21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Minifutbol

İlqar Mikayıloğlu: “Mirşahin şərhçi olsa, uzağı 2 aydan sonra ..."

ANS-in əməkdaşı, “Günəbaxanverilişinin aparıcısı İlqar Mikayıloğlunun müsahibəsi.

“GECƏLƏR MƏKTƏBİN ŞÜŞƏLƏRİNİ SINDIRMAĞI XOŞLAYIRDIM”

- Bir neçə gün əvvəl psixoloji testdən keçdim və məlum oldu ki, hələ 22 yaşım var. Psixoloji nöqteyi-nəzərdən hələ uşaqlıq dövrünü yaşayıram. Mənə elə gəlir ki, uşaqlıq illərim haqqında danışsam, bu gün ilə eynilik təşkil edər. 1970-ci il dekabrın 21-də Bakıda anadan olmuşam. Ailədə 4 uşaq olmuşuq - 2 bacı və 2 qardaş. Mən bacılarımdan sonra üçüncü övlad idim. Sovet dövründə bir ailədə 4 uşağın böyüməsi adi hal idi. Bu gün isə 4 uşaq böyütmək həddən artıq müşkül məsələdir. Atam sürücü, anam tibb bacısı olub. Hər ikisi bütün valideynlər kimi bizə yaxşı təhsil, tərbiyə verməyə çalışıblar. Sürücü olmasına baxmayaraq, atam Mikayıl kişi riyaziyyatı çox yaxşı bilirdi. İmkanı olmadığından sona kimi təhsil ala bilməmişdi. Riyaziyyatı bacılarıma ata öyrətmişdi. Bu üzdən ali məktəbə daxil olanda elə də çətinlik çəkməmişdilər. Mən isə instituta daxil olmaq üçün riyaziyyatın 10 illik proqramını 3 aya mənimsəmişdim. Yaxşı yadımdadı, həmin vaxt anam  başımın üstündən əl çəkmirdi. Bircə sözü vardı – “oxu...” Atam 1996-cı ildə rəhmətə gedib, anam isə şükür Allaha, sağ-salamatdı.

Uşaqlığım şəhərdə keçib, “asfalt uşağıyam”. Məşğuliyyətim ancaq məktəb və idman olub. 13 saylı məktəbdə təhsil almışam. Maraqlıdır ki, orta məktəbin ilk 4 ili daha yaxşı yadımdadır nəinki yuxarı siniflər. Səbəbini heç özüm də bilmirəm. Yaxşı oxumuşam desəm, yalan olar. Orta məktəbi cəmi 2 “beş”lə bitirmişəm.

- Əmək təlimi idman?

- Yox, ibtidai hərbi hazırlıq və rus dili. İdmandan da qiymətim pis deyildi. Uşaq vaxtı boksla məşğul olurdum, Bakı birinciliyinin qalibi idim, başqa xudmani uğurlarım da var idi. Əsgərliyə getməklə uşaqlıq bitdi.

- əcəb futbol yox, boks?

- Həyatda davakar uşaq olmamışam. Fiziki cəhətdən zəif olduğuma görə həyət-bacaya nadir hallarda çıxardım. Bundan başqa bizim dövrdə eynək taxana bir qədər pis baxırdılar – “oçkarik”, “Şurik” deyə çağırırdılar. Bir sözlə, sataşanlar çox idi, ona görə də boksa getməli oldum. Boksun gələcəkdə mənə xeyli köməyi dəydi. Artıq sataşanın cavabını vermək üçün qorxmadan davaya girişirdim. Niyə futbol yox? Uşaqlıqdan futbol oynaya bilməmişəm. Bəxtim onda gətirib ki, oğlum çox yaxşı futbol oynayır. Deyirlər ki, futbol genlə keçir. Allaha şükür edirəm ki, futbol “istedadım” oğluma keçməyib.

- Uşaqlıq illərindən tez ayrıldıq. Heç yadda qalan xatirələrdən danışmadın.

- Orta məktəbdə kimya kabineti 2-ci mərtəbədə yerləşirdi. Pəncərənin düz qarşısında isə qaz borusu var idi. Dərsdən qaçmaq istəyəndə həmin boru vasitəsilə sürüşüb aradan çıxırdıq. Sonradan bizə görə həmin qaz borusunu yığışdırdılar və kimya kabinetində təbii qazın olmaması səbəbindən heç bir təcrübə aparılmadı.

