10 Noyabr 2024, Bazar günü
"Qarabağ"ın 2 futbolçusu 100-ə çatdı
Bayılda və Masazırda heç-heçə
Berdiyev: "Bu gün 2 xal itirdik"
"Neftçi" qələbəni əldən verdi

Ölkə futbolu

"Sponsorlar, İcra hakimiyyətləri tərəfindən futbola yenidən maraq artacaq"

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, toplantıdan sonra jurnalistlər üçün brifinq keçirən AFFA-nın baş katibi Elxan Məmmədov qərarlarla bağlı məlumat verib.
 
- İlk olaraq, iclasda hansı qərarlar qəbul olundu?
- İcraiyyə Komitəsinin hələ iki ay əvvəlki iclasında I divizion məsələsi müzakirə olunmuşdu. O zaman biz Klublar Komitəsi və Məşqçilər Komitəsi adından I divizionun yeni konsepsiyasını təqdim etdik. Lakin İcraiyyə Komitəsinin üzvləri əlavə tapşırıq verdilər ki, bu məsələyə yenidən baxaq və bütün klublarla bir daha görüşüb, detallı konsepsiya təqdim edək. İki ay ərzində Məşqçilər Komitəsi, Klublar Komitəsi, Peşəkar Futbol Liqası, AFFA I divizionun nümayəndələri ilə görüşlər keçirdi və yeni konsepsiya hazırlandı. Gənclərdən ibarət yığma komandanın baş məşqçisinin arzularını da ora əlavə etdik. Təbii ki, aşağı yaş qrupu üzrə yığmanın baş məşqçisinin arzusu odu ki, orda gənc futbolçular oynasın. İcraiyyə Komitəsinin bugünkü iclasında konsepsiya təklifimiz təqdim olundu. Qərar qəbul olundu ki, Premyer Liqada iştirak edən klubların əvəzedici komandaları I divizionda oynasınlar. Həmçinin I divizionun 4 və ya 6 komandasının qalması qərara alındı. 8 əvəzedici komanda da onlara qoşulacaq. Orda da müvafiq limit tətbiq olunacaq. 4 nəfər sərbəst, 6 nəfər 1998-ci il təvəllüdlü və cavan, 1 nəfər isə 2001-ci il təvəllüdlü futbolçu mütləq heyətdə yer almalıdı. Bununla gənclərə əlavə şans veriləcək. Bununla aşağı yaş qrupu üzrə milli üzvlərinə, klubların ehtiyatında oturan futbolçulara əlavə şans veriləcək. Bu, həmçinin danışılmış oyunlarla mübarizənin bir yoludu. Artıq əvəzedici komanda birbaşa klubu təmsil edəcək. Premyer Liqada iştirak edən klublar da bununla bağlı məsuliyyət daşıyacaqlar. Düşünürük ki, onların köməyi ilə bu virusu tam şəkildə məhv edəcəyik.
 
- Belə çıxır ki, I diviziondan Premyer Liqaya 4 və ya 6 komandanın vəsiqə qazanmaq şansı olacaq?
- Əlbəttə, ancaq I divizionun komandaları belə hüquq qazanacaqlar. Əvəzedicilərin Premyer Liqaya yüksəlmək imkanı olmayacaq.
 
- I divizion təmsilçiləri arasında seçim hansı meyarlarla aparılacaq?
- Ötən mövsüm iştirak edən komandalardan 4 və ya 6-sı yarışa qatılacaq. Yeni komanda olmayacaq. Yeni yaradılan komandalar ilk olaraq ən azı 2-3 il Region Liqasında oynamalıdı. Təcrübə göstərib ki, yeni yaradılan komanda I diviziona qatılır, 12 aydan sonra yox olur. Biz AFFA olaraq əmin olmalıyıq ki, həmin klubun peşəkar niyyəti var və futbola müsbət töhfə vermək arzusundadı. İkincisi, ötən il danışılmış oyunlarla bağlı ümumi məlumatı təhlil edib qərar verəcəyik. Bəzi klubların adları var. Peşəkar Futbol Liqası bununla bağlı məlumat versə, daha yaxşı olar. Bölgəni və orda uşaq futbolunun inkişafını nəzərə almalıyıq. Çünki bu komandalar I divizionda limitə uyğun strategiyalarını müəyyənləşdirməlidilər. Yəni uşaq futbolunun potensialını da nəzərə alacağıq.
 
- “Kəpəz”in I divizionda oynayacağı dəqiqləşibmi?
- Bəli, dəqiqləşdirilib. “Kəpəz” növbəti mövsüm I divizionda iştirak edəcək.
 
