21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Futzal

Zaur Axundov: “Milliyə özünü tankın altına atanlar lazımdır, dovşan kimi oynayanlar yox”

FUTBOLDA OLDUĞU KİMİ, FUTZALDA DA KLUBLARA DÖVLƏT TƏRƏFİNDƏN MALİYYƏ YARDIM OLUNA BİLƏR

AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov hər zaman maraqlı açıqlamaları ilə seçilib. Funksioner bu dəfə də yüksək performans göstərib. O, Futbolxeber.az saytına verdiyi müsahibədə futzalın hazırkı durumu, AFFA İcraiyyə Komitəsində futzalla bağlı irəli sürdüyü təklif, futbol üzrə milli komandamızın baş məşqçisi Canni de Byazinin vəzifəsində qalması, bəzi yığma üzvlərinin məsuliyyətsizliyi və digər məsələlər barədə danışıb. 

“200 MANAT OYUNÇUNUN HEÇ YOL PULUSUNA ÇATMIR”

- Bu gün mətbuatda Yüksək Liqada mübarizə aparan “Record Club”un baş məşqçisinin və əksər oyunçularının mövsüm başa çatmamış İrana qayıtması haqda xəbər yayılıb. Əvvəlcə istərdik bu məsələyə aydınlıq gətirəsiz. 

- Onların sənəd problemi var. Biz - federasiya olaraq bu məsələyə qarışmırıq. Bu, sırf klubun daxili işidi. Federasiya tərəfindən çempionatda iştirakla bağlı digər klublar kimi, “Record Club”a da nə kömək lazımdısa, etmişik. Klub sənəd məsələsində Dövlət Miqrasiya Xidməti ilə problem yaşayıb. Sənədləri qaydasında olmayıb və bu səbəbdən də İrana geri qayıdıblar. Yəni federasiya olaraq bizim bu məsələdə əlimizdən nəsə gəlmir.  

- Aprelin 13-də keçirilmiş AFFA İcraiyyə Komitəsinin iclasında futzal üzrə milli komandanın heyətinin komplektləşdirilməsi və ölkə çempionatı ilə əlaqədar təkliflər səsləndirmisiz. Həmin təkliflər nədən ibarətdir?

- Bəli, İcraiyyə Komitəsinin son iclasında məsələ qaldırmışam. Çünki hazırda futzalda ciddi oyunçu çatışmazlığı yaşanır. Bu da əsasən maliyyənin azlığından qaynaqlanır. Çünki cavanlar oynayırlar, bir qədər formalaşan kimi böyük futbola keçirlər. Region Liqasına, yaxud əvəzedici heyətə üz tuturlar. Bu da sırf pulla bağlıdı. Çünki hansısa gənc oyunçu futzalda, məsələn, cəmi 200 manat maaş alır. Bu isə onun heç yol pulusuna çatmır. Amma həmin oyunçu böyük futbolda rahat 500-600 manat maaş alır. Mən valideynə deyə bilmərəm ki, sən 500 manatdan imtina elə, qoy o, futzalda qalıb ayda 200 manata oynasın. Bunu hansısa valideynə deməyə ixtiyarım yoxdu. Bir sözlə, hər şey maliyyəyə bağlıdı. Bütün bunları nəzərə alaraq, İcraiyyə Komitəsinin son iclasında məsələ qaldırdım ki, böyük futbolda olduğu kimi, futzalda da klublara dövlət dəstəyi lazımdı. Mayda İcraiyyə Komitəsinin növbəti iclası olacaq. Yəqin ki, həmin vaxt bu məsələyə yenidən baxılacaq və müvafiq qərar qəbul olunacaq. Dünən də AFFA-nın Baş katibi Sərxan Hacıyevlə bu barədə söhbətimiz oldu. Mütləq hansısa qərar qəbul olunmalıdı. Bu, futzalı yenidən inkişaf etdirmək üçün lazımdı.

- Futbolda bir müddət əvvəl Futbolun İnkişaf Fondu (FİF) yaradıldı. Hansı ki, bölgə klubları üçün sponsor axtarışı ilə məşğuldu. Geridə qalan müddət ərzində bu qurum işinin öhdəsindən heç də pis gəlmir. Bəlkə futzalda da belə bir qurumun yaradılmasına ehtiyac var?

