21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

"İnsanların ağlamağını, kövrəlməyini görəndə başa düşürsən ki, bu dünyadan kişi kimi getdi”

Tofiq Bəhramov adına Respublika stadionunun sabiq direktoru, mərhum Akif İsmayılovun oğlu Elşən İsmayılov apasport.az-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Atanızın ölümündən 40 gündən çox vaxt keçib. Akif müəllimin dünyasını dəyişməsini artıq qəbul edə bilmisizmi?

- Xeyr. Rəhmətə gedəndə dedilər ki, vaxt keçdikcə torpaq insanı soyudur. Amma elə bil, atam dünyasını dünən dəyişib. Hələ də beynimə çatmır ki, mən onu artıq itirmişəm. Düzdü, Allahın işidi, hər şey onun əlindədi. Hardasa 1 həftə, 10 gün qabaq telefonda az qala atamın nömrəsini yığırdım. Məsləhətlərinə o qədər öyrəşmişəm ki… Birdən-birə ayıldım ki, atam daha yoxdu. Qəbul edə bilmirəm. Elə sanıram ki, harasa gedib, qayıdacaq.

- İşdə istər-istəməz başınız qarışır. Yəqin ki, daha çox evdə olanda kövrəlirsiz, atanızın yoxluğunu hiss edirsiz…

- İşdə olanda da atamla gün ərzində 4-5 dəfə telefonla danışırdıq, hal-əhval tuturduq. Axır vaxtlar xəstələndiyindən, onunla daha çox əlaqə saxlayırdım. Soruşurdum ki, necəsən, təzyiqin düşüb-düşməyib, vəziyyətin nətərdi? (kövrəlir, bir qədər fasilə verir). Biz onunla ata-baladan başqa, dost kimi olmuşuq. Bir problem olanda zəng edib soruşurdum ki, ata, bunu necə etmək olar? Bir də görürdün, özü zəng edib, soruşurdu ki, ay Elşən, bu nə məsələdi? Evdə işi haqda danışmazdı. Düzdü, hirsli gələn vaxtları olurdu. Amma sual verəndə dərhal mövzunu dəyişirdi.

- Evin tək oğlu olduğunuzdan, atanız rəhmətə gedəndən sonra ailənin bütün yükü sizin üzərinizə düşüb. Çiyinləriniz həmin yükü qaldırmağa alışıbmı?

- Bir tərəfdən atamın yoxluğu mənim üçün çətindi, digər tərəfdən bütün yük üstümdədi. 26 yaşım olsa da, o çətinliyi dərk edə bilmirəm. Bəlkə də atamın yoxluğuna alışa bilmədiyim üçün belədi. Amma ikinci tərəfdən fikirləşəndə əlbəttə ki, bütün çətinlik, məsuliyyət mənim üstümdədi. Əslində, bunu dərk etməyə məcbursan. Anam, bacım, üstəlik, öz ailəm - həyat yoldaşım, oğlum var. Evə girəndə pis olduğumu heç vaxt bildirmirəm. Deyirəm də, gülürəm də. Düzdü, içimdə ağlayıram, amma onu büruzə verməli deyiləm. Axı onlar mənə baxıb daha pis ola bilərlər. Yanlarında həmişə deyirəm ki, biz hamımız bir gün bu dünyadan gedəcəyik, Allahın işinə heç birimiz qarışa bilmərik. Əlbəttə ki, 52 il çox az ömür müddətidi. Amma nə edə bilərsən? (yenidən kövrəlir).

- Akif müəllim, sizin də dediyiniz kimi, problemini dilə gətirən adam deyildi. Müalicə aldığı vaxtlarda da hər dəfə soruşanda özünü yaxşı hiss etdiyini bildirirdi…

