29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Emrah Çelikel: “Özünü futbolçu kimi "çürütməyə" qərar veribsə, biz ona nəsə edə bilmərik”

"Qarabağ"ın direktoru Emrah Çelikel Sport24.az-a verdiyi müsahibədə Çelikel həm klub, həm akademiya arzusu, həm komanda barədə sualları cavablandırıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- İlk sual 4:0 təəssüratlarına həsr olunmalıdı...

- Əlbəttə, çox gözəl oyun oldu. Stadion tam dolu deyildi. Biz də gözləyirdik ki, azarkeşlərimiz çox olsun. Bəlkə də nəticəni təxmin etdikləri üçün gəlmədilər. Bu, böyük sevincdir. İşimiz elədir ki, biz bir gün sevinə bilərik. Çünki ertəsi gündən etibarən Polşa klubu ilə məsuliyyətli oyuna hazırlaşırıq. Qələbə gözəldir, amma bu qələbədən sonra gələn məsuliyyət daha gözəldir və böyükdür. Növbəti hədəflərimizi həyata keçirmək üçün hazırlığa başlamışıq.

- Ancaq 4:0-dan əvvəl 2:1 olmuşdu ki, həmin matçın gedişatında "Qarabağ" səfərdə 0:1 hesabı ilə uduzurdu...

- Bəli, həyəcanlı anlar oldu. Ancaq bu da səbəbsiz deyildi. Özümüzün oyuna baxmağa halımız yox idi. "Qarabağ" Cəbəllütariqə gözəl təbiət qoynunda keçirilən toplanışdan getdi. Baş məşqçinin istəyi ilə İspaniyada da toplanış oldu və oraya yollandıq. İnanın, o istidə nəinki oynamaq, gəzmək belə mümkün deyildi. Temperatur 47 dərəcə idi! Süni meydançanın istiliyi isə futbolçuları tamamən taqətdən salırdı. Əlbəttə, hansısa texniki səbəb də ola bilər. Məsələn, hansısa oyunçunun səhvi və ya üstün cəhəti ola bilərdi. Bu haqda danışmıram. Ağır oyun oldu. Oradan qələbə ilə dönməyimiz mənə görə böyük işdir. Çünki ilk oyunda çatışmazlıqlar olur.

- Avropada ardıcıl ölkə rekordlarını yeniləyən "Qarabağ"a qarşı tələblər də artır. Azərbaycan çempionunu qarşıda iddialı danışan Polşa "Rakuv"u gözləyir. Eyni üslubda cavab vermək istəmirsiniz?

- Biz həmişə təmkinli olmağa, səbrli davranmağa üstünlük vermişik. Fikrimcə, bunun bizə xeyri daha böyükdür. Əlbəttə, bizim iddiamız olub, olacaq da. Lakin biz bunu işimizlə göstərmişik. Başda Qurban Qurbanov olmaqla, komanda bizi yanıltmayıb. Gedə bildiyimiz yerə qədər getmişik. Əgər ÇL-in qrupunadək gedə bilmişiksə, demək ki, həmin an üçün bu, bacardığımızın ən yüksək pilləsi olub. Əgər Konfrans Liqasınının qrup səddini adlaya bilmişiksə, bu da əlimizdən gələn maksimum olub. Ümid edirik ki, bu mövsüm də belə olsun.

- Bu yaxınlarda akademiyanın yeni koordinatoru təyin olundu: Aftandil Hacıyevlə uzunmüddətli müqavilə imzalandı. Razılaşın ki, "Qarabağ"ın uşaq futbolunda stabilliyi yoxdur. Ən azı Qara Qarayev, Maksim Medvedevdən sonra ortaya parlaq sima çıxmır. Bu səpkidə Aftandil Hacıyevlə hansısa plan hazırlanıb?

