərəm. Nə vəzifəmdən, nə səlahiyyətimdən istifadə edərəm. Çünki hər birimiz Allahın quluyuq.
- Bəs nədən qorxursuz?
- Bu sual mənə 1993-cü ildə də verilmişdi. “Açıq pəncərə” verilişi var idi, ANS-də gedirdi. Onda 6-cı “kalon”da işləyirdim. Həyatda qorxduğum şey şərdi, o da həmişə başıma gəlir. Şərə nifrət edirəm, amma yaxamdan əl çəkmir. Bu da paxıllıqdan irəli gəlir. Artıq alışmışam. Biri işdən qovulur, deyir məni Ramin qovdurdu. Ay bala, səni niyə qovdurum, sən mənim yerimdə oturmamısan, mənə pislik eləməmisən axı! İnsanların zahiri başqa olduğu kimi, daxili də başqadı.
- Geriyə boylananda nəyin peşmanlığını çəkirsiz?
- Həyatda itirdiyim əziz insanların yanımda olmamağının. Başqa heç nəyin.
- Pul sizin üçün nə anlam kəsb edir?
- Pul mənim üçün 5-ci dərəcəlidi. Birinci dərəcəli isə insanın şərəfi, ağlı, düzlüyüdü. Dünya yaranandan bəri çox imkanlı insanlar olub. Gəlin, görək, yadda kim qalıb? İnsan xeyirxah, yaxşı işin səbəbkarı olmalıdı. 1986-cı ildə Moskvada əsgərlikdə olmuşam. Buraxılış alıb, 1 günlük gəzməyə çıxmışdım. Tramvayda 5-6 rus mənə sataşdı. Bunlarla əlbəyaxa olduq. Əlində əsa olan bir qoca kişi bu vaxt mənə kömək elədi. Birləşib, həmin rusları pis günə qoyduq. Sonra qoca kişini danışdıranda gördüm ki, tatardı. Məndə o millətə qarşı məhəbbət oyandı. Dedim nə yaxşı mənə kömək elədin? Dedi baxdım ki, bizlərdənsən, müsəlmansan, ona görə. Həmin hadisədən təxminən 30 il keçib, buna baxmayaraq, o kişi yenə də yadımdadı. Hər valideyn övladına nəsihət verir, vəsiyyət edir. Rəhmətlik atamın bir sözü var idi. Deyirdi ki, oğul, elə yaşa ki, sən həyatdan gedəndən sonra övladların adını çəkəndə utanmasınlar. Mənim əqidəm budu ki, övladlarım Raminin qızı və oğlu olduqlarına görə xəcalət çəkməsinlər.
- İlk maaşınızı xatırlayırsızmı?
- Qanuni, ya qanunsuz? (gülür).
- Həm qanuni, həm də qanunsuz...
- Uşaq vaxtı meşədən moruq, zoğal yığıb satmışam. Qozu, biz ona “cöyüz” deyirik, yığıb ləpələyib satırdım. Pulu evə verirdim. Sözsüz ki, üstündən mənə də verirdilər ki, ala Ramin, bu da sənin şirinliyin. Uşaqlıqda büdcəm olub. Qara gün pis çıxır, amma “na çyorniy den” yaxşı çıxır. Həmişə bunun üçün pul saxlamışam. Qanuni olaraq, ilk maaşımı isə tələbəlik vaxtı qazanmışam. “Stipendiya” alırdım. İşdəki ilk maaşım isə təxminən 120 manat olub. O vaxt üçün yaxşı pul idi.
- Bədxərcliyiniz nədən irəli gəlir?
- Yanımda istər imkanlı, istərsə də imkansız olsun, istəyirəm bir yerdə oturanda hesabı mən ödəyim. Bədxərclik nə olan şeydi, bilmirəm. Amma pul xərcləyənəm.
- Ramin Musayevin heç pulsuz vaxtları olub?