- Açığı, axır vaxtlar özünə baxmırdı, bir az soyuqlamışdı. Xəstələndi. Evdə dedik ki, ay ata, dur, gedək xəstəxanaya. Elə hey deyirdi gedərəm. Nəhayət, gedib, “sistem” qoydurmağa başladı. Gündə 1 saatlıq gedib-gəlirdi. Axır vaxtlar həkim dedi ki, belə olmaz, xəstəxana şəraitində müalicə qəbul etməlisən. Fevralın 6-da onu xəstəxanaya apardıq. 2 gün palata rejimində qaldı. Özünü yaxşı hiss etməsə də, danışa bilirdi. Üçüncü gün halı pisləşdi, reanimasiyaya keçirdilər, süni nəfəs vermək üçün. Üçüncü günün axşamı lap pisləşdi. Məcbur oldular ki, “şlanq”dan istifadə etsinlər. 17 gün komada qaldı. Həmin müddətdə biz onunla danışa bilmədik. Görürdük, gün ərzində 5 dəqiqəlik vaxt verirdilər. Onda da yanına 2 nəfər qalxırdıq, hərəmiz 2 dəqiqə yanında ola bilirdik. Çox qalmaq istəsək də, icazə verilmirdi. Ölümündən əvvəl bizimlə nə danışa bildi, nə də vidalaşa, adamı yandıran budu.

- Atanızın ölüm xəbərini kimdən eşitdiniz?

- Fevralın 25-də axşamüstü evdə idim. Əmimlə birlikdə xəstəxanada qalırdıq. Əmim dedi ki, get 3-4 saat yatıb, qayıdarsan, mən burdayam. Gəldim evə. Təzəcə uzanmışdım ki, zəng gəldi, əmim idi. Dedi ki, Elşən, gəl. “Saturasiya” deyilən bir şey var, nəfəsalma ilə bağlıdı. O, atamda aşağı düşürdü. “Saturasiya” normal insanda 96-97 olur. Atamda “şlanq”ın köməkliyi ilə 96-97 olurdu. Mənə zəng edilən müddətdə isə “saturasiya” 55-ə düşmüşdü. Anamı sakitləşdirə-sakitləşdirə vəziyyəti ona izah etdim, getdik xəstəxanaya. Artıq yanına qalxmağa icazə verirdilər. Həmin an gözlərimin önündən getmir. Qalxıb gördük ki, iynə vururlar, bütün tibb bacıları, həkimlər ətrafında dayanıb. İynə vurula-vurula hamının gözü aparatda qalmışdı ki, “saturasiya” qalxsın. Birdə 65-ə qalxdı. Anamdan başqa hamımızı otaqdan çıxartdılar, 1 saat sonra isə o da otaqdan çıxdı. Səhərisi gün, yəni fevralın 26-da, saat təxminən 2-də yuxarı qalxdıq. Halı həddindən artıq pisləşmişdi. Gözümüzün qabağında 3 dəfə elektroşokla həyata qaytarmaq istədilər. Bir anlıq elektroşokdan sonra ürəyi vurmağa başladı. Dedim, Allaha qurban olum, həyatdı da, belə şeylər o qədər eşitmişik ki. Ancaq axırda 3 siqnal gəldi. Həkim dedi ki, daha mənası yoxdu. Beləcə atamı itirdik (gözləri dolur).

- Ölümdən qorxurdumu?

- Hə, qorxurdu. Desəydim qorxmurdu, yalan olar. Həmişə zarafatla deyirdi ki, ölüb, gedəcəyik. Amma ölümdən qorxurdu. Sadəcə, bunu heç vaxt bildirməzdi. Bir dəfə şəkəri qalxmışdı. Təcili tibbi yardım çağırdıq. Həkimlərdən biri çaş-baş qalmışdı. Dedi ki, sənin şəkərin 500-ə qalxıb, amma şoka düşməmisən, əksinə gülürsən. Atam həkimlə o qədər zarafat etdi ki… Amma içində qorxurdu, fikirləşirdi. Bəlkə də, daha çox bizə görə fikirləşirmiş.

- Dünyasını dəyişəcəyini hiss edib, sizi ölümünə hazırlayırdımı?