- Əlbəttə, Aftandil Hacıyev elə mütəxəssisdir ki, bu gün bizi, sistemi tanıdığı üçün, "Qarabağ"da həm məşqçi, həm futbolçu kimi işlədiyi üçün verdiyimiz sözün arxasında dayandığımızı bilir. Tahir Gözəlin bu işlə bağlı layihələri var. Biz də çatışmazlıqların çox olduğunu bilirik. Bu çatışmazlığın ən böyüyü bazadır. Akademiyanın tikintisini aparmaq üçün bu gün yerimiz yoxdur. Oyundan sonra Tahir bəy də bir neçə yer üçün müraciət edildiyini dedi. Bu istiqamətdə işlər gedir. Bunların olmağı şərtdir. Ancaq əlavə etməliyəm ki, çatışmazlıqlarımız çoxdur. Bəzi komandalarımız "Tofiq Bəhramov"da, bəziləri "Sərhədçi" İdman Kompleksində məşq keçir. Bununla bağlı nə edəcəyimizi düşünürük. Bütün bunlara baxmayaraq, çatışmazlıqlar fonunda hazırda ola biləcək ən yaxşı nəticələri verdiyimizə inanıram. Təbii ki, bu da məşqçilərin, akademiya rəhbərliyinin zəhmətinin bıhrəsidi: istər Tacəddin Doğan, istərsə də məşqçilər olsun. 5-10 futbolçunu milli komandaya veririk. "Qarabağ" 2008-ci ildən bu yana iddialı komandadır. İddialı komandada cavan oyunçuların ortaya çıxması çox çətindir. Bu, başa düşüləndir. Bizdə müəyyən yaşa çatdıqdan sonra böyük fərd olmalıdır ki, onlara baş məşqçimiz şans versin, dəyərləndirsin. Özünüz də buna şahidlik etmisiniz. Digər halda həmin oyunçular başqa komandalarda parlayır. Təbii ki, bu da Azərbaycan futbolçusudur və "Qarabağ"ın Azərbaycan futboluna verdiyi töhfədir.

- Məsələn, Elvin Cəfərquliyev nümunəsi. Ayxan Abbasovun həmin vaxt çalışdırdığı "Sumqayıt"da daha da peşəkarlaşdırıb sonra geri aldınız. Və indi Elvin Çempionlar Liqasında sima olaraq tanınır. Bunu görməzdən gəlmək olmaz. Ancaq "Qarabağ" Azərbaycan klub futbolunun ruporudursa, ona qarşı tələb də çəkisinə uyğun olacaq...

- Əlbəttə, mən razıyam. Haqlı tənqidlər çoxdur. Demək istədiyim odur ki, mövcud şəraitdə əlimizdən gələnin ən yaxşısı budur. İnfrastrukturumuz lazımi tələblərə cavab verdiyində, biz yenə eyni nəticələri verəcəyiksə, deməli, bu işlər yaxşı gedir.

- Akademiyanın tikintisi üçün müəyyən yerlərin təklif olduğunu qeyd etdiniz. Bu yöndə irəliləyiş var?

- Bir neçə ay əvvəl bir yer göstərildi bizə. Klub prezidentimizin göstərişi ilə göl civarında yerləşən ərazi ilə tanış olduq. Ora çox açıq, küləkli, qışda soyuq, yayda isə çox isti olan bir ərazidi. Həm də ictimai nəqliyyat da işləmir. Ora 8 yaşlı uşağı necə gətirək? Bura çəkəcəyimiz xərci daha uyğun yerdə görərik. Qurban müəllim də bu işdə çox maraqlıdır. Akademiyamızın müəyyən səviyyədə işləməsini istəyirik. Atılan bütün addımlar buna uyğun planlanır. Özümüz də çatışmazlığın nəsən ibarətdi olduğunu gözəl bilirik. Amma bu işə qol qoyuruqsa, qarşıdakı əngəlləri həm göz önünə almalı, həm də aradan qaldırmağa çalışmalıyıq.

