Minifutbol
“PFL-də hamı Ramin Musayevin “sağ əli”dir”
Aslan Şahgəldiyev Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəridir. Amma bu qurumun rəhbəri olmazdan əvvəl, loru dildə ifadə etsək, yaxşı bir oğlandır, rəsmi danışsaq, mətbuatla işini düzgün quran az-az futbol rəsmilərindəndir. Jurnalistlərə açıq adamdır, ünsiyyətcildi, amma nə qədər qəribə olsa da, müsahibə verməyə ya utanır, ya da bu məsələdə təvazökardır. Görünür, reklam olunmağı sevmir. Bu müsahibəyə də onu çətinliklə razı saldım.
Aramızdakı münasibətlər dostluq səviyyəsində olduğundan bu söhbətdə bir-birimizlə rəsmi qaydada - “siz”, “müəllim” və ya “bəy” deyil, elə öz adımızla, ya da “sən” deyə müraciət etdik. Diktofon söhbətimiz bir saat çəkdi, söhbətdən hər ikimiz razı qaldıq... Jurnalistlərdən də danışdıq, Ramin Musayevdən də... Sonra Aslan PFL-ə getdi, mən də redaksiyaya qayıtdım. Və onda məlum oldu ki, demə, müsahibə üçün şəkillər çəkmək yaddan çıxıb. Yəqin maraqlı söhbət alınıb ona görədir.
Həvəsiniz və vaxtınız varsa, buyurun, Siz də oxuyun, bu fotoreportajsız müsahibəni...
- Jurnalistlərlə işləmək səni hələ bezdirməyib?
- Birbaşa KİV-lə işləyən şəxs dözümlü, hər şeylə maraqlanan, xoşməramlı, yaxşı yaddaşa malik, nəzakətli, stresli iş vaxtı səbrli, insan psixologiyasını bilən biri olmalıdır. Mən bu işə görə əmək haqqı alıram, hətta bezdirici olsa belə, bu, mənim işimdir, büruzə verməməliyəm. Amma düzünü deyim, çox maraqlıdır. Bezdiyim bir işdə işləyə bilmərəm.
- İlk sualın qoyuluşu təsədüfi deyildi. Bildiyimə görə, bu gün klubların mətbuat xidmətlərinin rəhbərləri bəzi jurnalistlərdən cana doyublar. Ənənəvi bir sözləri var: "Zəng edənlərın çoxusu bizdən reklam istəyir". Eyni zənglər sənə də olar, yəqin.
- Şəxsən məndən heç bir jurnalist reklam istəməyib. Gərək, reklam verəsən ki, kimsə səndən reklam da istəyə.
- Bəs, az qala bütün saytlara reklam verən klublara necə baxırsan?
- Mətbuata reklam verilməsinə pis baxmıram. Çünki dəstək olmalıdır. Amma bir kriteriya müəyyənləşdirib, onun əsasında reklam verilsə, daha yaxşı olar. Təsəvvür edin, bu gün bütün idman mətbuatı maddi imkansızlıqdan yox olub, kim işıqlandıracaq görülən işləri? Mənə görə reklam birbaşa rəhbər şəxsin özü tərəfindən verilməlidir, digər şəxslər tərəfindən yox. Və şərt qoyulmalıdır ki, onun həm müsbət işləri, həm də əgər varsa, qüsurları işıqlandırılmalıdır. Bu, onun rəhbəri olduğu qurumun daha da inkişaf etməsinə kömək edər. Misal üçün, PFL reklam verərsə, bunu mən yox, Ramin Musayev etməlidir ki, sabah siz onun rəhbəri olduğu PFL-in çatışmazlıqlarını yaza, Aslanın hansısa səhvi varsa, onu rahatlıqla qabardasınız. Ümumiyyətlə, bu, çox uzun məsələdi. Bu barədə çox danışmaq olar. Amma istənilən halda, reklam müəyyən asılılıq yaradır.
- Deyək ki, siz reklam verirsiz, tənqidə açıq olacaqsınız? Adamın heç inanmağı gəlmir. Sirr deyil ki, bu gün klublar saytlara reklamı ona görə verir ki, özlərini tənqiddən sığortalasın. Yanıla bilərəm, amma məncə, sabah PFL də reklam versə, şərt irəli sürəcəksiniz ki, tənqid az olsun, ya da ümumiyyətlə, olmasın.