- Olub, dana bilmərəm. Bəlkə də inanmayacaqsız. Bir gün evdə oğlumla ikimiz idik. Dedi ki, ata, gedək şəhəri gəzək. Dedim gedək. Paltarlarımı geyindim, cibimə baxdım ki, pulum yoxdu. Halbuki, 2 il əvvəl insanlar axtarırdım ki, ona pul xərcləyim. Yəni, elə imkanım olub. Şəmkirli dost dediyim adam da bax, həmin vaxt mənə rast gəlib. Onun toyunun xərcini mən çəkmişəm. Özünün, ailəsinin nəyə ehtiyacı olubsa, hamısı ilə təmin eləmişəm. Qatarın bir kupesinə ərzaq, lazım olan şeyləri doldurub, onlara yola salmışam. Amma 2 il sonra qapılarına toya gedəndə, bayaq dediyim kimi, məni qəbul eləməyiblər ki, pulum yoxdu. Bax bədxərclik o imiş. Nə isə, qayıdım oğlumla olan söhbətimə. Həmin vaxt Bakıxanov qəsəbəsində qalırdım. Bizim evim qabağında məscid var idi və mən o evi məhz məscidə görə almışdım. Çünki hər səhər azan səsi gəlirdi. Baxdım pulum yoxdu. Pəncərədən məscidə baxa-baxa həm güldüm, həm də gözümdən qəribə yaş gəldi. Dedim ki, ya Rəbb, məni sınağa çəkirsən, deyəsən. Beş dəqiqə keçmədi, qonşu zəng elədi ki, Ramin, eyvana çıx. Çıxdım, mənə bir “kulyok” yemək verdi ki, yoldaşın evdə yoxdu, yeyin. Gəldim, “kulyok”u açdım, içində balıq kababı idi, yanında da pomidor, xiyar, çörək, yumurta, bir də 5 “şirvan” pul. Telefon bağlı idi, geri də zəng edib deyə bilmədim ki, ay xala, bu nə puldu qoymusan? 4-5 aydan sonra bu söhbət yenidən açıldı. Dedim, ay Məleykə xala... Sən onda hardan bildin ki, mənim pulum yoxdu? Dedi mən sənə pul qoymamışdım axı. “Kulyok”dan 5 “şirvan” pul çıxdığını ona danışdım. And içdi ki, mən pul qoymamışam. Bilmirəm qızı, yoxsa oğlu soruşdu ki, ana o “kulyok”u hardan götürüb verdin? Dedi Nuridənin şkafından. Qız qayıtdı ki, yadına gəlirmi Nuridə 5 “şirvan” pul itirmişdi. Sən həyatın təsadüfünə bax e. Sən demə, “kulyok” pul rəngində olduğundan, o vaxt pul onun üstünə düşüb, nə qədər axtarıblar, tapa bilməyiblər. Deməli, mənim qismətim imiş. Belə möcüzələrə çox rast gəlmişəm. Təzə evlənəndə yoldan 28 qram “tros sep” tapmışdım. Onda da bir yerdən köməyim yox idi, Allah özü göndərmişdi mənə.
- Hansı səhvinizə görə özünüzü qınayırsızmı?
- Bir dəfə dostum, keçmiş prokuror işçisi ilə söhbət edirdim. Dedim, ay qardaş, əlimin duzu yoxdu, mən nə edim? Dedi elə demə, əlinin duzu var, sadəcə duzu tökməyin qədərini bilmirsən. İnsan var qonaq gələndə onu “qlazok”dan baxıb qaytarmalısan, insan var qapını açıb qaytarmalısan, qonaq var dəhlizdən qaytarmalısan, qonaq var çayla qaytarmalısan, qonaq var yeyib-içməklə qaytarmalısan, qonaq da var ki, yatızdırıb səhər yola salmalısan. Dedi sən bu fərqi anlamağı bacarmalısan. Fikirləşdim gördüm ki, düz deyir. Amma yenə də dəyişə bilmirəm (gülür).
- Ailədə daha ciddisiz, yoxsa işdə?
- Nə işdə, nə ailədə. İş də mənim ailəmdi. Əgər əməkdaşlarımız işdən sonra belə, əyri yola düşürsə, o da mənim səhvimdi, mən onu özümə bağışlamaram. Həm işdə, həm evdə eyni adamam. Birdən mehribanlaşırıq, birdən dava düşür (gülür).
