21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

Maksim Medvedev: "Polislər saxlayanda nə qədər pul qazandığımı soruşurlar"

Futbolxeber.az sizi Azərbaycan milli komandasının və "Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedevin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Almaniya oyununun rəsmi proqramı üçün verdiyi müsahibə ilə tanış ediri:
 
Onunla söhbətimizin maraqlı alınacağını əvvəlcədən təxmin etmişdim. Fərqli dünyagörüşü və mentalitetə sahib olması onu bir müsahib kimi maraqlı edir. O, Azərbaycan dilinə, adət-ənənələrinə sadiq olan, əməl edən şəxsdir. Söhbət “Qarabağ”ın və milli komandamızın üzvü Maksim Medvedevdən gedir. “Qarabağ”ın təlim-məşq bazasında görüşümüzdə ilk sualım belə oldu: Səninlə hansı dildə danışmaq daha rahatdır? Maksim sualı özünəməxsus şəkildə zarafatla cavablandırdı:
 
- Only speak English please. l do not understand Azerbaijan and Russian language. Only English. l am from London. (Yalnız ingilis dilində zəhmət olmasa. Azərbaycan və rus dillərini bilmirəm. Yalnız ingiliscə. Mən Londondanam (gülür).
 
"Bəzən anam deyir, bacıngil qonaq gələcək, dur dadlı yeməklər bişir"
 
- Uşaqlıq illərini necə xatırlayırsan?
- Uşaqlığım bügünki kimi gözümün önündədir. Hərtərəfli xatırlayıram. Hər insanda olduğu kimi, mənimdə həyatımda yaxşı və pis anlar olub. Uşaqikən “somakat” sürürdük. Zavodların həyətində “somakat” düzəltmək üçün “podşipnik” axtarırdıq. Biraz böyüdükcə məhlə-məhləyə futbol oynayırdıq. Oyundan sonra soyuq kola içirdik. 11-12 yaşlarımda yer pulundan “pley steyşn” oynayırdıq. Daha sonra isə yerpulundan bilyard oynamağa keçdik. Futbola gələndən sonra qumarlardan uzaq durmuşam (gülür).
 
- Uşaqlıq illərdən daha çox nə üçün darıxırsan?
- Mən Bayılda dünyaya göz açmışam. Uşaqlıq illərimdə orada keçib. Tam 20 il orada yaşamışam. Ailə həyatı qurduqdan sonra isə başqa yerə köçdüm. Bizim məhəllədə müxtəlif xalqların nümayəndələri yaşayırdı. Həyətdəki xüsusi çardaqda hərə evindən bir şey gətirib çay süfrəsi təşkil edirdik. Çox mehriban yaşayırdıq. O anlar üçün darıxıram. Təəssüf ki, indi belə şeylər yoxdur. Köhnə məhəlləmizə baş çəkəndə görürəm ki, artıq həmin yeri avtomobil dayanacağına çeviriblər.
 
- Evdə tək qalanda qeyri-adi nə işlə məşğul olursan?
- Evdə hər şeyin səliqəli və düz olmasını istəyirəm. Düzdür, evdəkilər həmişə evdə səliqə-səhman yaradırlar, amma onlar da çatdırmayanda özüm işə girişirəm. Məsələn, şkafı töküb yenidən yığıram, köhnə əşyalarımı başqa yerə köçürdürəm. Bəzən yemək bişirirəm. Ancaq bu çox olmur. Ayda-ildə bir dəfə.
 
- Deməli futbolçuluqdan başqa da bacarığın var...
- Bəli, məni qurman hesab etmək olar. Dadlı yeməkləri xoşlayıram. Bazamızda Aqşin adında qurman var. Bəzi şeyləri ondan öyrənirəm. Arada özüm də dadlı yeməklər bişirirəm. O reseptini deyir, hazırlanmaq qaydasını başa salır, qonaqlar gələndə bişirirəm. Bəzən anam deyir, bacıngil qonaq gələcək, dur dadlı yeməklər bişir. Karyeramı tamamladıqdan sonra kafe açmaq olar (gülür).
 
