3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?

Məktəb vaxtı coğrafiya ən sevdiyim dərslərdən idi. Bəlkə də bu, bir tərəfdən ölkələrə, şəhərlərə, digər tərəfdən isə futbola olan maraqdan irəli gəlirdi. Ümumiyyətlə, fikir vermişəm, futbolla maraqlananlar əksər hallarda coğrafiya biliyinə görə idmanın şahına diqqət göstərməyənləri üstələyirlər. Məsələn, futbola marağı olmayan 5-ci, 6-cı sinif şagirdi bəlkə də Dortmund adlı şəhərin varlığından xəbərsizdir. Lakin futbol fanatı olan onun həmyaşıdı bilir ki, Dortmund Almaniyanın şəhəridir. Bu şəhərin  “Borussiya” kimi futbol klubu var. Bu cür yüzlərlə nümunə göstərmək olar.

Amma dünən bildim ki, sən demə, bəzən futbola olan maraq belə coğrafiya biliyinin formalaşmasına kömək etmir. Bunun bariz nümunəsi “Şəfa”nın vitse-prezidenti, milli komandamızın keçmiş üzvü Əfran İsmayılovdur. İsmayılov dünən Azərbaycan Premyer Liqasının 10-cu turunda “Sumqayıt”a qarşı keçirilən oyundan sonra jurnalistlərə müsahibəsində maraqlı fikir bildirib. O iddia edib ki, “Şəfa”ya cəlb olunan əcnəbilərin böyük hissəsi ölkəmizə gələnə qədər Avropa üzü görməyiblər: “Elə futbolçular var ki, bəlkə 99 faizi Avropa görməyib. Gəlib bura, həqiqətən də büdcəyə uyğun davranmışıq...” Bu açıqlama ilə tanış olarkən bir anlıq çaşıb qaldım. Çünki “Şəfa”nın heyətinə qatdığı əcnəbilərin əksəriyyətinin avropalı olduğunu bilirdim. Amma son zamanlar yaddaşla bağlı müəyyən problemlər yaşadığım üçün dərhal PFL-in saytına baxdım.

Deməli, dəqiqləşdirdim ki, Vlad Marian Pop və Andrey Fernando Draqu Rumıniya, Musa Queli, Umar Diav və Bafode Dansoko Fransa, Dilan Mertens və Kristofer Mamengi Niderland, Tiaqo Silva isə Portuqaliya vətəndaşıdır. Həqiqətənmi Əfran bəy Rumıniya, Fransa, Niderland və Portuqaliyanın Avropada yerləşməsindən xəbərsizdir? Yoxsa uğursuzluğuna don geydirmək üçün ortaya bu cür gülünc iddialar atır? Digər 3 əcnəbiyə gəldikdə, Maudo Lamin Jarjue Qambiya, Treyvon Fuller Kanada, Felipe da Silva Rodrigez isə Braziliya vətəndaşıdır. Bəli, Qambiya, Kanada və Braziliya Avropada yerləşmir. Lakin bu 3 futbolçunun karyerasına diqqət etdikdə görürük ki, onlar da Avropa görüblər. Jarjue Azərbaycanda daha əvvəl oynayıb, Fuller son olaraq Gürcüstanda, Rodrigez isə Albaniyada forma geyib. Belə çıxır ki, “Şəfa”nın vitse-prezidenti Albaniyanın Avropada yerləşməsindən məlumatsızdır? Yoxsa “köhnə qitə”yə (maraq üçün deyim ki, “köhnə qitə Avropa deməkdir – birdən kimsə bilməz) vətəndaşları “şengensiz” səfər edən Gürcüstanı Avropa hesab etmir?

Əgər Əfran bəyin idarəçilik qabiliyyəti də coğrafiya biliyi kimidirsə, vay “Şəfa”nın halına. Əslində, “Şəfa”nın halına çoxdan vay olub. 10 oyuna cəmi 4 xal yığan komanda bu gün Premyer Liqa ilə vidalaşmağa əsas namizədlərdən biri, bəlkə də birincisidir. Sadəcə bəxtləri gətirib ki, “Araz-Naxçıvan” sanki qələbə qazanmamağa and içib. Yoxsa “Şəfa” çoxdan turnir cədvəlinin zirzəməsini “bron eləmişdi”. Amma bu gedişlə o gün də uzaqda deyil. Əfran İsmayılov isə 10 turdan sonra “Futbolçuları düzəltmək lazımdır” deyir. Adam utanmaya şit bir zarafat edə ki, “Əfran bəy, bəyəm futbolçular əyridir?..”

P.S. Sonra da Amerika Avropanın paytaxtıdır deyən Şəbnəm Tovuzlunu qınayırıq...

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30