26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Bizi ötən əsrə qaytaran Gəncə stadionu... REPORTAJ

Son 2 həftə ərzində azərbaycanlı idman jurnalistləri arasında canlanma hiss olunur. Ardıcıl ikinci həftə sonudur ki, təkcə paytaxtda deyil, Bakıdan kənarda keçirilən Premyer Liqa oyunlarını izləyən media işçilərinin sayında xeyli artım var. Halbuki buna qədər vəziyyət fərqli idi. Məsələn, VI turda keçirilən "Qəbələ" - "Neftçi" oyununu bəndənizlə yanaşı, yalnız Sport24.az-ın baş redaktoru Ceyhun Əliyev izləyirdi. Bölgədəki oyunlara jurnalistlərin marağının artması səbəbsiz deyil. Bunun təşəbbüskarı da, səbəbkarı da Peşəkar Futbol Liqasıdı. Qurumun jurnalistlər üçün keçirdiyi yeni layihəyə əsasən, media işçiləri ay bitdikdən sonra bölgə səfərlərinə uyğun olaraq ödəniş alacaqlar. Düzdür, ödənilən məbləğlə xərc arasında ciddi fərq yoxdur, amma istənilən halda bu təşəbbüsə görə Peşəkar Futbol Liqasına təşəkkür düşür. 

Bazar günü elə "Kəpəz" də 4 illik fasilədən sonra Premyer Liqanın oyunu çərçivəsində doğma azarkeşləri önünə çıxırdı. Gəncə şəhər stadionunun vəziyyətini yüngül formada desək, ürəkaçan olmadığı üçün buna qədər "Kəpəz" öz meydanından didərgin düşmüşdü. Komanda ev oyunlarını keçirmək üçün əvvəlcə paytaxta, sonra isə Qəbələyə üz tutmuşdu. Nəhayət, gəncəli azarkeşlərin həsrəti 10-cu turda, özü də əzəli rəqib "Neftçi" ilə oyunda bitdi. 

Düzdür, yekun nəticə gəncəlilər üçün ürəkaçan olmasa da, istənilən halda "Kəpəz"in doğma stadiona qayıdışı komandaya müsbət təsirini göstərəcək. "Neftçi" ilə oyun barədə qısaca onu demək olar ki, "Kəpəz"azarkeşlərinin dəstəyi ilə flaqmana bacardığı qədər müqavimət göstərsə də, 2 komandanın futbolçuları arasındakı səviyyə, ustalıq fərqi nəticəyə birbaşa təsirini göstərdi. Təbii ki, "Kəpəz"in 62-ci dəqiqədən azlıqda qalması da məğlubiyyətə təsirsiz ötüşmədi. Gəncəlilərin baş məşqçisi Tərlan Əhmədovun da dediyi kimi, 10 nəfərlə "Neftçi" kimi komandaya qarşı mübarizə aparmaq çox çətindi...

Gəncə stadionunda gördüklərimizə əsasən demək olar ki, buna qədər "Kəpəz"in öz meydanından aralı düşməsinə görə Fövqəladə Hallar Nazirliyini də, Peşəkar Futbol Liqasını da qınamağ dəyməz. Stadion həqiqətən də yüksək liqa oyunlarını qəbul edəcək səviyyədə deyil. Uçuq tribunalar, sınıq-salxaq oturacaqlar 90-cı illəri xatırladırdı. Amma bizi ötən əsrin son 10 illiyinə qaytaran təkcə uçuq-sökük tribunalar deyildi. Elektron tablonun işləməməsi də bizi keçmişə qaytarmışdı. Dördüncü hakim məcburiyyətdən əvəzetmələr zamanı əl işarələrindən istifadə edirdi. Tablodakı nasasızlıq səbəbindən matçın sonunda demək olar ki, hər kəs yanındakılardan hakimin ikinci hissəyə nə qədər əlavə etdiyini soruşurdu. Daim futbola xüsusi sevgi ilə yanaşan gəncəli azarkeşlərin cılğınlığı da dəyişməyib, olduğu kimidi. Hakimin qərarına narazılıqlarını gəncəli fanatlar hələ ötən əsrdən eşitdiyimiz "hakim də Bakıdan gəlib" atmacası ilə ifadə edirdilər...

Mənfi məqamlarla yanaşı, müsbətləri də demək lazımdı. Bazada müəyyən qədər yenidənqurma işləriaparılır, PFL-in tələbi ilə arenada hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı hazır vəziyyətə gətirilmişdi. Stadionun nə vaxt tam hazır vəziyyətə gətiriləcəyini isə heç stadionun əməkdaşları da bilmir. Qeyri-rəsmi məlumata görə, stadionun balansında olduğu İdman Nazirliyi hələ heç layihə planını belə təsdiq etməyib...

"Kəpəz" - "Neftçi" oyununun ən yaddaqalan, ən xoş anı Gəncə klubunun şəhid övladlarıyla bağlı təşəbbüsü idi. Komandaların meydana şəhid övladları ilə birgə çıxması, qarşılaşmada topa ilk zərbəni Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket hücumu nəticəsində valideynlərini itirmiş Hüseyn Əliyev və dağıntılar altında qalmış Bəxtiyar Heydərlinin endirməsi, "Kəpəz" tərəfindən şəhid övladlarına hədiyyə paketlərinin təqdim olunmasını görmək çox xoş idi. Ümid edək ki, digər klublarımız da hər zaman bir ömür boyu borclu olduğumuz şəhid övladlarına qarşı bu cür diqqətli olacaqlar. 

İbrahim CƏFƏROV 

Bakı-Gəncə-Bakı

Fotolar Ruslan Mikayıllıya məxsusdu




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30