Ölkə futbolu
Dmitri Spirin: “Yəqin onlara ləzzət eləyir ki, keçmiş futbolçu taksi sürür”

Futbolumuzda rus millətindən olan yerlilər çox azdı. Müasir Azərbaycan futbolunda belələri haqqında söz düşəndə ilk növbədə “Qarabağ”lı Maksim Medvedyev yada düşür. Amma yaxın keçmişimizdə də belə futbolçularımız var idi. İqor Ponomaryov, Vadim Vasilyev... Dmitri Spirin.
Bu dəfə ki müsahibim məhz sonuncu adıçəkilən insandı. 15-20 il əvvəl Azərbaycan futbolunda yaxşı tanınan Dima indi sevimli sənətindən demək olar ki, uzaq düşüb. Və ozünə yeni peşə tapıb. Nə qədər qəribə səslənsə də, taksi sürücüsüdü. Hər halda taksi sürücüsü ilə futbol haqqında söhbət eləmək maraqlı olardı. Amma sıradan yox, peşəkar futbolçu olmuş taksi sürücüsü ilə. Bəri başdan deyim ki, onunla rus deyil, doğma dilimizdə söhbət etdik. Azərbaycan dilində sərbəst danışır və müsahibəni də onun istəyi ilə bu dildə aldım. Bir çox “ruskoyazıçnı” futbol məmurlarımızdan fərqli olaraq.
Dmitri Yuryeviç Spirin haqqında qısa məlumat - 1975-ci il sentyabrın 27-də Bakıda anadan olub. 200 saylı futbol təmayüllü və 41 saylı orta məktəbdə təhsil alıb. Futbolçu karyerası ərzində müxtəlif vaxtlarda OİK, “Bakılı”, “ANS Pivani”, “Şəfa”, “Dinamo” və “Qarabağ” komandalarında çıxış edib. Millidə 2 yoxlama oyununda forma geyinib. Ailəlidi.
- Çoxdandı görünmürsən, nə işlə məşğulsan?
- AFFA-da komissaram. Aşağı liqa oyunlarına təyinat alıram. Axşamlar da “xaltura” eləyirəm.
- Lisenziyan var?
- Var.
- Nəqliyyat nazirliyinin işçiləri ilə problem olmur ki?
- Yox əşşi. Köhnə məhləmizdə dayanıram. Çoxu da məni tanıyır.
- Bəs yol polisləri ilə?
- Çalışıram qayda pozmayam. Ona görə də mənimlə işləri yoxdu. Çox nadir hallarda saxlayırlar. Onda da yola veririk.
- Müştərin çoxdu?
- Hərdən olur, hərdən yox.
- Olmayanda neynirsən?
- Dayanıb gözləyirəm.
- Əsas müştərilərin kimlər olur?
- Gecə vaxtı kim olmalıdıki? Əksəriyyəti qızlar olur.
- Babat pul verirlər?
- Kişilərə baxanda çoxu yaxşı pul verir.
- Heç olub ki müştərindən kimsə köhnə futbolçu olsun?
- Bir dəfə. Bir ilin söhbətidi. “Neftçi”nin kapitanı, rəhmətlik Səbuhinin qardaşı Rəşad Sadiqov əl qaldırdı. O dəqiqə bir-birimizi tanıdıq.
- Pul aldın?
- Allah eləməsin, ayıbdı! Amma təxminən 15 dəqiqə “güləşdik”. O pulu mənim cibimə basırdı, mən qaytarırdım.
- Futbolla nə vaxt vidalaşmısan?
- 2005-də. Axırıncı klubum “Qarabağ” olub. Həmin il komanda kuboku götürmüşdü.
- Amma sən orada yarım mövsüm oynadın. Medal vermişdilər?
- “Qarabağ”da birinci dövrə iştirak etdim. Yox, medal-zad verməyiblər. Amma özümü kubokun qalibi sayıram. Gözləyirdim ki, məni də çağırarlar. Çağırmadılar, canları sağ olsun.
