28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Ölkə futbolu

Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”

"Oyundan əvvəl də bilirdik ki, bizi yüksək liqa səviyyəsində bir qarşılaşma gözləyir. Hətta son çempionat oyunundan öncə də futbolçularıma kubok matçında bizi nələrin gözlədiyini mütəmadi olaraq xatırladırdım. Qismətimiz elə gətirdi ki, ən güclü rəqiblərdən biri ilə qarşılaşdıq. “Səbail” heyətində yüksək liqa təcrübəsi olan futbolçuların çoxluq təşkil etdiyi, yaxşı formalaşmış komandadır. Gənc və yaxşı məşqçiləri var. Maraqlı futbol oynayırlar. Bütün bunlara baxmayaraq düşünürəm ki, birinci hissədə və ikinci hissənin əvvəlində oyunun taleyini həll etməli idik. Çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Qol vurmaqla bağlı problemimiz sanki adiləşib və hələ ki bunu həll edə bilmirik. Son dəqiqələrdə qol buraxdıq və oyun əlavə vaxta getdi. Maraqlı əlavə vaxt izlədik. Biz qol vurduq, sonra rəqib yenidən son dəqiqələrdə fərqləndi və penaltilər seriyasına keçildi. Hər iki qapıçı penalti zərbələrində yaxşı çıxış etdi. Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma başqa çarəmiz yoxdur. İndi çalışıb tez bərpa olmalı və üç gün sonra “Araz-Naxçıvan”la oyuna hazırlaşmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Səbail”ə qalib gəldikləri oyundan (2:2, penaltilər seriyası: 3:2) sonra deyib.

Daha sonra mütəxəssis jurrnalistlərin suallarını cavablandırıb.

- “Araz-Naxçıvan”la oyunda rotasiyaya getməyiniz mümkündür? Heyətlə bağlı imkanlarınızın geniş olmadığını nəzərə alsaq, məcburi dəyişikliklər gözlənilir?

- Rotasiya etməyə adam yoxdur. Özünüz də gördünüz ki, dəyişiklik etmək imkanlarım məhdud idi. Smit gənc və perspektivli futbolçudur. Baxışa gəlmişdi. Smiti də, Krisı də artıq oynadırıq. Başqa çıxış yolumuz yoxdur. Rikardo da, Eren də çox qaçdılar. İndi üç gün ərzində onların necə bərpa olunacağını bilmirəm. Üstəlik, süni örtükdə oynayırıq. Bilmirəm, məlumatınız var, ya yox, David Volkovun burnu sınıb. Ondan əvvəl İsmayılın da gözünün aşağı hissəsində, göz yuvasındakı sümük sınıb. Belə problemlər davam edir. Bütün bunlara baxmayaraq, mübarizə aparmağa, yarışdan qopmamağa və iddiamızı davam etdirməyə çalışırıq.

Futbolçular əllərindən gələni edirlər, əzmkarlıq göstərirlər. Ümid edirəm ki, bu çətin dövrü Allahın köməyi ilə uğurla geridə qoyacağıq.

- İkinci hissədə rəqib futbolçuya sari vərəqə göstərərkən hakimlər arasında anlaşılmazlıq yarandı. Orada nə baş vermişdi?

- Açığı, mən də orada nə baş verdiyini anlamadım. Nə baş verdiyini bilmədim.

- Penaltilər seriyası zamanı “Səbail”in futbolçularından biri qapıçıya rəqibin zərbəsi ilə bağlı işarə edirdi. Belə görünür ki, rəqiblər Ruan Renatonun zərbə vurmaq üsulunu çözüblər. Bunu nəzərə alaraq, növbəti oyunlarda penaltini başqa futbolçunun vurması mümkündür?

- Bizdə penalti vurmaq əvvəlcə Qismətə həvalə olunmuşdu. İkinci penalti vuran futbolçu isə Ruan idi. Sonradan penalti vuranların sıralamasında dəyişiklik etdik və Ruan vurmağa başladı. Bununla yanaşı, Qismət də mütəmadi olaraq penaltiləri yerinə yetirirdi. Bizim iki əsas penalti vuran futbolçumuz var. Onlar istənilən vaxt bir-birini əvəz edə, sığortalaya bilərlər. Mən bu məsələyə qarışmıram. Qərarı özlərinə buraxmışam. Meydanda kimin özünü daha inamlı hiss etməsindən, yaxud hansı futbolçunun daha çox yorulmasından asılı olaraq qərar verirlər. Rəqib futbolçuların qapıçıya işarələr etməsinə gəlincə, penaltilər zamanı bizim futbolçularımız da müəyyən işarələr verirdilər. Bu, futbolun bir hissəsidir. Bəlkə, zərbə vuran oyunçunu daha yaxşı tanıyırlar, yaxud ona kənardan nəsə deməklə müəyyən qədər təzyiq göstərməyə çalışırlar. Mehdi və Aydının penaltiləri yaxşı dəf etdiklərini bilirdim. Hər ikisini yaxşı tanıyıram. Belə məqamlarda əsas məsələ kimin daha soyuqqanlı və dəqiq olmasıdır. Şükürlər olsun ki, bu dəfə biz daha dəqiq olduq.

- Mövcud vəziyyəti nəzərə alsaq, qış transfer pəncərəsinədək azad agent statusunda olan futbolçunun qısa müddətə heyətə cəlb edilməsi mümkündür?

- Qış transfer pəncərəsi üçün planlarımız var. Ən azı bir futbolçu transfer etməyi düşünürük. Amma hazırda əlavə transferin həyata keçirilməsi gözlənilmir. Özünüz də vəziyyəti görürsünüz. “Kəpəz”lə oyunu başa vurduq, zədələr barədə danışdıq, suallar verildi, müzakirələr apardıq. Sonra evimizə getdik. Səhər məşqə gələndə gördük ki, İsmayıl və Papunaşvili hərəsi bir ay, ay yarımlıq sıradan çıxıb. Halbuki əvvəlki oyunu başa vurmuşdular. David Volkov da matçı sona qədər oynadı. Oyundan sonra burnunda ağrı hiss etdiyini dedi. Rentgen müayinəsindən sonra sınıq olduğu məlum oldu. Onsuz da problemlər içindəyik, çətinliklərimiz davam edir. Bu barədə çox danışmaq istəmirəm, amma vəziyyəti də gizlətmək mümkün deyil. Eren zədədən qayıtmışdı və onu 120 dəqiqə meydanda saxlamağa məcbur oldum. Çünki meydana buraxmağa başqa hücumçumuz yox idi. Bayer də, David də zədəlidir. İndi ümid edirəm ki, futbolçular tez bərpa olunacaqlar və yorğunluğun fəsadlarını növbəti oyunda hiss etməyəcəyik. Amma bu gün də çətinlikləri yaşayırıq.

- Mövsümün əvvəlində transfer etdiyiniz qapıçı Maykon Kleytonun vəziyyəti necədir? Onu nə vaxt meydanda görmək mümkün olacaq?

- Artıq iki gündür məşqlərə qoşulub. Hazırda fərdi məşqlər edir. Ümid edirəm ki, bir həftə, on gün ərzində vəziyyəti yaxşılaşacaq və yəqin ki, millinin oyunlarından sonra tam məşqlərə, ardınca da matçlara qoşula biləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31