- Belə bir qurum yaratmaq mümkündü. Bilirsiniz ki, futzalda bütün çempionat AFFA-nın dəstəyi ilə keçirilir. Mən özüm 2008-ci ildən federasiya prezidentiyəm. Bəzi oyunçular var ki, həmin vaxtdan hələ də oynayırlar, karyerasını bitirənlər də var. Fakt budur ki, bu gün ciddi oyunçu çatışmazlığı ilə üz-üzəyik. Əminliklə deyirəm ki, dəstək olsa, qısa müddətdə futzalda inkişafa nail ola bilərik. 

- Ümumiyyətlə, Futbolun İnkişaf Fondu ilə futzalla bağlı hər hansı bir görüşünüz olubmu? Nəzərə alaq ki, futzalda futboldakı kimi böyük maliyyə dəstəyinə, 1-2 milyona ehtiyac yoxdu.

- Sərxan müəllimlə (AFFA-nın baş katibi S. Hacıyev nəzərdə tutulur-red.) bu barədə də danışırıq. İcraiyyə Komitəsinin növbəti toplanışına kimi, yaxud həmin yığıncaqdan sonra belə bir görüşün keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, mayda futzalın inkişafı ilə bağlı mütləq addım atmaq lazımdı. Yoxsa indiki halda ili ilə satdıqca geriyə addım atırıq.

“HƏR KLUBA İLLİK 200 MİN MANAT AYRILSA, BƏSDİR”

- Dövlət tərəfindən maliyyə yardımından danışdıq. Futbolda bu rəqəm illik 3 milyon manatdı. Bəs futzalda nə qədər yardım ayrılmasını istəyirsiz? 

- İllik 200 min manat ayrılsa, bəsdir. Hazırda Yüksək Liqada 6 klub çıxış edir. Bilirsiniz ki, “Araz” millinin bazası olduğu üçün federasiya tərəfindən maliyyələşir. Digər 5 kluba aylıq 20 min ayrılsa, çox gözəl olardı. 

- Maliyyə ayrılacağı təqdirdə, Yüksək Liqada çıxış etmək istəyən komandaların sayı artsa, onda necə olacaq?

- Mən də istəyirəm ki, komandaların sayı çoxalsın. Xüsusən də bölgə klublarımızın olmasının arzusundayam. Bilirsiniz ki, əksər rayonlarda gözəl olimpiya idman kompleksləri var, Qubada, Lənkəranda, yaxid Cəlilabadda. Orada da futzal çempionatının oyunlarını keçirmək olar. 

- Bir neçə il əvvəl təklif irəli sürülmüşdü ki, futbol üzrə ölkə çempionatında çıxış edən klubarın nəzdində futzal komandası da yaradılsın. Gözəl təşəbbüs olsa da, elə təklif olaraq da qaldı...

- Həmin vaxt bu təkliflə mən çıxış etmişdim. Amma əfsuslar olsun ki, elə söhbət olaraq qaldı. Klublar bu təklifi cavabsız qoydular. Halbuki bu praktika Qazaxıstanda var və bəhrəsini də görürlər. Amma təəsəsüf ki, bizim klublar buna getmədilər. Özü də futbol klubu üçün ayda 20 min manat elə də böyük məbləğ deyil. Klublar bu təkliflə razılaşsaydılar, indi Yüksək Liqada 6 deyil, 16 komanda mübarizə aparardı. 

- Qaydalara görə, divizionda oynayan futzalçı həvəskarlar arasında böyük futbolda çıxış edə bilər, amma Yüksək Liqada oyanayn yox. Sizcə, bu, əngəl deyil? Elə buna görədir ki, I Divizionda daha maraqlı mübarizə gedir...

- Bu praktika digər ölkələrdə də var. Bu qərarı qəbul edərkən bir sıra nüansları nəzərə almışıq. Yüksək Liqada çıxış edən oyunçunun həvəskarlar arasında çıxışı bəzən müəyyən söz-söhbətlərə gətirib çıxarır. Razıyam ki, I divizionda çempionat daha maraqlı keçir. Çox yaxşı olardı ki, I Divizionun bəzi klublarını Yüksək Liqada görək. Çünki onlar səviyyə baxımından elitadakılardan heç də geri qalmırlar.

- Səviyyədən söz düşmüşkən, sizə elə gəlmir ki, cari mövsüm Yüksək Liqada klublar arasında böyük fərq var və bu fərq səviyyənin aşağı düşməsinə gətirib çıxarır. Hər halda, son turun nəticələri belə düşünməyə əsas verir: 21:2, 10:0, 18:3...

