Ölkə futbolu
Yaşar Seyidov: “Yekunda doğru qərar verdik ki, futbolumuz bu günə qədər gəlib çıxdı”
Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizin unudulmazları” adlı layihənin altıncı yazısı Azərbaycan futbolunda görünməmiş boykota həsr olunur.
Ölkə futbolunda problemlər hələ müstəqilliyin ilk illərindən baş qaldırıb. İlk belə qalmaqal 1993-94 mövsümündə yaranıb və etiraz əlaməti olaraq Azərbaycan Peşəkar Futbol Liqası yaradılıb. AFFA-nın tərkibində olmasa da, bir çox klublar və hakimlər həmin qurumla çalışmağa razılıq veriblər. 1997-ci ildə "Neftçi" ilə bağlı problem ortaya çıxıb, iki "Neftçi" yaradılıb. Bu proseslər ötən əsrin sonlarına qədər davam edib. Nəhayət, 2000-ci ilin əvvəllərində pik nöqtəyə gəlinib. Nəticədə klublar kütləvi şəkildə AFFA bayrağı altında çıxış etməkdən imtina ediblər. Düz 17 il əvvəl klublar sözü bir araya qoyaraq, oyunlara çıxmamaq qərarına gəliblər. Nəticədə fevralın 19-da “Qarabağ” - OİK, “Viləş” - “Kəpəz”, ertəsi gün isə “Neftçi” - “ANS Pivani” və “Şəmkir” - “Kimyaçı” matçı baş tutmayıb. Adları sadalanan 8 komandadan 7-nə texniki məğlubiyyət verilib. Yalnız “Viləş” meydana çıxıb və aktivinə qalibiyyət yazılıb. Məhz bu səbəbdən o mövsüm məğlubiyyət sayı, qələbə sayından çox olub.
Ələkbər Məmmədov AFFA prezidenti seçildi, UEFA qəbul etmədi
Həmin vaxt təkcə klub nümayəndələri yox, ümumilikdə futbol ictimaiyyəti, veteranlar bu işin içində idilər. 2000-ci ildə alternativ qurum yaratmaq istəyənlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının iclas zalında qeyri-qanuni konfrans keçiriblər. Hətta AFFA prezidenti də müəyyənləşdirilib. Belə ki, mərhum Ələkbər Məmmədov prezident seçilib. Ancaq AFFA İcraiyyə Komitəsinin üzvlərinin 2/3-nin imzası, növbədənkənar konfransın çağırılması ilə bağlı tam tələb olmadığı üçün UEFA seçkini qəbul etməyib. Bu prosesdə iştirak edənlər FİFA və UEFA-nın Nizamnaməsinə zidd addım atdıqları üçün alternativ qurumun fiaskoya uğraması qaçılmaz idi. Nəticədə ali futbol qurumu da təbii ki, bunu tanımayıb. Ancaq vəziyyət 2002-ci ilə qədər düzəlməyib. Bütün bu qalmaqalların yekunu olaraq, 2003-cü ildə konfrans keçirilib. UEFA nümayəndələrinin də iştirakı ilə AFFA İcraiyyə Komitəsi üzvərinin 2/3-nin razılığı ilə növbədənkənar konfrans çağırılıb. Yeni prezident seçkiləri keçirilərək, məsələyə son qoyulub. Həmin vaxt AFFA prezidenti Fuad Musayev konfransı gözləmədən istefa ərizəsini yazaraq, prezidentlikdən gedib.