- Deməli, Azərbaycan kubokunun üçqat qalibisən...
- “Şəfa”da oynayanda finalda “Neftçi”ni udmuşduq. Həmin oyun çox maraqlı olmuşdu. İndiyə kimi də anlamıram ki, nəyə görə birdən-birə final Respublika stadionunda deyil, Sumqayıtda keçirildi. Yəqin kiməsə lazım idi. Amma buna baxmayaraq 2:1 udduq. Çox güclü heyətimiz vardı. Oyun harada keçirilsəydi, onsuz da kuboku götürəcəkdik. Özü də “Neftçi”nin uşaqları oyuna nəsə kefsiz çıxmışdılar. Nə məsələ idi, baş aça bilmədim.
Bir də “Bakı”da olarkən kuboku götürmüşük. Finalda “İnter”i udmuşduq. Yenə də 2:1.
- Medallar durur?
- Bəs necə? Evdədi, yadigar saxlayıram.
- Bir qədər də keçmişə qayıdaq. Futbola gəlişini necə xatırlayırsan?
- Uşaqlıqdan futbolu çox sevirdim. Orta təhsilimi futbol təmayüllü məktəbdə oxumuşam. Kazbek Tuayev rəhbərimiz idi. İlk peşəkar klubum OİK olub. Əsgərlikdən əvvəl də orada oynayırdım. Elə oldu ki, 18 yaşım tamam olanda hərbi xidmətlə əlaqədar elə OİK-də qaldım. Bəxtimdən 4 il. O vaxt müharibə dövrü idi deyə, hərbi xidmət müddətsiz idi.
- Cəbhədə olmusan?
- Yox, bizi aparmırdılar. Həm də mənim əsgərliyim atəşkəs dövrünə təsadüf etdi.
- Hərbi rütbən var?
- Əlbəttə, sıravi (gülür). OİK-dən sonra “Bakılı”ya keçdim. Bir ara Kazbek müəllim məni “Neftçi”yə baxışa çağırmışdı. Amma götürmədilər. Sonra “Şəfa”ya keçdim. Bir dəfə də “Şəmkir”lə oyundan sonra Əfqan Talıbov məndən “Şəmkir”ə gəlməyimi istədi. Hərbi xidmətdə olduğumu və rəhbərliklə məsələni həll etmələrini istədim. Onunla da söhbət “öldü”.
- Sirr deyilsə, “Şəfa”da nə qədər pul qazanırdın?
- Ancaq maaşa oynayırdıq. 150-200 dollar idi. Bir də hər oyuna 20 şirvan (40 manat - red.). Ayda heç olmasa 3 oyun udurduq deyə, gəlirimiz pis deyildi. O vaxt pulun dəyəri vardı. Yaşamaq olurdu.
- Maraqlıdı, o vaxtkı durumunla bu gün futbolumuzda qiymətin nə qədər olardı?
- Heç vaxt məni istəyən komandalara pul oxumamışam. Onsuz da pul verən də yox idi. Uzağı 2-3 min verirdilər. O da yaxşı klublar. İndi heç xəbərim də yoxdu klublar futbolçulara nə qədər “podyomnı” verirlər. Məncə, haradasa 50 min olardı. Aşağı qiymətin yeri yoxdu.
- “Şəfa”dan sonra “Bakı”ya keçdin...
- Onda komanda “Dinamo” adlanırdı. Əvvəl yaxşı idi. Sonradan ehtiyatda qalmağa başladım.
- Ona görə “Qarabağ”a getdin?
- Axır vaxtlar oyuna buraxmırdılar. Rəhbərlikdən xahiş elədim, məni pulsuz-parasız buraxdılar. O vaxt Elxan Abdullayev “Qarabağ”a baş məşqçi gəlmişdi. Onunla söhbətdən sonra komandasına çağırdı.
- Arada millidədə görünmüsən...