- Axır vaxtlar özünü çox yaxşı hiss edirdi. İşdən çıxandan sonra düşündüm ki, pisinə gələr. Bilirsiz ki, atamın həm də böyrəyi xəstə idi. Bir neçə il öncə İranda böyrəyini dəyişmişdilər. Ağrıları olsa da, əslində, özünü yaxşı hiss edirdi. Günümüzün yarısını, demək olar ki, bir yerdə keçirirdik. Tez-tez zəng edirdi ki, neynirsən, gedək, bir yerdə çörək yeyək. Amma ölümünü hiss etmirdi. Bəlkə də, sözgəlişi deyirdi, bu ola bilər. Lakin hər şey birdən-birə oldu. Atam pnevmaniyadan rəhmətə getdi. Şəxsən mən pnevmaniyanın bu dərəcədə ağır xəstəlik olduğunu təsəvvür etmirdim. Bilirsiz, iki nüans var idi: biri böyrək, digəri ağ ciyər. Böyrək istəyir ki, immunitet aşağı düşsün, o, öz fəaliyyətini normallaşdırsın. Ağ ciyər isə istəyir ki, immunitet yuxarı qalxsın, mikroblar ölsün. Atamın bədənində bunun mübarizəsi gedirdi. Tənzimləmək istəyirdilər ki, həm böyrək “otkaz” etməsin, həm də ağ ciyərinə problem yaranmasın. Axırda mən dedim ki, eybi yoxdu, böyrəyi “otkaz” etsə də, olar, təki həyata qayıtsın. Bütün diqqəti ağ ciyərinə yönəltsələr də, mümkün olmadı. Atam həmişə ailəyə bağlı insan olub. Amma axır vaxtlar bizə diqqəti ikiqat artırmışdı.

- Oğlunuza, yəni nəvəsinə çox vaxt ayırırdımı?

- Oğlumla tez-tez gəzməyə çıxırdı. Övladım dünyaya gələndə istədim ki, atamın adını qoyam. Özünə dedim. Qayıtdı ki, neynirsən mənim adımı, bu nədi e, Elşən Akifoğlu, Akif Elşənoğlu (gülümsəyir). Adını Rəsul qoydum. Bəlkə də istədi ki, bunu öz öhdəliyimizə buraxsın. Ad qoyandan bir neçə vaxt keçdikdən sonra anladım ki, gərək atamın adını qoyaydım. Qismət. Bir dəfə bağda idik. Zəng etdi ki, uşağı hazırlayın, gəlirəm götürməyə, “Megafun”a aparacam. Çaşıb qaldıq ki, ata birdən-ikiyə “Megafun”a getməyib axı. Apardı özü ilə. Zəng etdim ki, ata, orda vəziyyət necədi? Dedi, əladı, guya uşağı gətirmişəm, bayaqdan ancaq özüm oynayıram (gülürük). Atam həm mənim, həm də bacımın oğluna çox bağlı idi.

- Övladları arasında sevgisini daha çox sizə bildirirdi, yoxsa bacınıza?

- Həm özümün, həm də bacımın adından bu suala cavab verə bilərəm. Bizə elə münasibət bəsləyirdi ki, hansımıza daha çox diqqət göstərdiyini ayıra bilmirdik. Özümüzə də həmişə maraqlı gəlirdi. Bu insan övladları arasında heç vaxt ayrıseçkilik yaratmadı. Mən evləndim. İnanın ki, yoldaşımı bacımdan ayırmadı, eləcə də yeznəmizi məndən. Dördümüzə də eyni cür yanaşırdı.

- Akif İsmayılov oğluna nə qoyub getdi?

- Güzəranımız pis olmayıb. Təhsil verib, işə düzəldib. 26 ildə problemsiz yaşadım. Nə lazım olubsa, verib. Bəlkə də borc alıb gətirib, amma bizə bildirməyib. O insanın hörməti, sadəliyi bundan sonra bəlkə də ömrümün axırına kimi mənə bəsdi.

- Bəs sizin üçün nəyi etməyə vaxtı çatmadı, yəni tale ona imkan vermədi?

