21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

"2 metrlik televizoru olanın yox, 2 metrlik otağı olan tamaşaçının sevimli şərhçisi olmaq mənə daha xoşdur"

TURAL DADAŞOV: "İNTELLEKTUAL OLMAQ DƏBDƏ DEYİL"

Bir müddət əvvəl Futbolxeber.az saytı yeni rubrikaya start verdi. "Bizimkilər" rubrikasının özəlliyi ondan ibarətdir ki, sualları hansısa məşqçi və ya futbolçu yox, jurnalist həmkarlarımız cavablandırırlar. Rubrikamızın qonaqları arasında sayt, qəzet, televiziyada çalışan həmkarlarımızı, eləcə də klublarda işləyən mətbuat katiblərini, bir sözlə, indi və daha əvvəl idman mətbuatı ilə əlaqəsi olan hər kəsi görə biləcəksiniz. Beləliklə, "Bizimkilər" rubrikasını qaçırmayın, oxumağa dəyər...

Budəfəki qonağımız İTV-nin əməkdaşı Tural Dadaşovdur. Turalı digər həmkarlarından fərqləndirən cəhət odur ki, o, təkcə idman oyunlarını şərh etmir. Dadaşov həm də intelektual proqram olan "Xəmsə"nin aparıcısıdır.

"BİR DƏ BAXDIM Kİ, QƏLƏM ƏLİMDƏ ƏSİR"

- İTV-yə gəlişin necə alınıb?

- 2005-ci ildə İctimai Televiziya yaranan vaxt mən Bakı Dövlət Universitetində magistraturada oxuyurdum. Sosial fəlsəfə ixtisası üzrə. Müsabiqə keçirildiyini eşitdim.Təxminən 2 aylıq sınaq müddətindən sonra rəhbərliyin etimadını qazandım və işə qəbul olundum.

- Buna qədər hansısa mətbuat orqanında çalışmısan?

- Yox, bundan öncə heç yerdə işləməmişdim.

- Niyə məhz idman sahəsini seçdin?

- İdmanla 6 yaşımdan maraqlanmağa başlamışam. “Neftçi”nin 1-ci dəstədə çıxış etdiyi vaxtlardan. Futbolla yanaşı, xokkeyə də həvəslə baxırdım. İdman sahəsində işləməyim isə təsadüfi alınıb. Əslində mən İTV-yə bu sahədə işləmək üçün gəlməmişdim. Həmin vaxt təklif oldu və qəbul etdim.

- İlk şərh etdiyin oyun yadındadır?

- Futbol şərhinə bir qədər gec başlamışam. İlk oyunum isə Avroliqada “Panatinaikos” - “Qalatasaray” matçı olub.

- Həmin vaxt çox həyəcanlı idin?

- Həyəcan yox idi. Çünki ona qədər digər idman növlərini şərh etmişdim. Həyəcan ilk dəfə idman xəbərlərinə çıxan vaxt olub. Özümü hazır hiss edirdim. Ancaq bir də baxdım ki, qələm əlimdə əsir. Onda başa düşdüm ki, vəziyyət yaxşı deyil. 1 həftə ərzində hər şey ötüb keçdi.

- "Panatinaikos" - "Qalatasaray" oyunundan sonra ətrafdakılardan hansı sözləri eşitdin?

- "Qalatasaray" Afinada prinsipial görüşdə qalib gəlmişdi. Bəlkə də, ona görə heç bir tənqidlə üzləşmədim. Əksinə, xoş sözlər kifayət qədər idi.

- Hazırda İTV-də neçə şərhçi var?

- 5.

- Bəs, oyunların bölgüsünü necə aparılır?

- Oyunları məsləhətləşib bölürük. Təbii ki, idman növünə, oyuna daha yaxın olana üstünlük verilir.

- Bizdə idman jurnalistləri nisbətən az qazanırlar. Bu baxımdan, qazancın səni qane edir?

- Bəli, qane edir.

"HAZIRKİ MİLLİMİZİN MAKSİMUM GÖSTƏRİCİSİ 9-10 XAL OLA BİLƏR"

- Azərbaycan futbolunda hansısa kluba azarkeşlik edirsən?