"Arzum budur ki, xudmani evim olsun və ailəmlə birlikdə xoşbəxt həyat yaşayım, kimsə bizə mane olmasın"
 
- Həyatında onsuz yaşamaq çətindir deyə biləcəyin şəxs varmı?  
- Əlbəttə var. Hətta bir nəfər yox, bir neçə nəfər var ki, onlarsız yaşamaq çətindir. Əsas ailə üzvlərimdir. Birinci anamdır. Doğurdan da onun sayəsində bu səviyyəyə gəlib çatmışam. İkincisi həyat yoldaşımdır. Neçə ildir birlikdəyik. Onunla çox xoşbəxtəm. Əlbəttə bir də uşaqlarım. Nə edirəmsə, uşaqlarımın gələcəyi üçün edirəm. Özümə hər cür şərait qura bilmişəm. Ailə üzvlərimin hamısı xoşbəxtdir. Bir sözlə, ailəm mənim hər şeyimdir. Onlarsız yaşaya bilmərəm.
 
- Sənin üçün sevgi önəmlidir, yoxsa qürur?
- Həyatda çox fərqli anlar olur. Hardasa qürur önəmlidir, hardasa sevgi. Onları biri-birinə bağlamaq mənim üçün çox çətindir. Dediyim kimi, o həminki andan çox şey asılıdır. Yeri gəlsə, sevgiyə üstünlük verərəm, yeri gəlsə, qürura.
 
- İkisi arasında seçim etməli olsan hansını seçərsən?
- Məncə, qürura üstünlük verərəm. Sevgini hər insan bir cür başa düşür, qəbul edir. Mənim üçün əsas düzgünlük və ədalətli olmaqdır. Bunlar üçünsə insanda qürur olmalıdır.
 
- Hər gəncin bir gələcək arzusu, istəyi olur. Sən necə, gənc ikən arzuladığın həyatı yaşayırsan, yoxsa...?
- Gənc olmağıma baxmayaraq, çox şeyə nail ola bildim. Başa düşürəm ki, karyeramı bitirəcəm və həyat qaldığı yerdən davam edəcək. Ona görə ağılla hərəkət edərək gələcək qurmağa çalışıram. Arzum budur ki, xudmani evim olsun və ailəmlə birlikdə xoşbəxt həyat yaşayım, kimsə bizə mane olmasın. İstəyirəm tam sərbəstlik olsun, dünyanın gəzməli yerlərini gəzim. Mənim üçün ən böyük xoşbəxtlik uşaqlarımın uğuru olar. Yaxşı təhsil alsınlar və ya idmanda nailiyyətlər əldə etsinlər. Konkret suala gəlincə, bəli, arzuladığım həyatı yaşayıram.
 
- Bugünədək ən çox nəyə təəssüflənmisən?
- Bir çox şeyə təəssüflənmişəm. Bu, adətən meydanda baş verib. Məsələn, “filan oyunda kaş ki belə etməzdim” dediyim anlar çox olub. Hər insanın şəxsi həyatında təəssüfləndiyi məqamlar olur. Ancaq əsas odur ki, bu qlobal olmayıb. Yəni həyatımın gedişinə təsir edəcək bir məqam xatırlamıram.
 
"Komanda yoldaşlarım mənim futboldankənar necə həyat yaşadığımı bilmirlər"
 
- Yəqin ki, bir çox insan kimi sən də müəyyən situasiyalarda xırda da olsa yalan danışmısan. Bəs indiyədək danışdığın ən böyük yalan nə olub?
- Yalan danışmağı xoşlamıram. İndiyədək hansısa böyük bir yalan danışdığımı deyə bilmərəm. Çünki nə vaxtsa onun üstü açılacaq və insan özü-özünü pis vəziyyətə salacaq. Ancaq başqasının işinin düz getməsi üçün kiçik yalan danışaram. Əlbəttə, əgər nəsə həlledici məqam olsa özümü “yandırmaram”, amma belə xırda iş olsa, danışaram. Rusların belə bir deyimi var: Açı həqiqət şirin yalandan yaxşıdır.
 
- İnsanlar sənin haqda nələri bilmirlər?
- İnsanlar mənim haqda çox şeyi bilmirlər. Ən maraqlı anları dostlarımla, sevdiklərimlə paylaşıram. Bilirəm ki, çox adama çox şey danışmaq olmaz. Paxıllıq çəkən var, gözü olan olur, istəməyənlər var. Ona görə da ailə üzvlərimdən və yaxın dostlarımdan başqa heç kim mənim barəmdə çox şeyi bilmir. Hətta komanda yoldaşlarım belə mənim futboldankənar necə həyat yaşadığımı bilmirlər.
 
- Bəs gizli istedadın varmı?
- Yuxarıda qeyd etdiyim kimi yeməklərə olan sevgim məni bu sahəyə olan marağımı artırıb. Özümdən yeni yemək növləri icad etmək istəyirəm. Bir çox ölkənin mətbəxi ilə tanışam, təamlarını dadmışam.
 