- Bəli, bu məqama son bir neçə ayda mən də fikir verirəm. Bəzən hesab arasındakı fərq 10, yaxud 15 olur. Bu məqam bizi də narahat edir.

“AZƏRBAYCAN FUTZALININ ƏVVƏLKİ ƏZƏMƏTİNİ QAYTARMAQ ÜÇÜN HƏR ŞEY MALİYYƏYƏ BAĞLIDIR”

- U-19 millisinin yüksək liqada çıxışı nə dərəcədə effektiv oldu?

- Məncə, effekti var. Nəticələrin uğursuz olmasına baxmayaraq, əsas odur ki, 10 ay ərzində bu uşaqlar oyun keçirirlər, pratika baxımından əziyyət çəkmirlər. Düzdür, seçmə mərhələdə uğursuz çıxış etdilər. Amma unutmaq olmaz ki, bu, yeni formalaşmış kollektivdi. İndi əsas məsələ odur ki, bu gəncləri itirməyək. Çünki gələn il onlar artıq U-19 millisində oynaya bilməyəcəklər. 

- Bəs onların taleyi necə olacaq? 

- Futzalda hər hansı bir dəyişiklik olmasa, onlar da böyük futbola gedəcəklər. 2-3 aya adaptasiya olmaq mümkündü. Mən bu uşaqları itirməmək üçün mütəxəssislərlə danışıram. Ola bilər ki, U-21 millisi yaradaq. Əslində, U-19 kimi U-17 və U-21 milliləri də lazımdı. U-17-də çıxış edənlər 2 il ərzində, U-19-a gələnə kimi püxtələşəcəklər. Sonradan isə U-21-ə keçəcəklər. Elə etmək lazımdı ki, əlimizdə olan oyunçuları itirməyək. 

- Sözlərinizdən belə başa düşdük ki, Azərbaycan futzalının əvvəlki əzəmətini qaytarması üçün hər şey maliyyəyə bağlıdı...

- Elədir ki, var. Xaricdə güclü mütəxəssislərin rəhbərliyi altından 16-17 yaşından oyunçular hazırlanır, 21-22 yaşında artıq yüksək səviyyli oyunçuya, milli üzvünə çevrilir. Biz isə çətinliyi əvvəldən çəkirik, sonradan yox. 

- Futzal informasiya baxımından daim üst sıradadı. Bəs futzalçılar nə zaman o tepmə çatacaqlar? 

- Zaman lazımdır. 10 il əvvəlki Azərbaycan millisi ilə indiki milli eyni deyil. 

- Son illərdə futzaldakı geriləmədə federasiya prezidenti kimi Zaur Axundovun nə dərəcədə günahı var?

- Bəli, mən özümdə də günah görürəm. Düşünürəm ki, mən “Keşlə”yə rəhbərlik etdiyim dövrdə futzal bir qədər diqqətdən kənarda qaldı, fiziki olaraq çatdıra bilmirdim. Amma o vaxt “Keşlə” elə vəziyyətdə idi ki, mənə təklif olunan postdan imtina edə bilməzdim. Bilirsiniz ki, həmin vaxt komanda ciddi problemlər yaşayırdı, futbolçular 4 aydı maaş almırdılar, klubun avtobusu belə yox idi. Amma bütün çətinliklərin öhdəsindən gəldik, komanda Avroliqada belə mübarizə apardı. Düşürəm ki, məhz həmin vaxt futzala bir qədər diqqət azaldı. Halbuki həmin dövrdə futzalda hər şey relsə salınmışdı. “Araz” 2 dəfə “Dördlər finalı”na vəsiqə qazanmışdı, millimiz Avropa və Dünya çempionatında uğurlu çıxış etmişdi. Millimizin reytinqi də yüksək idi. İndiki məqam məni heç cür qane etmir. Açıq deyim ki, elə vəziyyətdi ki, ya futzalla vidalaşmalıyam, ya da bu idman növünü inkişaf etdirməliyik. 

- Düşünmürsüz ki, indiki məqamda gedişiniz Azərbaycan futzalının vəziyyətinin daha da pisləşməsinə gətirib çıxara bilər?