- Hə, Ponomaryovun vaxtında Bolqarıstandakı təlim-məşq toplanışına çağırdılar. 2 həftə Varnada qaldıq. Bolqarıstan və Makedoniya ilə yoxlama oyunlarında forma geymişəm. Sonradan dəvət gəlmədi.
- Bilmirsən, niyə?
- O vaxt çoxlarının sevimli futbolçuları vardı - “lyubimçik”ləri. Yəqin mən heç kimin “lyubimçik”i deyildim. Ola bilər ki, ona görə milliyə çağırmırdılar.
- Heç çempion olmadığına görə təəssüflənirsən?
- Qismət. Mən heç, Tərlan Əhmədov neyləsin? O boyda komandalarda oynayıb, yaxşı karyerası olub.
- Fərrux İsmayılovla Samir Musayev də həmçinin.
- Görürsən? Qismət Allahdandı. Çox tanınmışlar çempion ola bilməyib.
- Çempionatda neçə oyun keçirmisən, yadındadı?
- Yox, dəqiq sayını bilmirəm.
- Bəs vurduğun qollar necə?
- Elə də çox qolum olmayıb. Amma vuranda da çox baxımlı qollar vurmuşam. 2003-cü ildə “Dinamo”da olarkən, Respublika stadionunda “Qarabağ”a 40 metrdən bir qol vurmuşdum. Həmin qolu 1 həftə idman verilişlərində həftənin ən gözəl qolu kimi göstərdilər.
- Müdafiəçi kimi hansı hücumçuya qarşı oynamaqda çətinlik çəkibsən?
- Konkret ad deyə bilmərəm. Əsasən, bəstəboy, texnikalı futbolçulara qarşı oynayanda əsəbiləşirdim. Amma taran tipli hücumçularla oynamaqdan ləzzət almışam. Həmişə güc futboluna üstünlük vermişəm.
- Hakimlərlə problemin çox olub?
- Yox, “sözəbəxan” futbolçu olmuşam. 3-4 dəfə meydandan qovublar. O da sərt oyuna görə. “Sarı” tez-tez almışam.
- Bir dəfə də avtoqol müəllifi olmusan. Yadındadı?
- “Şəfa”da oynayanda “Dinamo” ilə Sumqayıtda oynayırdıq. Cərimə zərbəsindən “prostrel” etdilər. Başla topu qapıçıya ötürmək istədim. Demə, Elşən Poladov da irəli çıxıbmış. Yaman dilxor olmuşdum. Mənə görə komanda uduzdu. Oyundan sonra məşqçimiz Əsgər Abdullayev təsəlli verdi. Hər bir futbolçunun başına belə iş gələ bilər. Amma həmin il kuboku götürdük. Çempionatda da 4-ci yeri tutduq.
- Düzünü de, heç pul təklif ediblər ki, oyunu “satasan”?
- O qədər olub ki... OİK-də oynayanda da olub, “Şəfa”da da. Adətən oyun almaq istəyənlər komandada müdafiəçiyə və ya qapıçıya müraciət edirlər. Heç vaxt oyun satmamışam. Çünki, birincisi, həmin pul haramdı. İkincisi isə, Azərbaycan balaca dövlətdi. Bir müddət sonra hər şeyin üstü açılacaq. Onda qazandığın hörmət heç olacaq.
- Azarkeşlik etdiyin klub var?
- “Qarabağ”. Yerli uşaqların çoxluğuna və yaxşı futbol oynadıqlarına görə.
- Bəs xarici klublardan? “Real”, ya “Barselona”?
- Yox qardaş, “Yuventus”un azarkeşiyəm. Diqqət yetirsək görərik ki, İtaliya futbolu müdafiəyəmeyllidi. Mən də müdafiəçi olduğuma görə elə futbolu xoşlayıram.
- Messi, yoxsa Ronaldo?
- Messi. Ronaldo futbolçu deyil, artistdi.
- Klublarımızın Avrokuboklardakı oyunlarına baxdın?