- Övladlarınızdan əsas nəyi tələb edirsiz?
- Düzlüyü. İnsan dünyasını dəyişməlidi, ölməməlidi. Eləsi var ki, dünyasını dəyişəndən sonra da yaşayır. Eləsi də var ki, yaşaya-yaşaya canlı ölüdü. Dünyasını dəyişəndən sonra yaşayan insan insandı.
- Ətrafınızda qeyri-səmimi insanların sayı çoxdu?
- Bu dünyada qeyri-səmimi insanların sayı çoxdu.
- Bəs hara gedir bu dünyanın axırı?
- Əslində, gözəl zamandı. Əvvəllər deyirdilər ki, filan şeyin ömrü 40 gün çəkir, indi heç 4 gün də çəkmir.
- Sizi özünüzdən nə çıxara bilər?
- Haqsızlıq, böhtan, şər. Kim olur-olsun, bağışlamıram. Mənə pul “atan” olub, heç vecimə də almamışam. Çünki o pulu qazanırıq. Yalan danışan olub, heç kimə yox, özünə edib. Mən bayaq dediyim kimi, şəri bağışlamıram.
- Özünüzdə bəyənmədiyiniz xüsusiyyət hansıdı?
- İnsanlara tez inanmağım.
- Bu qədər həyat təcrübəniz var. Hətta “sistem”də də işləmisiz. Hələ də insanlara tez inanırsız?
- Tanıya-tanıya inanıram. İnsan olub ki, onun məndən nəsə umduğunu görüb, istədiyini vermişəm. Bilmişəm ki, qaytarmayacaq, amma yenə də vermişəm.
- Ramin Musayev bu yaşda nəyə həsrət qalıb?
- (Düşünür). Həyatda bir nəvə dadı görməmişəm. Qismət, inşallah, görərəm. Babalarımı görməmişəm. Atam dünyasını dəyişəndə mən uşaq olmuşam. Amma əsas həsrət çəkdiyim ana sığalıdı. Onun həsrətini çəkirəm (gözləri dolur).
- Həyatda ən güvəndiyiniz insan kimdi?
- Oğlum. Əvvəl isə rəhmətlik dostum olub. Ona hər mənada güvənmişəm. Elə olub ki, Bakıda olmamışam, gəlmişəm ki, evimin bazarlığı da edilib, üstəlik, əlavə pul da qoyulub. Soruşmuşam kim edib, uşaq deyib ki, filankəs əmi elədi. İndi isə hər mənada inandığım adam oğlumdu. Ümidlərimi 90 faiz doğruldur.
- Harda özünüzü daha rahat hiss edirsiz?
- Bir bu kabinetdə, bir də bağda. Mən təbiətə vurğunam. Heyvanları çox sevirəm. Kabinetim də mənim üçün doğmadı. İşimiz həm maraqlıdı, həm də gərgin.
- Gizli bacarığınız varmı? Məsələn, yemək bişirməklə aranız necədi?
- Bacarıram. Yaxşı kabab, plov bişirirəm. Hamısını tələbəlik illərində öyrənmişəm. Qəşəng soyutma ət bişirməyi də bacarıram. Bəziləri deyə bilər ki, soyutma əti bişirməyə nə var ki, at suya, bişsin. Amma elə deyil. Nə vaxt ürəyin istəyir, gedək bağda bişirim, bax, gör əsl soyutma ət necə hazırlanır? Deyəcəksən ki, bir qab yenə ver. Günü bu gün də mətbəxə keçirəm. Xanımım evdə olmayanda, yeməyi özüm bişirirəm (gülür).
- Musiqi ilə aranız necədi? Yəqin ki, daha çox aşıq mahnılarına qulaq asırsız...
- Özüm yaxşı saz çalıram. 3 sazım var. Birinin yüzə yaxın yaşı var. Birini dostum, həm də qohumum olan Oktay 45 illiyimdə hədiyyə edib. Birini də bu yaxınlarda özüm özümə bağışlamışam. Tovuzlu Fərman var, sazbənddi, həmin sazı o bağlayıb. Hər üç sazım bağdadı və səsləri fərqlidi. 100 yaşı olan sazımı qəmli mahnılar zamanı ifa edirik, kövrək səsi var.