Həmin vaxt alternativ qurum əleyhinə mübarizə aparanlardan biri də “Dinamo” klubunun təsisçisi və prezidenti Yaşar Seyidov idi. Stajlı azarkeşlər və futbol ictimaiyyətinin üzvləri də bilir ki, Azərbaycan futbolunun bugünkü inkişafında, bu səviyyəyə çatmasında Seyidovun böyük rolu var. Hazırda Azərbaycan futbolunda ən təcrübəli mütəxəssis olan Yaşar Seyidovun illər öncə Azərbaycan futbolundakı boykotla bağlı fikirlərini təqdime edirik:
“Tələb edirdi ki, nizamnamə oldu-olmadı, klublar yığışmalıdı”
AFFA İcraiyyə Komitəsinin üzvü olan Seyidov bu narazılıqları nizamnamədə boşluqların olması ilə əlaqələndirib: “Orda əsas məsələ seçkilərin keçirilməsi ilə bağlı idi. Narazı klublar sırasında bizim "Dinamo" komandası yox idi. Biz seçkilərin keçirilməsi və çempionatın davam etdirilməsinin tərəfdarı olan klublardan idik. Komandalar o vaxt narazılıqla bağlı sənəd imzalamışdılar. Hətta yadımdadı, AFFA İcraiyyə Komitəsində bununla bağlı məsələ qaldırıldı. Mən öz çıxışımda qeyd etdim ki, seçkilər normal səviyyədə keçirilsin və çempionat davam etdirilsin. Tələb nizamnamənin dəyişdirilməsi idi. Çünki seçkinin keçirilməsi ilə bağlı nizamnamədə boşluq var idi. Sonra bir komissiya yaradıldı və həmin komissiya nizamnamənin hazırlanması işinə baxırdı. Məsələ də növbəti seçkilərin keçirilməsinə qədər gedib çıxdı. Sonradan AFFA prezidenti seçilən rəhmətlik Ramiz Mirzəyev həmin vaxt "Neftçi"nin rəhbəri idi. Mən ona da hər şeyin nizamnaməyə uyğun olmasını təklif etmişdim. Düzdü, ilk vaxtlar qəbul etmirdi. Çünki seçkilərlə, çempionatın dayandırılması ilə bağlı onun öz fikirləri var idi. Mənim təklifim o idi ki, seçkilər nizamnaməyə və AFFA-nın reqlamentinə uyğun keçirilsin. Klublara rəhbərlik edənlərdən biri məhz Ramiz müəllim idi. O da fərqli mövqedən çıxış edirdi. O tələb edirdi ki, nizamnamə oldu-olmadı, klublar yığışmalıdı. Amma mən deyirdim ki, mütləq nizamnamənin tələblərinə uyğun hərəkət etməliyik. Nəticədə FİFA da məsələyə qarışdı. Mirzəyev AFFA İcraiyyə Komitəsinin üzvü olduğum üçün mənim obyektiv olmadığımı düşünürdü. Amma sonrakı proseslərdə gördü ki, ən düzgün yol biz deyən yoldu və axırda razılaşdı”.
“Ramiz Mirzəyevlə Fətullah Hüseynovu barışdırmaq mümkün deyildi”
Seyidov əlavə edib ki, bu işlərə rəhbərlik edənlərdən biri də "Xəzər Universiteti"nin prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü Hamlet İsaxanlı olub. Həmçinin o, Ramiz Mirzəyevlə AFFA-nın həmin vaxtkı I vitse-prezidenti Fətullah Hüseynovu barışdırdığını da vurğulayıb: “Onda rəhmətlik Fətullah Hüseynovun evinə yığışırdıq. Hətta onu da deyim ki, Fətullah müəllimlə Ramiz müəllim küsülü idilər. Hər ikisi tovuzlu olmasına baxmayaraq, aralarında böyük konflikt, gərginlik yaranmışdı. O dərəcədə küsülü idilər ki, onları barışdırmaq mümkün görünmürdü. Amma bəzi şəxslər şahiddilər ki, mən onları necə barışdırdım. Bundan sonra Fətullah müəllim seçkilərin keçirilməsi məsələsinə rəhbərlik etdi və AFFA-da bununla bağlı müsbət fikirlər qəbul olundu. Sonradan sənədlərin FİFA-ya göndərilməsi üçün Hamlet İsaxanlı işçi komissiyası yaratdı, sənədlər tərcümə olunmağa başlandı. Hamlet müəllim "Xəzər Universiteti"ndə bununla əlaqədar böyük qrup yaratdı. FİFA ilə danışıqlar, yazışmalar, nizamnamənin hazırlanması tərcümə olunub, UEFA-ya göndərilirdi. Bütün faks və yazışmalar "Xəzər Universiteti"nə gəlirdi. Biz hər ikimiz eyni zamanda həmin işçi komissiyasının üzvü idik. Hamlet İsaxanlı ilə mövqeyimiz eyni idi. Hər ikimiz qanunlara görə hərəkət etməyi məsləhət görürdük”.