4-cü sinifdə oxuyanda gecələr məktəbin şüşələrinə sındırmağı xoşlayırdım. Səbəbini özüm üçün indiyə kimi aydınlaşdıra bilməmişəm. Amma bu, mənim üçün bir hobbi olmuşdu.

- Valideynləri İlqarı tez-tez cəzalandırırdı?

- Yaralı yerimə toxundun. Evlənəndən sonra özümə söz vermişəm ki, heç vaxt uşaqlarıma əl qaldırmayacam. Çünki uşaq vaxtı döyülməyin dadını, ləzzətini çox görmüşəm. Nəyə görə döyülürdüm? Səhvim olanda məlum məsələdi. Amma çox vaxt elə-belə. Sadəcə, sillə dəyməliydi, vəssalam. Boksa getməyimin burada da xeyrini hiss edirdim – “blok” qoya bilirdim, zərbədən qaçırdım (gülür). Səbəbsiz döyülməyimə görə heç vaxt validyenlərimdən incik düşməmişəm. Hər bir validyenin özünün düşüncə tərzi, tərbiyə metodu var. Bizimkilərin də metodu belə idi.

- İlk cəhddən ali məktəbə qəbul olmusan. Cəmi 2 “beş?

- İmtahanlara yaxşı hazırlaşmışdım. Sənədlərimi İnşaat İnstitutuna (İnşaat Mühəndisləri Universiteti – red.) vermişdim. Əvvəl “konkurs”a düşdüm, sonra isə qəbul oldum. İxtisasım hidromeliorasiya idi. Azərbaycanı sulamalı idim. Sonradan keçdim santexnikaya. Gələcəkdə guya respublikada su qovşaqlarını və sanitariya sistemlərini nəzarətdə saxlayacaqdım. İxtisas üzrə işləməsəm də, yaxşı ki ali təhsil aldım. İndiyə kimi santexnikanın nə olduğunu gözəl bilirəm.

- Tələbə həyatı yaşayasan, həmin illərdən ötrü darıxmayasan...

- İnandırım ki, yox. Həmişə əyalətlərdən gəlib Bakıda təhsil alanlara həsəd aparmışam. Onlar daha çox azad həyat görürdülər, müstəqil idilər. Mən isə... Evdən işə, oradan dərsə və yenidən evə. Bu tələbəçilik deyildi. Yataqxanada yaşamadınsa, imtahana hazırlaşmaq üçün tər tökmədinsə... bu, tələbə olmaq deyil. Sadəcə, ali məktəbdə təhsil almaqdı. Həm də artıq ali məktəbə daxil olan kimi hərbi xidmətə yollandım – Uzaq Şərqə. Dünya orada qurtarırdı.

- Dünya qurtaran yerdə vardı?

- Sakit okeanın olduğunu dəqiq bilirəm. Başqa heç nə yox idi. İlk günlər hərbi hissədən ətrafa baxanda hər  yer qar idi. Ətrafda ins-cins gözə dəymirdi. Dəli olmaq həddinə çatmırdım, amma hiss edirdim ki, beynimdə tamam başqa bir vəziyyət yaranır. Coğrafiyanı yaxşı oxusam da, uzun müddət hara düşdüyümü anlaya bilmirdim. Baş Kəşfiyyat İdarəsinin xüsusi xəyinatlı briqadasında xidmət etmişəm. Özü də “dembel” söhbəti hər yerdə olduğu kimi bizdə də var idi. Döyülmüşəm də. Amma boksçu olmağıma görə az vurulmuşam. Bir sözlə, azərbaycanlıların keçmədiyi hərbi xidmət keçmişəm.

- Hərbi xidmətdə öyrəndiklərinin Qarabağ müharibəsində bir xeyri oldu?

- Sağ qalmağıma hə. Tələbə olduğuma görə ordudan tez təxris olundum – 1989-cu ildə. Bakıya qayıtdıqdan sonra artıq meydan hadisələri, Qarabağ münaqişəsi başlamışdı. Demək olar ki, sakit həyat görmədim.

