23 Noyabr 2024, Şənbə
Elmar Baxşıyevdən qələbə şərhi
"Araz-Naxçıvan" lider oldu
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu

Ölkə futbolu

Samir Əbdürrəhmanov: “Məqsədimiz Avropa səviyyəli oyunçular yetişdirməkdir”

“Vətən” Futbol Məktəbinin U-11 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov Futbolxeber.az saytına geniş müsahibə verib. Veteran futbolçu müsahibəsində rəhbərlik etdiyi kollektivin ölkə çempionu olmasından, uşaq futbolundakı problemlərdən, çatışmazlıqlardan, gələcək planlarından söz açıb.

“BAKI” RƏHBƏRLİYİ MƏŞQÇİ KİMİ FƏALİYYƏTƏ BAŞLAMAĞIMDA DƏSTƏK OLDU”

- Samir Əbdürrəhmanovu son olaraq “Bakı”dakı çıxışından xatırlayıram. “Zolaqlılar”ın heyətində ölkə çempionu olduqdan sonra komandadan ayrılmışdız...

- 2006-cı ildə “Bakı”nın heyətində ölkə çempionu olduqdan sonra I divizionda mübarizə aparan “Masallı”ya keçdim. Orada 1 il Qəhrəman Əliyevin rəhbərliyi altında oynadım. Çempion olduqdan sonra yüksək liqaya yüksəldik. Həmin vaxt “İnter”dən təklif aldım. 2008/09 mövsümünün sonuna qədər “bankirlər”in formasını geydim. Bu komanda ilə də birgə çempion oldum. Daha sonra futbolçu karyeramı bitirdim və məşqçiliyə başlamaq qərarına gəldim. Uzun müddət “Dinamo”da forma geymişdim. Əsgərliyim də orada keçib. 2004-cü ildə komandanın adı dəyişib “Bakı” oldu. Həmin vaxt heyətdən cəmi 10 futbolçu saxlamışdılar ki, onlardan da biri mən idim. Sağ olsun “Bakı” rəhbərliyi, məhz bütün bunları nəzərə alaraq məşqçi kimi fəaliyyətə başlamağımda dəstək oldular. 2009-cu ildə “Bakı”nın akademiyasına Yüksəl Kepoğlu rəhbərlik edirdi. 6-7 yaşlılarla işləməyə başladım. “Bakı” fəaliyyətini dayandırdıqdan sonra “Vətən”ə keçdim.

2014-cü ildən bu günə qədər məhz “Vətən”də çalışıram. Keçən il 10 yaşlılarla birgə “İzmir Cup”da çıxış etdik. Rəhbərliyim altında komandamız 50 kollektiv arasında çempion oldu. “İzmir Cup”u “Altınordu” keçirirdi. Həmin yarışın qalibi “Champions Trophy”də oynamaq hüququ qazanır. Bu yarışı U-10-lar arasında kiçik dünya çempionatı da adlandırırlar. Ötən ilin iyununda “İzmir Cup”un qalibi kimi bu yarışda çıxış etdik. Vyanada təşkil olunan yarışda “Barselona”, “Real”, “Yuventus”, “İnter”, “Çelsi”, “Liverpul” kimi komandalar iştirak edirdi. 128 komandadan biri olmaq oyunçularımıza böyük təcrübə qazandırdı. Reqlamentə görə, 4 gün ərzində komandalar reytinqə oynayırdı. Yekunda birincilər öz aralarında, ikincilər öz aralarında, üçüncülər öz aralarında və s. oynayırdılar. Biz üçüncü yeri tutan komandalar arasında qalib olduq. Nəticəmizi kifayət qədər uğurlu saymaq olardı.

- Bu il “Vətən” rəhbərliyiniz altında U-11 liqasının qalibi oldu.

- Ötən il AFFA-nın təşkil etdiyi U-10 liqasında finala yüksəldik. Həlledici görüşdə “Neftçi”yə 0:1 hesabı ilə uduzmaqla ikinci olduq. Bu il isə U-11-lər arasında yenidən finala yüksəldik. Bu dəfə də həlledici qarşılaşmada “Neftçi” ilə qarşılaşdıq. Şəhər regionunda 17 komanda arasında birinci yeri tutmuşduq.. 1/8 finalda Gəncə komandasını, 1/4 finalda Tovuzu, yarımfinalda isə “Leon”u üstələyərək həlledici matça vəsiqə qazandıq. Budəfəki final görüşü bizim üçün revanş idi. Ötənilki məğlubiyyətin təsadüf olduğunu sübut etmək istəyirdik. Uşaqlara təşəkkür edirəm ki, qarşıya qoyulan məqsədə çatdıq. “Bayıl Arena”da əsl finala layiq qarşılaşma izlədik. Yekunda 4:3 hesablı qələbə qazanmaqla çempion olduq.