“Çempionat davam etdirilməsəydi, FİFA ağır sanksiya tətbiq edəcəkdi”
Yaşar Seyidov onu da deyib ki, həmin dönəmdə ortaq məxrəcə gələ bilməsəydilər, Azərbaycan futbolu beynəlxalq arenadan diskvalifikasiya olunacaqdı: “FİFA-dan çempionatın dayandırılması ilə bağlı məktub gəlmişdi. Çempionat davam etdirilməsəydi, milli komandamız və klublarımız beynəlxalq yarışlardan kənarlaşdırılacaqdılar. FİFA məktubunda belə bir sanksiya veriləcəyini istisna etməmişdi. Məsələ bu qədər ciddi olsa da, yoluna qoymağa nail olduq. Tam səmimi deyirəm, Yaşar Seyidov olmasaydı, AFFA-da prezident seçkiləri keçirilməyəcəkdi və Azərbaycan futbolu dağılacaqdı. AFFA İcraiyyə Komitəsinin üzvlərinin imza ilə bağlı sənədlərini gecə-gündüz hazırladım. Çünki seçkilərin keçirilməsi üçün komitə üzvlərinin də razılığı lazım idi. O sənədlərin hazırlanması üçün rayonlardan imzaları mən toplamışam. Həmin vaxtkı Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev, həmçinin hazırda Nəsimi rayonunun icra başçısı olan Asif Əsgərovun (Gənclər, İdman və Turizm nazirinin keçmiş müavini) da çox böyük köməyi oldu. Seçkilərdə kimlərin iştirak etməsi ilə bağlı məsələləri onlarla müzakirə etmişdik. Sənədlərin hazırlanmasında isə Məzahir Süleymanzadənin xidmətləri danılmaz idi. O, federasiyaya qarşı müxalifət mövqedə qərar tutsa da, əməyi böyük oldu. Hər iki tərəf bir cür sənəd hazırlayırdı. Onlar federasiyaya qarşı qurum olsalar da, əməkdaşlığımız çox yaxşı idi. Çünki gözəl fikirləri də var idi. Yekunda doğru qərar verdik ki, futbolumuz bu günə qədər gəlib çıxdı”.
“Futbolun təməli düzgün qurulmadı”
Növbəti həmsöhbətimiz olan keçmiş FİFA referisi Tahir Süleymanov baş verən narazılıqların yanlış qurulmuş iş sistemindən qaynaqlandığını bildirib: “Əsrin əvvəlindəki proseslərə fikir bildirmək üçün gərək AFFA-nın ilk 10 ilinə nəzər yetirəsən. Müstəqillik dönəmimizdə futbolun təməli düzgün qurulmadı. İlk çempionatda güclülər dəstəsinə 26 komanda buraxıldı. Heç İngiltərə Premyer Liqasında bu sayda komanda oynamır. SSRİ dönəmindən qalan "Neftçi" və ustalardan ibarət (sovetlər dönəmində peşəkar klublar belə adlanırdı) 5 komandamız var idi. Respublika çempionatında çıxış edənlər arasında 5-6 səviyyəli klub var idi. Liqada komanda sayı ilə bağlı çox qızğın müzakirələr gedirdi. Bizim təklifimiz ilk ildə 12 komandalı çempionatın keçirilməsi idi. 5-6 usta komandamız digərlərini arxasınca apara biləcəkdi. Təəssüf ki, təklifimiz qəbul olunmadı və çempionata 26 komanda buraxıldı. 5-6 səviyyəli klub digər 20 komandanın yükünü qaldıra bilməzdi. Kəmiyyət keyfiyyəti üstələdi. Bu azmış kimi, qərara alındı ki, liqanı ilk ildə 10 komanda tərk edəcək. Bununla da birinci dəstənin formalaşmasına, klubların səviyyəsinin artmasına böyük zərbə vuruldu. İlk olaraq güclülər dəstəsini kütləvi tərk edən komandalar dağılmağa başladı. Doğru atılmayan addımlar öz mənfi təsirini göstərməkdə idi”.