- Milli orduya necə qoşuldun? Könüllü getmişdin, yoxsaoblavaya düşmüşdün?

- “Oblava”ya düşəndə artıq yaralanmışdım. Atamla bir yerdə maşınla gedirdik, əsgərlər saxladılar - “düş maşından”. Ayaqlarımı göstərəndə, üzr istəyib buraxdılar. İlk dəfə tələbə yoldaşım Vüqar Alışanbəyli ilə könüllü olaraq Şıxov batalyonuna üzv yazılmaq istəmişəm. Amma özbaşınalıq olduğundan bizdə heç nə alınmadı. Qarabağın dadını ANS-ə işə düzələndən sonra çıxarmışam.

“YARIM SAATDAN SONRA XƏBƏR GƏLDİ , UŞAQLARIN HAMISI QIRILIB”

- Necə oldu ki, ANS-ə gəldin?

- 1992-ci ildə Çingiz Mustafayev həlak olandan sonra. Çingiz ilə qapı qonşusu idik. Çingiz yadımda necə qalıb? Tamam fərqli bir insan idi, başqa aləmdə yaşayırdı. Onun aləmində Yasamal, dağlı məhəlləsi “psixologiyası” yox idi, rok, pop musiqisi, Avropa, Amerika var idi. Nə vaxt baxırdın, başını aşağı salıb güllə kimi yanından keçirdi. Hərdən blokda rastlaşırdıq, salamlaşan kimi bir də görürdün ki, yoxa çıxdı. Həmişə harasa tələsirdi. Çingizin ölümündən sonra hərbi komissarlığa getdim, amma orada mənim hərbi mükəlləfiyyətim barədə heç kim heç nə anlamadı. Düzü, o vaxt özümü daha elitar hərbçi kimi hiss edirdim. Yəni, səngərdə piyada ilə bir yerdə döyüşməyi özümə sığışdırmırdım. Qarabağda vuruşmaq istəyi məni ANS-ə gətirib. Bir güllə ilə iki dovşan vurdum – həm gələcək karyeramı qura bildim, həm də Qarabağda döyüşdüm.

- Qarabağa ilk ezamiyyətini necə xatırlayırsan?

- Avqust ayında Şakir Eminbəyli ilə Ağdərənin Kasapet kəndi istiqamətinə “stajyor” kimi ezam olunmuşam. Bizdə təcrübəsiz işçini daha təcrübəlilərlə bir yerə salırdılar ki, güllə səsinə, döyüşə öyrəşsin. Bir qədər təcrübə yığandan sonra isə artıq özün çəkiliş apara, reportaj hazırlaya biliərdin.

- Bayaq yaralanmağından danışdın...

- Döyüşlərdə iştirak etməyə başlayandan təxminən 1 il sonra Ağdamın Şelli kəndində yaralanmışam. İndi də həmin vaxtı dəqiqəsinə kimi xatırlayıram. Şelli formal olaraq bizim nəzarətimizdə idi. Kəndin ətrafında fırlandıq, hər şey normal idi. Şellinin girişində bir ağsaqqalla rastlaşdıq. Bizə dedi ki, kəndin üstündəki hündürlükdə bizimkilərdi, erməniləri mühasirəyə alıblar. Onlara kömək lazımdır. Əla, hündürlükdən ermənini qırmağa nə var? 10 nəfər yollandıq həmin yüksəkliyə tərəf. Demə, ora bizimkilər yox, ermənilərdə imiş. Ağsaqqalın nəyə görə bizə yalnış məlumat verdiyini indiyə kimi anlamıram. Desəm ki, erməni diversantı idi, yox. Bizim uşaqlar onu tanıyırdılar, kənd adamı idi. Amma sonradan həmin ağsaqalla bir daha rastlaşmadım. Nə isə... Erməni də ağılsızdı. Görürsən ki, gəlirik, mümkün qədər yaxına burax, sonra atəş aç. Təpəyə 150-200 metr qalmış pulemyotdan atəş açmağa başladılar. Güllələr heç birimizə dəymədi. Gördülər ki, vura bilmirlər, minamyotu işə saldılar. Onda əsgərlikdə öyrəndiklərim köməyimizə çatdı. Qışqırdım ki, durun dəydi-dəymədi erməni tərəfə atəş açın, susan kimi geri çəkilək. 31 mərmidən yayına bildik. 32-ci gəldi düşdü yanıma. Maraqlıdır ki, ondan sonra atəşi saxladılar. Day bilmirəm, mərmiləri qurtardı, yoxsa mən mərmi səsini eşitmirdim. Qulaqlarım batmışdı, ayaqlarım deşik-deşik olmuşdu, beynim isə heç nə fikirləşmək istəmirdi. Bir “03” vardı, pulunu verib gəldim qospitala...

