21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

"Bakı" rəsmisi klub futbolunun inkişafı məqsədilə irəli sürdükləri təklifləri şərh edib

"Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov "2015 - 2020-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı" üçün irəli sürdükləri təkliflərdən danışıb. Futbolxeber.az-ın məlumatına görə, klub rəsmisi açıqlamasında hazırda məhz yeni Dövlət Proqramına ümid bəslədiklərini bildirib.

Onun sözlərinə görə, klub futbolunun inkişafı məqsədilə hələ AFFA İcraiyyə Komitəsinin üzvü olduğu vaxt - "2005 - 2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı hazırlanarkən müəyyən təkliflər irəli sürüblər. Lakin bunlar o zamanlar bəzi səbəblərdən nəzərə alınmayıb. Amma Y.Seyidov bu dəfə Azərbaycan futbolunun inkişafı naminə daha ciddi proqramın hazırlanmasının vacibliyini dilə gətirib.

Vitse-prezidentin fikrincə, ilk növbədə hər bir stadion və baza klubların balansına verilməlidir: "Hazırda idman qurğularının heç biri futbol klublarının balansında deyil. Hətta 1937-ci ildə yaranmış "Neftçi" klubunun balansında stadion yoxdur. Tovuzda, Gəncədə, Qusarda, Bakıda olan stadionların heç biri klubların balansında deyil. Ona görə də iş adamları futbola gələrkən böyük maneələrlə üzləşirlər. Onlar vəsait qoymaq istəyirlər. Ancaq öz balansında olmayan idman qurğusuna necə investisiya qoysunlar? Bu dəfə dövlət proqramı hazırlanarkən belə məsələlər nəzərə alınmalıdır ki, stadionlar, həmin idman qurğuları klubun balansında olsun. Bu gün "Bakı" Avropada ən böyük qapalı meydançaya sahib olan komandadır. Meydançanın 75 metr uzunluğu, 45 metr eni və 14 metr hündürlüyü var. Belə bir meydança Avropada yalnız Almaniya "Bavariya"sında var. Dövlətin marağı olmalıdır ki, Azərbaycandakı stadionlar da klubların balansına keçsin. AVRO-2020 ilə əlaqədar UEFA komissiyası monitorinq aparıb və "Bakı" klubunun bütün stadionları çempionatda iştirak edəcək komandaların məşq meydançaları kimi təsdiqlənib. 17 yaşadək qızlar arasında 2012-ci il dünya çempionatında komandalar məşq meydançaları qismində "Bakı" klubunun bazasından istifadə edirdilər. Gələn il bazamız gənclər arasında Avropa çempionatı iştirakçılarına xidmət edəcək. Stadionlarımızda xeyli tədbir keçirilib. Təsəvvür edin, UEFA gəlib stadionlarımızın standartlara uyğun olduğunu təsdiqləyib, burada Avropa və dünya çempionatları üçün məşqlərin keçirilməsinin mümkünlüyünü bildirib, amma "Bakı" klubu bu baza və strukturu öz balansına saldıra bilmir. Amma gəlin Avropa ölkələrinə baxaq. Biz 1999-cu ildə Rumıniyanın "Arceş" klubu ilə UEFA Kubokunun oyununa getmişdik. Orada klubun 9 təbii meydançası vardı. Bu gün "Arceş" Rumıniya çempionatında ortabab komandalardan biridir. Ancaq stadionlar, baza klubun öz balansındadır. Bizdə isə klubların heç nəyi yoxdur. Stadionlar ayrı-ayrı qurum və təşkilatlardadır. Heç birinin şəhadətnaməsi yoxdur. Ona görə də dövlət proqramında bütün bunlar nəzərə alınmalıdır".