- Özüm də vidalaşmaq istəmirəm. Çünki bir tərəfdən 15 ildi futzaldayam, digər tərəfdən də az-çox məni tanıyırsız, həyatda uduzmağı sevən adam deyiləm. İstəyirəm futzalımız inkişaf etsin. Fərqi yoxdu, “Araz” olsun, “Neftçi” olsun, yaxud başqa klub, əsas odur ki inkişaf getsin. Lakin onu da deyim ki, mənim üçün prioritet milli komandadı. Klub ikinci yerdədi. Hamımızın öncəliyi milli komanda olmalıdı. Bu, bütün idman növlərində belə olmalıdı.

“FUTBOLA QAYIDACAĞIM, “ARAZ NAXÇIVAN”IN RƏHBƏRLİYİNDƏ TƏMSİL OLUNACAĞIM BARƏDƏ DEYİLƏNLƏR DOĞRU DEYİL”

- Ayrılmaqdan söz düşmüşkən, yenidən futbola qayıdacağınız, daha dəqiq desək, “Araz Naxçıvan”ın rəhbərliyində təmsil olunacağınız barədə xəbərlər yayılıb... 

- Bu barədə deyilənlər doğru deyil. Futbol qayıtmaq barədə düşünmürəm. Hazırda bütün fikrimi futzalın yenidən inkişafına yönəltmişəm. Həm də “Araz Naxçıvan”ın rəhbəri var. Naxçıvan futbol federasiyası klubun inkişafı üçün əlindən gələni edir. Vüqar müəllimlə (“Araz Nazçıvan”ın sponsoru olan “Cahan Holdinq”in rəhbəri V. Abbasov nəzərdə tutulur - red.) çox yaxşı münasibətimiz var, bir məhlədə böyümüşük. Komanda baş məşqçi Azər Bağırovun rəhbəliyi altında son 1 ildə yaxşı işlər görüb. I Divizionda çempion oldular. Komandanın uğurlarına bir naxçıvanlı kimi çox sevinirəm. Uşaqlığım o komanda ilə bağlı olub. Rəhmətlik atam “Araz Naxçıvan”da çalışıb, bir müddət komandanın rəisi olub. Yəni “Araz Naxçıvan” mənim üçün doğmadı. Amma dediyim kimi, o klubda təmsil olunmaq, yaxud yenidən futbola qayıtmaq fikrim yoxdu.

- “Araz Naxçıvan”ı növbəti mövsüm Premyer Liqada görə biləcəyik?

- Bildiyim qədər bunun üçün hər şey hazırdı. Bu yaxınlarda Naxçıvanda oldum, vəziyyətlə maraqlandım. Dedilər ki, stadionun ot örtüyü dəyişir, artıq yeni qazon sifariş olunub. Stadiondakı digər çatışmazlıqlar da aradan qaldırılır. Hətta eşitdiyimə görə, yeni mövsüm üçün komandanın heyətinin gücləndirilməsi üçün axtarışlara da başlanılıb. Ümidvaram ki, “Araz Naxçıva”nın Premyer Liqaya qayıdışı qarşıdakı mövsümdə baş tutacaq. 

- Yəni nəhayət, bir neçə ildən sonra Premyer Liqada sonuncu yeri tutan komanda I Diviziona düşəcək? 

- Qayda-qanun bunu tələb edir. 

- Bəli, qayda-qanun tələb edir. Amma neçə ildi görmürük bunu...

- İcraiyyə Komitəsi də bunu təsdiq edib. Elə son iclasda da bu məsələ yenidən müzakirə olundu. Bir daha qeyd olundu ki, sonuncu yeri tutan komanda I Diviziona düşməlidir. Bu məqam I Divizionda rəqabət üçün təkandır.

“MİLLİYƏ LAP ANÇELOTTİNİ GƏTİRƏK. MƏŞQÇİNİN ƏLİNDƏ MATERİAL OLMAYANDAN SONRA NƏ DƏYİŞƏCƏK Kİ?”

- Son vaxlar bu məsələ geniş müzakirə olunur. Premyer Liqadan düşmə ehtimalı olan klubların baş məşqçiləri, yaxud digər mütəxəssislər bildirirlər ki, “Şamaxı”, yaxud “Səbail”in elitadan düşməsi bu klublara ciddi zərbə olar. Söhbət təkcə əsas yox, həm də aşağı yaş qrupları üzrə komandalardan gedir.

- Bu gün hansısa komanda sonuncu yeri tutursa, bunun günahını ilk növbədə özündə axtarmalıdı. Mövsümün əvvəlində təsdiqlənib ki, sonuncu yerin sahibi Premyer Liqanı tərk edəcək. Klublar da bunu əvvəldən bilirdilər. Necə deyərlər, yaxşı oynasınlar, düşməsinlər Premyer Liqadan. 

