21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

Milli komanda, yoxsa təcrübə obyekti?

BERTİ FOQTSUN VAXTINDA YIĞMAYA 20 LEGİONER CƏLB EDİLİB

Ruslar komandalarını “natsionalnaya zbornaya Rossii po futbolu” (Rusiya milli yığma futbol komandası), ingilislər “England national football team” (İngiltərə milli futbol komandası), almanlar “Deutsche Futballnationalmannschaft” (Almaniya milli futbol komandası), türklər “A milli takım” (A milli komanda) adlandırırlar. Siyahını xeyli uzatmaq olar. Amma əksər ölkələrin futbol üzrə əsas komandasında “milli” sözü var. Azərbaycanın da belə bir komandası mövcuddur. Sadəcə, yalnız bizdə əsas komandanın bir neçə adı var - milli, yığma, seçmə... Məlumdur ki, adlanını çəkdiyim ölkələrdən Almaniya, İngiltərə milli komandalarında başqa dövlətlərdə doğulmuş və həmin dövlətin vətəndaşlığını daşıyın futbolçular yer alıb. Buna rəğmən komanda milli adlandırılır. Çünki, həmin futbolçuların demək olar ki, hamısı doğulduğu ölkələrdə deyil, yaşadıqları Almaniya və İngiltərədə futbolun sirlərinə yiyələniblər və bu mənada komandalar haqlı olaraq milli adlandırılır. Bizdə isə əksinədir. Bir də görürsən, Azərbaycanla heç bir bağlılığı olmayan birisini gətirib yığmaya calaq elədilər. Belədə, “milli” sözü avtomatik olaraq “yığma”ya çevrilir.

İndiyə kimi yığma komandamızın heyətində onlarla milliləşdirilmiş futbolçular çıxış edib. Bu yazıda onlar haqqında məlumat verməklə yanaşı, həmin futbolçuları ölkəmizə gətirənlər və dəvətin səbəblərini araşdırmağa çalışmışam. İrəli gedərək nəticəni bəribaşdan qeyd edim - yığmamız indiyə kimi xidmətindən yararlandığı futbolçuların demək olar ki, heç biri komandaya düz-əməlli xeyir verməyib. Noyabrın 16-da Norveçlə oyundan sonra komandanın baş məşqçisinin kim olacağı bilinəcək. Həmin mütəxəssisin kimliyi matçdan bir neçə gün sonra da məlum ola bilər, 2015-ci ilə qalma ehtimalı da böyükdür. İstər yerli olsun, istər əcnəbi, kimliyindən asılı olmayaraq yeni təyin olunacaq məşqçinin komandanı gücləndirmək adı ilə səviyyəsiz futbolçuları Azərbaycana gətirməyə haqqı yoxdur. Buna cavabdehlik daşıyın AFFA-nın da həmçinin. Vətəndaşlığımızı, Azərbaycan pasportunu bu qədər ucuzlaşdırmayın!