Digər tərəfdən, Y.Seyidovun sözlərinə görə, təlim-məşq bazasının saxlanılması üçün çox böyük vəsait lazımdır: "Yaxşı yadımdadır, 2011-ci ildə cənab prezident bizim bazaya gələrkən onu burada görülmüş işlərlə tanış etdik. O, görülmüş işləri yüksək qiymətləndirdi, digər klublar üçün gələcəkdə belə bir bazaların olmasını tövsiyə etdi. Özü də qeyd etdi ki, bu boyda strukturu saxlamaq üçün böyük vəsait tələb olunur. Bu gün bizə su, işıq və qaz kommersiya qiymətinə verilir. Təbii meydançalara işlətdiyimiz hər kubmetr su üçün dövlətə 1 manat 30 qəpik ödəyirik. Təkcə ötən ilin iyununda suya 17 min manat vermişik. Bir ilə işıq, su və qaza 250 min manatadək pul vermişik. Biz burada kommersiya ilə yox, futbolun inkişafı ilə məşğuluq. Amma kommunal ödənişləri kommersiya qiymətləri ilə ödəyirik. Dövlət proqramında bu da nəzərə alınmalıdır. Hər gün meydançaları sulamaq üçün 100-150 kubmetr su işlənir. Başqa sözlə, stadionlarımızı 2-3 dəfə sulamaq üçün bizə 100-150 ton su lazımdır. Hazırda klubların saxlanılması sponsorların imkanları daxilində deyil. Sizə hazır sənəd də təqdim edə bilərəm: yalnız işıq, su, qaz üçün bir ilə 247 min manat ödənilib. İndi təsəvvür edin: Hər bir meydançanın saxlanmasına 7 min manat tələb olunur və bizim də 6 meydançamız var. Bu da ay ərzində 42 min manat edir. Bir il ərzində stadionlara qulluq üçün ildə 504 min avro pul lazımdır. Stadionlara FİFA-nın lisenziyalı Sportinq Sport şirkəti tərəfindən qulluq olunur. Ümumiyyətlə, bazamızın saxlanılması üçün bizə ildə 800 min manat lazımdır. Üstəlik, baza klubun balansında deyil".

"Bakı" rəsmisinin sözlərinə görə, stadionlar klubların balansına verilsə, sponsorlar həmin idman qurğularının yenidən qurulmasında maraqlı olacaqlar. Əks halda, təlim-məşq bazası və stadionların saxlanması, qorunması çox çətin məsələdir: "Klubumuzun prezidenti Hafiz Məmmədov 20 hektaradək əraziyə böyük investisiya qoyub. Milli komandanın baş məşqçisi Robert Prosineçki bazamızdakı meydançalarla tanış olaraq bəyənib. Ümumiyyətlə, Hafiz müəllim dəfələrlə vurğulayıb ki, istənilən milli komandanın "Bakı"nın meydançalarında məşq etmək üçün heç bir problemi olmamalıdır. Ona görə də həm yerli, həm də əcnəbi komandalar burada rahat məşq edə bilirlər. Müsbət haldır ki, Portuqaliya millisi "Bakı"nın bazasındakı məşqini yüksək dəyərləndirdi. Portuqaliya Futbol Federasiyasının prezidenti həmin meydançalarda Portuqaliya millisinin yüksək səviyyədə məşq etdiyini bildirərək, "Bakı" klubunu göstərdiyi xidmətlərə görə xüsusi diplom və medalla təltif etdi. Bununla belə, görüləsi işlərimiz hələ çoxdur. İnşa olunası yerlər var və meydançaların üstü bağlanmalıdır. Tamaşaçıların rahat gəlməsi, jurnalistlərin rahat işləməsi üçün burada böyük işlər görülməlidir. Sözsüz ki, görüləcək hər bir işə böyük vəsait tələb olunur. Meydançaları saxlamaq üçün böyük məbləğ tələb olunur. Bu zaman dövlətin də marağı olmalıdır və iş adamlarına müəyyən köməklik göstərilməlidir ki, iş görülsün".

Y.Seyidov daha bir təklifin uşaq futbolu ilə bağlı olduğunu bildirib. "Bakı"nın Futbol Akademiyasından misal çəkən "Bakı" rəsmisi burada Azərbaycanın 300-ə yaxın gəncinin futbolun sirlərini öyrəndiyini söyləyib. Onun sözlərinə görə, uşaqlar akademiyada qalırlar, qidalanırlar, onlar üçün yüksək səviyyədə şərait yaradılıb. Bununla belə, "Bakı" rəsmisi yeniyetmə futbolçuların daha yaxşı vitaminləşdirilməsi və qidalanması üçün də vəsaitə ehtiyac duyulduğunu bildirib: "Futbolçularımızdan bir çoxu əməkdaşlıq etdiyimiz "Atletiko" və "Lans"da oynamağa hazırdırlar. Amma bu futbolçuları burada yeni proqramlarla daha yaxşı hazırlamaq olar. Onların vitaminləşdirilməsi, qidalanması üçün vəsait tələb olunur. Hamımız Azərbaycanın Avropa və dünya çempionatında oynamasını arzulayırıq. Amma bu gün bu işlər görülməsə, yaxın bir neçə ildə biz öz komandamızı belə nüfuzlu yarışlarda görə bilməyəcəyik. Ona görə də gecikmədən bu işlər görülməlidir".