“UŞAQ FUTBOLUNDA SAVADLI MƏŞQÇİLƏR ÇALIŞMALIDIRLAR”

- 10 ilə yaxındır ki, uşaq futbolunda məşqçi kimi çalışırsız. Bu sahədə problemlər çoxdur. Hansından başlayaq?

- Həqiqətən də bu gün uşaq futbolunda problemlər çoxdur. Amma inanıram ki, tədricən çatışmazlıqlar aradan qalxacaq. Bu ilin qışında Moskva “Lokomotiv”inin düşərgəsində təcrübədə oldum. Onların iş prinsipi ilə tanış oldum. “Lokomotiv”in uşaq futbolunun koordinatoru, bəzi məşqçilərlə fikir mübadiləsi apardıq. Aşağı yaş qruplarının məşqlərini izlədim. Bir daha onu gördüm ki, uşaq futbolunda sistemvari iş aparılmalıdı. “Lokomotiv”lə yanaşı, “Torpedo”nun da düşərgəsində oldum. Bu klubların möhtəşəm infrastrukturu var. Uşaqlar üçün hər cür şərait yaradılıb. “Lokomotiv”də gördüklərimə əsasən deyə bilərəm ki, məşqçilərə koordinator tərəfindən ilin əvvəlində plan tərtib olunur və hazırlıq buna uyğun aparılır. Onlar ispan modelini tətbiq etməyə çalışırlar. Sabah hansısa yaş qrupu üzrə məşqçi dəyişikliyi olanda da sistem qalır, məşqçi eyni kriteriyaları yerinə yetirir. Mən də istərdim ki, bizim uşaq futbolunda da sistemvari iş getsin.

Həmçinin, uşaq futbolunda çalışanlar mütləq savadlı məşqçilər olmalıdırlar. Çünki sən hazır proqramı məşqçiyə verə bilərsən. Amma onun qabiliyyəti yoxdusa, işini dərk edə bilmirsə, uşağa heç nə öyrədə bilməyəcək. Uşaq futbolu təməldir. Fundamenti necə qoysaq, elə də gedəcək. Ona görə də düşünürüəm ki, məşqçilər uşaqlarla rəftara, onların psixologiyalarına diqqət yetirməlidirlər. Bu gün uşaqlara futbolun sirlərini öyrədən məşqçi özü uşaq futbolunu keçməyibsə, işi çox çətin olacaq.

- Uşaq futbolundakı problemlərdən biri də “lipa” məsələsidir. Bu baxımdan hazırda vəziyyət necədir? Ümumiyyətlə, uşaqların yaşlarının süni şəkildə azaldılmasına qarşı hansı mübarizə aparılır?

- Mən də “lipa”nın əleyhinəyəm. Bunun bir yaş dövrü var. Böyük futbolda “lipa” keçmir. Gücün, sürətin varsa, oynayacaqsan. Əks halda, yaşın 3 il də azaldılsa, xeyri yoxdur. Bildiyim qədəri ilə AFFA hazırda bu məsələyə çox ciddi şəkildə nəzarət edir. Hər uşaq qeydiyyatdan keçib lisenziya alanda onun məkbətindən, hətta doğum evindən arayış tələb olunur. “Lipa”nı hansısa uşağın haqqının tapdalanması sayıram. Əgər bir uşaq güclüdürsə, qoy, öz yaşıdları arasında güclü olsun. Hər məşqçi vicdanla çalışmalı, heç bir çirkinliyə əl atmamalıdır.

“Bakı” futbol klubunda çalışdığım zaman bizdə aşağı yaş qrupları üzrə komandalar özlərindən 1 yaş böyüklərlə oynayırdılar. Bu sistemi “Altınordu”da da gördüm. Məsələn, 2007-ci illər 2006-cı illərin yarışında çıxış edir. Bu halda uşaqlardan nəticə tələb olunmur. Bu addım uşaqların püxtələşməsi üçün atılır. İndi “Vətən”də də 2007-ci il təvəllüdlü uşaqlardan ibarət komandamı əksər hallarda 2006-cı illərə qarşı oynadıram. Uşaqlara da daim deyirəm ki, çalışın böyüklərə qarşı mübarizə aparın. Kiçiklərə qarşı oynamağa nə var ki?