- Yaralı əsgərə görə pul aldı?

- Hə. İstədi, verdim.

- Daha hansı istiqamətlərdə vuruşmusan?

- Qarabağın ətrafındakı bütün rayonlarda. Ən ağır döyüşlər Tərtərdə - müharibənin axırıncı günü olub. 1994-cü il mayın 12-13-də. Oradakı döyüşlər yaxşı yadımdadır. Hətta həmin döyüşlərə həsr olunmuş bir ssenari yazıb film də çəkmək olar – “Müharibənin sonuncu günü”.  Hər iki tərəf dirənmişdi. Düşmən Bərdə, Tərtər istiqamətinə doğru irəliləmək, bizimkilər isə geri çəkilməmək istəyirdi. Geri çəkilsəydik, müharibənin fəsadları daha ağır olacaqdı. Sözün hər iki mənasında qırğın oldu. Bundan başqa Kəlbəcərdə, Fizulidəki döyüşlər də xatirimdədi. Asif Bağırovla çox maraqlı çəkilişlərimiz olub. 

- Bəlkə bir-ikisini danışasan.

- Ezamiyyətlərə ən çox Asiflə gedirdim. Məhz onunla bir yerdə olanda başımıza çox maraqlı hadisələr gəlib. Bəri başdan deyim ki, hamısı yaxşı sonluqla bitib. Məsələn, 1994-cü ilin fevralında Murovda kursantlarla bir yerdə idik. Gecə yatmaq üçün başımızın altına avtomatı qoyurduq.  Yatmaq deyəndə çadırda, 20-25 dərəcə şaxtada yuxulamaq olardı? Ertəsi günü getdik çəkilişə və hər ikimizin ayağını don vurdu. Asifin ayaqları suya batmışdı deyə, vəziyyəti daha acınacaqlı idi. Elə o vaxtdan ayaqlarım pis gündədi.

Bir dəfə də Fizulinin Kürmahmudlu kəndi istiqamətində hücuma keçməli idik. Asif də dirənib ki, gedib bir qədər irəlidən çəkiliş edim - bizimkilər necə hücuma keçirlər. Hara gedirsən, arxan düşmənə tərəf olacaq, kürəyindən vurarlar. Kəndi götürəndən sonra bir qrup hərbçini bir qədər irəli kəşfiyyata göndərdilər. Asif yenə əl çəkmədi ki, mən də onlarla gedirəm. Day, deyə bilmirəm ki, ora gedənin geri qayıtmaq şansı çox azdır. Birtəhər başını “bişirdim”. Yarım saatdan sonra xəbər gəldi ki, uşaqların hamısı qırılıb.

Söhbətə Asif Bağırov qoşulur: “Başımı bişirmədi, qapaz vurdu. Birini də mən danışım. Kursantlarla bir çadırda gecələmişdik. Səhər tezdən komandir “podyom” verdi. Soyuqdan hes kim bayıra çıxmaq istəmirdi. Bir də baxdıq ki, içəri iki dənə “dımavoy şaşka” atdılar”...

Əsgərlikdə bu cür hallarla rastlaşdığımdan komandirin belə hərəkət edəcəyini gözləyirdim. Yuxunu sevən birisi olsam da, birtəhər sürünə-sürünə çölə çıxdım. Asif isə “Mətbuata azadlıq” deyə, qışqırırdı.

- Bayaqkı söhbətdə doğrudan Asifi vurmuşdun?

- Yadımda deyil.

MOLİNA TOPU OYUNA DAXİL... HA-HA-HA

- Səni daha çox idman şərhçisi kimi tanıyırıq...