- Bilirsən, axı, tənqid yazmaqla iş bitmir. Tənqiddə problemin aradan qaldırılması yolları da göstərilməlidir. Bunu nəyi pisdir ki? Tənqid yazmaq asan məsələdi, çətin olanı çıxış yolu göstərməkdir. Bunu da hər adam bacarmır. Bax bu yolu göstərə bilənlərə kömək etmək lazımdır. Məsələn, PFL jurnalistlər arasında ayın ən yaxşı oyunçusunu seçmək üçün sorğu keçirir. Jurnalistin stimulu olmalıdır ki, o sorğuda iştirak etsin, onu təbliğ eləsin.
- Aslan, axı, dediyin sorğuda yetərincə jurnalist iştirak edir, tədbirə də xeyli jurnalist gəlir.
- Çünki stimul var, ayın oyunçusunu düz tapanlar mükafatlandırılırlar. Gizlətmirəm, bəziləri məhz buna görə PFL-dən akkreditasiyadan keçir. Ramin Musayev faktoru da var. Onun iştirak etmədiyi tədbirdə az jurnalist olur. Məsələ təkcə bu deyil. Götürək, klubların keçirdiyi mətbuat konfranslarını, digər futbol tədbirlərini. Mətbuatın maddi durumu normal olmalıdır ki, bu kimi tədbirlərdə iştirak etməyə əməkdaşını göndərə bilsin. Eyni gündə 3 oyun olanda heç olmasa, 3 əməkdaşı olmalıdır ki, bu oyunları təbliğ edə bilsin. Amma reklam vermək xatirinə hər kəsə də reklam verilməsi doğru deyil. Bu, kəmiyyəti çoxaltsa da, keyfiyyəti aşağı salır. Bu gün mən də bilirəm ki, idman jurnalistikasında çalışanların böyük qismi hansı məqsədi güdürlər. Amma buna görə narahat olmağa dəyməz. Əsas odur ki, layiqincə çalışan, qələminə, yazdığı cümləyə hörmət qoyan jurnalistlər də az deyil.
Bu yerdə Aslanın telefonuna oturandan bəri üçüncü zəng gəlir... Hər üçü də jurnalistdən.
- Zənglər çox olur, dəyəsən...
- Hə... Oyunda qalmaqal olanda lap çox zəng gəlir (gülür) ...
- Azərbaycan Premyer Liqasının oyunlarını işıqlandırmaq üçün nə qədər jurnalist qeydiyyatdan keçib?
- 86 mətbu orqandan 201 jurnalist...
- Maşallah... Amma Premyer Liqamızın hətta ən vacib matçlarında belə 15-20 jurnalist stadiona gələ, ya gəlməyə...
- Təsəvvür elə, qeydiyyatdan keçənlərdən 37 nəfər ümumiyyətlə, akkreditasiya vəsiqələrini götürməyiblər. Təəssüflə deyim ki, qeydiyyatdan keçən bütün KİV əməkdaşlarını hər tur stadionlarımızda görmək olmur. Bəziləri ildə 4-5 oyunda, bəziləri isə ümumiyyətlə, stadionda olmurlar.
- Elə isə niyə akkreditasiya verirsiz onlara?
- Bilirsən, akkreditasiya almaq üçün müəyyən olunmuş prosedur qaydaları var. Jurnalist adını, soyadını, təmsil etdiyi qurumun adını, öz şəklini və çalışdığı mətbu orqanın iş vəsiqəsini bizə göndərməlidir. Bütün bunlar edildikdən sonra biz həmin şəxslərə akkreditasiya verməyə bilmərik. Mənə qəribə gələn budur ki, bir dəfə də olsun stadiona getməyən birisi nə üçün akkreditasiyadan keçir? Bu suala hələ özüm də cavab tapa bilməmişəm. Əslində daha çox jurnalistin qeydiyyatdan keçməsi yaxşıdır. Amma bir şərtlə ki, bu, qeydiyyatdan keçmək yox, işləmək xatirinə olsun. Mən stadiona gəlməyən jurnalistləri PFL tərəfindən keçirilən tədbirlərdə nəzərə alıram. Üstünlüyü hər zaman işləyən, oyunları daim izləyən, futbolumuzu təbliğ edən jurnalistlərə verirəm.