- Bu sualın cavabını ən yaxın adamlarım da bilmir. “Neftçi” fan-klubu yaranan vaxt onun fəal üzvlərindən olmuşam. Əslən lənkəranlıyam. Ancaq azarkeşlik etdiyim komanda tamam başqa klub da ola bilər. Yəni, bu sualdan yayındım. Üzrlü sayın.

- Problem deyil. Səncə, Azərbaycan futbolu niyə inkişaf etmir?

- Mən bu fikirlə razı deyiləm. Futbolumuzun indiki səviyyəsi göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur. Ancaq Azərbaycan futbolunun inkişafı üçün işlər görülür. İnkişafın olub-olmaması haqda bir neçə il sonra danışmaq daha düzgün olardı.

- Futbolumuzun inkişaf etməməsi fikri ilə razı olmasan da, fakt budur ki, milli komandamız çox tənqid olunur...

- Milli komandamız seçmə tsikldə qələbə qazana bilməyib. Lüksemburqla oyunlarda da. Belədə isə tənqid qaçılmazdır. Bu komandanın maksimum göstəricisi 9-10 xal ola bilər. Ondan artığını gözləmək sadəlövhlükdür. Berti Foqtsun yerində kimin olmasından asılı olmayaraq bu belə olacaq.

"EVDƏ DƏ MƏNƏ BAŞA SALMIŞDILAR  Kİ, RUSLARA AZARKEŞLİK ETMƏK OLMAZ"

- Xarici klublardan hansına azarkeslik edirsən?

- “Qalatasaray” və “Bavariya” azarkeşiyəm. Bu il hər ikisi məni sevindirdi. Ümumilikdə, alman futbolunun azarkeşiyəm. 8 yaşımdan Almaniya yığmasını dəstəkləyirəm. 1992-ci il Avropa çempionatının MDB - Almaniya oyunundan etibarən. Həmin vaxt ölkədə vəziyyət çox gərgin idi. Evdə də mənə başa salmışdılar  ki, ruslara azarkeşlik etmək olmaz. Evdə hamı MDB-nin uduzmağını istəyirdi. Tərslikdən almanlar 0-1 geridə idi. Oyunun son dəqiqəsində Tomas Hessler cərimə zərbəsindən topu qapının "doqquzluğ"una fırlatdı. Xarin idi qapıda. Əla qol alındı. Evdə yaşananları isə təsəvvür edə bilmərəm. Həmin gündən Almaniya yığmasının azarkeşiyəm.

- Azarkeşlik etdiyin komandanın oyunlarını çox şərh etmisən?

- Bəli. "Qalatasaray"ın 8 oyununu şərh etmişəm. Həmin vaxt Türkiyədə oyunlar pullu kanallarla yayımlanırdı. Bu səbəbdən "Türksat" peyki ilə qardaş ölkədə də tamaşaçıların əhəmiyyətli hissəsi bizdən baxırdı. Hər oyundan sonra forumlarda, sosial şəbəkələrdə “azeri spiker” haqda yazılanları oxumaq çox xoş idi. “Şturm”la oyuna “futbol İctimai TV-də izlənir” pankartı aparmışdılar. "Atletiko" ilə oyundan sonra "Qalatasaray TV"də haqqımda süjet vermişdilər. "Qalatasaray"ın rəsmi saytındakı forumda haqqımda mövzu açmışdılar. Ordakı bir post hələ də yadımdadır. Haldun Üstünelin ardıcıl parlaq transferlər gerçəklişdirən vaxtları idi. Bir azarkeş yazmışdı ki, "Haldun Üstünel, azeri spikeri qaçırma". Şirkətin elektron ünvanına gələn məktubların sayı isə o qədər çox idi ki, onları ilk oyunlarda çap edib, mənə verirdilər. Sonra isə çap etməkdən bezib, yönləndirdilər şəxsi ünvanıma. "Atletiko" ilə oyunda Keytanın qol anına "Youtube"də 300 mindən çox istifadəçi baxmışdı. Təəsüf ki, sonradan həmin video silindi. Deyirlər, şərhçi tam obyektiv olmalıdır. Ancaq "Qalatasaray" oynayırsa, bu qayda işləmir. Elə bütün bu diqqəti də, yəqin ki, şərhçidən çox fanat olmağımla çəkmişdim özümə. Qoy olsun, qeyri-peşəkarlıq. Bu, məni narahat etmirdi.

