26 Oktyabr 2026, Bazar ertəsi
Proqnoza fransız - YAZI
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Ölkə futbolu

Proqnoza fransız - YAZI

Futbola böyük marağım olsa da, proqnoz vermək mənlik deyil. Demək olar ki, həmişə proqnozlarım səhv çıxıb. Hansı komandanın evini yıxmaq lazımdırsa, bir kəlmə deyim ki, filan oyunda qələbə qazanacaq, vəssəlam, o komandanın beli qırıldı. Bu yaxınlarda öyrəndim ki, sən demə, “Qarabağ”ın yarımmüdafiəçisi Jali Muaddib də proqnoz verməkdə məndən geri qalmırmış...

Yayda həm “Qarabağ”, həm də “Neftçi” Muaddibi heyətində görmək istəyib. Lakin fransız futbolçu seçimini Ağdam klubundan yana edib. Qərarını da belə əsaslandırıb ki, bəs avrokubokların Liqa mərhələsində oynamaq istəyir. Ona görə də “Neftçi”nin yox, “Qarabağ”ın təklifini qəbul edib. Lakin Ağdam klubunun pley-offda “Tvente”yə məğlub olması Muaddibin arzusunu gözündə qoyub. Yəni “Neftçi”ni yox, “Qarabağ”ı məhz avrokubokların Liqa mərhələsində oynamaq üçün seçən futbolçu belə bir şans qazanmayıb.

Dünən də “Sabah”la oyundan sonra Jali Muaddib jurnalistlərə müsahibə verərkən təzadlı fikir səsləndirib. Fransız vinger iddia edib ki, çempionluq mübarizəsi sona qədər 3 komanda arasında getməyəcək. Yalnız iki komanda mövsüm başa çatana qədər qızıl medallar uğrunda mübarizə aparacaq. Muaddibin fikrincə, həmin komandalardan biri “Qarabağ” olacaq, digəri isə ya “Neftçi”, ya da “Sabah”.

Bax adama deyərlər sənin nəyinə lazımdır kim çempionluq uğrunda sona qədər mübarizə aparacaq, kim aparmayacaq. Başını aşağı sal, futbolunu oyna da. Niyə özünə düşmən qazanırsan? Üstəlik, şər deməsən, xeyir gəlməz, sabah birdən “Qarabağ” çempionluq mübarizəsindən erkən qopsa, onda necə olacaq? O zaman istər azarkeşlər, istər jurnalistlər həmin açıqlamanı xatırladanda nə cavab verəcəksən?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hər zaman təmkini, səbri ilə seçilib. Təcrübəli mütəxəssis həmişə açıqlamalarında rəqiblərə hörmətlə yanaşıb, heç zaman bu cür iddialı açıqlamalar verməyib. Qurbanov böyük hesabla qalib gəldikləri oyunlardan sonra belə rəqiblər haqda müsbət fikirlər səsləndirib. Heç vaxt rəqiblərin bostanına daş atmayıb. Ona görə də, yaxşı olar ki, “Qarabağ”ın futbolçuları da baş məşqçidən örnək götürsünlər, bu cür qeyri-ciddi açıqlamalar verməsinlər.

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31