- Sazı əlinizə tez-tez götürürsüz?
- Daha çox tək olanda xoşuma gəlir. Bir də bağban yanımda oturanda əlimə saz götürürəm. Mən saz çalmağa başlayan kimi telefonla başlayır çəkməyə (gülür). O saat deyirəm poz. Daha çox Ruhani, Dilqəm, Baş Sarıtel havalarını sazda ifa edirəm. Saz elə bir alətdi ki, onu hər insan duya bilmir. Amma o sazı duya bilən insan mümkün deyil ki, başqa aləti sevsin. Sözsüz, sazın öz yeri var, kamanın, tarın öz yeri. Amma sazda həm tar var, həm kaman var. Əsl aşıq sözlə yanaşı, sazın bütün sirlərini bilməlidi. Mən aşıq adı gələndə başda Ədaləti, Zülfiyyə xanımı tanıyıram, hər ikisinə böyük hörmətim var. Gənclərdən ən çox bəyəndiyim isə aşıq Əsgər Qazaxlıdı. Həm gözəl səsi var, həm gözəl əli. Hər dəfə onu görəndə danlayıram ki, bəsdi, sazı əməliyyat elədilər. Kor bağırsağını çıxarıb, yerinə başqa bir şey qoyurlar. Deyir müəllim bu gün onu tələb edirlər. Deyirəm hansı toya gedirsənsə, getmə, o toyun pulunu mən sənə verim, bu sənəti yaşat. Ona saz bağlatdırıb hədiyyə vermişəm. Demişəm ki, bu sazı əməliyyat elətdirsən, sənin özünü əməliyyat elətdirməsəm, kişi deyiləm. Saz musiqi alətlərinin şahıdı. Borçalı aşıqları arasında isə rəhmətlik Kamandar olub. Mənim onun haqda nəsə danışmağım düzgün çıxmaz. Çünki dahi aşıq olub. Hərənin bir zövqü var. Qədir Rüstəmovdan danışanda mən kövrəlirəm. Mənə görə, o, Azərbaycanın oxuyanları arasında ən yaxşı üçündən biridi. Süleyman Abdullayev, rəhmətlik Sabir Mirzəyev, mən bunlara qulaq asıram.
- Estrada müğənnilərindən kimləri dinləyirsiz?
- Heç birinə (gülür). Estrada mənlik deyil. Gənclik illərimdən estradaya qulaq asmamışam. Sizə bir maraqlı olmuş hadisə danışım. Qədir Rüstəmov balaca uşaq imiş. Səhv etmirəmsə, Xan Şuşinskiyə deyirlər ki, belə bir oxuyan var. Deyir çağırın gəlsin, görüm necə oxuyur? Qədiri gətirirlər, bir zilə çıxır, həmin an bülbül gəlir rəhmətlik Qədirin ağzına dəyir, gedir. Qədir elə bilir ki, kimsə onun ağzından vurdu ki, sus. Amma o səsə bülbül gəlibmiş. Səsə bax e sən. İndiki cavanlar çox az hallarda elə mahnılara qulaq asırlar. Sevinirəm ki, oğlum da mənim yolumla gedir.
Mənbə: apasport.az
< br/>
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Adıgözəlov ofsaytda qaldı: Qasımov Moskvada Berezutski ilə razılıq əldə edib - EKSKLÜZİV
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- Kölgədən qorxanlar
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Riad Rəfiyev “Barselona”nın prezidenti ilə görüşdü
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- Fernandu Santuşun yalanları...
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Fatih Terim “Qarabağ”ın bazasında
- Mərdəkanda “çöl-biyaban”dı, Masazırda “güllük-çiçəklik”?
- Millət vəkili: “De Byazi Santuşdan daha yaxşı məşqçi idi”
- Ponomaryov Berezutskinin təyinatı barədə: “Bunun xeyri yoxdur, boş vaxt itkisi...”