- Nəvələrinin toyunu görmək istəyirdi. Bu, qismət olmadı. Oğlum ona “babuş” deyirdi. Oğlum hər dəfə evə girəndə atamı axtarır. Şəklini göstərib, soruşur ki, “babuş” hara gedib? 4 yaşı var, mən ona atamın rəhmətə getdiyini başa sala bilmərəm, çünki dərk etməyəcək. Deyirəm ki, təyyarəyə minib, uzağa getdi, gələcək. Hələ ki, aldatmaq mümkündü. Amma bir neçə ildən sonra dərk etməyə başlayacaq və onda oğluma da pis təsir edəcək. Evə girirsən, nəyə baxırsan, hər şey atamı xatırladır. Bu insan o qədər gülərüz, pozitiv olub ki… Haqqında danışanda da elə bilirik ki, yanımızdadı. Problemini bildirməsə də, hiss edirdik. 52 yaşdakı üz quruluşu, gözləri xəbər verirdi ki, bu insan qocalığa doğru gedir. Atamı 20 gün ərzində itirdik. Ondan əvvəlki müddətdə vəziyyəti normal idi. Deyirdim ki, atam elə bil, 2007-2008-ci illərə qayıdıb.

- Məlum məsələdi ki, atanızın ölümü daha çox ananıza, onun neçə illik ömür-gün yoldaşına pis təsir edib…

- 8 mart günü idi. Evdə yır-yığış gedirdi, sənədlərin arasında bir şey tapdıq. Atamın anama nişanlı vaxtı, yəni 1986-cı ildə verdiyi açıqca. Üstündə “nişanlın Akifdən 8 mart günündə hədiyyə” sözləri yazılıb. Adi bir kağızın təsirindən, şokundan anamı 3-4 gün ayılda bilmədik. Nə qədər deyirəm ki, çıxaq bayıra, bir az başın qarışsın, çıxmır, özünə, evə qapanıb. Qırx gün ərzində onu yalnız qəbirstanlığa apara bilmişəm. Deyir tək buraxın məni. Yavaş-yavaş hərəmiz bir tərəfdən anamı fikirdən çıxartmağa çalışırıq. Mən özüm də inana bilmirəm. Elə bilirəm ki, atam gələcək, o fikirlə yaşayıram. O insan mənə həm ata, həm qardaş, həm də dost olub. Dostlarımın içində də həmişə demişəm ki, mənim birinci dostum atamdı. Odu ki, mənim üçün 3 qat dərddi. Qismətə bax, 8 mart günündə, 30 ildən sonra həmin açıqca qabağımıza çıxdı. Anam deyir ki, Akif kasıb oğlan idi, həmin açıqcanı almaq istəyəndə cibindən qəpikləri çıxarıb, nə qədərsə çatmayıb. Axırda əlini atıb pencəyin döş cibinə və ordan qəpik çıxanda o qədər sevinib ki…

- Atanızın dostlarından indi sizə diqqəti azalan varmı?

- Yaxın dostlarının diqqəti azalmayıb. Amma bəzilərindən belə bir şey hiss edirəm. İnanırsız, atam özü məni buna hazırlamışdı. Adlarını çəkməsə də, çox vaxt deyirdi ki, sağlığımda məndən istifadə edin. Məsləhət görürdü ki, oxu, özünü hazırla, mənə bir ata kimi güvən, amma elə bilmə ki, hər zaman sənin arxanda dayanacam. Gecə saat 3-də də mənə məsləhətlərini verirdi. Bu günə kimi hər bir sözü yadımdadı. İnanın, dediyi hər cümlə bir-bir gəlib qabağımdan çıxır. Atam dünyagörmüş adam olub, 12 yaşında atasını itirib. Futbola başladığı vaxt anası, yəni nənəm restoranda qab yuyan işləyib. Buna görə də, anasına kömək edib, kasıbçılıqla böyüyüb. Özü deyirdi ki, 1 dənə toy şalvarımız olub, 3 qardaş geyinmişik. Əziyyətlə vəzifəyə gəldi, hörmət qazandı. Mənə də deyirdi ki, həmişə əziyyət çək, özünü işə ver. Dostlarından Abdin Fərzəliyev, Elçin Cəfərov və Rauf Əliyevə minnətdaram. Sağ olsunlar, bu günə kimi də maraqlanırlar. Səhər tezdən Elçin müəllim zəng edib, hal-əhval soruşub. Yasında nazirlik kömək etdi. Xərclərin bir hissəsini onlar, digər hissəsini isə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin müəllim qarşıladı. Baş daşına kimi Abdin müəllim öz öhdəsinə götürdü. Atamı yadından çıxartmır. Bayram günündə də zəng elədi ki, bilirəm yasdasız, amma ölü ilə ölmək olmur. Elçin Cəfərov yas mərasimində hamını mənimlə birgə qarşılayırdı. Amma istər-istəməz diqqəti azalanlar da var.