- ANS-də mən nə kimi tanınmamışam? Azərbaycanda ilk kriminal veriliş məndə olub. Musiqi, sosial, xəbər, hərbi və s. mövzuda verilişlər aparmışam.  Elə bir sahə yoxdur ki, orada olmayım.

- İlk şərhin yadındadır?

- Çempionlar Liqasında “Qalatasaray” - “Monako” oyunu. Türklər 3:2 qalib gəlmişdilər, Hacı da möhtəşəm qol vurmuşdu.

- Çempionlar Liqası ilə bizim çempionatı şərh etmək yəqin ki, çox fərqlidir.

= Çox. İndi durub bizim futbolu pisləsəm, bir qədər düz çıxmaz. Kənardan döyüş asan görünür. Azərbaycan futbolu ilə o qədər yaxından maraqlanmadığımdan, nəyisə şərh etmək istəmirəm, birdən səhvə yol verərəm. Son zamanlar bizim klubları tənqid atəşinə tutmaqdan ümumiyyətlə, vaz keçirəm. Mənlik deyil. Ona görə yox ki, nədənsə çəkinirəm. Sadəcə, bacardıqları budur.

- Şərhçilik etdiyin dövrdə hansı hadisələr daha çox yadında qalıb?

- Bizimkilərin olimpiadada medal qazanması daha çox ləzzət edib. Ən çox da Zemfira Meftahəddinovanın qazandığı qızıla sevinmişəm. Bəlkə də orada güllə atmaq olduğuna görə. Axı, güllə atmağı xoşlayıram...

- Boksu da sevirdin.

- Ağasi Ağayevin döyüşlərini rok musiqisinin fanatları kimi dəlicəsinə izləyirdim - bu insan necə döyüşür? Başdan-ayağa texnika idi. “Bürünc” Əlinin zərbələrindən də ləzzət alırdım. -İndiyə kimi özümə sual verirəm - olimpiadada Vüqar Ələkbərov niyə əllərini aşağı saldı? Niyə elə bir yarışda ona məşqçinin qapazı dəyməliydi? İdmanın ləzzəti sona kimi döyüşməkdi. Fərqi yoxdur, şahmat olsun, ya boks, ya da başqa bir növ. Öl, amma sona kimi döyüş!

- Çempionlar Liqasının oyunlarını kiminlə birgə şərhçilik etmək daha rahat idi?

- İlk dəfə hansısa oyunu iki şərhçinin birgə aparması ANS-də olub. Asif Bağırov, Doktor Ziya, Rahib Azəri, Gündüz Abbaszadə ilə birgə şərhçilik etmişəm. Bir dəfə də Orxan Fikrətoğlu və Mirşahinlə birgə işimiz olub. ANS-in ad günü idi - noyabrın 26-da. “Milan”la “Real” oynayırdı. Hər ikisinə dedik ki, bu günkü oyunu siz aparacaqsınız. Birtəhər razı saldıq. Orxan Asiflə, mən isə Mirşahinlə düşdüm. Onda gördüm ki, Mirşahin işinə necə məsuliyyətlə yanaşır. Təsəvvür edin ki, birinci hissəyə bu adam az qala səkkiz gözlə baxırdı ki, ikinci yarıda İlqarla nədən danışacağını bilsin. Mirşahinlə tərəf müqabili olmaq çox maraqlı idi. Bir məqama toxunum - Mirşahin şərhçi olsa, uzağı 2 aydan sonra Azərbaycanda bir nəfər də futbol şərhçisi qalmaz. Rəhbərim olduğuna görə demirəm, oyunun gedişində söhbəti elə fırlada bilər ki, uduzan komanda qalib gələr. Vurulmayan qolu vurdurar. Bir qədər fantastik səslənir. Yəni demək istəyirəm ki, onun futbola baxışı tamam başqadır.

- Sualıma cavab vermədin - kimlə tərəf müqabili olmaq daha rahat idi?

- Asif Bağırov və Gündüz Abbaszadə ilə. Bir-birimizi yaxşı başa düşürdük, zarafatlarımız tuturdu. Ziya həmişə nədənsə ehtiyat edirdi.

