3 Dekabr 2024, Çərşənbə axşamı
Elmar Baxşıyevdən qələbə şərhi
Redon Cica “Qarabağ”dan ayrılır?
Millimiz Kiprə də məğlub oldu
“Neftçi” “Qarabağ”la bacarmadı

Ölkə futbolu

Sadıq Sadıqovdan etiraz: “Bu “Sadıq xofu” hardandı, bu nə düşmənçilikdi?”

“ÇİNGİZ ABDULLAYEV VƏ ELNUR MƏMMƏDOV ÖZ CİBİNİN PULU İLƏ CAMAATA YEMƏK VERMİR”

“Artıq 9 aydı “Neftçi” klubundan ayrılmışam. Bu müddət ərzində cəmi bir dəfə - Milli Olimpiya Komitəsində 50 illik yubileyimlə bağlı tədbirdə futbol haqda müsahibə vermişəm. Bununla da, futbolla qurtarmışıq. “Neftçi”dəki missiyamızı yerinə yetirdik. Bizim üçün əlçatmaz zirvə var idi, onu əlçatan etdik, futboldan uzaqlaşdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq prezidenti Sadıq Sadıqov deyib.

Hazırda Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışan Sadıqov son vaxtlar haqqında yayılan yazılara aydınlıq gətirib. “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin komandada yemək məsələsi ilə bağlı açıqlaması Sadıq Sadıqovun narazılığına səbəb olub. Belə ki, Abdullayev onun gəlişinə qədər “Neftçi” rəhbərliyinin yalnız futbolçu və məşqçi heyətini yeməklə təmin etdiyini, bundan sonra isə bütün işçilərə klubun hesabına yemək veriləcəyini bildirmişdi.

Bununla bağlı danışan Sadıq Sadıqov onun dövründə “Neftçi”nin yeməkxanasına bacısının həyat yoldaşının rəhbərlik etməsi ilə bağlı yayılan informasiyaya da münasibət bildirib: “Ruzi-bərəkət insana Allah tərəfindən verilir. Hərənin öz qisməti var. Bizim komanda bir ailə şəklində olub. “Neftçi” mənim üçün əziz komandadı. Biz o komandadan ailəmizə çörək aparmışıq. Orda zəhmətimiz ürəyin istəyən qədər ödənilib. Mənim vaxtımda necə diqqət və qayğı göstərilirdisə, həmin diqqət və qayğı indi yeni rəhbərliyə də göstərilir. Mən bildiyim qədərilə həmin büdcədi. Klubun sponsoru var – Dövlət Neft Şirkəti - heç kim cibinin pulunu xərcləməyib. Hansı işçini hara təyin etmişəmsə, prezident kimi mənim işim olub. Vallah, utanıram yemək verilib-verilməməyi söhbətini etməyə, belə söhbətlər insanın mənəviyyatına toxunur. Yenə deyirəm, bu gün biz özbaşına deyilik. Komandada maliyyə şöbəsi vardı, indi isə departament adlandırılır. Həmin şöbənin rəhbəri Qədim müəllim bu gün orda işləyir. Şirkətlə “Neftçi” PFK arasında olan bütün hesabatları mənim imzam olmaq şərtilə, məhz o çatdırırdı. Sponsorla razılığa gəlinmişdi və işçilərə yemək verilirdi. Mən həmin aşpazın adını Əbdül bilirdim. Saytdan oxudum ki, tam adı Əbdüləzimdi. Onunla heç bir qohumluğum yoxdu, əvvəldən orda işləyib. Yenə deyirəm, orda mən cibimdən 1 manat da pul xərcləmirdim. Eşitmisizmi ki, 5 il ərzində bir dəfə deyim ki, kiməsə çörək verirəm? Biz kimik ki, kiməsə çörək verək? Sponsorla öhdəçilik müqaviləmiz var idi. Bu gün də elədi. Yəqin ki, Çingiz Abdullayev və Elnur Məmmədov da öz cibinin pulu ilə camaata yemək vermir”.