"İNSANA GEYİMİNƏ, İŞLƏTDİYİ TELEFONA VƏ SÜRDÜYÜ MAŞINA GÖRƏ QİYMƏT VERİLMƏMƏLİDIR"

- Həm də "Xəmsə" verilişinin aparıcısısan. Bu proqram isə futboldan tam fərqlənir. 2 ayrı sahədə aparıcılıq etmək çətin deyil?

- Artıq qeyd etdim ki, mən TV-yə idmanda işləmək üçün gəlməmişdim. İctimai Televiziyaya intellektual oyun layihəsi ilə gəlmişdim. Uşaqlıqdan bütün intellektual oyunları maraqla izləyirdim. 2001-ci ildən isə intellektual oyunlarda fəal iştirak edirəm. Yəni, mənim oyunçu təcrübəm aparıcılıq təcrübəmdən daha çoxdur. Bu səbəbdən “Xəmsə”ni aparmaq mənə çətin olmadı. Ancaq mürəkkəb verilişdir.Təsəvvür edin ki, özünü hamıdan ağıllı sayan 80 nəfərin yığışdığı studiyada oyun aparırsan. Hər verilişdə müxtəlif sahələrdən 81 sual səslənir. Buna hazırlaşmaq olar, çətin də olsa. Ancaq bu, işin müəyyən hissəsdir. Oyunun gedişində gələn yanlış versiyalara dərhal şərh vermək lazım gəlir. Buna isə hazırlaşmaq mümkün deyil. Məsələn, İslandiya parlamentinin adını soruşursan. 1-ci cavab Riqsdaq gəlir. Deməlisən ki, Riqsdaq İsveçdədir. 2-ci komanda Stortinq deyir, əlavə etməlisən ki, Norveçdir bu. 3-cü deyir: Folketinq. Bu isə Danimarkanın parlamentidir. Bütün bunları demək lazımdır. Cavab düzgün deyil, səhvdir deyib, keçmək olmaz. Oxşar versiyalarda düzgün qərar vermək. Buna da hazırlaşmaq mümkün deyil. Mənim bəxtim onda gətirib ki, mən də oyunçu olmuşam.

- "Xəmsə" verilişində futbol, ümumiyyətlə idmanla bağlı suallar da olur. Elə sual olur ki əvvəldən heç özün də cavabını bilməyəsən?

- Olur. Hər şeyi bilmək mümkün deyil. "Xəmsə"də idman mövzusuna tez-tez müraciət olunur. Hər komandada bu mövzuya çıxmağa hazır oyunçular olur. Bu yaxınlarda bir beysbolçu haqda sual var idi. Mən onun kim olduğunu "google"dən öyrənmişdim.

- İnteleuktual verilişin aparıcısısan. Səncə, bugünkü Azərbaycan gəncliyinin intelektual səviyyəsi, savadı nə dərəcədədir?

- "Xəmsə"yə görə qiymət vermək düzgün olmazdı. Çünki uzun seçimlərdən sonra ölkənin ən intellektual gəncləri müəyyən edilib oyuna dəvət olunur. Onların intellektinə söz ola bilməz. Ümumilikdə isə, məni qane etmir. Savadlı gənclərimiz var. Problem ondadır ki, intellektual olmaq dəbdə deyil. İnsana geyiminə, işlətdiyi telefona və sürdüyü maşına görə qiymət verilməməlidir. Təsəvvür edin ki, sizin 2 tanışınız var. Biri Kembricdə oxuyub qayıdıb, digəri Moskvada işləyib 100 minlik maşın alıb qayıdıb. Hansı daha çox diqqət mərkəzində olacaq? Yanaşma tərzi dəyişilməlidir.

- İş zamanı adam istər-istəməz tez-tez maraqlı hadisələrlə qarşılaşmalı olur. Hansı belə hadisələri xatırlaya bilərsən?

