6 Noyabr 2024, Çərşənbə
"Qarabağ" Norveçə yollandı
Millimiz darmadağın oldu
“Sumqayıt”dan yubiley qələbəsi
Vaqif Cavadovdan qələbə şərhi

Basketbol

Regionlar qeyri-neft ixracatının 60 faizinə qədərini formalaşdırır

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

"Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

İCRASINA 2004-CÜ ILDƏN BAŞLANAN DÖVLƏT PROQRAMI

Ötən ilin yanvarında Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərman ölkə regionlarının, o cümlədən, kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə imzalanıb.

Fərmanda bildirilir ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

İLİN İLK 6 AYI ƏRZİNDƏ DAVAM EDƏN İNKİŞAF

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənməkdə, iqtisadi inkişaf dinamikası davam etməkdədir. Aparılan məqsədyönlü və mükəmməl siyasətin nəticəsində 2019-ci ilin ötən 6 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft istehsalı və ixracının həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə qeyd olunduğu ki, iqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıdıbdır. Prezident İlham Əliyevin uzaqgörənliklə “Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edəcək” fikri hazırda tam özünü təsdiq etməkdədir. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və və neftdən kənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib. Azərbaycanın dövlət başçısının mükəmməl iqtisadi modeli sayəsində neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirləri zəif hiss olunur. Bu gün qeyri-neft sənayesində artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir.

Ötən 6 ayda iqtisadi sahədə ən mühüm nailiyyətlərdən biri kənd təsərrüfatında rekord göstəricinin əldə edilməsidir. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb, bitkiçilikdə 25 faiz artım əldə olunub. Bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir.

Cari ilin birinci yarısında ticarət dövriyyəmiz 20 faizdən çox artıb. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Ötən 6 ayda əhalinin gəlirləri 6,6 faiz artıb, inflyasiya 2 faiz təşkil edib. Yəni əhalinin real gəlirləri inflyasiyanı 3 dəfə üstələyib. Ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət maliyyə-büdcə-valyuta ehtiyatlarının davamlı şəkildə artmasını təmin etməkdədir. Valyuta ehtiyatlarımız rekord həddə - 49 milyard dollara çatıb. Bu gün əksər ölkələrin valyuta rezervləri azaldığı halda, Azərbaycanın valyuta ehtiyatları artır. Strateji ehtiyatlarının artması Azərbaycanda maliyyə sabitliyinin və iqtisadi inkişafın təmin edilməsinə mühüm rol oynayır. Valyuta ehtiyatlarının artması güclü sabitlik potensialını möhkəmləndirir. Valyuta ehtiyatlarının yüksək artım tempi güclü iqtisadi təhlükəsizlik yastığının təmin edilməsində də xüsusi əhəmiyyət kəsb edir. Cari ildə yürüdülən uğurlu siyasət Azərbaycanın xarici borcunun azalmasına da səbəb olubdur. Hazırda ölkəmizin xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Dövlət başçısının tapşırığına əsasən xarici borcun yaxın illərdə daha da azaldılması qarşıya vəzifə kimi qoyulub. Bu məsələ ilə bağlı müvafiq proqram hazırlanıb və həyata keçirilməkdədir.

REGİONLARIN İNKİŞAFI BÖLGƏLƏRDƏ İŞSİZLİYİN SƏVİYYƏSİNİN AZALMASINA MÜHÜM TƏSİR GÖSTƏRİB

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı yürüdülən siyasət cari ilin ötən 6 ayı ərzində ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına möhkəm zəmin yaradıb. Ötən 6 ayda regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət bölgələrdə iqtisadi artımın böyüməsinə, qeyri-neft sektorunun inkişafının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, bölgələrin yeni istehsal, emal və xidmət sahələrinin yaranmasına səbəb olubdur. Regionların inkişafı ilə bağlı dördüncü Dövlət Proqramının təsdiq olunmas və icrasına başlanması bölgələrdə, rayonlarda baş verən inkişaf, canlanma, iqtisadi aktivlik, sənaye müəssisələrinin yaradılması son nəticədə işsizlik probleminin həllinə səbəb olmaqdadır. Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsində əhəmiyyətli olan sənaye məhəllələrinin yaradılması davam etdirilir. Artıq Neftçala və Masallı sənaye məhəllələri fəaliyyət göstərir, Hacıqabul və Sabirabad sənaye məhəllələri isə yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Regionların inkişafı ilə bağlı strategiyanın davam etdirilməsi bölgələrdə işsizliyin səviyyəsinin azalmasına mühüm təsir göstərib. Yeni müəssisələrdə yaradılmış iş yerlərinin sayının artması işsizlik səviyyəsinin 1 faizə yaxın aşağı düşməsinə səbəb olub. Hazırda ölkəmizdə işsizlik səviyyəsi 5 faiz təşkil edir ki, bu da dünya göstəricisindən xeyli aşağıdır.

