Digər idman növləri
İlham Əliyev Azərbaycanın güləş millilərini qəbul etdi
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Futbolxeber.az-ın Prezidentin saytına istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Salaməleyküm, əyləşin.
İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.
Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.
Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.
Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.
Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
x x x
Sonra idmançılar çıxış etdilər.
Sərbəst güləşçi Turan Bayramov dedi: “Cənab Prezident, ilk növbədə, dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün sərbəst güləş milli komandası adından Sizə təşəkkürlərimizi bildiririk. Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik. Komandamız ardıcıl surətdə ikinci dəfədir Avropa çempionu olur. Sizin bizi qəbul etməyiniz məsuliyyətimizi daha da artırır, bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələni edəcəyəm ki, gələcəkdə qarşınıza qızıl medalla çıxım”.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov dedi: “Cənab Prezident, ilk növbədə, Sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu, mənim ümumilikdə dördüncü qızılımdır və yarış həqiqətən də çox çətin keçdi. Dördqat Avropa çempionu kimi Azərbaycan yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. Bizi belə dəstəklədiyiniz, bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət və qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun”.
Qadın güləşçi Jalə Əliyeva dedi: “Cənab Prezident, bu gün burada çıxış etmək mənim üçün böyük şərəfdir. Mən dörd il bundan qabaq da Sizinlə görüşdə iştirak etmişdim. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun”.
xxx
Prezident İlham Əliyev dedi: “Çox sağ olun. Komandamız çoxmillətlidir, hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir, ona görə də rus dilində bir neçə söz demək istərdim. Hamını bir daha təbrik etmək və Azərbaycanı beynəlxalq arenada belə layiqincə təmsil etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Əlbəttə, Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.
Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda uğurla inkişaf edir.
Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir.
Əlbəttə, qeyd etməli olduğum daha bir vacib məqam ondan ibarətdir ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın – Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.
Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur - biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.
Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.
Beləliklə, bir daha təbrik edirəm və yeni qələbələr arzulayıram. Sağ olun”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
-
19:30
İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb
-
18:12
"Feyenoord"da yeni baş məşqçi
-
17:45
U-19 millimizin rəqibləri müəyyənləşib
-
17:23
Millimizin üzvü Türkiyə klubunun hədəfində
-
17:06
DÇ-2026-da ilk istefa
-
16:38
Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
-
15:54
Boksçularımız Serbiyada 13 medal əldə ediblər
-
15:19
"Kəpəz"i “Şəfa”ya dəyişdi
-
14:27
Məmmədov rəsmən Kipr klubunda
-
14:00
"Odlar yurdu" şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
-
13:41
“Real” Kukurella heyətinə qatdı
-
12:52
Azərbaycan kanoeçisi Portuqaliyada ikinci qızıl medalını qazanıb
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:13
Füzuli Məmmədov: “Hədəf Premyer Liqadır” VİDEO
-
11:46
Voleybol millimiz İspaniyaya məğlub olub
-
11:28
Kot-d`İvuar - Ekvador matçında tək qol VİDEO
-
11:09
“Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
-
10:54
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
10:31
İsveç DÇ-2026-ya darmadağınla başladı VİDEO
-
10:17
"Turan Tovuz" məşqlərə başladı
-
10:00
Məhəmməd Muradlı Özbəkistanda birinci oldu
-
21:16
"Şamaxı" yeni transferini açıqladı
-
20:31
Baksetbol millimiz Avropa kubokunun finalında
-
16:43
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
-
10:28
Braziliya - Mərakeş matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
Türkiyə Avstraliyaya məğlub oldu
-
23:42
Basketbol millilərimiz yarımfinalda
-
22:13
"Şamaxı"nın məşqçilər korpusu müəyyənləşdi
-
21:28
Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazanıblar
-
20:54
Ölkə çempionatına yekun vurulub, Nazim Babayev karyerasını bitirib
-
20:31
Azərbaycan millisi dünya çempionu oldu
-
20:00
Yuri Vernidub: “Fikrimcə, hazırda ən güclü heyət...”
-
13:47
"Şəfa"da yeni müqavilə
-
13:19
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:26
Montella: “Komandada həyəcan var”
-
11:05
“Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
-
10:32
"Neftçi"nin futbolçusunun toyu oldu VİDEO
-
10:13
ABŞ - Paraqvay matçında 5 qol VİDEO
-
09:48
96 illik həsrətin sonu
-
07:20
DÇ-2026: ABŞ millisindən əla start
-
01:51
DÇ-2026: Kone ən yaxşı seçildi
-
01:34
Kanada millisinin baş məşqçisi: "Aqressiv oynamırdıq"
-
01:19
Kanada millisindən tarixi nəticə
-
00:57
DÇ-2026-da ilk heç-heçə qeydə alındı
-
21:56
“Yuventus” sabiq müdafiəçisini geri qaytarmaq istəyir
-
20:27
Onana “Mançester Yunayted”də qalacaq
-
20:00
DÇ-2026: Türkiyə ilə oyundan əvvəl yeni müqavilə
-
19:11
Qusarın icra başçısı Füzuli Məmmədov və köməkçilərini qəbul etdi
-
18:38
“Turan Tovuz”la bağlı 11 klub CAS-a müraciət etdi
-
18:09
Klub nümayəndələri ilə növbəti mövsümün planlarını müzakirə edilib
15.06.2026
14.06.2026
13.06.2026
12.06.2026