- Çox olub belə hallar. Bir dəfə İtaliya çempionatının oyununu aparırdım.Yağış gücləndi və oyun dayandı, hamı meydanı tərk etdi.Təxminən 20 dəqiqə boş meydana danışmalı oldum. Arada anonslar da verildi. Bu müddətdə yağış kəsdi və oyun davam etdirildi. Bir dəfə də, Elnur Əliyevlə Londonda Olimpiadanın açılış mərasimini şərh edirdik. Əksər ölkələrin bayraqdarları tanınmış idmançılar idi. Bəzilərini isə heç özümüz də tanımırdıq. Yanılmıramsa, Samoanın bayrağını kök, yaşlı bir qadın gətirirdi. Təbii ki, birinci dəfə idi ki, onu görürdük. Elnur ölkə haqda məlumat verib bitirən kimi ondan soruşdum ki,bayrağı gətirən kimdi, bilmirsən? Yumruğunu göstərdi mənə, cavab verdi ki, yox bilmirəm. Bəlkə də canlı efirdə belə zarafatın yeri yox idi. Amma kefimə düşdü, elədim.

"BARSELONA" NAĞILI BİTDİYİ KİMİ, İSPANİYA DASTANI DA BAŞA ÇATDI"

- Klublarla tez-tez səfərlərə gedirsən?

- İşlə bağlı tez-tez xarici səfərlərə gedirəm. Amma klublarla çox az səfərlərim olub.

- İTV-də çalışırsan. "İdman Azərbaycan"la rəqabət aparmaq çətin deyil?

- Heç vaxt bu haqda fikirləşməmişəm. Digər peşələrdən fərqli olaraq bizim işimiz göz qabağında olur. Tamaşaçı özü baxıb qiymət verir. Sadəcə, öz işini bacardığın qədər daha yaxşı görməyə çalışmalısan. Vəssalam.

- Konfederasiyalar kubokunu siz yayımladınız. Bildiyim qədəri ilə Dünya Çempionatının yayım hüququ da sizdədir. Maraqlıdı, idman kanalı qala-qala İTV yayım hüququna necə sahib çıxdı?

- Bəli, dünya çempionatının da yayım hüququ bizdədir. Bu cür yarışlar tender yolu ilə satılır. Bütün kanalların təklifi nəzərdən keçirilir və satılır. Biz də bu üsulla yayım hüququna sahib olmuşuq.

- Sirr deyilsə, dünya çempionatının yayım paketi İTV-yə neçəyə başa gəlib?

- Bu kommersiya sirridir. Tam səmimi deyirəm ki, bilmirəm.

- Konfederasiyalar kubokunu Braziliya qazandı. Ev sahibləri buna layiq idi?

- Sözün bütün mənalarında layiq idi. Bütün iddialı rəqiblərini - İtaliya, Uruqvay və İspaniyanı məğlub edib, çempion oldular.

- Belə fikir səslənir ki, ispanlarin hökmranlığı artıq başa çatıb. Bu fikirlə razısan?

- Razıyam. "Barselona" nağılı bitdiyi kimi, İspaniya dastanı da başa çatdı. Mən də belə fikirləşirəm.

- Neymar və Messi birlikdə oynaya bilər?

- Bu haqda müxtəlif fikirlər səslənir. Məncə, oynaya bilərlər. Problem ondadır ki, hər ikisi “birinci skripka” roluna alışıblar. Neymar bu məsələdə Messiyə güzəştə getməlidir.

- Qarşıdakı dünya çempionatının favoriti kimi hansı komandanı görürsən?

- Əsas favoritlər rolunda Braziliya və Almaniya yığmalarını görürəm. Braziliyanın meydan sahibi kimi şansları azacıq yüksəkdir.

"ŞƏRHÇİNİN GÜCÜ ZƏİF OYUNLARDA ORTAYA ÇIXIR"

- Azərbaycanda idman mətbuatının səviyyəsi səni qane edir?

- Ölkədə yaxşı futbol şərhçləri var. Fikir verdinizsə, mən idman şərhçisi yox, futbol şərhçisi dedim.

- Belə çıxır ki, Azərbaycanda yaxşı idman şərhçisi yoxdur?

