1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

Unudulmayacaq oyun: Qəbələ finala tam hazırdı, PFL-ə alqış düşür YAZI

Dünən Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünə yekun vuruldu. Turun bütün oyunları eyni gündə idi. Çempionun da, gümüş mükafatçının da adı əvvəldən məlum olmuşdu. Yalnız bürünc medala hansı komandanın sahib çıxacağı qeyri-müəyyən idi ki, üçüncü yer uğrunda mübarizədə də favorit “Qəbələ” idi. Çünki 11 oyundur uduzmayan “Qəbələ”yə üçüncü yeri tutmaq üçün “Bakı” ilə görüşdə məğlub olmamaq kifayət idi. Buna görə də Futbolxeber.az saytı olaraq daha çox “Qəbələ” - “Bakı” matçını işıqlandırmaq qərarına gəldik.

QƏBƏLƏ FİNALIN AFİŞASI İLƏ BƏZƏNİB

Cari mövsümdə bölgələrə səfər təşkil edən Peşəkar Futbol Liqasının “Qəbələ” - “Bakı” matçına da jurnalistləri aparacağı gözlənilirdi. Lakin sonradan səfər təxirə salındı. PFL-i bu addıma görə qınayanlar da oldu. Amma PFL əməkdaşlarının son günlərdə çalışdığı gərgin qrafiklə tanış olduqdan sonra buna görə nəsə tənqidi fikir yazmağa adamın əli gəlməz.

Srağagün Neftçalada I divizionun qalibi olan eyni adlı komandanı mükafatlandıran PFL rəsmiləri, dünən də Qəbələdə idilər. Qarşıdan isə ölkə kubokunun finalı gəlir. Bu oyunu yüksək səviyyədə təşkil etmək də, həlledici görüşdən əvvəl veteranların oyununu keçirmək də asan məsələ deyil.

Amma Qəbələdə gördüklərimə əsasən deyə bilərəm ki, final oyunu üçün artıq hər şey hazırdı. Qəbələyə daxil olduğumuz ilk andan kubokun finalının afişaları diqqət çəkdi. Bütün şəhər afişalarla bəzənib. 

BAYRAM BAYRAMA QARIŞDI

Oyundan öncə 28 may - Respublika günü qeyd olundu. Bütün stadion Azərbaycan bayrağına bəzənmişdi. Fanatlardan kimisi kiçik, kimisi də böyük ölçülü bayrağa sarınmışdı. Komandalar meydana dövlət bayrağımızın müşaiyəti ilə çıxdılar. Eləcə də dövlət himnimiz səsləndi. Özü də əksər oyunlardan fərqli olaraq, bu dəfə stadiona toplaşanların əksəri himni canlı olaraq ifa edirdi. Stadiondakı ab-havanın yüksək səviyyədə olmasında matçın diktoru, dəyərli həmkarım İlkin Xəlilovun da böyük rolu oldu. 

Oyundan sonra da maraqlı anlar kifayət qədər idi. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov komandada son oyununa çıxan Viktor Mendiyə klubun formasını hədiyyə etdi. Əsas sürpriz isə Ekiqo Ehiosun ilə bağlı idi. “Bakı” ilə görüşdə dubl edən futbolçu, oyundan sonra sevgilisinə evlilik təklifi etdi. Bu mərasim üçün də xüsusi hazırlıq təşkil olunmuşdu. Mərasimin sonunda isə “Qəbələ” bürünc medallarına qovuşdu. Azarkeşlərin sevincini də, kapitan Ruslan Abışovun çempionluq vədini də görməyə dəyərdi. Bir sözlə, Qəbələdə bayram bayrama qarışmışdı. Çətin ki, “Qəbələ”li azarkeşlər bu qədər yaddaqalan hadisənin baş verdiyi oyunu unuda bilsinlər.  

YAĞIŞ PLANLARI POZA BİLMƏDİ

"Qəbələ" - "Bakı" oyununun əvvəlində yağış yağmağa başladı. Təbiətin şıltaqlığı PFL-in işini çətinə sala bilərdi. Çünki yağış güclənəcəyi halda, oyundan sonrakı mükafatlandıra mərasimi baş tutmayacaqdı. "Qəbələ" rəsmiləri dərhal mükafatlandırma mərasiminin təşkili üçün qapalı məkan da hazırladılar. Lakin sonradan yağış kəsdi və hər şey planlaşdırıldığı kimi oldu.  

PREZİDENT TƏBRİKİ

Görüşü canlı olaraq izləyənlər arasında “Qəbələ”nin prezidenti Tale Heydərov da var idi. Klub prezidenti komandasının medallara qovuşmasını fəxri tribunadan izlədi. Daha sonra isə Tale Heydərov paltardəyişmə otağına gələrək, “Qəbələ”nin üzvlərini təbrik etdi. Daha sonra 2 mətbuat nümayəndəsinə də vaxt ayıran Tale Heydərov, növbəti mövsümdə çempionluq uğrunda mübarizə aparacaqlarını qeyd etdi.

“BAKI”: PİS GÜNÜN ÖMRÜ AZ OLAR

Cari mövsümdə gənclərin ümidinə qalan “Bakı” digər oyunlarda olduğu kimi Qəbələdə də vuruşdu. Sadəcə, oyunun əvvəlində “Qəbələ”nin həddindən artıq istəkli olması matçın taleyini həll etdi. Qarşılaşmadan sonra “Qəbələ”nin futbolçularının sevincini izləyən “Bakı”nın bəzi futbolçularının, məşqçilərinin, rəsmilərinin üzərində xüsusi bir ifadə var idi. Yox, hər hansı paxıllıqdan söhbət gedə bilməz. Sadəcə o baxışlarda məyusluq var idi. Bir vaxtlar ölkə çempionu olan, kuboku qazanan, Avroliqada pley-off oynayan komandanın indiki durumu insanın ürəyini ağrıtmaya bilməz...

İbrahim CƏFƏROV

Bakı - Qəbələ - Bakı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30