- Premyer Liqada komanda sayının 12-yə çatdırılması haqda deyilənlər nə dərəcədə doğrudur? Bu məsələ İcraiyyə Komitəsində müzakirə olunubmu?

- Xeyr, iclaslarda belə bir məsələ barədə müzakirə aparılmayıb. Söhbət 10 komandadan gedir. 

- İcraiyyə Komitəsinin son iclasında həm də millinin baş məşqçisi Canni de Byazinin komandada qalıb-qalmaması müzakirə olunub. Maraqlıdı, siz italiyalı mütəxəssisin qalmasının tərəfdasız, yoxsa getməsinin?

- De Byazinin məsələsi İcraiyyə Komitəsinin son iclasında geniş müzakirə olundu. Mən də çıxış elədim, məsələ ilə bağlı fikrimi bildirdim. Düşünürəm ki, indiki məqamda de Byazini yola salmaq məqsədəuyğun deyil. Çünki bir neçə aydan sonra onsuz da müqaviləsi bitir. Sözləşmə bitdikdən sonra bu məsələyə baxmaq olar. 

“HANSI AZƏRBAYCANLI FUTBOLÇUNUN İXTİYARI VAR Kİ, MİLLİDƏ MÜKAFAT SÖHBƏTİ ELƏSİN?”

- Millimizin uğursuzluğunda de Byazi nə qədər günahkardır?

- İcraiyyə Komitəsinin son iclasında bəzi üzvlər onun dərhal millidən göndərilməsini istəyirdilər. Mən onların fikrinə hörmətlə yanşıram. Amma bu gün hər şeyi onun üstünə atmaq nə dərəcədə düzgündü? De Byazini bu dəqiqə göndərək, yerinə lap Ançelottini, Qvardiolanı gətirək. Məşqçinin əlində material olmayandan sonra nə dəyişəcək ki? Yaxud yerli məşqçi gəlib bir anda möcüzə yaradacaq? Baş məşqçi komandanın yarısıdır, razıyam. Demirəm de Byazi idealdı, onun da müəyyən səhvləri var. Amma indi neyləyək, Nəsimi kimi dərisini soyaq? Yeri gəlsə, həmin iclasda de Byazi də ortaya tutarlı 4-5 fakt qoydu. Hansısa futbolçu bu gün məşqçinin tapşırığını yerinə yetirmirsə, klubda göstərdiyi futbolu oynamırsa, uşaq səhvi edirsə, buna məşqçi neyləsin? Təbii ki, son 2 oyunda alınan məğlubiyyətlər hər birimizə ağır gəlir. Lakin bəzi futbolçuların məsuliyyətsizliyi ortadadır. 2 top buraxdıqdan sonra təslim olmaq nə dərəcədə düzgündür? Millidə can qoymaq lazımdır. Hansı azərbaycanlı futbolçunun ixtiyarı var ki, millidə mükafat söhbəti eləsin? Mən 15 ildi futzala rəhbərlik edirəm. Bizdə də belə xoşagəlməz hallar yaşanıb. Amma ən vacib oyunçu olsa belə, pul söhbəti edən adamı çıxartmışam. Onsuz da federasiya rəhbərliyi futbolçuların mükafatını lazımıncə qarşılayır. Oyundan qabaq milli üzvünün məşqçi ilə, yaxud başqa biri ilə pul söhbət etməsi düzgün deyil!

- Bunu edənlər var?

- Bəli, təəssüf ki, var. Ad çəkməyim düz çıxmaz. Amma dediklərim həqiqətdir. Sənin nə ixtiyarın var ki, millidə pul söhbəti edəsən, yaxud qoyulan mükafa “azdır” deyib ağız büzəsən? Klubunda ayda 30 min alırsan da, o pul da dövlətin, Azərbaycanın puludu da. 

- Olmaz ki, həmin futbolçular millidən birdəfəlik uzaqlaşdırılsın?