- “Vətən”in U-10 komandası ilə ötən il ölkə çempionatında ikinci olduz, bu mövsüm həmin kollektivlə çempionluğu qazandınız. Bu komandanı sonadək aparmaq fikrindəsiniz?

- Bəli, hazırda həmin komandanın baş məşqçisiyəm. Amma yerimizdə saymırıq. Çalışırıq ki, heyətimizi gücləndirək. “Vətən”in bölgələrdə seleksiya məşqçiləri var. Hər hansı yeni istedadlı uşağı kəşf etdikdə dərhal həmin oyunçunu Bakıya dəvət edib sınaqdan keçiririk. Bu komanda ilə işimi davam etdirməyi planlaşdırıram. 10 yaşlılardan ibarət komandamız da var. Bayaq onların məşqini özünüz də izlədiz. Həmin uşaqlar arasında da perspektiv vəd edənlər var. Bu komandanı cəmi 3-4 aydı yığmışıq. Hazırda sistemvari iş gedir. Çalışırıq təməllərini düzgün qoyaq. İstəyirik ki, uşaqlarımızla Avropaya uyğun iş aparaq. Məqsədimiz Avropa səviyyəli oyunçular yetişdirməkdir.

“ATLETİKO”YA QARŞI BAŞABAŞ OYNADIQ”

- Fikir vermişəm, Azərbaycanda əksər futbolçular karyeralarını başa vurduqdan sonra dərhal əsas komandada baş məşqçi, ən pis halda ikinci məşqçi olmaq istəyirlər. Çoxu uşaq futbolunda çalışmağı yaxına buraxmır. Amma siz ilk gündən elə uşaq futbolundasız. Özünüz işə sıfırdan başqalamaq qərarına gəldiz?

- Doğru vurğuladız, həqiqətən də elədir. Amma mən özüm bu yolu seçmişəm. Uşaq futbolunda çalışarkən hər bir uşağın psixologiyasına bələd olursan. Hər futbolçunun təməlini görürsən, nəyə qadir olduğunu öyrənirsən. Düşünürəm ki, işə sıfırdan başlamaq daha faydalıdır. Məqsədim daim üzərimdə çalışaraq gələcəkdə əsas komandada çalışmaqdır. Dayanmadan öyrənmək lazımdır. Hansı məşqçi desə ki, “bu gün artıq hər şeyi bilirəm” deməli, o, uçuruma gedir. Mourinyo özü də bu gün də öyrənir. Futbol elmdir və yerində dayanmır. Hər gün yeni sistemlər tətbiq olunur, yeniliklərə şahid olursan.

Uşaq komandaları nə qədər çox beynəlxalq turnirdə çıxış etsələr, bu, onların inkişafına müsbət təsir edəcək. Keçən il “İzmir Cup”da, bu il ölkə çempionatında qalib olmağımızda ilk ərzində 4-5 yüksək səviyyəli beynəlxalq turnirə qatılmağımızın rolu oldu. Avstriyada biz “Atletiko”, “Jilina” ilə eyni qrupdaydıq. Madrid klubuna qarşı başabaş oynadıq və yalnız sonda buraxdığımız qolla 0:1 hesabı ilə uduzduq. Amma sübut etdik ki, istənilən rəqibə qarşı başabaş oynaya bilərdik. Uşaqlar nə qədər çox beynəlxalq təcrübə qazansalar, ölkə daxilində də bir o qədər rahat oynayarlar. Keçən ilin noyabrında “Beşiktaş”la Antalyada heç-heçə oynadıq. Beynəlxalq turnirlərin sayəsində milliyə yollanarkən də futbolçu hazır vəziyyətdə olur. Bizim vaxtımızda ilk dəfə U-15 millisimə dəvət alanda ölkə xaricinə çıxırdıq. Amma indi şərait var. 11,12,13,14 yaşlılar müxtəlif turnirlərə yollanırlar. İnanın ki, bu gün xeyli istedadlı uşaqlar var və gələcəkdə onlar Azərbaycan futboluna fayda verəcəklər. Bir qədər zaman ehtiyac var.