“Haqsızlıqlar federasiyaya qarşı inamsızlığa gətirib çıxardı”
Süleymanov bu tip problemlərin tez-tez baş qaldırdığını və nəticədə futbola maliyyə axınının yarandığını vurğulayıb: “Müstəqilliyimizin ilk illəri idi, ölkədə siyasi-iqtisadi xaos hökm sürürdü. Müharibə də bir tərəfdən. Buna baxmayaraq, müstəqil iş adamları futbola yatırım edirdilər. Ölkədə ilk peşəkar futbol klubları yaradıldı, Azərbaycan FİFA, UEFA-nın üzvlüyünə qəbul edildi. Bölgələrimiz futbolla nəfəs alırdı. AFFA ilk illərdən doğru yol seçmədi, narazılıqlar yaranırdı. Özüm 1992-ci ildə hakimliyi atdım. Etirazların əlaməti olaraq müstəqil PFL yaradıldı. Hakimlərin 90%-i, bəzi klublar bu qurumun bayrağı altına keçdilər. AFFA rəhbərliyi etirazları görüb müəyyən güzəştlər etməyə çalışdı. Bunun sayəsində özüm də yenidən hakimliyə qayıtdım. 90-cı illərin ortalarından yenə narazılıqlar baş qaldırdı. Klublar federasiyanın fəaliyyətinə kəskin etirazlarını bildirirdilər. Tam müstəqil olduqları üçün onlara heç kim təsir edə bilmirdi. Eyni zamanda iş adamlarının, AFFA-nın dövlətlə konfliktdə olmasını istəmirdilər. Belə durum onları futboldan soyudurdu. İslahatların aparılmaması, haqsızlıqlar sonda federasiyaya qarşı tam inamsızlığa gətirib çıxardı. Artıq geniş futbol ictimaiyyəti, klublar futbolda dəyişikliyin olmasını istəyirdilər. AFFA-nın daxilində də narazılıq yaranmışdı”.
"İnqilabçı"lardan qorxaraq Fuad Musayevi satanlarla yola davam etdilər”
Keçmiş beynəlxalq dərəcəli hakim əlavə edib ki, əsas problemlərdən biri Fuad Musayevin kadrlarının AFFA-da saxlanılması olub: “2000-ci ildə konfrans keçirildi və mərhum Ələkbər Məmmədov prezident seçildi. Təəssüf ki, o vaxt bu işlərə məsul olan insanlar məsləhətlərimizə qulaq asmayaraq səhvlərə yol verdilər. FİFA, UEFA Nizamnamələrini dərindən bilmədiklərinə görə, konfransın nəticələri beynəlxalq futbol qurumları tərəfindən qəbul olunmadı. Futbolda isə xaos davam edirdi. Etirazların pik nöqtəsi "Şəfa" - "Xəzər Universiteti" görüşündə hakim özbaşınalığı oldu və bütün klublar çempionatda iştirakdan imtina etdilər. Bundan sonra ideoloji işə birbaşa özümüz nəzarət etdik və tam qanunlaşdırılmış şəkildə AFFA İcraiyyə Komitəsi üzvlərinin çoxluğunun rəsmi imzaları, razılığı ilə konfrans çağırıldı, qanuni olaraq yeni prezident seçkiləri keçirildi. Əsas məqsəd futbola dövlət qayğısının artması, sponsorların cəlb olunması, futbolun inkişafı idi. Çox təəssüf ki, AFFA-ya yeni gələnlər "inqilabçı"lardan qorxaraq Fuad Musayevi satanlarla yollarını davam etdirdilər. Təbii ki, 10-15 ildə futbolu dağıdanlar islahatlar apara bilməzdilər. Futbola milyonlarla yatırımın olmasına baxmayaraq, ciddi irəliləyiş olmadı. Yaradılan onlarca klub yenidən dağılmağa başladı. 2004-05 mövsümündə futbola elə bir psixoloji inam yaranmışdı ki, çempionat oyunlarında stadionlara 15-20 min azarkeş gəlirdi. Təəssüf ki, azarkeşlərin ümidi qırıldı. Sonrakı illərdə klublarımız Avroliqada qruplara vəsiqə qazansalar da, ümumi futbolda uğurlar istənilən səviyyədə olmadı. Başlıca səbəb bu sahədə təsadüfi insanların çoxluq təşkil etməsi, futbol adamlarının çoxunun onlara baş əyməsi, 90-cı illərdə futbolu dağıdanların əksəriyyətinin yenidən iş başında olması idi”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
