21 Noyabr 2026, Şənbə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Ölkə futbolu

Riad Rəfiyev: “Baş hakimin bir qərarı bütün oyunu alt-üst etdi”

“Sumqayıt”ın prezidenti Riad Rəfiyevin müsahibəsi

 

- “Sumqayıt” ağır məğlubiyyətlə üzləşdi. Oyunla bağlı fikirləriniz necədir?

- Görüş barədə deyiləsi bir şey yoxdur. Baxmayaraq ki, həftənin beşinci günü, iş günü idi, stadiona kifayət qədər azarkeş gəlmişdi. Komandanı tribunadan dəstəkləyən hər kəsə təşəkkür edirəm. Çox yaxşı futbol bayramı, maraqlı oyun ola bilərdi və elə də olacaqdı. Amma təəssüf ki, baş hakim Elvin Bayramovun bir qərarı bütün oyunu alt-üst etdi.

- Deməli, hesab edirsiniz ki, futbolçunuz Lukas Blekə 33-cü dəqiqədə ikinci sarıdan göstərilmiş qırmızı vərəqə nəticəyə birbaşa təsir etdi?

- Bəli, oyunun nəticəsinə təsir etdi. İlk sarı vərəqə ilə razıyam. Lukas Blekə göstərilən ilk sarı vərəqə doğru idi. Amma ikinci sarı vərəqə, məncə, çox sərt qərar oldu. Bəlkə də sarı vərəqə var idi, amma təcrübəli referi ən azı futbolçunu yanına çağırıb sonuncu xəbərdarlıq edə bilərdi. Deyərdi ki, bir də belə hərəkət etsən, ikinci sarı vərəqəni göstərəcəyəm. Oyunun 33-cü dəqiqəsidir, futbolçu cəmi iki qayda pozuntusu edib və hər ikisinə görə sarı vərəqə göstərirsən. Anlayırıq, kitabla gediriksə, bəs rəqib futbolçusu bizim oyunçunu bir neçə dəfə arxadan dartanda niyə sarı vərəqə vermədin? Rəqibin futbolçusu dördüncü hakimi və yan xətt hakimi söyəndə, çox aqressiv formada nə isə deyəndə, niyə sarı vərəqə ilə cəzalandırmadın? Bunlar hamısı suallardır. Təəssüf ki, yenə də ikili standartlarla üzləşirik. Amma nə edək?

- Demək olarmı ki, artıq mövsüm ərzində “Sumqayıt” hakim səhvləri üzündən xal və ya xallar itirir?

- Gəlin, belə deməyək. Gənc hakimdir. İstəmirəm ki, onun barədə çox sərt danışım. Bəlkə də təcrübəsizlikdən irəli gəlir. Amma məncə, ikinci sarı vərəqəni göstərməkdə həddindən artıq tələsdi. Futbolçumuz cəmi iki dəfə qayda pozuntusuna yol vermişdi və birdən-birə hər ikisinə sarı vərəqə göstərilməsi, mənim fikrimcə, çox ağır cəza idi. Digər oyunlarda başqa komandalara belə tez, yüngül vərəqələr verilmir.

- Hakimliklə bağlı yalnız müsahibə verməklə kifayətlənəcəksiniz, yoxsa başqa tədbirlər də görmək fikrindəsiniz?

- Hansı tədbirləri görək? Onsuz da Hakimlər Komitəsinin sədri Rəhim Həsənov çıxacaq, yenə də deyəcək ki, hər şey qaydasındadır, heç bir şey yoxdur. Amma biz bu gün görürük ki, çempionatda ikili standartlar həddindən artıq çoxdur. Söhbət təkcə bugünkü oyundan getmir. Bəzi matçlarda, bəzi yerlərdə “sarı”lar, “qırmızı”lar verilir, amma eyni epizodlarda digər komandalara göstərilmir. Ona görə də nə deyək?

- Komanda artıq ardıcıl üç oyundur qələbə qazana bilmir. “Sumqayıt” üzərində psixoloji təzyiq varmı?

- Əlbəttə, var.

- Mətbuatda yayılan xəbərlərə görə, “İmişli” ilə oyundan sonra nəticədən narazı qaldığınız üçün baş məşqçi Filipe Kandido və komanda ilə ciddi söhbət etmisiniz...

- O, komandanın daxili məsələsidir. İndi bu barədə danışmaq istəməzdim.

- İkinci dövrədəki ilk oyununuz da başa çatdı. Ümumiyyətlə, cari mövsümdə “Sumqayıt”ın qarşısına hansı məqsəd qoyulub?

- “Sumqayıt”ın qarşısında, həmişə olduğu kimi, çempionatı mümkün qədər yüksək pillələrdə başa vurmaq məqsədi dayanır.

- Bu oyunla bağlı baş məşqçiyə hər hansı iradınız varmı?

- Yenə də deyirəm, qırmızı vərəqəyə qədər bərabər səviyyəli oyun gedirdi. Düşünmürəm ki, futbolçumuzun qırmızı vərəqə almasına görə baş məşqçinin günahı var. İlk epizodda futbolçumuza göstərilən vərəqə ilə razıyam. Tərtəmiz sarı vərəqə idi. Amma bu, mənim şəxsi fikrimdir, hakim ikinci sarı vərəqəni göstərməkdə çox tələsdi. Ən azı xəbərdarlıq edə bilərdi. Necə ki, başqa oyunlarda xəbərdarlıq edirlər.

- Qış fasiləsinə təxminən ay yarım vaxt qalır. Komandanı gücləndirmək, yeni transferlər etmək planınız varmı?

- Bildiyiniz kimi, mövsüm başlayandan üç futbolçumuzu altı aydan çox müddətə itirmişik. Bunlardan biri qapıçımız Ceymes Menezes de Almeyda, digəri kapitan Səbuhi Abdullazadədir. Hücumçumuz Jeam Oliveyranın da zədəsi çox ciddidir və bu mövsüm meydana çıxmayacaq. Yəni 3 futbolçumuzu itirmişik. Ona görə də qış fasiləsində komandaya məcburən yeni oyunçular cəlb etməliyik.

- Yeri gəlmişkən, qış hazırlığını harada keçirəcəksiniz: Xaricdə, yoxsa ölkə daxilində?

- Bununla bağlı hələ qərar verilməyib.

Mənbə: Sportify.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30