- Bir müddət əvvəl "Qarabağ"ın basketbol klubu yaradacağı barədə şayiələr gəzirdi...

- Xeyr, bizim planlarımıza aid deyil.

- Səhv etmirəmsə, basketbol rəsmiləri tərəfindən deyilmişdi bu söz...

- Düzdür, bu gün bir neçə futbol klubunun basketbol komandası yaratması sevindiricidir. Amma düşünürəm ki, bizim futbol missiyamız davam edir və diqqətimizi oraya yönəltməliyik.

- Futzal komandası necə?

- Bu gün ancaq əsas komanda, onun nailiyyətləri və güclü akademiya yaratmaqla bağlı planlarımız var.

- Transfer işləri hansı mərhələdədir?

- Bu gün də işlər gedir. Hətta çempionat getdiyi zamanda baş məşqçilər, məşqçilər heyəti oyunçulara baxır. Reallaşdırmağa gələndə, tam əminliklə deyə bilərəm ki, "Qarabağ" maraqlı olduğu futbolçunun transferi ilə bağlı öz üzərinə düşəni layiqincə edir. Bu gün "Qarabağ"da transfer işləri ilə məşğul olan çox güclü kadrlar var. Baş məşqçimiz bir futbolçunu istəyirsə, biz onun üçün hər şeyi edirik. Futbolçu ilə danışırıq. "Hə" cavabı alırıqsa, hamı bilir. "Yox" deyilirsə, danışıq bitir. Mediada "Qarabağ"ın belçikalı Ceyson Lokilonu transfer edəcəyi xəbərləri çıxdı.

- Sport24.az yazmışdı...

- Elədir ki, var (gülür). Amma o, İngiltərənin "Hall Siti" klubuna getdi. Reallığı deyim. Biz o futbolçunun Bakıya gələcəyi vaxtı gözləyirdik ki, fikrini dəyişdi. Təyyarəyə biletini də almışdıq. Nəticədə gördük ki, fikir dəyişikliyi "Hall Siti"yə keçidi ilə bağlıdır. O, azad agent statusu daşıyırdı, baş məşqçimiz bəyənirdi. Seçimini oraya etdi. Bu, onun seçimidir. Baxın, biz məlumat versəydik ki, onu almaq istəyirik, amma sonra alınmadı, nəticədə bu işi bacarmamış kimi görünərdik. "Qarabağ" bütün işləri nəzarətli şəkildə aparır. Həmçinin də transfer işlərini. Transferlərlə bağlı nəsə yenilik olsa, məlumat veriləcək.

- "Qarabağ"da transfer işi mərhələlər üzrə necə gedir?

- Qurban Qurbanovun skaut heyəti var. Klubun rəhbər şəxsi kimi deyə bilərəm ki, oyunçu seçimində heç bir rolum yoxdur. Proqramlar var, dünya üzrə hamısının CV-ləri, videoları yer alıb. Oradan skaut heyəti seleksiya aparır. Məsələn, 100 futbolçudan 5-ni, 10-nu seçirlər. Bundan sonra Qurban müəllimin köməkçiləri bu oyunçulara baxır. Məsələn, 5-dən 1-i, 2-si Qurban müəllimə göstərilir. Baş məşqçimiz də özü bu proseslərə şəxsən nəzarət edir. Çətin bəyənir və hər bir işə həssas yanaşır. Elə zaman olub ki, yüksək transfer büdcəsi ayrıldığı halda, heç bir keçid reallaşmayıb. Transfer xətrinə transfer etmir. Bu gün "Qarabağ-2" komandasında oyunçumuz var - Qaspar. Hələ bir illik müqaviləsi var və o, bir səhv idi. Onu da böyük ümidlə gətirdik. 10-larla futbolçu transfer edirik, amma arada səhv də olur.