Millini ilk dəfə Kazbek Tuayevkorlayıb

Futbol üzrə milli komandamız ilk oyununu 1992-ci il sentyabrın 9-da Qurcuanidə Gürcüstan milli komandası ilə keçirib. Həmin qarşılaşma meydan sahiblərinin 6:3 hesablı qələbəsi ilə başa çatmışdı. Komandamızı oyuna Əhməd Ələsgərovun rəhbərlik etdiyi Məşqçilər Şurası hazırlamışdı. Şuraya Kazbek Tuayev, Ağasəlim Mircavadov, Ruslan Abdullayev, Mübariz Zeynalov və Vaqif Sadıqov daxil idilər. Doğrudur, Ruslan Abdullayevin adı “beşlik”də olsa da, müəyyən səbəblərə görə şuranın işində iştirak etmirdi. 1993-cü ilin martından 1994-cü ilin mayına kimi komandaya Ələkbər Məmmədov başçılıq etdi. Lakin həmin vaxt onu bu postda Məmmədovu əvəzləyən Mircavadov-Tuayev tandeminin rəhbərliyi altında millimizin Malta ilə oyunda 0:5 hesablı ağır məğlubiyyətdən sonra AFFA Tuayev göndərərək tək Mircavadova ümid etdi. Gəl ki, 1995-ci ilin sentyabrına kimi Ağasəlim müəllimin komandası keçirdiyi 9 oyunun hamısında məğlub oldu və bu dəfə əvəzləmə tərsinə oldu - Mircavadov göndərildi, Tuayev gətirildi. Alınan nəticələrdən asılı olmayaraq, millinin Gürcüstanla ilk oyunununda olduğu kimi 1995-ci ilədək komandanın heyətini ancaq yerli futbolçular təşkil edirdilər. Bunları yazmaqla ardıcıl məğlubiyyətlərin səbəblərini başqa söhbətin mövzusu olduğu üçün araşdırmaq fikrindən uzağam. Doğrudur, komanda nəticə qazana bilmirdi. Amma bu uğursuzluq futbolçuların səviyyəsinin aşağı olması demək anlamına gəlmirdi. Məğlubiyyətlərin bir çox obektiv və subyektiv səbəbləri vardı ki, onları saxlayaq başqa vaxta. Məqsədim bu günə kimi komandaya cəlb olunan legionerlərin səviyyələrini araşdırmaq və onların bizimkilərdən heç bir cəhətinə görə üstün olmadıqlarını sübut etməkdir.

Millimizi yığma edən ilk legioner Deni Qaysumov olub. Daha doğrusu onu milliyə dəvət edən AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev və baş məşqçi Kazbek Tuayev. Məlum məsələdir ki, futbolçular əcnəbi ölkənin milli komandasında oynamağa əsasən 2 halda razılıq verirlər. Birincisi, təbii ki, pul amilidir. Müəyyən məbləğ qarşılığında razılığı alınan futbolçuya pasport düzəldilir və komandada oynamağa şərait yaradılır. İkincisi isə, legioner öz ölkəsinin yığmısanı düşməkdə çətinlik çəkir və başqa ölkənin yığmasında oynamaqla özünü göstərməyə və daha iddialı klubların diqqətini cəlb etməyə ümid edir. Bir növ başqa ölkənin yığmasından tramplin kimi istifadə edir. Əslən çeçen olan Deni Qaysumov özünə görə pis müdafiəçi deyildi. Bir vaxtlar Rusiyanın “Terek” və ÇSKA kimi klublarının şərəfini qoruşumdu. Amma 1995-ci ildən Azərbaycan millisinə dəvət alan çeçen balası bizim futbolçulardan nə iləsə seçilmirdi. Yəni, heç bir üstünlüyü yox idi. Həmin dövrdə SSRİ yeni süqut etmişdi və sovet futbolunun yetişdirdiyi kifayət qədər təcrübəli müdafiəçilərimiz var idi. Qaysumovun Azərbaycana dəvət olunmasına nə o vaxt, nə də indi izah tapa bilmirəm. Çünki, bununla bağlı o vaxtkı rəhbərliyin gətirdiyi arqumentlər bəhanədən başqa bir şey deyildi. Ölkədə futbolçu qıtlığı? İndicə qeyd etdim ki, 1995-ci ildə sovet futbol məktəbinin yetirmələri olan onlarla müdafiəçinin adını çəkə bilərəm. İmperiya vaxtı “Neftçi” Azərbaycanın ən güclü futbolçularından təşkil olunurdu və 80-ci illərin sonlarında “flaqman”da çıxış edən futbolçuların əksəriyyəti karyeralarını davam etdirirdilər. Bundan başqa SSRİ birinciliyinin 2-ci dəstəsinin 9-cu zonasında bir neçə təmsilçimiz iştirak edirdi ki, onların da heyəti səviyyə baxımından heç də “Neftçi”dən geri qalmırdı. Qısası, respublikada futbolçu qıtlığı yaşanmırdı. Səviyyə fərqi? Deni onun mövqeyində oynayan  Rasim Abuşov, Tərlan Əhmədov, Arif Əsədov və digərlərindən güclü futbolçu olmayıb. Bəs nə? Bir qədər sonra səbəbini biləcəksiniz.