- Bəs, Rahib Azəri?

- Rahib ağayana şərhçilik edirdi. Zadəgan klubların oyununu aparmaq Rahibin üslubuna daha uyğun idi.

- İndi kimin şərhçiliyi daha çox zövqünü oxşayır?

- İnanın ki, futbola baxmıram. İzlədiyim matç nə qədər maraqlı olsa da, özümdən asılı olmayaraq başlayıram kompüterdə  oyun oynamağa. Hərdən hesabı bilmək üçün ekranın sol yuxarı küncünə baxıram. Vəssalam. İndidən məni dərd götürüb ki, dünya çempionatının oyunlarını hansı kanaldan izləyəcəm. Yəqin ki, rusların kanalından. Bunun da günahkarı bir tərəfdən bizim aparıcılar, digər tərəfdən isə nə qədər gülməli olsa da, kompüter oyunlarına maraqdı. Çempionlar Liqasının yayım hüququ ANS-dən alınandan sonra elə bil bir qədər incik düşmüşəm. 9 il bu turnirin oyunlarını aparmışıq. Heç nə daimi olmur, bu, həyatın qanunudur. Çox istərdim ki, bizdən sonra gələnlər Çempionlar Liqasının oyunları daha yaxşı şərh etsinlər. Şəmsəddin Abbasovun aparıcılığı əla idi. Adama ləzzət edirdi. İndikilərdən İsmayıl Abdullayev çox xoşuma gəlir. O birilərin heç birini tanımıram. İndik aparıcılarda qışqırıq, hay-küy var, amma emosiya yoxdur.

- Yəqin ki, başında maraqlı hadisələr çox olub.

- Demək olar ki, hər oyun. Ən yaddaqalanı mənim yıxılmağımdı. “Deportivo” ilə “Milan” oynayırdı. Adi oyunlardan biri, normal iş gedir. Asif su istədi. Su qabı da yerdə idi. Əyilib götürdüm. Bir qədər kənarda da stəkan vardı. Onu götürmək üçün bir qədər də əyiləndə ayağı diyircəkli kreslo altımdan qaçdı. İndi yıxıldığım yerdən durmuram, uzanıb qalmışam ki, Asif məni görməsin. Görsə, gülməkdən özünü saxlaya bilməyəcək. Asif yıxılmağımı yox, yerdə uzanmış vəziyyətdə qalmağıma güldü. 7-8 dəqiqə pauza yarandı. Futbol gedir, amma şərh yoxdur. Birtəhər özümü toparlayıb ağzımı açmaq istəyirdim ki, qəhqəhə çəkdim. Təxminən belə bir vəziyyət oldu - “Molina topu oyuna daxil... ha-ha-ha”. Tamaşaçılar da nə baş verdiyini bilmirlər. Uzağı, eşitdikləri 7-8 dəqiqə əvvəlki guppultu səsi idi.

Başıma gələn bir maraqlı hadisəni də nəql edim. Studiya ilə rejissor pultu arasında şüşə arakəsmə olur. Rejissor otağındakı uşaqlar yorulduqlarından mürgüləyirdilər. Nə qədər çalışsam da onlara bildirim ki, studiyada stadionunun səsini bir qədər artırsınlar, fikir vermədilər. Qış ayları idi. Ayağımda əsgər “botinka”sı var idi. Çıxarıb atdım şüşəyə. Guppultunu bəlkə də tamaşaçılar da eşitdi. Ondan sonra mənə fikir verdilər. “Botinka” ilə səs qaldırdığımız vaxtlar da olub.

- Bu cür şərhçilikdən özünüz ləzzət alırdınız. Bəs, tamaşaçılar necə?

