16 Oktyabr 2026, Cümə
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası

Ölkə futbolu

“Qarabağ” - “Neftçi”: Hamı stadiona!

Sabah Azərbaycan Premyer Liqasında 8-ci turun mərkəzi oyunu – “Qarabağ” - “Neftçi” görüşü keçiriləcək. İstər klubların tarixini, istər tərəflər arasındakı prinsipiallığı, istər hazırkı turnir cədvəlini nəzərə alsaq, görüşə maraq böyük olmalıdır.

Üstəlik, oyun şənbəyə təsadüf edir, iş günü deyil, matçın başlama saatı da uyğundur (19:00). Eləcə də qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionundadır. Yəni nə Masazırın tıxaclarında qalmaq ehtimalınız var, nə də Bakı Olimpiya Stadionunda olduğu kimi, tribunadakı yerinizə çatmaq üçün bir neçə kilometr məsafəni piyada qət etməlisiniz. Bir sözlə, özünüzü azarkeş hesab edirsinizsə, bu matça gəlməmək üçün heç bir bəhanə yoxdur. Fərqi yoxdur, “Qarabağ” azarkeşisiniz, ya “Neftçi”.

Feysbukda bir şey olmamış rəqibin əleyhinə koment yazırsınız a, bax o reaksiyanızı indi stadionda göstərmək vaxtıdır. Əminəm ki, istər “Qarabağ”, istər “Neftçi” üçün bu gün prinsipial rəqib “Sabah” deyil. “Qarabağ”ın “Neftçi”dən, “Neftçi”nin də “Qarabağ”dan ötrü ürəyi getmir. Bu, məlum məsələdir. İndi həmin prinsipiallığı stadiona daşımaq lazımdır. Necə olur, “Qarabağ” - “Sabah” oyununa 20 min şəxs (azarkeş yox a) gələ bilir, “Qarabağ” - “Neftçi” matçına yox? Avrokuboklarda “Çelsi” ilə, “Nyukasl”la, “Ayntraxt”la oyunda stadionu doldurmağa nə var ki... Bəzən “Qarabağ”ın fanatlarına “avrokubok azarkeşləri” deyirlər. Bu fikirlə razı deyilsinizsə, bunu sabah sübut edin. Necə deyərlər, bu şeytan, bu da meydan. Gəl stadiona, “Neftçi” ilə görüşdə tribunada yerini al, göstər ki, “Qarabağ”ı həm də çətin gündə sevirsən.

O ki qaldı “Neftçi”yə, mənə görə bu klubun fanat ordusu ölkədə 1 nömrədir. Amma əksər hallarda bunu deyəndə bəziləri razılaşmır. Sabah kimin haqlı, kimin haqsız olduğunu göstərin, “ağ-qaraya” sevginizi sübut edin. “Neftçi”ni məgər tək “Forza” sevir?

Əvvəlki kimi “Neftçi” turnir cədvəlinin ortalarında da deyil. Komanda mövsümə son illər olmadığı qədər yaxşı başlayıb. 7 turdan sonra liderdir, çempionatın ən çox qol vuran komandasıdır. Ötən tur ən yaxın izləyicisi ilə qələbəyə layiq olduğu oyunda heç-heçə etdi. İndi də ən prinsipial rəqibi ilə üz-üzə gəlir. Bu görüşdə də stadiona gəlməyəcəksinizsə, bəs nə vaxt gələcəksiniz? Unutma, bu qələbə “Neftçi”ni bəlkə də qış çempionu edəcək...

Demirdiniz “Neftçi” özünə gəlsin, fanatlar da tribunaya qayıdacaq? “Neftçi” “dirilib”, buyurun, indi də siz tribunadakı yerinizi alın.

Ötən tur “Neftçi”nin ən yaxın izləyicisi ilə görüşü bitdikdən sonra stadionun diktoru növbəti matçla bağlı anons verdi. “Növbəti matçımızı oktyabrın 17-də səfərdə tarixi stadionumuz olan Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyik”. Təbii ki, bu, “Qarabağ”a atmaca idi. Qoy indi hər iki tərəf azarkeş gücünü göstərsin. Şənbə günü biləcəyik: “Tofiq Bəhramov” “Qarabağ”ın arenasıdır, yoxsa “Neftçi”nin tarixi stadionu?..

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31