- Hansı ölkənin mətbəxini daha çox bəyənirsən?
- Mənim üçün bir nömrə Azərbaycan mətbəxidir. Belə diqqətimi cəlb edən Hindistan mətbəxi olub. Orada xüsusi ədviyyatlar olur, onlar da yeməklərə xüsusi dad verir.
 
- Evdə bəyənmədiyin vəya yaxşı hazırlanmayan yemək olanda münasibətin necə olur?
- İşimlə əlaqədar evdə çox yemək yemirəm. Amma xüsusi yeməklər bişəndə hansı yeməyi necə xosladığımı bilirlər. Bəxtimdən evimizdə dadlı yeməklər bişir. Hətta duzu yerində olmasa belə, bunu bəlli etməməyə çalışıram. Çünki onlar mənim üçün əziyyət çəkib bişiriblər.
 
"DYP əməkdaşları da saxlayanda nə qədər pul qazandığımı soruşurlar"
 
- Hansı sualdan xoşun gəlmir?
- Ən sevmədiyim sual futboldan nə qədər pul qazanırsınız sualıdır. Bəzən DYP əməkdaşları da saxlayanda və biləndə ki futbolçuyam, nə qədər pul qazandığımı soruşurlar.
 
- Sənin cavabın nə olur?
- Deyirəm, sizə nə qədər verirlərsə, bizə də o qədər verirlər. Mükafatdan çox şey asılıdır. Sizə mükafat verildiyi kimi, biz də mükafat verirlər. Bu səpkidə söhbət edərək mövzunu dəyişirəm.
 
- Bəs hansı suala cavab verməkdə çətinlik çəkirsən?
- Mənə aid olmayan suallar veriləndə cavablandırmaqda çətinlik çəkirəm. Misal üçün, soruşurlar ki, filan oyunçu öz komandasına oynmaya-oynamaya nəyə görə milliyə çağırıblar? Və ya əksinə, filan oyunçu öz komandasının daimi üzvüdür, yaxşı formadadır, onu niyə çağırmayıblar? Bu mənə ünvanlanası sual deyil axı.
 
"Artıq təyyarəyə ayaq basanda bilirsən ki, nəsə hadisə baş versə, sağ qalmaq şansın çox cuzidir"
 
- Hansı dövr sənin üçün daha maraqlı olub və o dövrda yaşamaq istəmisən?
- İkinci dünya müharibəsi dövründə yaşamaq istəyərdim. Amma müharibə olmamaq şərtilə. O dövrdə insanlar daha mehriban olublar. O dövrdə yaşayan insanların anlatdıqları məndə qəribə hisslər oyadır.
 
- İndiki dövrlə keçmişi müqayisə etdin. Qənaətin nədir? İndiki və əvvəlki dövr arasında çoxmu fərq var?
- O dövrü görmədiyim üçün qəti bir söz deməyim düz çıxmaz. Sadəcə, eşitdiklərim məndə ikinci dünya müharibəsindəki illərə maraq oyadıb. İndinin özündə də yaşlı insanların çoxu keçmişlə yaşayır. Gələcək haqda heç də nikbin fikirdə deyillər. Bu da onların həmin dövrdə daha mehriban və daha yaxşı insanı münasibət şəraitində yaşamalarından irəli gəlir.
 
- Heç ölüm qorxusu yaşamısanmı?
- Ölüm qorxusu hər bir insanda var. Kim desə ki, ölümdən qorxmuram, deməli, yalan danışır. Çünki həmin an çatanda hamı təşvişə düşməyə başlayır. İşimizlə əlaqədar çox vaxt təyyarə ilə səfərlərdə oluruq. Artıq təyyarəyə ayaq basanda bilirsən ki, nəsə hadisə baş versə, sağ qalmaq şansın çox cuzidir. Ona görə də təyyarəyə minəndə hər şeyin qurtara biləcəyini düşünürsən. Belə ciddi şəkildə ölüm qorxusu yaşamamışam.
 