Qaysumovla iş bitsəydi, nə dərdimiz. 1995-96-cı illərdə Kazbek Tuayevin rəhbərlik etdiyi komandaya legionerlər artmağa başladı. Əslən Dağıstandan olan hücumçu İbrahim Həsənbəyov, Vladiqafqaz futbol məktəbinin yetirməsi, qapıçı Kazimir Qudiyev, çeçen müdafiəçi Ruslan İdiqov. Fikir verdinizsə, bu futbolçuların hamısı Şimali Qafqaz təmsilçiləri idi. Əminliklə deyə bilərəm ki, onların heç biri bizimkilərdən hansısa cəhətinə görə üstün futbol sərgiləmirdilər. Adıçəkilənlərdən İbrahim Həsənbəyov 1999-cu ildə avtomobil qəzasında dünyasını dəyişib. Allah rəhmət eləsin! Ölənin arxasınca danışmazlar. Ancaq bir-iki kəlmə deməsəm, olmur. Həmin vaxt Nazim Süleymanov, Vəli Qasımov, Qurban Qurbanov, Musa Qurbanov və digər hücumçularımız olduğu halda Həsənbəyovun millidə nə işi var idi? Və ya götürək Samir Ələkbərovu. Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı hücumçulardan birini didərgin salıb yerinə kənardan hücumçu gətirməyin heç bir mənası yox idi. İbrahimin yığmada 2 oyunda meydana çıxdıqdan sonra nəyə qadir odduğu bilindi.

Daha bir fakt Kazimir Qudiyevlə bağlıdır. Azərbaycanda kifayət qədər özünə görə qapıçının olduğu bir vaxtda yığmaya qolkiper dəvət etmək yersiz atılmış addım idi. Yuxarıda adıçəkilən “dördlük”dən Deni Qaysumov uzun müddət yığmada çıxış etdi. Səbəbi indi aydın oldu – Kazbek Tuayev milliyətcə osetindir və nəticə qazanmaq üçün yerlilərə bel bağlamayaraq bir növ “özününkü”ləri Azərbaycana dəvət etmişdi. 1997-ci ildə Kazbek Tuayevi əvəzləyən Vaqif Sadıqov da Deninin xidmətindən yararlandı. Üstəlik, komandaya daha bir legioner cəlb etdi. Söhbət Narvik Sırxayevdən gedir. İnsafən, Narvik istedadlı futbolçu idi. Uzun müddət “Anji”nin əsas heyətinin üzvü olub. Sadıqovun Rusiya yığmasına namizəd olan Sırxayevi ruslardan “oğurlayaraq” Azərbaycana gətirməsinin səbəbi yarımmüdafiənin sol cinahında olan boşluğu aradan qaldırmaq idi. Həmin mövqedə “hegemonluq” edən Yunis Hüseynovun pleymeyker funksiyasını yerinə yetirdiyini və sözügedən mövqedə rəqabət yaratmağı nəzərə alsaq, bu gediş müəyyən mənada başadüşülən idi. Sırxayev 1999-cu ilə kimi millidə çıxış etdi. Şəxsi fikrimdir, həm Deni, həm də Narvik nə qədər  yaxşı olsalar da, onlarsız da keçinmək mümkün idi. Onsuz da məğlub olurduq, heç olmasa, özümüzünkülərlə uduzaydıq.

Ələsgərovun milliləşdirilmiş yetirmələri

1999-cu ilin martında Vaqif Sadıqovun yığmadan gedişindən sonra komandamızın başına Əhməd Ələsgərov gətirildi və 2000-ci ilə kimi bu postda işlədi. Təəssüf ki, o da legionerlərsiz keçinmədi. Söhbət yarımmüdafiəçi Aleksey Stukas və müdafiəçi Vladimir Poşexontsevdən gedir. Hər ikisi 1998-2000-ci illər aralığında “Neftçi”nin şərəfini qoruyurdu və əslən ukraynalı idilər. Həmin vaxtlar millinin bazası kimi “Şəfa” yaradılmışdı və heç kimə sirr deyil ki, “Şəfa”nın heyətində çıxış etmiş gənclərin əksəriyyəti bir müddət sonra yığmanın futbolçuları oldular. Belə bir vaxtda Aleksey ilə Volodyanın yığmaya dəvət edilməsinin səbəblərini Fuad Musaeyv və Əhməd müəllimdən başqa kimsə bilirsə, mənimlə bölüşə bilər. Bu futbolçuların hər ikisi ortabab karyeraya malik idilər. Onların milliyə hansı xeyri dəyə bilərdi? Bilmirəm. Bildiyim isə təkcə ondan ibarətdir ki, Stukas 2002-ci ildə dünyasını dəyişib. Poşexontsev isə Odessada doğulub, orada boya-başa çatıb. Ukrayna vətəndaşı olan Əhməd müəllimin hazırda yaşadığı şəhərdə. Maraqlıdır, deyilmi?