- Razıyam, şəxsən ixtiyar sahibi mən olsaydım, həmin futbolçunu milliyə dəvət etmərəm. Lap gözümün bəbəyi olsun. Milliləşdirilmiş futbolçu bu söhbəti eləsə, adamı yandırmaz. Amma yerli futbolçuların belə hərəkətləri adama yer edir. Get klubunda məşqçinlə, prezidentinlə nə qədər istəyirsən, pul söhbəti elə. Bu, klubun daxili işidi. Milli pul söhbəti ediləcək yer deyil. Millidə hamı canını ortaya qoymalıdı. Bizdə isə əksinə. Bəzi futbolçular klublarında göstərdikləri mübarizənin heç 50 faizini millidə nümayiş etdirmirlər. Mən bunu qəbul edə bilmirəm. Klubda can qoy, amma millidə ehtiyat et ki, birdən zədənələrəm. Belə şey olar? Bu məsələdə klub rəhbərləri də milliyə kömək etməlidilər. Mən “Keşlə”yə rəhbərlik edəndə Azər Salahlı, Şəhriyar Əliyev, Rəhman Hacıyev, Vüsal İsgəndərli milliyə dəvət alırdılar. Yığmanın düşərhəsinə yollanmamışdan qabaq onlarla söhbət edirdim. Tapşırırdım ki, millidə canınızı ortaya qoymalısız. Heç nədən çəkinməyin. Zədələnsəz belə, mən sizin maaşınızı da verəcəm, müalicənizi də etdirəcəm.

- Millinin hər məğlubiyyətindən sonra AFFA rəhbərliyi, İcraiyyə Komitəsinin üzvləri sərt şəkildə tənqid olunur. Belə təəssürat yaranır ki, sanki klubların uğursuzluqda heç bir günahı yoxdur. Sizcə, bu, nə dərəcədə doğrudur?

- Mən İcraiyyə Komitəsinin son iclasında da dedim, nə düşmüsüz de Byazinin üzərinə, məgər klubların heç bir günahı yoxdur? Klublardan da danışın. Klubların rəhbərləri nə üçün milliyə dəvət alan futbolçuları ilə iş aparmırlar? Hamının öncəliyi milli komanda olmalıdır. Yeri gəlsə, millidəki zəif çıxışına görə klublar futbolçularını cəzalandıra da bilərlər. Sən 1 dəfə futbolçunun pulunu kəs, onu cərimələ, gör növbəti oyunda həmin matçda meydanda canını qoyur, ya yox. De Byazi sabah gedəcək, başqası gələcək. Nə dəyişəcək ki? Birincisi, bayaq dediyim kimi, material olmalıdır. İkincisi də, futbolçular daşıdıqları formanın əhəmiyyətini dərk etməlidirlər. Meydanda vuruşmaq lazımdı. Oyuna mən, sən, yaxud hansısa azarkeş çıxmır ki!? Meydanda olan futbolçulardır, onlar da canlarını ortaya qoymalıdırlar. Elə oyunçu var ki, heç 40 faiz meydanda can qoymur. Bu halda necə uğur qazanmaq olar? Mübarizə, istək olsa, tankı da vurub keçmək olar. De Byazi əmim oğlu deyil, dayım oğlu deyil. Onun da taktiki səhvləri var, bunu mütəxəssislər daha dəqiq deyə bilər. Sən rəqibdən taktiki, texniki baxımdan zəif ola bilərsən. Bəs vuruşmaq, istək, vətən sevgisi? Hamımız milli üçün çalışmalıyıq. Komanda uduzanda hamımız dilxor oluruq. Amma elə futbolçular var ki, veclərinə deyil. Oyundan sonra 1 saat sonra qulağında “nauşnik”, otelin foyesində mahnıya qulaq asır. Sanki Avstriya yox, bunlar 4 qol vurub qələbə qazanıblar. Heç olmasa, get otağında əylən ki, görən olmasın da. Bütün bunlar məsuliyyətsizlikdən irəli gəlir. Uduzuruqsa, heç olmasa elə uşaqlarla uduzaq ki, meydanda can qoysunlar. Milliyə özünü tankın altına atanlar lazımdır, dovşan kimi oynayanlar yox. Mən həmişə futbolda da, futzalda da bu prinsiplə işləmişəm. Uduzmaq olar. Hamını udacağıq deyə bir şey yoxdu. Lakin uduzsan da, heç olmasa meydanda döyüşməlisən, rəqibə müqavimət göstərməlisən. Uduzandan sonra deyib güləcəksənsə, daha nə oldu. Biz içimizdəki futbol mentalitetini dəyişməliyik. Klublar da bu məsələdə üzərinə düşəni eləməlidilər. 

İbrahim CƏFƏROV





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30