20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

XX mundialın iştirakçıları: İSPANİYA

43 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı bu gündən etibarən oxucuları mundial iştirakçıları ilə yaxından tanış edəcək. İlk olaraq son dünya çempionu - İspaniya millisindən söhbət açacağıq.

TARİXƏ SƏYAHƏT

İspaniya Krallığının Futbol Federasiyası 1909-cu ildə yaradılıb. İspaniya yığması tarixindəki ilk matçına 1920-ci ildə çıxıb. Həmin vaxt ispanlar Belçikanın Antverpen şəhərində baş tutan Olimpiya Oyunlarında iştirak edirdilər. “Siftə” uğurlu alındı və İspaniya ilk oyununda Danimarkanı 1:0 hesabı ilə məğlub etdi. Turnir də ispanlar üçün uğurlu alındı və yekunda komanda qatıldığı ilk turnirdə gümüş medala sahib çıxdı.

İspaniya millisi öz meydanında ilk oyununu 1921-ci ildə keçirib. Belçikanı sınağa çəkən ispanlar rəqibini 2 cavabsız qolla üstələyib.

1933-cü ilin 21 mayında baş tutan oyun da ispanların tarixinə düşüb. Madriddə Bolqarıstan yığmasını sınağa çəkən pirineylilər rəqibin qapısından 13 cavabsız qol keçiriblər.

İspaniya millisinin tarixindəki ən ağır yenilgi isə 1:7 hesabıdır. Komanda 2 dəfə bu hesabla rəqibinə boyun əyib. Əvvəlcə italyanlar 1928-ci il, iyunun 4-də Hollandiyanın paytaxtı Amsterdamda baş tutan görüşdə İspaniyanı 7:1 hesabı ilə diz çökdürüblər. Növbəti belə acı yenilgi isə İngiltərə millisindən gəlib. 1931-ci il, 9 dekabrda Londonda baş tutan İngiltərə - İspaniya matçı da meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə başa çatıb. 

UĞURLAR

İspaniya millisi tarixindəki ilk uğurunu 1920-ci ildə Antverpendə baş tutan Olimpiya Oyunlarında qazanıb. Finalda məğlubiyyət acısı yaşayan ispanlar növbəti uğuru xeyli gözləməli olublar. Komanda növbəti dəfə 1964-cü ildə adından söz etdirib. Tarixı ikinci Avropa çempionatı kimi keçən turnirə ev sahibliyi edən ispanlar bütün rəqiblərini üstələyərək, Avropa çempionu adına sahib çıxıblar. 20 il sonra ispanlar yenidən qitə çempion olmağa yaxın idilər. Amma Fransada baş tutan Avropa çempionatında komanda finalda uduzaraq gümüş medalla kifayətlənib. 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunları İspaniya yığmasının qələbəsi ilə yekunlaşıb. Komanda 8 il sonra Sidneydə baş tutan olimpiadada isə gümüş medalla kifayətlənib.

2008-ci ildən etibarən İspaniya millisinin zəfərlərinə start verildi. Komanda əvvəlcə Avstriya və İsveçrənin birgə ev sahibliyi etdiyi Avropa çempionatının qalibi oldu. 2009-cu ildə CAR-da baş tutan Konfederasiyalar Kubokunda pirineylilər bürünc medala sahib çıxdılar. 1 il sonra İspaniya yığması tarixində ilk dəfə olaraq dünya çempionu oldu. Növbəti qitə birincliyi də ispanların hegemonluğu ilə keçdi. Nəhayət, ötən yay Braziliyada keçirilən Konfederasiyalar Kubokunda ispanlar gümüş medalla kifayətləndilər.

MİLLİNİN REKORDÇULARU

İspaniya millisinin heyətində ən çox oyun keçirən futbolçu İker Kasilyasdır. 2000-ci ildən yığmaya dəvət alan təcrübəli qolkiper millidə 152 oyuna çıxıb. Kasilyas kimi 2000-ci ildə yığmada debüt edən digər futbolçu Xavinin aktivində 128 oyun var. 1985-1998-ci illər aralığında millinin şərəfini qorumuş digər əfsanəvi qolkiper Antoni Subisarettanın aktivində isə 126 matç var.

David Vilya İspaniya millisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında 9-cu olsa da, bombardirlər siyahısında birincidir. O, geridə qalan 9 il ərzində yığmada 56 qol vurub. Millidə 102 oyun keçirmiş Raul Qonsalesin aktivində 44, 106 oyunda meydana çıxmış Fernando Torresin isə hesabında 36 qol var.