- Bizdə istedadlı uşaqlar həmişə olub. Sanki müəyyən yaşa qədər parlasalar da, sonradan itirlər. Bax, qeyd etdiz ki, “Atletiko”ya, “Beşiktaş”a qarşı bərabər oynadız. Amma illər keçir bu gün “Atletiko”ya qarşı başabaş oynayan azərbaycanlı futbolçu 5 il sonra maksimum yerli klublarda oynadığı halda, rəqibin heyətindəki Avropanın aparıcı kollektivlərində çıxış edir. Səbəb nədir ki, biz yerimizdə saydığımız halda, onlar 5 il ərzində xeyli irəli gedirlər?

- Bu məqam son dövrlər AFFA-nı da düşündürür. Uşaq vaxtı istedadlıların sayı çox olsa da, U-17, U-19, U-21 üçün oyunçu tapa bilmirik. Mən futbol oynayanda, 2004-cü ildən sonrakı dövrü nəzərdə tuturam, komandada bəzən 20 legioner olurdu. Elə legioner olurdu ki, ancaq əvəzedici heyətdə çıxış edirdi. Halbuki əvəzedici heyətdə yerli uşaqlar oynamalıdır. Uşaq 17 yaşına qədər oynayırdı, sonra isə nəinki əsas komandadan, əvəzedici heyətdən də kənarda qalırdı. Bu səbəbdən nə qədər uşaq futbolu atdı. Gənclərə şans vermək lazımdı. 17,18, 19 yaşlı futbolçu əvəzedici heyətdə də oynamayacaqsa, necə inkişaf edəcək? Bir legioner əvəzedici heyətdə çıxış edəcəksə, onu gətirməyin nə mənası var? Eləcə də uşaqlar işlərinə daha peşəkar səviyyədə yanaşmalıdırlar. Məşqlərdə üzərlərində daha çox çalışmalı, şanslarıı gözləməli, məşqçinin etimadını doğrultmalıdırlar. Son vaxtlar nisbətən vəziyyət düzəlib. İndi nəinki əvəzedici komandada, hətta əsas heyətdə də yerlilərə daha çox şans verilir.

“İNTER”DƏ OYNAYANDA ÖZÜMÜZÜ LEGİONER KİMİ HİSS EDİRDİK”

- Düşünmürsüz ki, bu, daha çox pulun azalmasından irəli gəlir? Götürək “Keşlə”ni. Komandada cəmi 3 legioner var. Amma 5-6 il əvvəl “İnter” ölkənin ən varlı klublarından biri idi, 30 nəfərlik heyətində təxminən 3-də ikisi əcnəbilər olurdu.

- Mən özüm də “İnter”də oynadığım üçün dediyinizin canlı şahidiyəm. Həmin vaxt heyətdə 7 yerli oyunçu idik, 15-16 legioner var idi. Özümüzü xarici ölkədə hesab edirdik. Bilinmirdi ki, yerli bizik, yoxsa onlardı. Həqiqətən də legionerin çoxluğu nəyə lazımdır ki? Bəlkə də bu, pulun azalmasından irəli gəlir. Legioner 1 manata oynamır. Qalan isə özümüzkü olur.

- 20 il qabaq uşaq futbolunda vəziyyət bərbad idi. Amma həmin vaxt da belə, aşağı qrupları üzrə milli komandalarda bu qədər milliləşdirilmiş oyunçu olmur. Bu, nədən irəlir gəlir: həqiqətəndə Azərbaycanda futbolçu çatışmazlığı var, yoxsa olanlarla uğur qazanmaq mümkün deyil deyə əcnəbilər dəvət olunur?

- 2004-2014-cü illər ərzində klubların legionerlərə qucaq açması səbəbindən xeyli oyunçu itirdik. Bunun onun acısı çəkirik. Əvəzedici heyətə qədər yüksələn uşaqlar daha irəli gedə bilmədilər. Əcnəbi çoxluğundan onlar futboldan küsdülər. İndi məcburən futbolçu çatışmazlığından milliyə dağıstanlılar, türkiyəlilər dəvət alırlar. Mən oynadığım vaxt istedadlı uşaqlar var idi. Bizim vaxtımızda şərait yox idi indiki kimi. Əvəzində istək var idi. Hamı güclü futbolçu olmaq istəyirdi.