Gürcü Badri Kvaratsxeliya haqqındada buna oxşar fikir yürütmək olar. Bir müddət əvvəl Badri ilə geniş müsahibə götürmüşdüm və onun yığmamızdakı çıxışına da toxunmuşdum. Gürcü balası “Şəmkir”də göstərdiyi oyunla yığmanın məşqçilərinin diqqətini cəlb etmişdi. İlk dəfə rəhmətlik Ruslan Abdullayev tərəfindən əsas komandaya dəvət alsa da, maliyyə məsələsində razılığa gələ bilməmişdilər. Üstündən 2 il keçəndən sonra Fuad Musayevlə “anlaşdıqdan” sonra yığmada oynamağa razılaşmışdı. Həmin vaxt komandanın baş məşqçisi Əhməd Ələsgərovu yarım illik əvəzləyən Əsgər Abdullayev idi. Adama sual verərlər – əgər Badri fantastik futbolçu idisə, niyə Gürcüstan yığmasına çağrılmırdı? Onun yığmamıza dəvət edilməsi komandaya kömək etmək üçün hesablanmışdı. Kömək etdimi? 3 oyun, 0 qol.

Yığmanı milliyə çevirənlər və braziliyalı Berti Foqts

Abdullayevin gedişindən sonra 4 ilə yaxın müddətdə yığma yenidən milli oldu. Həm İqor Ponomaryov, həm 2 oyunluq da olsa 3-cü dəfə yığmanın başına keçən Kazbek Tuayev, həm Vaqif Sadıqov, həm də Əsgər Abdullayevin komandaya rəhbərlik etdiyi bir vaxtda bir nəfər legionerin xidmətinə ehtiyac duyulmadı (Kazbek Tuayevin rəhbərliyi ilə komandamız Bolqarıstan və Albaniya ilə yoldaşlıq oyunlarında uyğun olaraq 0:3 və 0:1 hesabı ilə məğlub olmuşdu. Amma Tuayevin gedişinin bu məğlubiyyətlərlə əlaqəsi yox idi. Məsələ burasındadır ki, həmin vaxt Kazbek Tuayev milli ilə yanaşı həm də “Neftçi”nin baş məşqçisi idi və seçim etmək məqamı çatanda üstünlüyü klubda işləməyə vermişdi – İ.T.). 2004-ci ildə braziliyalı Karlos Alberto Torres baş  məşqçi postuna gətirilənə kimi. Bu gün Fuad Musayevin rəhbərliyi dövründə onun fəaliyyətini çox tənqid edirik. Amma Musayev futbolumuz üçün xeyli səmərəli işlər də görüb və bunları danmaq insafsızlıq olardı. Elə “Şəfa”nın yaradılması və gənc futbolçuların milliyə hazırlanması həmin işlərdən biri idi. “Şəfa”da püxtələşən neçə-neçə gəncimiz sonradan milli komandanın əsas oyunçularına çevrildilər. Zaur Tağızadə, Elçin Rəhmanov, Samir Əliyev, Samir Musayev, Ruslan Musayev, Emin İmaməliyev...