- Baxdım. “Qarabağ”dan başqa heç bir komanda xoşuma gəlmədi. “İnter”in bəxti gətirmədi. Ümumiyyətlə, bu komandanın oyun stili çox xoşuma gəlir. Növbəti mərhələyə keçməli idi. “Xəzər Lənkəran” biabır oldu. O boyda pulla 8 top buraxmaq faciə idi. Komandada bir dənə də olsun normal legioner yoxdu. Neynirlər səviyyəsiz futbolçuları, Avropada heç kimə lazım olmayanları Azərbaycana gətirirlər? Ona kimi yerlilər oynayardı də. Heç bu hesabla uduzmazdılar. “Neftçi” isə Albaniya komandasını rahat keçməliydi. Arxayınçılığın güdazına getdilər.
- Komanda yoldaşlarınla əlaqə saxlayırsan?
- Nəbi Xanciqazovla Rafael Əmirbəyovla tez-tez görüşürəm. Komissar kimi ayda 2-3 oyuna təyinat alıram. Adətən həmin oyunlarda köhnə uşaqlarla tez-tez rastlaşıram.
- Komissar kimi nə qədər maaş alırsan?
- Hər oyuna 30 manat, bir də rayonlara gedəndə 20-30 manat yolpulu. Həmin pula dolanmaq olar? Ona görə məcburam ki, axşamlar “şahmat”ı maşının üstünə qoyum. Komissarlıq da ona görə edirəm ki, futbolu çox sevirəm. Meydançada otun iyini hiss edəndə keçmiş günlərim yadıma düşür. Futbol oynamağa da həkimlər icazə vermirlər. Onurğamda problemlər var. Həkimlər sərt hərəkət etməyimə qadağa qoyublar.
- Maşın demişkən, dəyişmək fikrin yoxdu? Maşının çox köhnədi.
- Allah qoysa, sentyabrda dəyişəcəm. Hələ bilmirəm nə alım.
- Könhə bakılı olduğunu bilirəm. Özünü azərbaycanlı kimi hiss edirsən, ya rus?
- Azərbaycanlı kimi hiss eləməliyəm də. Atam da Bakıda böyüyüb, mən də. Adət-ənənəni, dili bilirəm. İstəsəydim, çoxdan Rusiyaya köçə bilərdim. Amma oranın millətindən xoşum gəlmir. Onları başa düşə bilmirəm. Azərbaycanda doğulmuşam, ölənə kimi də burada qalacam.
- Heç fikrindən keçib ki, İslam dinini qəbul edəsən?
- Yox, mən xristianam. Tez-tez olmasa da, arada kilsəyə gedirəm, dini adət-ənənələrə riayət etməyə çalışıram.
- Nə əcəb klubların birində işləmirsən? Axı çoxları səni tanıyır.
- Təklif eləyən yoxdu. Uşaqların çoxu klublarda işləyir. Amma mənimlə bir dəfə də olsun maraqlanan olmayıb. “Bakı”nı misal çəkə bilərəm. Neçə il o komandanın futbolçusu olmuşam. Nə Yaşar Seyidov, nə Nail müəllim bir dəfə də olsun deməyiblər ki, “Dima necəsən, nə işlə məşğulsan, gəl bizimlə işlə”. Mənə qalsa, heç vaxt işə görə kiməsə ağız açmaram. Neçə il futbol oynamışam, bilirəm futbol nədi. Yəqin onlara ləzzət eləyir ki, keçmiş futbolçu taksi sürür.