“REGİONLARIN XÜSUSİYYƏTLƏRİNƏ UYĞUN OLARAQ KƏND TƏSƏRRÜFATININ MÜXTƏLİF SAHƏLƏRİ İNKİŞAF ETDİRİLİR”

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov deyir ki, Azərbaycan Respublikası regionların inkişafı Dövlət Proqramının icrası nəticəsində indiyədək regionlarda xeyli işlər görülüb: "Ölkə rəhbərinin iqtisadiyyatın bütün sahələrinə göstərdiyi diqqət və qayğının nəticəsində sahibkarlığın inkişafı üçün geniş meydan açılıb. Kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılıb. Belə ki, bu sahə torpaq vergisindən başqa digər vergilərdən azad olunub. “Regionların xüsusiyyətlərinə uyğun olaraq kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirilir. Xaçmazda taxılçılıq, tərəvəzçilik, bağçılıq, heyvandarlıq üçün əlverişli şərait olduğundan bu sahələrin inkişafı naminə dövlətimiz tərəfindən sahibkarlar üçün tam münbit şərait yaradılıb. İstehsal olunan məhsulların saxlanılması üçün böyük miqyaslı soyuducu anbarlar tikilib istismara verilib. Regionumuzda Aqro-Park yaradılıb və böyük nəticələr əldə edilib. İstehsal olunmuş məhsulların bir hissəsi ixrac edilir. Qısa müddətdə zay ola bilən məhsulların ixracı "Yaşıl dəhliz" mexanizmi ilə həyata keçirilir. Ölkəmizin hər yerində olduğu kimi, insanların qazancı ildən-ilə artmağa davam edir. Gəlir artdıqca, insanlar digər istehsal sahələrinə maraq göstərirlər. 2014-2018-ci illərdə görülən işlərin nəticəsi olaraq qeyri-neft sənayesində 32 faiz artım olub”.  

Deputat qeyd edir ki, 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb: "Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb”.

“SON İLLƏR APARILAN SİYASƏT REGİONLARIN MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİNİN ARTMASINA GƏTİRİB ÇIXARIB”

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi regionların inkişafı baxımından yeni mərhələnin başlanması kimi xarakterizə olunmalıdır: "Əvvəlki dövlət proqramlarında Azərbaycan regionlarının inkişaf etdirilməsi, regionlarla paytaxt arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılması istiqamətində fəaliyyətlərin həyata keçirildiyini nəzərə alsaq, regionların inkişafının Azərbaycan üçün prioritet olduğunu deyə bilərik. Xüsusilə də son illər regionların inkişafı ilə bağlı aparılan siyasət regionların makroiqtisadi göstəricilərinin, bu isə qeyri-neft ixracatında payının artmasına gətirib çıxarıb”.

Ekspert bildirdi ki, bu gün qeyri-neft sektorundan Azərbaycana daxil olan valyutanın əhəmiyyətli hissəsi regionların payına düşür: "Regionlar qeyri-neft ixracatının 60 faizinə qədərini formalaşdırır ki, bu da birbaşa regionların ixracatda payının yüksək olması anlamına gəlir. Eyni zamanda regionların inkişafı məşğulluq baxımından çox vacibdir. Məşğulluğun inkişaf etməsi, xüsusilə də yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi birbaşa regionların inkişafı ilə bağlıdır. Belə ki, məşğul əhalinin 37.8 faizi regionlarda çalışır ki, bu da regionların məşğulluqda payını göstərən əsas göstəricilərdən biridir”.

İbrahim CƏFƏROV

Yazı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"dür




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30