- Qurban Qurbanovun "Qarabağ"a gəldiyi ilk illərdə biz oyunçu seçimləri zamanı daha çox səhv görürdük. Amma son illərdə həqiqətən də az səhv olur. Ancaq səhvsiz insan da yoxdu. Elə transferlər olub ki, adam zəif deyə bilməz. Ancaq müqayisə ola bilər. Məsələn, hər il Zubir kimi oyunçu gətirə bilməzsən...

- 2008-dən bu yana mənim də səhvlərim çox ola bilər. Amma mən Qurban müəllimlə bağlı səhv sözünü işlətmirəm. Çünki onun necə məsuliyyətlə işlədiyini bilirəm. Futbola nə qədər göz baxırsa, o qədər də fikir var. Amma Qurban müəllim fikrində heç vaxt yanılmayıb. Bu gün tək "Qarabağ" rəhbərliyi deyil, bütün Azərbaycan ona inanır. Həm davranışı yerindədi, necə ki, nəticədə "fair-play" mükafatı da aldı, həm də savadı ən yüksək həddədi. Bu da ona etibar edilməyin nə qədər böyük iş olduğunu göstərdi.

- Qaspar hazırda komandada qalır. Onu yola salmaq mümkün deyil?

- Öz xoşu ilə getməlidir. Bu adam futbolçu olmaq, futbol oynamaq istəsə, çoxdan getmişdi. Sən karyerana, özünə inanırsansa, getmək lazım olduğunu başa düşərsən. Yəqin bu da həmin futbolçuda yoxdur. Bir il daha bizdədir. Bizim bu gün UEFA və FİFA-da hansısa oyunçu problemi ilə bağlı şikayətimiz yoxdur. "Qarabağ"ın bugünədək heç bir futbolçuya borcu olmayıb. Biz bu imicimizi sona qədər saxlamaq istəyirik. "Azərsun Holdinq" öz gördüyü işlərdə Azərbaycanı təmsil edir. Bu şirkət necə Azərbaycan markasıdırsa, "Qarabağ" da elədir. Ona görə də daxildə "Azərsun Holdinq"in prinsipləri ilə işə yanaşırıq. Futbolçu ilə müqaviləm varsa, şərtləri yerinə yetirməyəcəmsə və nəticədə UEFA cərimələyəsəksə, bu müqavilə şərti yerinə yetirilməlidir.

- Sadəcə şərti öyrənmək istərdik ki, "Qarabağ" təzminat təklif edibmi?

- Bir il daha bizdədir. Bu müddətin sonunda həmin futbolçuya 10 manat verəcəkdiksə, əvvəldən dedik ki, sənə 5 manat verək və get. Yəni təklif etmişik. O isə getmək istəmədi. Özünü futbolçu kimi "çürütməyə" qərar veribsə, biz ona nəsə edə bilmərik. İnsanın özünə etdiyi pisliyi heç kim edə bilməz!

- Futbolçu "Qarabağ"a gəlibsə, keyfiyyətsiz ola bilməz. Ola bilər ki, sadəcə burada oyunu alınmadı...

- Bu işdən nəticə çıxarmaq olar. Burada tək futbolçu deyil, insani keyfiyyətlər də önəmlidir. Birinci özünə hörmət etməlisən ki, istənmədiyin yerdə qalmayasan. Mən onun yerində olsam, daha az məbləğə başqa yerdə özümü sübut edərdim.

- Səhv etmirəmsə, Qasparın "Linkoln" oyunçuları ilə görüşdüyü, şəkil çəkdirdiyi yazıları sosial şəbəkələrdə paylaşıldı...

- Bu gün "Qarabağ"ın imicinə zərər vuran, daxili qaydalara əməl etməyənlərə cəza mexanizmimiz var. Amma saydığım səbəblərdən bu adamdan normal davranış gözləmək qəribədir.

- "Qarabağ"ın ölkə çempionatında çox ciddi rəqabəti var. "Sabah" güclənir, "Neftçi"də dəyişikliklər gedir. Qorxmursunuz?