Uşaq futbolunun inkişafı üçün daha bir təklif isə aşağı yaş qrupları üzrə komandaların təlim-məşq toplanışları və beynəlxalq turnirlərdə iştirakı ilə bağlıdır. "Bakı" rəsmisi hələlik bu istiqamətdə yalnız "Qəbələ"nin böyük işlər gördüyünü bildirib: "Bu gün futbolun inkişafı üçün böyük vəsait tələb olunur. Bura təlim-məşq toplanışları da daxildir. Bizim 15, 16, 17 yaş komandalarımız hansı beynəlxalq turnirlərdə iştirak edir? Ancaq milli komanda səviyyəsində olur. Son illərdə "Qəbələ" aşağı yaş qruplarını toplanışa göndərir, beynəlxalq turnirlərdə iştirak edir. Klub bu addımının nəticəsini yaxın illərdə görəcək. "Bakı" uşaqlarını "Atletiko", "Lans"ın düşərgəsinə göndərir. Amma belə deyək, bir "Qəbələ", "Bakı" ilə məsələ həll olunmur. Daha çox uşaq göndərmək lazımdır. Çünki gələcəyin Ronaldoları, Ballakları, Messiləri də həmin uşaqların içindən çıxacaq. Onlar birini tanıdıqca, oynadıqca inkişaf da olacaq. Bu da əsas problemlərdən biridir. Heç bir klub o məsələdə maraqlı deyil. Bunları nəzərə almaq lazımdır ki, gələcəkdə o klublar pis vəziyyətdə qalmasınlar".

Digər təklif futbol akademiyaları ilə bağlıdır. Y.Seyidovun sözlərinə görə, dövlət proqramında təhsillə bağlı ciddi problemlər var. "Bakı" rəsmisi təklif edir ki, dövlət proqramında bütün klubların nəzdində futbol akademiyalarının yaradılma məsələsi nəzərdə tutulmalıdır: "Futbolçuların təhsili məşq proqramı ilə uyğunlaşdırılmalıdır. Düşünürəm ki, təhsil nazirinin müavini Firudin Quliyevin AFFA İcraiyyə Komitəsinə üzv seçilməsi də bu məsələlərin həllini sürətləndirə bilər".

Başqa bir təklif isə klubların biznes strukturlarında təmsil olunmaları ilə bağlıdır. "Bakı" rəsmisi bildirib ki, klublar bir nəfərdən asılı olmamalıdır: "Məsələn, şəhər icra hakimiyyətləri hər hansı iş adamı tərəfindən ticarət mərkəzləri, dayanacaqlar inşa olunarkən və fiziki şəxsə, yaxud MMC-yə biznes şəraiti yaradarkən, nəzərə almalıdır ki, oradan gələn gəlirin 3-5 faizi "Bakı" klubuna, ya "Neftçi"yə, ya digər klublara verilməlidir. Klubların yaşaması bir nəfərdən asılı olmamalıdır. Türkiyədə "Fənərbağça", "Qalatasaray"ın çox böyük biznes mərkəzləri var. Oradan əldə olunan gəlirin müəyyən faizi klubun hesabına köçürülür. Paytaxtın komandası olduğu üçün tikilən biznes yerlərindən müəyyən faiz verilməlidir. Onun nizamnaməsində yazılmalıdır ki, bu biznes strukturundan gələn gəlirin 3 faizi futbol klubuna ödəniləcək. Əgər 5 ticarət obyektindən, dayanacaqlardan 1,2,3 faiz gəlir klublara verilsə, yaxın vaxtlarda klubların heç bir problemi olmayacaq. Nəyə görə deyirik "Real Madrid", "Barselona"... Təsəvvür edin, onların sponsoru olmaq üçün növbə yaranıb. 300, 500 adam növbə gözləyir ki, sponsorlardan biri çıxacaq və növbə ona yetişəcək. Orada sponsorların özləri üçün də maraq var. Amma bizdə heç kim maraq göstərmir. Hamı futbolun inkişafını istəyir, danışır, amma heç kim futbolun inkişafı üçün iş görmür. Ancaq bu qanunda öz əksini tapmalıdır ki, biz sənə fəaliyyət göstərmək üçün böyük biznes mərkəzi veririk. Sən də burdan gələn bir faizi idmanın inkişafı üçün bu kluba ödə. Əks halda, gedib heç bir ticarət mərkəzinə deyə bilməzsən ki, hər hansı komandaya pul köçür".