- Premyer Liqada 8, I divizionda isə əvəzediciləri çıxsaq, maksimum 6 komanda olacaq. 2020-ci ildə Avropa çempionatında oynamaq istəyən ölkə üçün 14 peşəkar klub az deyil?
- Bir tərəfdən sizinlə razıyam. Ola bilər ki, ideal variant deyil. Ancaq reallığı da nəzər almalıyıq. Buna buna uyğun da vəziyyəti görürük. I divizionda viruslar var ki, onları məhv etməliyik. Öz hesabına kifayət qədər maliyyələşən klublar da mövcud deyil. AFFA-nın hesabına 14 və ya 12 klubu maliyyələşdirə bilmərik. Biz sponsorlardan, SOCAR-dan gələn gəlirlə maliyyələşdiririk. Amma tək say yox, keyfiyyət də önəmlidi. Son dünya çempionatında iştirak edən bəzi yığmaların ölkəsində yüksək liqada 8, 10 komanda oynayır. Amma mundialda təmsil olunurlar. Çünki keyfiyyyətə üstünlük verirlər, futbolçuları öz üzərlərində daha məsuliyyətli işləyirlər, gələcəklərini düşünərək xarici ölkələrə gedirlər. Xorvatiyanı misal göstərə bilərəm. Bu komanda dünya çempionatında finala qədər irəlilədi. Lakin Xorvatiya komandalarının Çempionlar Liqasının qrup mərhələsində sonuncu dəfə nə zaman oynadıqlarına baxmaq lazımdı. Futbolçularının əksəriyyəti xaricdə oynayırlar. Çünki vaxtilə keyfiyyətə üstünlük veriblər. 12-13 yaşda xaricə çıxıb, tanınmış klublarda oynamağa başlayıblar. Amma “Qarabağ” 8 komandalı çempionatdan çıxaraq, Çempionlar Liqasının, digər təmsilçimiz isə Avropa Liqasının qrupunda oynayıb.
 
- Ancaq klublarımızın Avropa Liqasındakı çıxışı göstərdi ki, vəziyyət yaxşıya doğru getmir...
- Gəlin, ümidlə yaşayaq ki, “Qarabağ” bizi yenə sevindirəcək. “Qarabağ” axı başqa ölkənin çempionatında iştirak etmir. 7 komanda ilə mübarizə aparıb, ora vəsiqə əldə edir. Deməli, çempionatımızda sağlam rəqabət var. Əslində, Avropa Liqasının qrup mərhələsində iştirak etmək Azərbaycan üçün böyük uğurdu.
 
- Media Komitəsi ilə bağlı məsələnin müzakirəsi də gözlənilirdi. Belə bir müzakirə oldumu?
- Əslində, gözlənilmirdi. Hazırda əsas məsələ I divizionla bağlı idi. Çünki PFL bu yaxınlarda püşkatma mərasimini keçirməlidi. Bu liqa da yeni konsepsiyaya uyğun olaraq, Premyer Liqa ilə bərabər getməlidi. Çünki FİFA-nın tələblərinə də uyğun gəlməlidi. Media Komitəsi ilə bağlı növbət iclasda müvafiq qərar qəbul olunacaq. Çox güman ki, sentyabrın sonu və ya oktyabrın əvvəlində İcraiyyə Komitəsinin növbəti iclası olacaq.
 
 
- Qeyd etdiyiniz kimi, əksər komandaları AFFA maliyyətləşdirir. Görünən odu ki, iş adamları, sponsorlar futbola yaxın durmurlar. Bu vəziyyətdən çıxış yolu axtarılmır? Nə vaxta kimi belə gedəcək?
- Bununla bağlı təhlillər aparırıq, nümunələrə, digər ölkələrin təcrübələrinə baxırıq. Əslində, böyük futbol ölkələrində də belə problem olub. Bəzi şərqi Avropa ölkələrində bu problem yaşanıb. Bir müddət keçdikdən sonra sponsorlar, İcra hakimiyyətləri tərəfindən yenidən maraq artacaq. Məsələn, 90-cı illərdə İspaniya kimi ölkədə də eyni problem var idi. Federasiya bəzi klublara maliyyət dəstəyi verirdi. Bəli, hansısa vəziyyətdə 12 komandamız iştirak edirdi, maliyyə durumları ayrı idi, büdcələrində süni şəkildə artım yaranmışdı, indiki keyfiyyət də yox idi. Ancaq hazırda keyfiyyətə daha çox üstünlük veririk. Bu məsələ ilə bağlı bir az səbrli olmaq lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30