- Bəhlul Mustafazadə: “Bacarmadıq, deyə biləcəyim çox şey yoxdur”
-
19:29
Elmar Baxşıyevdən qələbə şərhi
-
19:15
"Səbail" 1/4 finalda VİDEO
-
19:10
“Səbail” və “Araz-Naxçıvan” 1/4 finalda, Tovuzda qarşılıqlı qollar (YENİLƏNİR)
-
18:52
“Turan Tovuz”un futbolçusunun ayağı qırıldı
-
18:23
Yüksək Liqada yeni mövsüm start götürdü
-
17:46
Premyer Liqamızda noyabrın ən gözəl 5 qolu VİDEO
-
17:07
İtaliyada mövsümün ən yaxşı məşqçisi müəyyənləşdi
-
16:38
Azərbaycanı Daşkənddəki beynəlxalq yarışda 11 gimnast təmsil edəcək
-
16:11
"Sərhədçi" onunla vidalaşdı
-
15:54
"Karvan"ın baş məşqçisindən etiraz: "Bizi əzdilər, komandamızın belini qırdılar
-
15:22
AMADA Azərbaycanı Londonda keçirilən "workshop"da təmsil edib FOTOLENT
-
15:00
Bakı klubu latviyalı hücumçu ilə yollarını ayırıb
-
14:35
Bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyi keçiriləcək
-
14:19
Azərbaycan Triatlon Federasiyası testlər təşkil edib
-
13:43
AFFA 4 klubu cərimələdi
-
13:27
Azərbaycan çempionatında qalmaqal: Hakimlər və Sxadadze hədələnib
-
13:06
Azərbaycan Basketbol Liqasının oyunları iki telekanalda yayımlanacaq
-
12:44
“Sərhədçi” serbiyalı ilə gücləndi
-
12:31
Millimizin baş məşqçisi: "Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar"
-
11:55
UEFA "Qarabağ"ı böyük məbləğdə cərimələdi
-
11:28
"Beşiktaş" yenə xal itirdi VİDEO
-
11:12
“Zirə”nin müdafiəçisi: “Osihmenə qarşı oynamaq mənim üçün çətin olmadı”
-
11:00
"Fənərbaxça" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:49
“Qarabağ”ın rəqibindən səfər qələbəsi
-
10:36
"Atalanta" "Roma"ya qalib gəldi VİDEO
-
10:24
Vüsal ehtiyatda qaldı
-
10:02
Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub
-
09:47
Rahil Məmmədovun komandası səfərdə xalsız qaldı
-
19:22
ETOPAZ-da inanılmaz uduşlu kupon!
-
18:51
Önder Karaveli "Qarabağ"ı ziyarət edib
-
18:17
"Neftçi" heyətini amerikalı ilə gücləndirib
-
17:39
"Neftçi" üçün seminar
-
17:00
PFL “Ayın qolu” müsabiqəsi ilə bağlı dəyişiklik etdi
-
16:45
Redon Cica “Qarabağ”dan ayrılır?
-
16:14
Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək
-
15:38
AFFA “Göygöl”ün futbolçusunu 3 oyunluq cəzalandırıb
-
15:22
Millimiz Kiprə də məğlub oldu
-
14:53
Kapitan: “Deməzdim ki, “Turan Tovuz” enişdədir”
-
14:01
Azərbaycanın futzal klublarına yeni toplar hədiyyə edilib
-
13:17
"Qarabağ"ın rəqibi çempion oldu
-
12:56
Azərbaycan Kuboku: 1/8 finalın hakimləri açıqlandı
-
12:23
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru təyinat alıb
-
11:45
"Liverpul" "Mançester Siti"yə belə qalib gəldi VİDEO
-
11:18
Milli Gimnastika Arenasında “Safeguarding” seminarı təşkil edilib
-
10:54
Hüseynovun komandasından heç-heçə
-
10:39
"Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alınıb
-
10:21
"Araz-Naxçıvan" yubiley qələbəsi
-
10:02
“Neftçi” 20-ci dəfə böyük hesabla məğlub olub
-
09:47
Volkov 50-yə çatdı
-
09:30
Berezutski Azərbaycan çempionatı tarixində 65-ci legioner baş məşqçi olub