- Kişilər ağlamaz deyirlər. Bu fikirlə razısan?
- Uşaqikən o qədər ağlamışam. Ən çox stomatoloqa gedəndə, iynə vurduranda ağlayırdım. Hər insanın bir dözümsüzlük səviyyəsi olur. O səviyyəyə çatdıqda istər-istəmiz gözdən yaş gəlir. Etiraf edim ki, indiyədək məndə belə hal baş verməyib. İnsanın mənəvi cəhətdən özünü gücsüz və köməksiz hiss edəndə göz yaşı axıtması normaldır. Amma məndə belə şeylər olmur. Adətən hər sıxıntını, çətinliyi daxilimdə yaşayıram, büruzə vermirəm. İstəmirəm sıxıntıda olduğumu kimsə bilsin. Öz mənfi enerjimi insanlara ötürməyi xoşlamıram. Belə anlarda adətən tək qalıb özümü toparlamağa çalışıram. Həyat bəzən çox qəribədir. İstəyərək və ya istəməyərək bəzən kiminsə xətrinə dəyirsən. Çalışıram heç kimin xətrinə dəyməyim.
 
"İlk dəfə mərkəz müdafiəçisi kimi oynayanda özümü narahat hiss edirdim"
 
- Bir qədər də Almaniya ilə oyun barədə fikirlərini öyrənək. Milli komandamızı çətin oyun gözləyir...
- Almaniya haqda əlavə nəsə deməyə ehtiyac yoxdur. Hamı necə rəqibə qarşı oynayacağımızı yaxşı dərk edir. Desəm ki, xal qazanmağa şansımız yoxdur, yalan demiş olaram. Çünki şans hər zaman var. Əsas odur ki, uşaqlar rəqibin adından qorxmasınlar, çəkinməsinlər. Müasir futbolda ən vacib amillərdən biri arzu, istəkdir. Oyuna böyük maraq var. Çalışacağıq ki, “vuruşaq”, özümüzü yaxşı tərəfdən göstərək. İndi millidə elə futbolçular yer alıb ki, kifayət qədər təcrübəyə malikdirlər, böyük turnirlərdə oynayıblar. Əsas odur ki, özümüzə inam olsun. İki-üç nəfər yox, komanda olaraq inanmalıyıq.
 
- İlk 3 oyundan 7 xal toplayan millimiz diqqətləri üzərinə çəkməyi bacardı. Sən milli komandamızdan belə bir başlanğıc gözləyirdinmi?
- Kimsə desə ki, Almaniya ilə oyunadək 7 xalınız olacaq, bu bir qədər inandırıcı gəlməzdi mənə. Çünki rəqiblərimiz Norveç, Çexiya kimi güclü komandalar idi. Bu nəticələr göstərir ki, futbolumuz inkişafdadır, milli komandamızda irəliləyiş var. Məncə, bunun əsas səbəblərindən biri Çempionlar Liqasında, Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağımızdır. Hər bir rəqib bizimlə oyuna tam fərqli yanaşır. Bilirlər ki, yuxarıdan aşağı baxmaq olmaz. Düzdür, ola bilər ki, hansısa cəhətdən rəqibdən zəifik, amma bu o demək deyil ki, qarşındakına yuxarıdan aşağı baxasan.
 
- Düşünürsən ki, beynəlxalq arenalarda əldə olunan təcrübə bugün milli komandamizə müsbət təsir edir. Bəs başqa hansı amilləri vurğulamaq olar?
- Milli komandaya yeni nəfəs, yeni qan gəldi. Gələnlərin çoxu Avropa Liqasının qrup mərhələsində güclü rəqiblərə qarşı mübarizə aparıb, kifayət qədər beynəlxalq oyun təcrübəsi toplayıb.
 
- Rəşad Sadıqovun yoxluğunda istər “Qarabağ”ın heyətində, istərsə də milli komandada onun mövqeyində çıxış etmisən. Etiraf edək ki, heç də pis təsir bağışlamamısan. Maraqlıdır, sən özünü hansı mövqedə daha yaxşı, daha məhsuldar hiss edirsən?
- İlk dəfə mərkəz müdafiəçisi kimi oynayanda özümü narahat hiss edirdim. Bəzi şeyləri bilmirdim, mövqe seçimim düz olmurdu və s. Artıq o mövqeyə tam uyğunlaşmışam. Hətta bəzən Bədaviyə harda durmalı, nə zaman pressinq etməli olduğu ilə bağlı müəyyən göstərişlər verirəm. Elə oyunçuyam ki, hücuma qoşulmağı xoşlayıram. Sağ cinahdan çıxış edəndə daha çox hücuma qoşulurdum, yeni mövqeyimdə isə məsuliyyət daha çoxdur. Artıq mənim üçün hansı mövqedə oynamağımın fərqi yoxdur. Məşqçilərimiz hansı mövqedə oynamağımı tapşırsalar, özümü ona kökləyirəm.
 




< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30