Y.Seyidovun fikrincə, iş adamları gəlirlərindən 1 faizini versələr, futbol klubları bunun qarşılığında istər meydançanın kənarındakı reklam bannerlərində, istər formalarında həmin biznesmenlərin şirkətlərini reklam edəcəklər. Nəticədə həmin şirkət hətta dünya arenasında tanına bilər. Digər tərəfdən, biznes strukturunun da marağı olacaq ki, öz sponsoru olduğu komandanın oyunlarına gəlsin. Bununla tribunalarda tamaşaçıların da sayı artacaq: "Orada fəaliyyət göstərən şəhər strukturları da maraqlanacaq ki, bunların bir komandası var və o da bu komandaya sponsorluq edir. Maraq yaranacaq ki, gedək, öz komandamızın oyununa baxaq. Həm bunun reklam olunması, həm tamaşaçıların meydana cəlb olunması olacaq. Heç olmasa onlar da həftədə bir dəfə öz komandasının oyununu izləyəcək. Çünki klubun tərəfdaşı olacaqlar. Həm də hər bir Azərbaycan ailəsi futbolumuzla maraqlanmağa başlayacaq".

Növbəti təklif isə klublara aşağı faizlərlə kreditlər verilməsi ilə bağlıdır. "Bakı" rəsmisi bildirib ki, klubların təqdim edəcəkləri biznes-planlar əsasında bazalar, stadionların tikintisi, biznes strukturlarının formalaşdırılması üçün uzunmüddətli kreditlərə böyük ehtiyat var. Onun fikrincə, klublar işlərini gördükdən sonra kreditlərin qaytarılmasına başlaya bilərlər.

Nəhayət, sonuncu təklif klubların Məhdud Məsuliyyətli Cəmiyyətdən Qapalı Səhmdar Cəmiyyətə çevrilmələri ilə bağlıdır ki, bu barədə AFFA rəhbərliyi səviyyəsində dəfələrlə açıqlamalar verilib.

Y.Seyidov gələcəkdə klubların maddi cəhətdən sıxıntı yaşamaması üçün dövlətdən dəstək gözlədiklərini söyləyib: "İnanırıq ki, bu dəstək olacaq. Çünki Avropa Oyunları Azərbaycanda keçirilir. Bütün Avropa ölkələri Bakıya gəlir. Ölkə başçısı və xanımı idmana dəstək verir. İnanıram ki, ağıllı, düşünülmüş, Dövlət Proqramı hazırlansa, klublar da bundan bəhrələnəcəklər. Nəticədə gələcəkdə yüksək səviyyəli futbolçuların yetişməsi üçün problem olmayacaq".

Y.Seyidov irəli sürdüyü təkliflər:

- Stadionlar klubların balansına verilsin;

- Hər bir klubun bazasına işıq, su, qaz və digər kommunal xidmətlər kommersiya qiymətləri ilə deyil, güzəştli şərtlərlə satılsın;

- Sponsorlar klubları maliyyələşdirmək üçün stimullaşdırılsın;

- Yerli icra hakimiyyəti orqanları həmin ərazidə fəaliyyət göstərən klublara cüzi faizlə vəsaitin köçürülməsini ticarət və digər gəlir gətirən obyektlər hesabına təmin etsin;

- İş adamlarına bizneslə məşğuliyyət şəraiti yaradılarkən, həmin ərazidəki futbol klubuna dəstək olmaları təmin edilsin. Əvəzində klublar həmin sponsorları forma, stadion kənarı və bütövlükdə idman qurğusunda reklam etsin;

- Klublar Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətə çevrilsin;

- Əsas heyətlə yanaşı aşağı yaş qrupları üzrə komandalar da müntəzəm olaraq beynəlxalq turnir və təlim-məşq toplanışlarında iştirak etsin;

- Bütün klubların nəzdində futbol akademiyaları yaradılsın və məşq proqramları təhsil məsələləri ilə tənzimlənsin;

- Klublara güzəştli şərtlərlə uzunmüddətli kreditlər verilsin.

"Bakı" rəsmisi bildirib ki, bu məsələ Klublar Komitəsinin iclasında da qaldırılıb. Y.Seyidov növbəti 5 il üçün hazırlanacaq proqrama böyük ümidlərlə yanaşdıqlarını vurğulayıb.

Qeyd edək ki, ilk Dövlət Proqramının icrasına 2005-ci ildən başlanılıb. Həmin Proqramın icrası bu il başa çatır.

Mənbə: report.az





< br/>

Ad: Rafael;   E-mail: [email protected]

01.05.2015 22:46

İnshAllah bu teklifler nezere alinar. Klub cetin veziyyetden qurtular

Ad: Ədoş Müəllim;   E-mail: [email protected]

30.04.2015 11:37

Chox gozel teklifdi. Ancaq ve ancaq Baki futbol klubunun xeyrine isheleye biler
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30