- Yaxşı idman şərhçisi universal olmalıdır. Qarşıdan Soçi Qış Olimpiya Oyunlari gəlir. Fiqurlu konkisürməni və ya körlinqi üst səviyyədə şərh edə biləcək kimsə var? Vankuver olimpiadası vaxtı mən bu ölkədə qış idman növləri üzrə 1 nəfər mütəxəssis tapa bilmədim ki, şərhçinin yanında olub, öz spesifik biliylərini  bölüşsün. Bizdə futbol, voleybol, basketbol, güləş, boks. Formula-1-in yaxşı şərhçiləri var. Amma bu siyahının uzun olmaması diqqətdən qaçmadı yəqin.

- İdeal şərhçi necə olmalıdır?

- Bir az mürəkkəb sualdır. Fikrimcə, şərh spesifik janrdır. Şərhçi dili təmiz bilən, söz ehtiyatı zəngin, geniş dünya görüşünə malik, idman növünə dərindən bələd olmalıdr. Qeyri-standart vəziyyətlərdə özünü itirməməlidir. Şərhçilər televiziyadakı digər aparıcılardan fərqlənir. Canlı efirdə işləyən xəbər aparıcısı, şou aparıcısı və s. konkret fəaliyyət ardıcıllığını müəyyən edərək buna uyğun hərəkət edir. Bizdə isə hər an fors-major ola bilər. Qeyd etdiyim kimi, oyun uzun müddətə dayana bilər, həmin müddətdə efirdə danışmağa sözün olmalıdır. Futbolçu meydanda ölə bilər, tribunada gözlənilmədən məşhur bir şəxsi iri planda göstərə bilərlər. Sən onu tanımalısan axı. Mübahisəli vəziyyətlərdə ani qərar vermək qabiliyyəti olduqca vacibdir. Şərhçi individual işləməyi bacarmalı, unikallığa meyl etməlidir.Yəni, fərqlənməyə çalışmalı, öz dəst-xətti olmalıdır. Mümkün qədər yeniliklərə can ataraq, yeni terminlərdən istifadə etmək. Kiminsə dilindən söz oğurlamaq, təqlid etmək yol verilməzdir. Bunun üçün ədəbiyyat köməyə gələ bilər. Bir dəfə demişdim ki, Kuarejma 2 pərəstişkarının müşaiyəti ilə cərimə meydançasına daxil oldu. Oyundan sonra dedilər ki, yaxşı fikirləşdin. Əslində, mən bu ifadəni Çingiz Abdullayevin əsərlərindən birində oxumuşdum. Orada Dronqonu təqib edənləri pərəstişkar adlandırmışdılar. Digər misal, “çerez sebya” sözünün tərcüməsi həmişə başağrısı olub. Uğurlu tərcümə alınmır. İlk dəfə bu üslubda zərbəni Leonidas Da Silvanın vurduğu deyilir. Braziliyalıdır. Portuqal dilində isə bu zərbəyə “bisiklet” deyirlər. Çimərlik futbolunda daha geniş istifadə edilir. Mən də şərh zamanı bu termindən istifadə edirəm. Bu cür misalları çox çəkə bilərəm. Yumor hissi vacibdir. Lakin bunun yerini bilmək lazımdır. Mən İspaniya - Taiti oyununda kifayət qədər zarafat etdim. Ancaq olimpiadanın finalında Toğrul-Besik qarşılaşmasının şərhində bunu edə bilməzdim.Toğrul rəqibi atanda yaxşı bir bənzətmə gəldi ağlıma, amma saxladım. Bilmədiyin şeyi danışmayacaqsan.  Əmin deyilsənsə, sus və ya hiyləgərlik edib yayın. Oyunlardan birindən öncə 1 dəqiqəlik sükut elan edildi. Bilmirdim səbəbini. Həmin vaxt daşqınlarda ciddi insan itkisi olmuşdu. Risk edib dedim ki, təbii fəlakətdə ölənlərin xatirəsi yad olunur. Sonradan bildim ki, hansısa motosikletçi qəzaya uğrayıb ölübmüş. Bu, mənə dərs oldu. Daha bilmədiyim şeyi danışmıram. Maraqlı və gizli faktları axtarıb tapmaq lazımdır. Bu baxımdan yenə də intellektual oyun təcrübəm köməyimə gəlir. Braziliya-İtaliya oyununda İtaliyanın nəyə görə ölkə bayrağındakı rənglərdə deyil, mavi rəngli formada oynamasının səbəbini açıqladım. Ondan sonra o qədər suallar oldu ki, məcbur olub İspaniya - İtaliya matçında bir daha təkrarladım. Gizli qalmış faktdı. Özü-özlüyündə maraq doğurur. Şərhçinin gücü zəif oyunlarda ortaya çıxır. “Real”- “Barselona” oyunu istənilən halda şoudu. Boş tribunalar önündə keçirilən oyun qorxulu yuxudan da pisdir. Bir dəfə belə oyun aparmışam. Buxaretsdəki “Dinamo” - “Qalatasaray” matçını. İnterküy şərhçinin ən yaxın dostudur. İnterküy olmayanda şərhçi ikiqat işləməlidir. Şərhçi öz üslubunu müəyyən etməlidir.Yaşlı nəsil sovet şərhçilik məktəbini görüb, indi də bunu görmək istəyir. Heç kimdən çəkinmədən bu üslubu bəyənmədiyimi bildirirəm. Burada meydandakı hadisədən uzaqlaşmaq normal qəbul edilir.Yəni  "Liverpul" hücum edir, sən isə, Con Lennon haqda danışırsan. İngilis üslubu isə tam fərqlidir. Daim oyunu şərh edirsən, zədəli futbolçuya yardım göstəriləndə deyirsən ki, "Liverpul", həmçinin, “Bitls”lə tanınır. Lap könlünə düşsə, “Yesterday”dan zümzümə də edə bilərsən. Mən də ingilis üslubunu seçmişəm. Bu əksinə, daha çətin yoldur. Oyun ərzində ən azı 1100 dəfə futbolçu adı çəkməlisən. Səhv etmək olmaz. Əks təqdirdə biri girib yazacaq ki, şərhçi bir epizodda Bonuççiyə Bartsalyi dedi. Yazmayacaq ki, 1099 dəfə oyunçuların adlarını düz dedi. Bu üsulun əleyhdarlarının əsas silahı odur ki, böyük monitorda tamaşaçı onsuz da topun kimdə olduğunu görür. Ancaq mən avtomobil dayanacağında gözətçi işləyən adam tanıyıram, 2 metrlik otaqda, kiçik, ağ-qara televizorunda futbola baxır. 2 metrlik televizoru olanın deyil, 2 metrlik otağı olan tamaşaçının sevimli şərhçisi olmaq mənə daha xoşdur. Bu üsulda şərhlə tamaşaçını daim oyunda saxlayırsan. Hətta radio dinləyicisi də oyunun gedişatından tam məlumat alır.