İSPANİYA MUNDİLLARDA

Braziliyada keçiriləcək dünya çempionatı İspaniya üçün sayca 14-cü olacaq. İlk mundialdan kənarda qalan ispanlar ilk dəfə 1934-cü ildə İtaliyada keçirilən dünya birinciliyində çıxış edib. Keçirdiyi 5 oyunun 3-də qalib gələn İspaniya yığması mundialla 1/4 finalda vidalaşıb. Növbəti 4 dünya çempionatından yalnız 1950-ci ildə baş tutan yarışda mübarizə aparan ispanların qazancı 4-cü yer olub. 1962 və 1966-cı illərdə mübarizəni qrup mərhələsində davam etdirən İspaniya, növbəti 2 yarışdan kənarda qaldı. 1978-ci ildən  etibarən İspaniya millisi bu günə kimi keçirilən bütün mundillarda iştirak edib. 2010-cu ilə kimi yarımfinala həsrət qalan pirineylilər son dünya birinciliyində qalib olub.

UĞURSUZ PÜŞK VƏ TƏQVİM

Dünya reytinqində birinci olan İspaniya yığması püşkatmadan öncə ilk səbətdə yer alırdı. Amma püşkün ispanlar üçün uğurlu alındığını söyləmək çətindir. Əvvəla ona görə ki, İspaniya millisi son mundialda finalda məğlub etdiyi Hollandiya ilə eyni qrupda yer alıb. Digər iki rəqib də “asan yem” deyil. Çili yığması son zamanlar inkişafdadır və Cənub Amerikanın ən güclü kollektivlərindən biridir. Üstəlik, turnir də məhz Cənubi Amerikada baş tutacaq. Qrupda yer alan Avstraliya millisini də hesabdan silmək olmaz.

Təqvimi də ispanlar üçün uğurlu hesab etmək olmaz. Çünki komanda ilk oyununda məhz finalda məğlub etdiyi Hollandiya ilə üz-üzə gələcək. Bu oyunda alınacaq məğlubiyyət ispanların işini xeyli çətinləşdirə bilər. İkinci oyununda ispanlar Çilini sınağa çəkəcək. Bu matç iyunun 18-də, “Marakana” stadionunda baş tutacaq. Qrupdakı son matçında isə ispanlar Avstraliya ilə üz-üzə gələcək. Bu matç iyunun 23-də Kuritibada oynanılacaq.

ONLARIN MUNDİALA GEDƏCƏYİ DƏQİQDİR

İker Kasilyas, Serxio Ramos, Jerar Pike, Jordi Alba, Alvaro Arbeloa, Andreas İnyesta, Serdji Buskets, Xavi, Xabi Alonso, Sesk Fabreqas, Xesus Navas, Xuan Mata, Pedro, Alvaro Neqredo və Dieqo Kosta. Bu futbolçuların mundiala gedəcəkləri dəqiqdir.

İspaniya millisinin baş məşqçisi Visente Del Boske istər “Barselona”nın, istərsə də “Real”ın oyunlarını çox yaxından təqib edir. İspaniya millisi favorit olsa da, Konfederasiyalar Kubokunun finalında Braziliyadan alınan məğlubiyyət komandanın yeni nəfəsə ehtiyac duyduğunu göstərdi. Amma Del Boskenin heyətdə ciddi dəyişiklilər etməsi qeyri-mümkün görünür. Hesablamalara əsasən Del Boske DÇ-2014-ə AVRO-2012-dəki heyətin 87, DÇ-2010-ndakı heyətin 74 və AVRO-2008-dəki heyətində 52 faizini aparacaq.

ZƏİF NÖQTƏLƏR

Sağ cinah müdafiəçisi. Bu, İspaniya millisinin ən ağrılı yeridir. Alvaro Arbeloa mənəvi cəhətdən xeyli yorğundur. Hələ 2 il əvvəlki qitə birincliyində o, güclü heyətin zəif bəndi təsiri bağışlayırdı. Amma qitə birinciliyindən sonrakı müddət ərzində Del Boske Arbeloaya layiqli əvəzedici tapa bilməyib. Aspilikueta nədənsə məşqçilər korpusunun diqqətini cəlb etmir. Karvahal yığmaya dəvət almır. Montoya və ya Karlos Martinesin isə təcrübəsi istənilən səviyyədə deyil. Del Boske hətta məcburiyyətdən universal Kokeni bu mövqedə sınasa da, istədiyini ala bilmədi.