22:40
Qurban Qurbanov: "Heyətdə dəyişikliklər ola bilər"
-
22:07
Mingəçevirdə yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib
-
21:52
"Zirə" "Torpedo" ilə oyuna hazırdır
-
20:19
Rəşad Sadıqov: “Gedişatı dəyişmək üçün hər şey edəcəklər”
-
18:00
“Neftçi”nin mətbuat və azarkeşlər üçün açıq məşqi olacaq
-
16:25
Ehtiram Şahverdiyev paytaxt klubunda
-
15:38
Azər Məmmədov: “Bəzi mövqelərdə transferə ehtiyacımız var”
-
14:03
Boksçularımız Almaniyadan 6 medalla qayıdırlar
-
13:41
Azərbaycanın 2027-ci il üçün Milli Antidopinq Qaydaları layihəsi WADA ilə razılaşdırılıb
-
12:56
"Şamaxı"dan növbəti transfer
-
11:24
Toral oynadı, rəqibə penalti qazandırdı
-
10:32
Fransa İspaniyaya uduzdu VİDEO
-
10:17
"Onların xəbəri yoxdur ki, Azərbaycan çempionatının səviyyəsi çox yüksəlib"
-
10:00
"Sabah"ın qələbəsi VİDEO
-
21:38
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
-
20:04
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
-
19:57
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
-
18:21
"İmişli"nin rəqibləri bəlli oldu
-
17:40
Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
-
17:19
Qoridə boks millimiz geniş heyətlə təmsil olunacaq
-
16:36
“Araz-Naxçıvan”dan hücumçu transferi
-
16:05
"Qarabağ" İslandiyaya gedir
-
14:52
Gənc basketbol hakimləri üçün təlim-seminar təşkil olunub
-
12:28
PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib
-
11:43
Budapeştdə yarışacaq güləşçilərimiz müəyyənləşdi
-
10:54
Yusif İmanovun yeni klubu bilindi
-
10:31
“Vestri” darmadağın olub
-
10:17
“Qarabağ” azarkeşlərə müraciət etdi
-
10:00
Vernidub: “Hər şey plan üzrə gedir”
-
21:51
“Neftçi” “Osiyek”ə məğlub oldu
-
20:17
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
-
19:36
"Turan Tovuz"un rəqibi bilindi
-
18:43
“Kəpəz"dən bu yayın ilk transferi
-
18:00
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
-
17:29
I Liqa klubundan hücumçu transferi
-
16:55
"Qəbələ"dən ayrılan müdafiəçi "Olimpiakos"da
-
16:12
Azərbaycan avarçəkəni Litvada gümüş medal qazanıb
-
15:48
Belçika millisinin üzvü "Mançester Yunayted"də
-
15:04
Fuad Bayramov "Səbail"ə keçib
-
14:31
“Gəncə” braziliyalı legionerlə gücləndi
-
13:57
“Qəbələ” 5 yoxlama oyunu keçirəcək
-
13:26
"Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
-
12:43
Şahmat millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
-
12:00
Fransa klubunda yeni baş məşqçi
-
11:39
Forlan Uruqvay millisində
-
11:15
Babək Quliyev Konfrans Liqası matçında
-
10:58
Azərbaycan avarçəkənləri Gürcüstanda 18 medal qazanıblar
-
10:42
Sloveniya toplanışındakı son məşqdə FOTOLENT
-
10:24
I Liqa təmsilçisi "Neftçi"nin futbolçusunu heyətinə qatıb
-
09:17
Sərbəst güləş millimiz iki rekordu yeniləyib
15.07.2026
14.07.2026
13.07.2026