- Azərbaycan teleməkanında səninçün ən yaxşı şərhçi kimdir?

- Azərbaycanda yaxşı futbol şərhçiləri var. Digərlərindən bir addım öndə olanlar var. Ancaq iki addım öndə olanı görmürəm. Görsəydim, adını deyərdim.

- Bizim bəzi şərhçilər "üzr istəyirəm" ifadəsindən tez-tez istifadə edirlər. Dəfələrlə səhvə yol vermək şərhçi üçün nə dərəcədə ayıb sayılır?

- Gəlin, səmimi olaq. Uzaq plandakı futbolçunun adını səhv deyirsən. Dərhal səhv etdiyini anlayırsan. 100 tamaşaçıdan 10-u tutur söhbəti. Üzr istəyən kimi 100-ü də bilir səhvini. Çoxları bu səbəbdən üzr istəməkdən çəkinirlər. Ancaq etdiyin səhvə görə tamaşaçıdan üzr istəmək lazımdı. Bu, efirdi, dəyirman deyil.

Elman MƏHƏRRƏMOV





< br/>

Ad: Vaqif Tanrıverdiyev;   E-mail: [email protected]

15.07.2013 16:57

Təbrik edirəm, Tural bəy, həmişə olduğun kimi səmimi və özünəməxsusluğun ləzzət verir.

Ad: Nurlan Hesen;   E-mail: [email protected]

12.07.2013 22:00

Bezmeden ve yorulmadan oxudum. Bele insanlara cox ehtiyacimiz var, hem intellektual hem de pesekar. Halaldi!
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30