- Əlbəttə, bəyənməyənlər də var idi. Məsələn, rəhmətlik Valid Sənani mənim şərhçiliyimi qəbul etmirdi. Deyirdi ki, futbolu belə şərh etməzlər. Bəlkə də Çingiz İsmayılovun da məndən xoşu gəlməyib. Amma bu faktdır ki, indi bizi görənlər deyirlər ki, heyf sizdən, əla futbol aparırdınız. Bəlkə də ilk dəfə azadlığı, zarafatı, hay-küyü ilə bol olan şərhçilik kiminsə xoşuna gəlmirdi. Əbəs yerə Gündüz Abbaszadəni “Bəyaz şou”ya dəvət eləməmişdilər. Özləri deyirdilər ki, bizim şərhçilər türklərdən daha yaxşı idi. Yaxşı yadımdadır, türk klublarının oyunlarından sonra Star TV material hazırlayırdı – “azeri spikerlər futbolu nasıl sunuyor”. Artıq bütün Türkiyə bizi tanıyırdı. Kayseridə Türkiyə - Azərbaycan oyununa getmişdik. Bizi görən kimi tanıdılar - azeri spikerlər.

GÜNDÜZ SON İLLƏRNEFTÇİNİN ƏN YAXŞI TAPINTISIDIR

- Tənqidə münasibətin necədir?

-Normal.

- Elə insanlar var ki, Turandan sonraGünəbaxanı sizin aparmağınızı qəbul etmir. Deyirlər ki, Turan daha maraqlı aparırdı.

- “Günəbaxan”ı Turan açmayıb, sırf ANS-in öz layihəsidir. Bu layihə üzərində başda Vahid müəllim, Seyfulla müəllim, Mirşahin olmaqla bütün komanda işləyib. Hər bir layihəni hazırlayanda aparıcılar seçirik. Turanı da “Günəbaxan”a dəvət eləmişdik. Futbol dili ilə desək, transfer. İlk vaxtlar normal reytinq yığa bildi. Sonradan nəyə görəsə ona elə gəldi ki, mütləq deputat olmalıdı. Qanunvericiliyə görə həmin vaxt işləyə bilməzdi və “Günəbaxan”dan ayrıldı. Mirşahin də aparıcılığı mənə təklif etdi. O ki qaldı Turanın məndən yaxşı aparıcılıq etməsinə, həmin fikirdə olanlar zəhmət çəkib reytinq cədvəlinə baxsınlar. Özündən demək olmasın, komanda ilə birlikdə “Günəbaxan”ın reytinqini qaldırdım. Digər kanallardakı analoji verilişlər bizimlə rəqabətə dözmədi. Bir məqama da aydınlıq gətirim. Çoxları düşünə bilər ki, verilişin adı günəbaxan bitkisinin adından götürülüb. Əslində belə deyil. Gün başlayır və insanlar yeni günə baxır.

- Tamaşaçılar vaxta kimi yeni günə İlqarla baxacaqlar?

- “Günəbaxan”ın iyulun 1-ə kimi yaşayacağı dəqiqdir.. Yəni, mövsüm başa çatana kimi. Gələn mövsümlə bağlı yeni planlar nəzərdə tutulub. Dəyişikliklərə ehtiyac var. Digər kanallar bu saatı bizim əlimizdən almağa çalışacaqlar. Bu mənada hansısa yenili eləmək lazımdır. Mənim qalmağıma gəlincə, rəhbərlik nə vaxt desə ki, yaxşı yol, onda da gedəcəm.

- Nəyə görə, “Günəbaxanda idmana, o cümlədən futbola az yer ayırırsınız?

- Sağalmaz xəstəliyə düçar olmuş böyük dərddir. O dərdin adı da reytinqdir. Məhz reytinqə görə nəinki futbol, digər mövzulara da toxuna bilmirəm. Maaşım birbaşa reytinqdən asılıdır. Bu maaşla ailə saxlayıram. Əgər bu gün öz qazancımı kiminsə maraqlarına qurban versəm, sabah onların heç biri mənə adi təşəkkür də etməyəcək. Ona görə də, reytinqlə ayaqlaşmaq məcburiyyətindəyəm. İstərdim ki, futbolla bağlı qonaqlar çox olsun. Çempion olacaq komandanın üzvlərini verilişə dəvət etməyi çox istərdim. Amma kimə maraqlı olacaq   ki, hansı komanda çempion olub? Ən yaxşı halda klubun özünə, futbol ictimaiyyətinə, AFFA-ya və PFL-ə. Bu da maksimum 5-7 min tamaşaçı toplayacaq. 9 milyonun əhali üçün gülməli rəqəmdir.