10 il bundan əvvəl Torresin vaxtında ilk milliləşdirilmiş futbolçu Daniel Axtyamov oldu. Kim idi Daniel? 2004-cü ildə “İnter”ə dəvət edilən 19 yaşlı gənc. Danielin karyerası ərzində oynadığı ən məşhur komanda məhz “bankirlər” olub. Bir ara da Moskvanın “Torpedo”sunda top qovub. Millidə isə gün keçirməklə məşğul idi. İnanmırsınızsa, statistikasına diqqət yetirin. 13 oyunda bir qol belə vura bilməyən hücumçunun yığmada nə işi vardı? Onun yerinə komandanın həkimini və ya ehtiyat qapıçısını da oynatmaq olardı. Əslində, Axtyamovun ölkəmizlə sıx bağlılığı var. Onun atası Rasim Axtaymov SSRİ dönəmində “Neftçi”də çıxış edib və sonradan Azərbaycandan ayrılaraq Rusiyaya köç edib. Daniel də Rusiyada dünyaya gəlib. Oğul Axtyamovun Azərbaycana dəvət olunmasının təşəbbüskarı Vaqif Sadıqov olub. İri cüssəli hücumçu bir müddət olimpiya yığmamızın şərəfini qoruyub və perspektiv vəd edənlərdən biri idi. Gəl ki, ulduz xəstəliyi onu sıradan birisi etdi. Əsas komandaya 2004-cü ildə Torres tərəfindən dəvət alıb.

Sonrasından isə xəbərdarsınız.

Karlos Alberto Torres dünya çempionudur. 1970-ci il Meksikada keçirilən dünya çempionatında Braziliya yığmasının heyətində mundialın qızıl medalını qazanmışdı. Özü də onun finalda İtaliya yığmasının qapısından keçirdiyi qol “yüzilliyin qolu” adına layiq görülmüşdü. Yəni, Torres tanınmış birisi idi. Onun 2004-cü ildə AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyev tərəfindən milliyə dəvət olunması ölkəmizin tanınması baxımından əhəmiyyətli idi. Lakin futbolumuzun inkişafı baxımından heç bir irəliləyişə səbəb olmadı. Daha çox pafoslu çıxışları ilə yadda qalan braziliyalı hətta bir ara Braziliya yığmasını Azərbaycana gətirəcəyi və yoldaşlıq oyunu keçirəcəyini söz vermişdi. Yaxşı ki, gətirmədi. Yoxsa fransızlar, polyaklar, yəhudilər, xoxollar, ispanlar, xorvatlar kimi qapımıza bir torba top doldurub yola salacaqdılar. Əvəzində külli miqdarda vəsait xərclədərək komandanı Amerika materikinə təlim-məşq toplanışına apardı. Necə ki, Foqts tez-tez Almaniya və Dubaya səfərlər təşkil edirdi. Toplanış yox a, səfərlər. Doğrudur, Karlos Albertonun vaxtında milliyə Axtyamovdan başqa legioner cəlb olunmadı. Amma braziliyalı Azərbaycan futbolunun inkişafı naminə nəsə etməyərək vətəninə döndü. İsrailə 0:6, Polşaya isə 0:8 hesablı məğlubiyyətlər Karlos Albertonun “zəhməti” idi. Yeri gəlmişkən, Azərbaycan onun məşqçi kimi son iş yeridir. 2005-ci ildən bu yana məşqçiliklə məşğul olmur.

Şahin Diniyevin sambaçıları...