- Akif müəllimin dəfn mərasimində futbol ictimaiyyətindən uzağı 10 adam gəlmişdi. Bu soyuq münasibət sizə pis təsir etmədimi?

- 40 mərasimində də təxminən o qədər adam gəlmişdi. Ola bilər, kiminsə nəsə işi olub. Mən özüm də AFFA-da çalışmışam. Atamın 3 mərasimində baş katib Elxan Məmmədov Bakıda yox idi. Amma qəbir üstünə əklil göndərmişdilər. Müavini Sərxan və Yusif müəllim də hüzrə qatılmışdılar. Yusif Vəliyev mənə böyük qardaşlıq etdi. Atam xəstəxanada olanda hər gün gəlib baş çəkirdi.

- Atanızın evdə işlə bağlı danışmadığını dediniz. Bəs bir sirri olanda kiminlə bölüşürdü?

- Bəzi şeyləri anamla danışırdı. İşdən azad olunanda da heç nə demədi. Necə, nə cür olduğunu bu günə kimi də bilmədim. Elə dedi ki, orda çörək yemişik, Allah hamının canını sağ eləsin. Otağına gedib, bəzi əşyalarını mən yığışdırdım. Onda hardasa pis olduğunu hiss etdim. Axı neçə il orda işləyib. Amma yenə hər şeyi gülərüz qarşılayırdı. Dedim ki, mən sənin yerində olsaydım, bəlkə də burda halım pisləşərdi. Dayandı-dayandı, sonra kreslonu göstərib “bu mənim atamın deyil ki, haçansa gəlmişəm, haçansa da getməliyəm” dedi.

- Akif İsmayılov kənardan çox təmkinli görünürdü. Bəs nəyə əsəbləşərdi? Ümumiyyətlə, özündən tez çıxan idi?

- Mənə heç vaxt əl qaldırmayıb. Özümdə fikirləşirdim ki, bəlkə də əl qaldırsaydı, daha yaxşıydı. Elə cümlələr işlədirdi ki, sillədən ağır olurdu. Məktəbi bitirəndə mənimlə danışanda həyati örnəklər gətirirdi. Dedim, ata, məni vursaydın, ondan yaxşıydı. Dedi, yox, vurmaqla insan düzəlmir, amma elə söz var ki, hər zaman qəlbində qalar və ona uyğun düzələ bilərsən. Atam  ən çox yalanı götürmürdü. Deyirdi ki, nə etmisənsə, gəl, mənə de. Bir də balaca haqsızlıq belə, ona pis təsir edərdi, gecəni yata bilməzdi. Amma yenə səbr edirdi. 9-cu sinifdə məktəbdə dava etmişdim, atama deməyə qorxdum. Əmimə zəng etdim ki, belə bir şey olub, valideyni çağırıblar, zəhmət olmasa, sən gəl. Atam əmimin gəldiyini bilsə də, üzə vurmadı. Üstündən 2 il keçdi. 11-ci sinifdə oxuyanda daha bir davam düşmüşdü. Əslində, davakar deyildim, arada olurdu. Əmimi görəndə dedi ki, 2 il bundan qabaq davalarına gedirdin, indi də get də (gülür). Qayıtdı ki, onda gəlib deyərdiz, başa salardım, bu dəfə dava etməzdi. Bərk əsəbləşdiyi anı 2-3 dəfə görmüşəm. Amma həmin vaxt nəyə hirsləndiyini xatırlamıram. Nəsə səhvim olanda qışqırırdı. Amma üstündən yarım saat keçəndən sonra zəng edirdi ki, qardaşım, necəsən, hardasan? Mən də ondan üzr istəyirdim.

- Sizə ən çox hansı məsləhəti verirdi?