- Xahiş edərəm, bu sualımdan incimə. Deyən olubmu ki, İlqar şit zarafatlar edir? Şəxsən mən bu haqda bir neçə nəfərdən eşitmişəm.

- Heç nə demirəm, 9 milyonun zövqünə üyğün heç kim aparıcılıq edə bilməz. Aparıcılığım, etdiyim zarafatlar kiməsə şit görünə bilər. Zövqlər müxtəlifdir. Elə insanlar var ki, məni görməyə gözləri yoxdur. Olsun da. Onların dediyi ilə oturub-durmayacam ki? Hərdən bu barədə mənə feysbukda da yazırlar. Dəfələrlə bu cür fikirlərlə rastlaşmışam. İnsanlara bü sözü deməyə məcbür edən naşükürlükdür. Bunu nadanlıq da adlandırmaq olar. “Nəsimi” filminə 2 səhnəyə görə baxıram - Nəsiminin Fəzli və Teymurlənglə söhbəti olan epizodları nəzərdə tuturam. Nəsimi Fəzlidən soruşur ki, ən böyük günah nədir? Fəzli cavab verir - nadanlıq. Bütün günahlar nadanlığın üzündən baş verir. Bu cür insanlar nadan olduqlarına görə nəsə onlara şit, ağır görünə bilər. Amma onlara ağır görünənlər məni ümumiyyətlə maraqlandırmır.

- Çempionatımızla da maraqlanmırsan...

- Bilirəm ki, mənim komandam - “Neftçi” qabaqda deyil.

- “Neftçi Gündüzün orada işləməsinə görə azarkeşlik edirsən?

- Yox, söhbət Gündüzdən getmir. Onun adını çəkdinsə, bir məqamı qeyd edim. Gündüz son illər “Neftçi”nin ən yaxşı tapıntısıdır, istifadə eləyə bilsələr. Bunu həmkarım, dostum olduğuna görə demirəm. O ki qaldı “Neftçi”yə, bu komandaya çoxdan azarkeşlik edirəm. Moskva “Spartak”ı, “Çernomorets”, “Jalgris”, “Kayrat” ilə oyunlar yaxşı yadımdadı. İsgəndər Cavadovun “Çernomorets”ə, Vəli Qasımovun “Metalurq”a, Maşallah Əhmədovun “Jalgris”ə vurduğu qolları xatırlayıram. İndi deyirlər ki, Qaret Beyl möhtəşəm driblinq eləyib qol vurdu. Onun indi göstərdiyini Maşallah Əhmədov sovet dövründə etmişdi. Azərbaycan çempionatında “Neftçi”nin həmişə adını turnir cədvəlinin başında görməyə adət etmişəm. İndi komandamın adını yuxarıda görməyəndə daha aşağıya baxmıram. Maraqlı olmur.

- ANS çempionatın yayım hüqunu alsa, futbolumuzla səthi maraqlanmağa rəğmən yenidən şərhçilik edərsən?

- Əlbəttə. Maraq da birə-beş artar. Hətta rəhbərlikdən köhnə uşaqları yenidən ANS-ə cəlb eləmək üçün xahiş də edərəm.

- Son sualım - müharibə üçün darıxmamısan?

- Bir qədər haşiyə çıxacam. Məndə kompüter oyunlarına maraq həddən artıq çoxdur. İnternet məkanında reallığa yaxın olan və müharibə ilə bağlı oyunları çox sevirəm. Bir gün özümə sual verdim - mən bu döyüş oyunlarını niyə oynayıram? Cavab çox sadədir - beynimdə hələ də döyüş, müharibə havası qalıb. Döyüşmək, savaşmaq istəyirəm. Poeziya ilə aram olmasa da, beynimə poetik bir fikir gəlmişdi – müharibənin qoxusunu oyuncaqdan alıram.

- Döyüşmək istəyirsən...

- Hə. Sabah müharibə başlasa, yenidən həvəslə vuruşaram. Savaşmaq hissi beynimdə qalıb. Hər bir insanın daxilində eqoizm var. O cümlədən məndə də. Məni vurublar və vuranın cavabını verməliyəm. Bəlkə ondan sonra ruhən sakit olaram.

Söhbətləşdi: İlqar TAĞIYEV, “Het-trik news”





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30