“Neftçi”nin keçmiş prezidentinin sözlərinə görə, həmin dönəmdə Azərbaycan futbolunda güclü ajiotaj, rəqabət olduğundan, bəzi vəzifələrə tanıdığı və inandığı şəxsləri təyin edib: “Fikrət Məmmədovla bağlı məsələyə gəlincə, ora elə bir yerdi ki, mühasibatlığın hesablarının nəzarəti altında olub. Nəinki yeməkxana məsələsində, həmçinin ümumi məsələlərdə bizim sponsorla hesabatımız var idi. Köçürdüyü pulun hesabatını aparıb verirdik. Maliyyə Qədim müəllimin nəzarətində olduğu üçün bu kimi şeylərə o, baxırdı. Yenə deyirəm, ora elə bir yer idi ki, min cür təxribat ola bilərdi. Yeməyi zəhərləyə də bilərdilər və s. Güclü ajiotaj var idi. Hətta oyunçuları çayxanalarda çəkib danışdırırdılar. Bu məsələlər bizdə də müzakirəyə qoyulurdu və o, ciddi nəzarət üçün ora qoyulmuşdu. Gərək tanıdığımız adamı ora qoyaq da, tanımadığım adamı necə qoyum? Futbolun o vaxtkı gərginliyini, ajiotajı nəzərə alaraq, mənə yaxın olan adamı ora qoymalıydım ki, güclü nəzarət olsun. Bu gün də həmin sənədlər qalır, həmin mühasibatlıq ordadı. Əmək haqlarına qədər öyrənə bilərsiz ki, kim nə qədər pul alıb, ona nəzarət Qədimdə olub. Sonra orda adını unutduğum bir ağsaqqal var idi, bizim işçi idi. Sırf yeməkxanada otururdu, təchizatla bağlı məsələləri qeyd edirdi. Bizim vaxtımızda Kadrlar Şöbəsində Gülnarə xanımı mən təyin etmişəm. Bizə yaxın olan bir dostun bacısıdı. Bəs onu niyə demirlər ki, bu gün orda əziyyət çəkir, işləyir. Bildik ki, ali təhsillidi, əvvəllər Neft Şirkətinin Mədəniyyət Departamentində işləmişdi”.

Hazırda diqqətini bütünlüklə cüdoya yönəldən Sadıq Sadıqov yeni işinin futbolla müqayisədə daha çətin olduğunu vurğulayıb. Bundan əlavə, vitse-prezident onu özünə düşmən sayanlara səslənib: “Şükürlər olsun Allaha, Cüdo Federasiyasının vitse-prezidentiyəm. Uğurlarımız, federasiyanın işi görünür. Onu da deyim ki, futboldan qat-qat ağır işdi. Nəzərə alaq ki, 4-5 ay ərzində ümumi yığma komandanı hələ 2-3 dəfə görmüşük. Təlim-məşq toplanışları, Qran-pri yarışları, Böyük Dəbilqə turnirləri, gənclər arasında beynəlxalq yarışlar, Avropa, dünya çempionatı və s. Başımızı qaşımağa vaxtımız yoxdu. Bu gün ancaq və ancaq cüdo haqda fikirləşirik. Belə məqamda bir də görürsən ki, kənardan biri peyda olur və bizi müzakirə edir. Gedənin dalınca danışmazlar, biz heç vaxt bunu etməmişik. Cüdo Federasiyasına gəldikdən sonra da köhnə federasiya rəhbərlərini həmişə alqışlamışıq. İşçilərin hamısına halallıq mənasında minnətdarlıq etmişik. “Neftçi”də də bizdən əvvəl işləyənlər olmuşdu. Orda çalışdığım 5 il ərzində əvvəlkilər haqda heç vaxt artıq-əskik danışmamışam. Bu gün məni təyin ediblərsə, qabiliyyətimi, qanacağımı göstərərək, öz işimlə məşğul olmalıyam. Adama yer edir ki, bu qədər zəhmət çək, xəstəliklər tap, ilk dəfə Avroliqanın qrup mərhələsinə düş, tarix yaz, sabah kimsə gəlsin və haqqında xoşagəlməz sözlər danışsın. Belə şeylər eşitmək insanı qıcıqlandırır. Biz də çıxıb çox adam haqda çox söz danışa bilərik. Nədənsə Sadığın “Neftçi”yə qazandırdığını heç kim dilinə gətirmir. Yaddan çıxdı ki, Avroliqanın qrupuna düşən ilk komandanın rəhbəri olmuşam. Bu gün Azərbaycanda “Neftçi” və “Qarabağ” olmaqla iki komanda var ki, Avrokubokda müəyyən məbləğ qazanıb. Bu qədər şey yaddan çıxdı. Mən inanıram ki, bu gün də “Neftçi”yə normal vəsait ayrılır. Bundan sonra nə nailiyyət əldə edəcəklər, özləri bilərlər. Bəs bu “Sadıq xofu” hardandı, bu nə düşmənçilikdi? Bunlar nə etmək istəyirlər? “Neftçi”nin ya 6, ya da 7-ci prezidenti olmuşam. Bundan sonra neçəsi gələcək, halal xoşları olsun. Biz işlədiyimiz vaxt heç kimin dalınca danışmadıq. O qədər işlərlə rastlaşdıq ki, səsimiz də çıxmadı. Amma bunlar... Köhnə rəhbərlik yemək vermirdi. Vermirdi, vermirdi də. Allah başından töksün, milyon qazanasan, yedirdəsən kasıb-kusuba. İstəməyənin belə gözü çıxsın. Bunu çıxıb deməyin, hay-küy qaldırmağın nə mənası var? Sadıq yemək verməyib, imkanı olmayıb. Sizin imkanınız varsa, Allah başınızdan töksün. Alqışlayıram sizi. Amma o, cibinizin puludu, yoxsa sponsorun? Camaata yemək verib, sonra çıxıb sinənizə döyürsüz və özünüzü qəhrəman kimi göstərirsiz. “Neftçi”nin hazırkı durumu göz qabağındadı. Bir baxın görün, komandanı necə uğura apara, ruhlandıra bilərsiz? İdman sahəsində çalışan işini dildə yox, döşəkdə, arenada, meydançada göstərməlidi. Axı sən öz cibindən xərcləmirsən”.