- Deyirdi ki, çalış həyatda sadə ol, heç kimə yuxarıdan aşağı baxma. Çünki sabah ona işinin düşüb-düşməyəcəyini bilmək olmaz. Özü bir misal çəkmişdi. Deməli, cavan vaxtı bir dəfə arayış almalıymış, gəlib Respublika stadionuna. Həmin vaxt arenanın direktorunun kim olduğunu bilmirəm. Atama deyib ki, gözləyin. İki saat gözləyib, sonra həmin adam özü otaqdan çıxıb. Məlum olub ki, yanında heç kim olmayıb. Atamdan sabah gəlməsini istəyib. Yenə deyib “baş üstə”. Səhərisi gün 3 saat gözlədikdən sonra otağa girəndə görüb ki, həmin adam qəzet oxuyur. Arayaşını alıb, çıxıb. İllər keçib, atam Respublika stadionunun direktoru vəzifəsinə təyin edilib. Bir gün köməkçisi deyib ki, filankəs sizin yanınıza gəlib. Bilib ki, həmin insandı, arenada neçə il işləməsi ilə bağlı sənəd götürəcəkmiş. Deyir gözlətmədim, dedim ki, qoy, gəlsin. Otaqda illər əvvəlki hadisəni ona xatırladıb. Deyib ki, yadınıza düşür, siz mənim başıma belə oyun açdınız, həmin oğlanam, amma mən sizi gözlədə bilmərəm. O vaxt fikirləşib ki, həmin insan bir gün gəlsə, onu 1 həftə yubadacaq, amma ürəyi gəlməyib. Hətta aşağıya kimi düşüb, yola da salıb. Atam kinli insan deyildi, ürəyi təmiz idi. Qarşısındakına vəzifədə olub-olmamasından asılı olmayaraq, insan kimi baxırdı. Bir də israfçılığı sevməzdi. Deyirdi ki, 2 manatı xərcləyəndə fikirləşin ki, bu sizin cibinizdə var, amma heç 2 manatı olmayan insanlar da mövcuddu. Üstümdə haqqı böyükdü. Cibində 5 manat olanda da 3 manatını bizə verib.

- Xarakter baxımından özünüzü atanıza oxşar hiss edirsizmi?

- Mən ona həmişə həsəd aparırdım. Deyirdim, Allahdan bir arzum odu ki, sənin xasiyyətinin, fikirlərinin bir hissəsi məndə olsun. Özünün dediyinə görə, hardasa oxşarlıq var. Diribaş olmağımı, hamı ilə qaynayıb-qarışmağımı istəyirdi. Dost, qardaş kimi olsaq da, hər zaman aramızda pərdə olub. Onun peşmanlığını çəkirəm ki, dostlarımla keçirdiyim vaxtı atama həsr edə bilərdim. Adam itirəndən sonra qədrini daha çox bilir.

- Atanızı heç yuxuda görürsüzmü?

- Tez-tez görürəm. Dünyasını dəyişəndən 2 gün sonra gördüm ki, evimizdədi, mətbəxdə gülə-gülə yanıma gəlib, halımı soruşdu. Qucaqlamaq istəyəndə oyandım. Yuxumda da mənimlə maraqlanır. Anamın yuxusuna isə həmişə bir kişi ilə gəlir. O da atam kimi hündürboy olduğundan, babam olduğunu düşünürük.

- Yadınıza düşəndə nə edərək, rahatlıq tapırsız?

- Hər gün qəbir üstünə gedirəm. Bu, mənim borcumdu. Qəbrinin üstünə gedəndə sanki rahatlanıram. 5-10 dəqiqə dayanıram, ürəyim rahatlanır, sonra qayıdıram. Getməyəndə içimdə narahatlıq olur. Dəfn mərasimini, həmin anları unuda bilmirəm. Çox fikirləşəndə lap pis oluram. Elə bilirəm ki, yuxu idi. Sanki bir epizod idi, gəldi, keçdi. Baş daşına baxanda sanki hara gedirəmsə, mənə baxır. Sağ olsun, elə hörmət qazanıb ki, ömrümün axırına kimi mənə bəsdi. Atam eldən getdi. İnsanların ağlamağını, kövrəlməyini görəndə başa düşürsən ki, bu dünyadan kişi kimi getdi.





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30