Aslana növbəti zəng gəlir. Bu dəfə jurnalist deyil, Aslanın şefi - Ramin Musayevdir zəng vuran... Söhbətləri yekunlaşır və mən mövzunu qəfil dəyişirəm...
- Bəlkə bir az da Ramin Musayevdən danışaq.
- Mən razı.
- Onu sən də yaxından tanıyırsan, mən də. Amma sırf oxucu da bilsin deyə soruşuram, necə adamdır, Ramin Musayev?
- (gülür) Gəl, səmimi danışaq də... Hansı işçi öz rəhbərinə, özü də mediada pis deyər? Mən indiyə kimi kiminsə işlədiyi yerin rəhbərinin əleyhinə nəsə deməsini görməmişəm. Yox, əgər tərifləsəm, yaxşı olduğunu desəm, elə fikirləşə bilərlər ki, ona yarınıram. Ümumiyyətlə, insanlara mənə olan münasibətinə görə yox, başqalarına olan münasibətinə görə qiymət verirəm.
- Ramin Musayev futbolla bağlı qərar verəndə səninlə məsləhətləşir?
- Ümumiyyətlə, istənilən mətbuat xidmətinin rəhbərinin çalışdığı qurumun başçısına birbaşa çıxışı olmalıdır. Bu, vacib suallara daha tez aydınlıq gətirmək üçün lazımdır. Qərarların qəbul olunmasında mətbuat xidmətinin rəhbəri mütləq iştirak etməlidir. Çünki təşkilatın siyasətini müəyyən edən şəxslər bilməlidirlər ki, onlar tərəfindən atılan addımlar ictimaiyyət tərəfindən necə qarşılanacaq. Qərarların qəbul olunmasında mətbuat xidmətinin rəhbəri iştirak etməyəndə onun üçün sonradan çətin olur, mətbuata həmin qərarlara aydınlıq gətirmək məsələsində problem yaranır. Müzakirəmiz tək mənimlə yox, digər departament rəhbərləri ilə birlikdə aparılır.
- "Aslan Ramin Musayevin “sağ əli”dir" - jurnalistlər arasında yayılan bu fikrə sənin münasibətin necədir?
- Tam səmimi deyirəm gördüyüm və hiss elədiyim odur ki, PFL-də çalışan hər bir işçi Ramin Musayevin “sağ əli”dir.
- Kənardan müşahidə etmişəm, Ramin Musayev öz əməkdaşlarına münasibətdə ənənəvi müdir obrazını dağıdıb, çox da rəsmi deyil, işçilərinə əsasən bir böyük qardaş kimi yanaşır...
- Düz müşahidə etmisən. Ona görə də bizdə iş bezdirici deyil. Gərginlik nə qədər çox olsa da, heç vaxt narahat olmursan. Məncə, rəhbər müdir yox, lider olmalıdır. Yəni, insanda öz rəhbərinə hörmət qorxudan deyil, sevgidən olmalıdır.
- Sənə “Qarabağ” və “Neftçi”nin mətbuat xidmətlərinin rəhbərləri haqda da bir sual vermək istəyirəm. Hər ikisinə yaxınsan, ona görə... Nurlan İbrahimovla Gündüz Abbaszadə niyə bir-biriləri ilə yola getmir?
- Deməzdim, yola getmirlər, məncə, rəqabət aparırlar. Hər ikisi öz işini mükəmməl bilən şəxslərdi. Hər ikisi ən yaxşı olmaq istəyir. Gündüz özündən tez çıxır, Nurlan isə mübahisə etməyi çox xoşlayır.
- Amma sən onlar kimi tez özündən çıxmırsan, soyuqqanlısan...
- Sonda deyilməli olan sözü əvvəldə deməyi xoşlamıram.
- Amma bildiyimə görə jurnalistlərlə sərt mübahisələrin düşüb. Sən tərəfdən hədə-qorxu necə, olub?