Söhbətləşdi: İLQAR, "Het-trik news"

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Çarls Boli: “Kiprə qələbə üçün yollanacağıq”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
- Azərbaycan Premyer Liqasında ilk turun hakim təyinatları açıqlandı
- Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
- Samir Abasov: “Neftçi”də ab-hava mükəmməldir”
-
11:28
"Kəpəz" 60-cı dəfə böyük hesabla məğlub olub
-
11:06
"Qarabağ" Macarıstana yollandı
-
10:52
“Neftçi”nin yarımmüdafiəçisi üçün yubiley
-
10:37
"Beşiktaş" sonda sevindi VİDEO
-
10:25
Azərbaycan çempionatları tarixində çalışmış əcnəbi məşqçilərin sayı 67-yə çatdı
-
10:12
“Neftçi”yə lazım olmayan futbolçu İslandiya klubunda
-
10:00
Aleksandr Ramalinqom: “Qarabağ”a da qalib gəlsək, bu, həqiqətən də əla başlanğıc olar”
-
09:43
Millimizin üzvü üçün "Alkmaar"a qarşı oynadı
-
09:24
"Arsenal" səfərdə "Mançester Yunayted"ə qalib gəldi VİDEO
-
09:11
Krivotsyukun komandası səfərdə xalsız qaldı
-
23:55
Saşa İliç: “Hesabda 3:0 öndəsənsə, daha rahat və sadə oynamalısan”
-
23:40
Adil Şükürov: “Kəpəz” düzələcək”
-
23:14
"Sumqayıt" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:38
Rüfət Abdullazadə Xorvatiya çempionatında debüt etdi
-
22:22
"Sumqayıt"dan möhtəşəm start
-
17:51
"Kəpəz"dən iki transfer, üç yeni müqavilə
-
16:03
Ozobiç üçün əlamətdar oyun
-
15:39
“Neftçi”dən start antirekordu
-
14:46
"Kəpəz" kapitanlarını açıqladı
-
14:17
"Ferensvaroş" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi
-
13:00
Emin Mahmudov: “Vaxt yoxdur, heç kim bizi gözləməyəcək”
-
12:25
Robbi Kin “Qarabağ”la oyundan danışdı
-
11:59
Emin Mahmudov etdiyi jestdən danışdı: “Bu, dinlə bağlıdır”
-
11:42
"Mançester Siti"dən darmadağın VİDEO
-
11:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
"Fənərbaxça" İzmir səfərindən büdrədi VİDEO
-
10:23
“Ferensvaroş” “Qarabağ”la oyundan öncə uduzdu
-
10:09
"Tottenhem" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:46
Renat oynadı, komandası heç-heçə etdi
-
09:30
"Barselona" mövsümə qələbə ilə başladı VİDEO
-
23:04
"Neftçi" 1 xalla kifayətləndi VİDEO
-
22:47
"Müqavimət göstərməyə gücümüz var"
-
22:21
Ayxan Abbasov: “Bizim də büdcəmiz çox olsaydı, 16-17 legioner gətirərdik”
-
21:55
“Turan Tovuz” sonda sevindi, “Neftçi” xal itirdi
-
21:41
“Neftçi” Boris Xetaqurov və Arif Əsədovu təbrik etdi
-
20:18
Olabe "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
19:32
Kurban Berdıyevdən qələbə şərhi
-
15:26
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
15:00
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
14:43
“Ferensvaroş”un qapıçısı: “Cütün taleyi bir oyunda həll olunmayacaq”
-
14:27
PFL “Ayın qolu” layihəsini davam etdirəcək - Elxan Səmədov açıqladı
-
13:19
“Sumqayıt”da kapitan və vitse-kapitanlar müəyyənləşdi
-
12:55
“Karvan”ın ingiltərəli yarımmüdafiəçisi: “Biz də istərdik ki, Yevlaxda oynayaq”
-
12:02
Azərbaycan klubu daha bir legioneri heyətinə qatıb
-
11:31
“Kəpəz” BATE-nin üzvünü transfer etdi
-
11:18
PFL prezidenti mövsümün startını dəyərləndirdi: “Davamında da bu cür mübarizə arzu edirəm”
-
10:46
“Qalatasaray” 3 xalı 3 qolla qazandı VİDEO
-
10:24
Azərbaycanlı hücumçu Qırğızıstanda növbəti qolunu vurdu
-
10:00
Mövsümün ilk qolunun müəllifi: “Premyer Liqanın səviyyəsi başqadır”
-
09:17
Sərtan Taşkının komandasından qələbə
18.08.2025
17.08.2025
16.08.2025