Sadıqov “Neftçi”nin Müşahidə Şurasından ayrılmasını belə izah edib: “Neftçi”nin bu gün oturduğu obyektlər əvvəlki “Neftçi” İdman Sağlamlıq Mərkəzinin balansında olan obyektlərdi. Mən “Neftçi”də Müşahidə Şurasının üzvü olanda, işlərimin çoxluğu ilə əlaqədar, ondan imtina etdim. Baxdım ki, Müşahidə Şurasının bir iclasında iştirak etsəm də, digərlərinə qatıla bilməyəcəm. Bir də ki, “Bədən Tərbiyəsi və İdman Xadimi” kimi cənab prezident tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılmışam. Gördüm ki, bir mütəxəssis kimi “Neftçi”də mənə ehtiyac yoxdu, işimin çoxluğu ilə əlaqədar ərizə yazıb, çəkildim kənara”.

Sadıqov vaxtilə bir yerdə çalışdığı Tahir Süleymanovun televiziya vasitəsilə “Neftçi”nin hazırkı rəhbərliyinə cavab verməsinə də toxunub. O, Süleymanovla hazırda paytaxt klubunda çalışan Elnur Məmmədov arasında müqayisə aparıb: “Tahir müəllim azad insandı, nə deyir, özü bilər. Onunla yalan olmasın, 3-4 aydı görüşmürük. Bu gün işimiz ayrıdı. Əvvəl bir yerdə işləmişik, amma mənim kadrım olmayıb. Özünüz də bilirsiz ki, mən “Neftçi”yə gələndə Tahir müəllim artıq orda çalışırdı. O, futbola bağlı insandı. “Neftçi”yə gələndə öz-özümə dedim ki, buranın bir-iki işini ondan öyrənərəm. Mən yeni, vitse-prezident yeni, bütün işçilər yeni olsa, orda nə etmək olardı? Bizim birinci ildəcə uğur qazanmağımızın səbəblərindən biri köhnə kadrları saxlamağımız oldu. Tahir Süleymanov nə etsin? Onun da bostanına daş atılırsa, cavab verməlidi də. Mütəxəssis baxımından da müqayisə edək. Tahir həmişə üzdə olan insandı. Müstəqilliyimizin ilk illərindən bu adam Azərbaycan futbolunun içində olub. Vitse-prezident klubda söz sahibi deməkdi. Bu gün mən Cüdo Federasiyasında vitse-prezidentəm. Deməli, söz sahibiyəm. Vitse-prezident elə-belə vəzifə deyil ki, yoldan keçəni gətirib qoyasan. Elnur Məmmədov da “Neftçi”yə seçki ilə gətirilməyib ki... Elnuru mənə təqdim edəndə dedim ki, cavandı, gül kimi uşaqdı, bacarıqlıdı, əvvəl stadionda işləyib. “Neftçi”də 6 ay bir yerdə çiyin-çiyinə işləmişik. Orda görmürdü ki, nə proseslər gedir? Heç olmasa, o istiqamətləndirsin ki, ay filankəs müəllim, belə olmaz, axı biz bir yerdə işləmişik. Yenə deyirəm, daha mənim üçün cüdo erası başlayıb. Elitar, olimpiya idman növüdü, biz onu inkişaf etdirməliyik”.

 





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31