- Yox. Amma sərt etiraz etdiyim vaxtlar olub.
- Yəqin əsəblərin tab gətirməz yazılara. PFL-in əleyhinə yaman çox yazılar olur.
- Əgər bir yazıdakı fikirlərin səhv olduğuna yüz faiz əminəmsə, orada yalan, böhtan görürəmsə, əsəbiləşirəm. Dərhal da reaksiya verirəm. Amma əleyhimizə yazılan yazı haqlıdırsa, susmaq məcburiyyətindəsən. Nəticə çıxarmalı və onun təkrarlanmamasına çalışmalısan.
- Azərbaycan futbolundan bezməmisən?
- Futbol bilirsən necədi? Məğlubiyyət olanda bezirsən, getmək istəyirsən, mənasız bir işdə çalışdığını düşünürsən. Amma qələbə olanda fikirin dəyişir, ruhlanırsan, daha ürəklə çalışmaq istəyirsən, daha istəkli olursan. “Neftçi”nin, “Qarabağ”ın Avroliqanın qrupuna düşməsi insanda öz işinə stimul yaradır. Uğur insanı gücləndirir, ruhlandırır.
- Yəqin ən son “Qarabağ”ın Ukraynadakı qələbəsinə sevinmisən...
- Hə, “Dnepr”lə oyundakı qələbəyə. Möhtəşəm hisslərdi. Mən inanmazdım ki, futbolda çalışdığım dövrdə hər hansı bir komandamız qrup mərhələsində çıxış edə biləcək. “Neftçi”, ardınca “Qarabağ”... Hərdən özümə də qəribə gəlir. Yuxu kimidir hər şey.
- Söhbətə görə təşəkkür edirəm. Bəlkə elə sual oldu ki, sənə vermədim. Ya bəlkə sənin nəsə sualın var... Hər dəfə biz səndən nəsə soruşmayacağıq ki.
- Hə, bir sualım var: əməkdaşınız Şükür Cavad niyə gəlib akkreditasiyanı götürmür? (gülür)..
- Şükür gördü jurnalistika onluq deyil, birdəfəlik çıxıb getdi.... Onun akkreditasiyasını ləğv elə.
Aydın BAĞIROV, Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın rəqibi bəlli oldu
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
09:45
İspaniyanın DÇ-2026-dakı ilk qələbəsi VİDEO
-
20:59
Zlomisliç rəsmən “Qarabağ”da
-
19:24
“Neftçi” kapitanlarla müqaviləni yenilədi
-
15:41
Bədavi daha bir 1 il “Qarabağ”da
-
14:35
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
-
13:56
Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdir”
-
13:18
Boksçumuz Dünya Kubokunda qızıl medal qazanıb
-
12:23
Yaponiya 3 xalı 4 qolla qazandı VİDEO
-
12:00
"İmişli"də yeni məşqçi təyinatları
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
-
18:56
“Zirə”dən yeni qapıçı transferi
-
17:49
“Xankəndi” məşqçisini göndərdi
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
16:03
"Zirə"də gözlənilməz ayrılıq
-
15:41
Rafael Fiziyev Bakıya gəlib
-
14:15
Ronaldinyo karyerasını bərpa edir
-
13:32
Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb
-
13:20
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:58
"Şamaxı"nı Bakı klubuna dəyişdi
-
12:07
Türkiyənin məğlubiyyəti VİDEO
-
11:49
Futzal millimizin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır “
-
11:16
Braziliya millisindən 3 qollu qələbə VİDEO
-
10:34
DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
10:21
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:53
Türkiyə - Paraqvay oyununun ən yaxşısı o seçildi
-
09:05
DÇ-2026: Türkiyədən erkən vida
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
-
20:17
"Neftçi" Rezabala ilə vidalaşdı
-
19:39
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
18:53
Premyer Liqada ilk turun təqvimi açıqlandı
-
18:26
Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib
-
17:42
Argentina millisinin üzvü DÇ-2026-nın ən yaraşıqlısı seçildi: Ronaldo 45-ci oldu
22.06.2026
21.06.2026
20.06.2026
19.06.2026