Müdafiənin mərkəzi də Del Boskeni narahat edən mövqelərdəndir. Düzdür, Serxio Ramos - Pike tandemi hələ də etibarlı çıxışı ilə seçilir. Amma onların layiqli əvəzləyicisi yoxdur. La Liqa klublarının akademiyalarında xeyli sayla gənc istedad var. Amma onların yığmaya təqdim edə biləcəyi ən layiqli namizədlər Bartra və ya İniqo Martinesdir. Onların isə dünya çempionatı kimi nəhəng turnirə hazır olduqlarını kimsə iddia ed bilməz. Buna görə də Raul Albiolun ardıcıl dördüncü dəfə nəhəng turnirə yollanacağını proqnozlaşdırmaq mümkündür.

Qapı. Əslində bu mövqeni zəif yox, problemli hesab etmək olar. Kasilyas klubunda “1 nömrə” olmasa da, yığmadakı yerini heç kimə güzəştə getmir. Üstəlik, İker böyük turnirlərdə daim çətin anlarda komandasına yardımçı olub. Cari mövsümdə Viktor Valdes “Barselona”nın heyətində inamlı oyun sərgiləsə də, bir müddət əvvəl aldığı zədə onun işini xeyli çətinə saldı.

ƏN ÇƏTİN SEÇİM

Fernando Torres, yoxsa David Vilya? Hər ikisi yığmanın ən yaxşı bombardirləri arasında yer alır. Amma hazırda həm Vilya, həm də Torres ideal formadan uzaqdır. Vilya “Atletiko”nun heyətində 3 oyundan 1 adından söz etdirir. Torres isə heç də hər oyunda “Çelsi”nin start heyətində görünmür. Bu səbəbdən də Del Boske iki forvarddan hansına üstünlük verməli olduğu barədə xeyli götür-qoy edəcək. Mütəxəssilər təcrübəli məşqçinin Vilyaya üstünlük verəcəyini proqnozlaşdırırlar. Çünki onun lehinə olan məqamlardan biri də Dieqo Kosta ilə klubda yüksək səviyyədə anlaşmasıdır.

Koke, Tiaqo, yoxsa Xavi Martines? “Bavariya”da Qvardiolanın sərəncamında olan sonuncu iki futbolçu yığmanın gələcəyi hesab olunan oyunçuların siyahısındadır. Lakin zədə onlara istədikləri oyunu sərgiləməkdə mane olur. Koke isə əksinə olaraq, “Atletiko”da son 1 ildə özünü ən yaxşı tərəfdən göstərən futbolçulardandır. Madrid təmsilçisinin cari mövsümdəki parlaq çıxışında məhz Kokenin böyük rolu var. İstedadlı futbolçunun uğurlu mövsüm keçirməsi onun Braziliyaya yollanmaq şansının daha çox olması deməkdir.

DAHA 4 İL GÖZLƏYİN!

Alberto Morena. Sevilyalı istedad böyük gələcək vəd edir. Amma yaşının azlığı onun mundiala gedən yolunu baölayır. İndiki məqamda Morenonun Alba ilə əsas heyət uğrunda mübarizə aparması qeyri-mümkündü. Ondansa Naço Monreal və ya elə Arbeloa sol cinahda meydan açıxmaq uğrunda Albayla rəqabət apara bilərlər.

İniqo Martines və Mark Bartra. Morena kimi Martines və Bartranın əleyhinə olan əsas məqam yaşlarının və təcrübələrinin az olmasıdır.

David de Xea. “Atletiko”nun sabiq qapıçısına artıq illərdi “İspaniya millisinin gələcəkdəki əsas qapıçısı” adına sahibdir. İllər keçir, amma de Xea nəinki yığmada “1 nömrə”, heç “3 nömrə” də ola bilmir. Böyük ehtimalla, son illər olduğu kimi bu dəfə də yığmaya Kasilyas-Valdes-Reyna “trio”su dəvət alacaq. Təbii ki, ikinci zədəsini bərpa etsə.

İsko. “Malaqa”da parlayan ulduz “Real”da cari mövsümdə normal təsir bağışlayır. Amma onun əleyhinə olan məqam İspaniya millisinin taktikasının “Real”ın sxemindən fərqlənməsidir.

Tiaqo Alkantara. “Bavariya”ya transfer olunduqdan sonra aldığı zədə Tiaqoya böyük zərbə vurdu. Məhz bir müddət yaşıl meydanlardan kənarda qalması Alkantaranın Braziliyaya gedən yolunu bağlayır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30