Braziliyalı məşqçinin gedişindən sonra yığma Vaqif Sadıqova tapşırıldı. 5 oyunda cəmi 1 heç-heçə onun yerini Şahin Diniyevə verməsi ilə nəticələndi. Bütün bunların hamısı 2005-ci ildə baş vermişdi. Millimizin keçmiş kapitanının baş məşqçi postuna təyinatından sonra yığmaya legioner axını yenidən başladı. Şahin müəllim 2007-ci ilin oktyabrına kimi yığmada işlədi. Bakıda Serbiyaya 1:6 hesablı məğlubiyyətdən sonra istefa verdi. Şahin müəllimin vaxtında yığmada “braziliyalıların dövrü” başladı. Müdafiəçilər Ernani Pereyra, Andre Ladaqa, Markus Ferreyra, hücumçu Leandro Qomes məhz Braziliya futbolunun yetirmələri idi. Ernani kifayət qədər təcrübəli və səviyyəli futbolçu idi. Ölkəsinin “Kruzeyro”, “Quarani” klubları ilə yanaşı Türkiyənin Superliqa təmsilçilərinin də formasını geymişdi. Milliyə dəvət aldığı vaxt “Karvan”da oynayırdı. Markus  da onun komanda yoldaşı idi və 2007-ci ilin martında “Alma TV. Cup” turnirində Özbəkistan və Qırğızıstan komandalarına qarşı keçirilən 2 oyunda komandamızın heyətinə daxil edilmişdi. Leandro ilə Andre isə “Bakı”nın üzvləri idi və milli çempionatlarda özlərini yaxşı tərəfdən göstərmişdilər. Bu kvartetdən Ferreyranı çıxmaq şərtilə digər üç futbolçunun əsas komandaya dəvət olunması müəyyən mənada başadüşülən idi. Amma zaman göstərdi ki, 1-2 gəlmə ilə komanda yaxşı nəticəyə ümid edə bilməz. Bundan başqa legionerlər yığmada klublardakı kimi yaxşı oyun göstərə bilmədilər. Diniyevin rəhbərliyi dövründə braziliyalılardan başqa rusiyalı Sergey Sokolov (2006-ci ilin oktyabrında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Belçikaya qarşı keçirilmiş görüşdə qanından götürülən test müsbət nəticələnmişdi. Orqanizmində istifadəsi qadağan olunan maddə tapıldığından FİFA Sokolovu 18 ay diskvalifikasiya etmişdi – İ.T.), ukraynalı Aleksandr Çertoqanov və serb Branimir Subaşiç də millini yığma edənlərdən idi. Şahin müəllimin gəlişinə kimi “Karvan”dan Yuri Muzıka artıq yığmada debüt etmişdi və təcrübəli mütəxəssis də onun xidmətində maraqlı idi. Diniyevin nəticə qazanmaq üçün bu qədər legionerə ehtiyac duymasına lüzum var idimi? Məgər həmin vaxt Azərbaycanda onlar səviyyədə oynaya biləcək futbolçu yox idi? Əlbəttə var idi. Bəs, səbəb nə idi? Məsələ burasındadır ki, həmin il Azərbaycan çempionatında limit 8+3 idi. Başqa sözlə hər bir komanda 8 legionerin xidmətindən yararlana bilərdi. Çempionatda 3-4 normal oyun göstərən komanda var idi. Götürək “Karvan”ı. Yevlax klubunda 8 legionerlə birlikdə Elxan Həsənov, Kənan Kərimov kimi yaşlı futbolçular start heyətində yer alırdılar. Gənclər isə ehtiyatda qalırdılar. Berti Foqtsdan fərqli olaraq ehtiyatda oturan futbolçunu yığmaya dəvət etməyən Diniyevə hazır qüvvə lazım idi ki, Şahin müəllim də çıxış yolunu daim əsas heyətdə meydana çıxan legionerlərə ümid etməkdə görürdü. Baş məşqçi postunda ilk vaxtlar daha çox legionerə güvənən Diniyev tədricən onların sayını azaltsa da, tamamilə imtina etmədi. Bunun da səbəblərindən biri Ukraynaya 0:6 hesablı ağır məğlubiyyət idi. Məğlubiyyət yox, daha dəqiq desəm, bəzi yerli futbolçuların “torba əməliyyatı”. Məhz həmin “əməliyyat”dan sonra Diniyev bir neçə yerlidən imtina edərək Subaşiç kimi futbolçulara dəvət göndərmişdi.

Şahin Diniyevin rəhbərliyi vaxtında yığmada oynamış, başqa sözlə yerli futbolçu statusuna yiyələnmişlər karyeralarını uzun müddət Azərbaycanda davam etdirdilər və bir yerli futbolçunun yetişməsinə, özünü göstərməsinə əngəl oldular. Hamısını bir-bir sadalamaqla vaxtınızı almaq niyyətində deyiləm. Əgər mənə inanmırsınızsa, haqqında bəhs etdiyim futbolçuların tərcümeyi-halına nəzər salmaqla onların neçə il yerli statusu ilə klublarımızda oynadığının şahidi ola bilərsiniz. Bunun üçünsə “google” axtarış sistemində 1-2 dəqiqəlik vaxt itkisi lazımdır.

