20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Mətbuat Şurasında “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimatı keçirilib

Azərbaycan Mətbuat Şurasında tanınmış idman jurnalisti məhrum Elnur Əşrəfoğluna həsr olunmuş “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə öncə Vətən uğrunda canından keçmiş şəhidlərin, şəhid media təmsilçilərinin, dünyasını dəyişmiş jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla anılıb. 

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, bir il öncə E.Əşrəfoğlunun vəfatı onu tanıyan hər kəsi sarsıtdı, üzüntüyə və kədərə qərq etdi. Buna görə təqdimatı keçirilən kitab həm təsəllidir, həm də jurnalistin ruhuna etiramdır. 

R.Məcid həmçinin vurğulayıb ki, idman jurnalistikasının simasına çevrilmiş E.Əşrəfoğlu ümumilikdə ötən əsrin 90-cı illərində yetişmiş jurnalist nəslinin parlaq istedadı, bacarığı və təşəbbüskarlığı ilə seçilən nümayəndələrindəndir. O, bənzərsiz peşə duyumu, professional keyfiyyətləri ilə tanınmışdısa, incə yumor tərzi,  qayğıkeşliyi, dostcanlılığı ilə də hörmət qazanmışdı.

“Əmək fəaliyyətinə 1992-ci ildə “525-ci qəzet”də başlamış Elnur idman jurnalistikasına yeni ruh gətirmişdi. Buna görə müasir dövr idman jurnalistikasının simvollarındandır. Onun xatirəsinə ehtiram əlaməti kimi ərsəyə gəlmiş kitab bu baxımdan da müstəsna əhəmiyyət daşımaqdadır”, - deyən R.Məcid E.Əşrəfoğlu ilə bağlı xatirələrini yada salıb. 

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, tanınmış telejurnalist Telli Pənahqızı, tanınmış naşir və şoumen, Azərbaycan Respublikasının Əməkdar artisti Bəhram Bağırzadə, ATV telekanalının İdman informasiya proqramının rəhbəri Sənan Şəfizadə, “Spacenin əməkdaşı İman Orucov, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının hazırlanmasında əməyi keçən filologiya üzrə fəlsəfə doktoru Təranə Çərkəzqızı mərhum jurnalisti peşəkar televiziyaçı, dost, yüksək mənəvi keyfiyyətləri ilə seçilmiş vətənpərvər, əsl ziyalı, mərd və bütöv xarakterə malik insan, gözəl ailə başçısı kimi xarakterizə edərək xatirə dolu fikirlərini bölüşüblər. 

Tədbirdə Elnur Əşrəfoğlunun adının əbədiləşdirilməsi məqsədilə idman jurnalistləri üçün nəzərdə tutulacaq mükafatın təsis edilməsinə dair təklif yekdilliklə bəyənilib, mövcud istiqamətdə işlərin aparılmasının, prosesə Mətbuat Şurasının da dəstək verməsinin zəruriliyi vurğulanıb. Belə bir qədirbilənliyin nəinki idman mediasının, ümumilkdə jurnalistikanın stimullaşdırılmasına əməli töhfə, E.Əşrəfoğlunun həyat yoluna dəyər nümunəsi kimi gənc nəslə örnək ola biləcəyi diqqətə çatdırılıb. 

Toplantıda çıxış edən E.Əşrəfoğlunun atası Əşrəf Şükürov, həyat yoldaşı İlahə Şükürova mərhumun xatirəsinə dəyər verdikləri üçün tədbir iştirakçılarına, təqdimatı keçirilən nəşrin ərsəyə gəlməsində əməyi keçən şəxslərə təşəkkürlərini çatdırıblar. 

Qeyd edək ki, Elnur Əşrəf oğlu Şükürov 19 iyun 1974-cü ildə Mingəçevir şəhərində anadan olub. BDU-nun Beynəlxalq əlaqələr və beynəlxalq jurnalistika fakültəsini bitirib. 1992-1993-cü illərdə “525-ci qəzet”də müxbir işləyib. 1993-cü ildən 2010-cu ilədək Azərbaycan Televiziyasında müxbirlikdən baş redaktorluğa qədər fəaliyyət yolu keçib. 1997-ci ildə İdman Jurnalistləri Asssosiasiyasının ilk üzvlərindən olub. Yay və qış olimpiya oyunlarında Azərbaycandan təyin olunmuş jurnalist kimi iştirak edib. 

Milli Olimpiya Komitəsinin üzvü kimi də fəaliyyət göstərmiş E.Əşrəfoğlu 2010-cu ildə “Neftçi” İdman Klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsini tutub. 2011-2012-ci illərdə “Space TV”də İdman departamentinin rəhbəri olub. 2015-ci ildən həyatını Azərbaycan Cüdo Federasiyası ilə bağlayıb. Burada əvvəlcə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 2018-ci ildən başlayaraq isə qurumun baş katibinin müavini vəzifələrində çalışıb. E.Əşrəfoğlu 2021-ci ilin oktyabrın 19-da COVİD 19-a yoluxaraq dünyasını dəyişib. 

Onu da bildiririk ki, “Elm və təhsil” Nəşriyyatında çapdan çıxmış “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının redaktoru və ön söz müəllifi professor Qulu Məhərrəmli, tərtibçiləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Çərkəzqızı və Neftçi İdman Klubunun həkimi İlahə Şükürovar.

Kitabda E.Əşrəfoğlun həmkarları, dostları, doğmaları və əzizləri olmaqla ümumilkdə 30-dan çox şəxsin onun barədə qeydləri, tanınmış jurnalistin həyatının müxtəlif illərinə aid fotolar yer alıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30