- Qorxmuram, amma sevinirəm. Nəhayət ki, güclü rəqabət olacaq. Son bir ildə də "Sabah"ın, "Neftçi"nin timsalında bunu gördük. "Turan Tovuz" və "Zirə" yaxşı çıxış etdi. Bu mövsüm daha ağır və zövqlü çempionat bizi gözləyir. Bizi maraqlandıran Azərbaycanın mövqeyidir. Digər komandalarımızın da avrokuboklarda irəliləməsini, qruplara düşməyini istəyirəm. Çünki ölkənin reytinqi yüksəlir. "Sabah" rəhbərliyini qısa müddətdə böyük işlər gördüyü üçün təbrik edirəm. Daha da yaxşısını etsinlər. Digər komandaların da daha güclü çıxış etməsini istərdim. Bu bizim üçün də yaxşıdır. Avropaya getməmiş, özümüzü daha da çox hazırlaya bilərik. Nə qədər güclü rəqib olsa, o qədər yaxşıdır.

- Avrokubok proqnozlarınız necədir? "Sabah", "Neftçi" və "Qəbələ"...

- Hansı komandadan nə gözləməyim başqa məsələdir, məndə qalsın. Amma bütün komandalarımızın mümkün qədər irəli getməyi, qruplara düşməyini və qrupdan da çıxmağını istəyərəm. Bunu doğrudan da ürəkdən deyirəm. Bu, hamımız üçün xeyirdir.

- Ötən mövsüm "Şamaxı" sonuncu yer tutdu. Bunun da müsbət təsiri oldu. Əvvəllər son pilləni tutan komandanın vecinə də deyildi. Amma müsbət mənada sizə də təsir etdi ki, rəqabət və müqavimət oldu. Bu mövsüm az-çox ilk üçlük aydındır. Dördüncü yerdə kimi görürsünüz?

- Düşən komanda "Şamaxı" oldu. Bu addım atıldı. Çempion məlum deyildi, amma bir komandanın aşağı dəstəyə düşəcəyi məlum idi. Bu il də komandalar biləcək ki, ötən il "Şamaxı" düşdü, bu il də mən ola bilərəm. Bu səbəbdən daha da yuxarı pillələrdə olum. Onu deyim ki, "Turan Tovuz"dakı dəyişiklik komandaya müsbət təsir etdi və çox böyük işlər görülür. Başqa komandalarda da sponsorun olduğunu görmüşük, amma nəticəyə o qədər də təsir etməyib. Amma "Hünər Group"un, Ehtiram müəllimin işə yanaşması peşəkardır. Bu, mənim diqqətimi çəkir. Simpatiya deməyim, amma baxanda sevinirəm. Bizim simpatiyamız da "Qarabağ"dır, sevgimiz də... Amma hamımız Azərbaycan futboluna xidmət edirik.

- Tahir Gözəl "Linkoln"la oyundan sonra mediaya açıqlamasında hədəfin Çempionlar Liqasının qrupu olduğunu dedi. Bəs siz azarkeşlərə nə deyirsiniz?

- Onu deyə bilərəm ki, bu gün klub rəhbərinin bunu deməyi bizim üçün motivasiyadır. Bizə olan inamını, güvənini göstərir. Bunu doğrultmaq üçün daha böyük səylə işləyəcəyik. Çempionlar Liqasının qrupundan çıxsaq, gücümüz ona çatır. Amma digər Avropa yarışlarında iştirak ediriksə, bilin ki, gücümüz odur. Bu klubda hər kəs öz öhdəsinə düşən işi böyük fədakarlıqla görür. Təbii ki, ən böyük pay baş məşqçimizdən sonra sponsorumuza düşür. Uğur qazanmaq üçün əlimizdə hər şeyimiz var və bu imkanlardan istifadə edirik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30