“VAQİF SADIQOV FUTBOLDA YOX, EVDƏ DAYIMDI”

- Uşaq futbolunda çalışdığınız üçün daim valideynlərlə ünsiyyətdə olursuz. Yola gedə bilirsiz?

- Məşqçi valideynlərlə də iş aparmalıdır. “Vətən” Futbol Məktəbində mən mütəmadi olaraq valideynlərlə iş aparırıq. Ayda 1, bəzən 2 dəfə onlarla iclas edirik. Monitor vasitəsi ilə valideynlərə onların missiyasının nədən ibarət olduğunu izah edirik. Valideynləri başa düşürəm. Hər biri istəyir ki, övladı güclü futbolçu olsun. Amma valideyn futbol məşqçidən yaxşı bilmir. Obyektiv olaraq valideynə uşağının durumunu izah edirik. Klublarda hər bir məşqçi mütləq maarifləndirmə işi aparılmalıdır. Valideynlərlə iş aparılsa, “Dalğa Arena”da biabırçı səhnə ilə qarşılaşmarıq. Bildiyiniz kimi, aşağı yaş qrupları üzrə ölkə çempionatının oyunları orada keçirir. Dəfələrlə şahid olmuşuq ki, hansısa komandanın oyununu məşqçi kimi valideynlər setkanın arxasından idarə edir. Məşqçi deyir sağa qaç, valideyn isə deyir sola get. Bu halda uşaq neyləməlidi? Bilmir atası dediyini eləsin, yoxsa məşqçisi? Bu cür biabırçı hallarla qarşılaşırıq. Tövsiyəm odur ki, valideynlər bu cür hallara yol verməsinlər. Hər şeyi məşqçinin öhdəsinə buraxsınlar. Məşqçi özünə düşmən deyil ki, güclü qala-qala zəifi oynatsın? Heç kimin haqqı yeyilməməlidir. Kim güclüdürsə, o da oynamalıdır. Məncə, valideyn məşqçinin köməkçisi olmalıdır. Uşağın qidalanmasına, yatmasına, davranışına nəzarət edilməlidir.

Bir başqa problem isə telefon, planşetlərdir. Bu cihazlar uşaqların beynini çox yorur. Bayaq söz açdığım “İzmir Cup”da qalib olmağımızın bir səbəbi də bəlkə elə həlledici anlarda uşaqları telefon və planşetdən uzaq tutmağımız idi. Oyunlardan bir gün əvvəl futbolçulardan köməkçilərim uşaqlardan telefonları, planşetləri yığırdılar. Özlərinə də izah olunurdu ki, bu, sizin xeyrinizədir. Oyundan sonra telefonlar, planşetlər geri qaytarılırdı və uşaqlar valideynləri il sərbəst şəkildə əlaqə yarada bilirdilər.

- Lorı dildə desək, Azərbaycanlıq futbolundakı problemlərdən biri də “dayday”lıq söhbətidir. Sizin həqiqi dayıvız isə Azərbaycanda hamının tanıdığı Vaqif Sadıqovdur. Təcrübəli mütəxəssisin dayısıoğlu olmaq Samir Əbdürrəhmanova nə verib?

- Vaqif Sadıqovu tanıyanlar onun necə insan olduğunu bilirlər, xasiyyətinə bələddirlər. O, həm ailədə, həm işdə çox dürüstdü. İlk addımlarımı atanda Vaqif müəllim mənə dedi ki, mən futbolda yox, evdə sənin dayınam. İş baxımından özün uğur qazan. Onun bu tövsiyələri daim mənə kömək olub. Vaqif Sadıqov çox təcrübəli mütəxəssisdir. İndi də onun msələhətlərindən bəhrələnirəm. Tanıyanlar bilir ki, hər zaman düşünmüşəm ki, Vaqif Sadıqov öz yerində, mən özüm üçün uğur qazanmalıyam. Bəlkə də qıraqdan başqa cür düşünənlər var. Amma əsla elə deyil. Hər halda Vaqif Sadıqov məni tapşırsaydı, başqa yerdə çalışardım. İşdə hamımız Azərbaycan futboluna xidmət etmişik. Böyüyümdür, daim tövsiyələrini verir, məsləhətlərini əsirgəmir. Etdiklərimdən özüm üçün ibrət götürürəm. 

Söhbətləşdi:  İBRAHİM





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30