Diniyevin gedişindən sonra yığmanın baş məşqçisi postuna gətirilən Qyoko Hacıyevski də sələflərindən geri qalmadı. Onun yığmaya dəvət etdiyi legioner nigeriyalı Usim Nduka idi. Hacıyevski yığmada az işlədi. Onun rəhbərliyi altında komanda Finlandiya (1:2) və Belçika (0:1) ilə rəsmi oyunlarda alınan məğlubiyyətlər və Qazaxıstanla yoldaşlıq görüşündəki 0:0-lıq heç-heçədən sonra istefaya göndərildi.

... Berti Foqtsun tullantıları

Bilərəkdən legionerlər haqqında statistikanı yazının əvvəlində yox, məhz bu hissəsində yerləşdirdim. İndiyə kimi Azərbaycan milli komandasında nə az, nə çox, düz 38 milliləşdirilmiş futbolçu oynayıb. Onların yarıdan çoxu, daha dəqiq 20-i Berti Foqtsun vaxtında Azərbaycan pasportuna sahib çıxıblar. 2008-ci ilin mart ayında AFFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan millisinin baş məşqçisi təyin olun Berti Foqts ölkəmizdə futbolun inkişafına dair iki illik proqramını təqdim etmişdi. Deyəsən, inkişaf deyəndə Foqts yığmaya legioner cəlb etməyi nəzərdə tuturdu. Bu mənada o, proqramdan irəli gələn tələbləri artıqlaması ilə yerinə yetirdi. Foqtsun dönəmində yığma əsl “Balaxanı zibilliyi”ni xatırladırdı. Təbii ki, bu işdə ona həyan olan AFFA rəhbərliyini də qınamaq lazımdır. Almanın işindən narazı olanlar ilk dəfə onu 2009-cu il iyunun 7-də Uelsə 0:1 hesablı məğlubiyyətdən sonra istefaya səslədilər. Amma bu, onun heç vecinə də deyildi. Yerli futbolçulardan narazı qaldığını dəfələrlə söyləyən Foqts vəziyyətdən çıxış yolunu Almaniya və Türkiyədən çağırdığı “3-cü sort” futbolçuların milliləşdirilməsində görürdü. İndiyə kimi onun yığmaya çağırdığı legionerlərdən heç biri yerli futbolçulardan bir baş belə üstün olmayıb. Əvəzində həmin futbolçuların bir çoxu yerli statusu ilə bu gün də müxğəlif klublarımızda əsl yerlilərin yerinə futbol oynamaqdadırlar. Yaddan çıxmamış bir faktı da qeyd edim – Hacıyevskinin istefaya göndərilməsindən sonra komandamıza bir oyunluq Nazim Süleymanov başçılıq etmişdi. Necə ki, qarşıdan gələn Norveçlə oyunda səlahiyyət müvəqqəti olaraq Mahmud Qurbanova verilib. Mahmud Qurbanovdan iraq, 2008-ci il martın 26-da Litva ilə səfərdə keçirilən yoldaşlıq oyununda Nazim müəllimin komandası minimal hesabla məğlub olmuşdu. Bunu elə-belə, sözgəlişi yazdım.

Bu gün yığmanın “ağ günə” çıxması üçün istər mətbuat, istərsə də futbol ictimaiyyəti müxtəlif fikirlər yürüdürlər. Kimi çıxış yolunu yığmaya yerli baş məşqçinin təyin olunmasında, kimi yerlilərin xarici klublarda legioner həyatı yaşamaqla təcrübələrinin artırılmasında, kimi isə AFFA-da islahatların aparılmasında görür. Fikirlər haçalansa da, hamısı bir məqamda toqquşurlar – ölkədə uşaq futbolu inkişaf etdirilməlidir. Məhz bu yolla futbolumuzu dirçəltmək mümkündür. Nə qədər gec deyil, futbolun bu sahəsinə diqqət və qayğı artırılmalıdır. Bəhrəsini 5-6 ildən sonra görəcəyik. Hələlik isə, yığmamızı Foqtsun zibillərindən təmizləməklə məşğul olmaq lazımdır. Təmiz görünsə də, qoxusu hələ çox baş ağrıdacaq.

Limit necədir - 6+5, yoxsa 9+2?

Yığmamızın bu günə düşməsi hamımızın ürəyini ağrıdır. Burada günahı təkcə Foqtsa axtarmaq lazım deyil. Əslində, bu haqda çox yazılıb, çox deyilib. Günahın bir hissəsi, bəlkə də böyük qismi AFFA-nın üzərinə düşür. Nə isə, qanınızı qaraltmayım...

Bir məqamı da qeyd etmək istəyirəm. Çərşənbə günü 10-cu turun mərkəzi oyunu “İnter”lə “Qarabağ” arasında keçirilirdi. “İnter”in start heyətində 6 legionerlə yanaşı 5 yerli futbolçu oynayırdı. Yerlilərdən Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov və Abdulla Abatsiyev milliləşdirilmiş futbolçulardır. Deməli, əslində “İnter”in ilk “11-liy”ində 9 əcnəbi futbolçu yer almışdı. Budur futbolumuzun inkişafı? Daha bir fakt – aşağı yaş qruplarından ibarət yığma komandalarımızda da xeyli sayda milliləşdirilmiş futbolçular çıxış edir. Onların çoxu “Sumqayıt”ın şərəfini qoruyub, qoruyur və başqa klublarımıza da məhz bu komandadan keçiblər. Bayaq adlarını çəkdiklərimdən Abdulla ilə Məhəmməd “İnter”ə məhz “Sumqayıt”dan gəliblər. Bu gün Sumqayıt təmsilçisi bir növ “legionerlərin milliləşdirilməsi laboratoriyası”nı xatırladır. “Sumqayıt”ın isə kimin himayəsində olduğunu hamımız bilirik. Bu haqda isə bir müddət sonra... Sağlıq olsun.

Professorhansı qərarı verəcək?

“Professor” deyəndə yığmanın hazırki baş məşqçisi, daha doğrusu baş məşqçi əvəzi Mahmud Qurbanovu nəzərdə tuturam. Qurbanov Azərbaycan futbolunda iz qoymuş birisidir. Yazının əvvəlində haqqında söz açdığım Gürcüstan – Azərbaycan oyununun iştirakçılarından biri idi və uzun müddət əsas komandanın formasını geyinib. Bəs, Berti Foqtsun postunu təhvil götürən mütəxəssis almanın tör-töküntülərinə dəvət göndərəcəkmi? Fikrimcə, yox. Azından həmin tör-töküntülər yığmaya məhz Berti Foqtsun istəyi ilə dəvət olunmuşdular və hər birinə Azərbaycan pasportu verilmişdi. Bu işdə isə ona AFFA havadarlıq etmişdi. Yalnız bir futbolçu – Dimitri Nazarov yığmaya dəvət edilə bilər və güman ki, bu, baş verəcək. Əsas kimi Nazarovun heç də pis futbol sərgiləmədiyi, bolqarlara bəxt sayəsində vurduğu qol və topu özündə saxlamaq bacarığı göstərilə bilər. Halbuki, bu işi Nazarovdan heç də pis bacarmayan futbolçularımız var. Adlarını çəkməyəcəm, Mahmud müəllim, məndən yaxşı bilir. Əgər Dima noyabrın 16-da Norveçlə oyunda forma geyinəcəksə, MİLLİ komandaya ehtiyacımız olduğu bir vaxtda meydanda yenə də Azəbaycanın futbol üzrə YIĞMA komandasını görəcəyik. Heç olmasa, komandamıza milli adını siz qaytarın, cənab Qurbanov! Uduzsaq belə, özümüzünkülərlə məğlub olaq.

İlqar TAĞIYEV, “Het-trik news” qəzeti

P.S. Cədvəldə Mahmud Qurbanovun qarşısındakı “1” rəqəmi sizi qəribçiliyə salmasın. Norveçlə matç Qurbanovun yığma komandada məşqçi kimi ilk sınağı olacaq. Qalib gələcəyimizə (azından 1:0 hesabı ilə) ümid edərək, bilərəkdən belə yazmışam. Axı, sizə və MİLLİ komandamıza inanırıq!

P.P.S. Yazı yığmanın heyəti açıqlanmamış qələmə alınmışdı. Təəssüf ki, Mahmud Qurbanovun toplanışa dəvət etdiyi futbolçular arasında xeyli milliləşdirilmiş futbolçular var.

 





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30